23 Oktyabr 2020, Cümə

  

 

 

 

 

 

Azərbaycan ali məktəblər ailəsində özünəməxsus yeri və mövqeyi olan Naxçıvan Dövlət Universitetinin formalaşma və inkişafında görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin böyük və əvəzsiz xidmətləri vardır. Bu ali təhsil ocağı özünün müxtəlif mərhələlərdəki bütün inkişaf və tərəqqisi üçün məhz ulu öndərə borcludur.

Naxçıvan Dövlət Universiteti 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı kimi fəaliyyətə başlamışdır. Daha sonra Azərbaycan Respublikasının rəhbəri Heydər Əliyevin 1972-ci il 12 iyun il tarixli fərmanı ilə həmin filialın bazasında Naxçıvan Dövlət Pedaqoji İnstitutu yaradılmışdır. Müstəqil ali məktəbin yaradılması regionun elmi-mədəni inkişafına, burada ziyalı potensialının artmasına, maarifçilik hərəkatına müsbət təsir göstərmişdir. Pedaqoji İnstitut sonralar 1990-cı il 29 dekabrda Naxçıvan Dövlət Universitetinin təşkili üçün münbit elmi-pedaqoji baza funksiyasını yerinə yetirmişdir.

Görkəmli dövlət xadimi ilk dəfə hələ Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə Naxçıvan Dövlət Universitetində olmuşdur. Naxçıvan Muxtar Respublikasının yaradılmasının 50 illiyi ilə əlaqədar bu qədim diyara gələn ulu öndər 1974-cü il 4 oktyabrda Naxçıvan Dövlət Pedaqoji İnstitutunun müəllimləri və tələbə heyəti ilə görüşmüşdür. Məhz Naxçıvan Dövlət Pedaqoji İnstitutunun kollektivi ilə olan həmin tarixi görüşdə uzaqgörən dövlət xadimi Naxçıvanda ali məktəbin daha da inkişaf etdirilməsini, regionda ziyalı mərkəzinin formalaşdırılmasının vacibliyini və əhəmiyyətini diqqət mərkəzinə çatdırmışdır. Hətta Naxçıvanda mövcud Pedaqoji İnstitutun bazasında müstəqil dövlət universitetinin yaranması zərurəti haqqında ilk fikirlər də həmin tarixi görüşdə ulu öndər tərəfindən irəli sürülmüşdür.

Böyük öndərin Naxçıvan Dövlət Universiteti ilə münasibətlərində 1990-1993-cü illər xüsusi yer tutur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi o, bu çətin illərdə süni vasitələrlə gözdən salınmış alimləri və müəllimləri onları əhatə edən siyasi və mənəvi böhrandan çıxarmağa nail olmuşdur.

Naxçıvan Dövlət Universitetində "Bazar iqtisadiyyatına keçid şəraitində sərhədyanı ticarətin və iqtisadi əlaqələrin təşkili" mövzusunda 1992-ci il 11 oktyabr tarixdə keçirilmiş beynəlxalq simpoziumda ulu öndərin iştirakı və çıxış etməsi ictimai və elmi mühitdə mühüm hadisəyə çevrilmişdir. Bu fakt uzaqgörən böyük siyasətçinin Naxçıvan Dövlət Universitetini bir daha ictimaiyyətin diqqət mərkəzinə çəkməsinə şərait yaratmışdır.

Naxçıvan Dövlət Universitetinin 25 illik yubileyində görkəmli dövlət xadimi Heydər Əliyevin iştirak etməsi bu ali təhsil ocağının tarixi salnaməsinin ən parlaq səhifəsini təşkil edir. Ulu öndərin 1992-ci il 12 noyabrda Naxçıvan Dövlət Universitetinin 25 illik yubileyindəki dərin məzmunlu əhatəli nitqi, sözün geniş mənasında, o vaxtkı çətin şəraitdə respublikamızda ali təhsilin inkişaf etdirilməsi yollarına həsr olunmuş ciddi bir proqramdır. Görkəmli dövlət xadimi yubiley yığıncağındakı nitqində Naxçıvan Dövlət Universitetinin xidmətlərini və fəaliyyətini yüksək qiymətləndirmişdir. Ulu öndərin Naxçıvan Dövlət Universitetinə dair aşağıdakı mülahizələri bu ali təhsil ocağının tarixinin ən parlaq səhifələrini təşkil edir: "Böyük məmnuniyyət hissi ilə deməliyik ki, bu ali məktəbin yaranması və fəaliyyəti Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında, mədəniyyətində, sosial həyatında, onun inkişaf etməsində böyük rol oynamış və Azərbaycan Respublikasının yüksək təhsilli kadrlarla təmin olunmasına öz töhfəsini vermişdir.

...Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyəti Naxçıvan Muxtar Respublikasında nüfuzlu bir kollektivdir və biz çalışacağıq ki, bu kollektivin bundan sonra da nüfuzu və Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi mühitinə təsiri daha artıq olsun."

Ümumiyyətlə, Naxçıvan Dövlət Universitetinin yubileyində 28 il bundan əvvəl ümummilli lider tərəfindən irəli sürülmüş ideyalar və tövsiyələr yeni dövrdə Azərbaycan ali təhsilinin tərəqqisi üçün də mühüm əhəmiyyətə malikdir.

Naxçıvan Dövlət Universitetinin 1997-ci il 30 oktyabr tarixdə keçirilən 30 illik yubileyinə ulu öndər öz müdrik münasibətini bildirmişdir. Ölkə Prezidentinin yubiley münasibətilə universitetin kollektivinə ünvanladığı təbrik məktubu qədim diyarın əsas elm, təhsil və mədəniyyət mərkəzi sayılan Naxçıvan Dövlət Universitetinə verilmiş yüksək qiymətin, göstərilən etimadın və bəslənilən böyük ümidlərin parlaq ifadəsindən ibarətdir. Mühüm tarixi əhəmiyyətə malik olan 1997-ci il 29 oktyabr tarixli həmin təbriknamədə deyilirdi: "...Azərbaycanda elm, təhsil və mədəniyyətin inkişafında Naxçıvan Dövlət Universitetinin özünəməxsus yeri və böyük xidmətləri vardır. Zəngin maarifçilik ənənələrinin layiqli davamçısı olan bu universitet muxtar respublikanın ali təhsilli mütəxəssislərə olan ehtiyacını ödəyən müasir təhsil mərkəzidir. Fərəhli haldır ki, bu təhsil ocağının yetirmələri həm Naxçıvanın müxtəlif guşələrində, həm də onun hüdudlarından kənarda uğurla çalışırlar.

Bugünkü iqtisadi sıxıntılara baxmayaraq, həyatını gənc nəslin yetişdirilməsinə həsr edən, ömrünün mənasını xalqına layiqli vətəndaş tərbiyə etməkdə görən Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyətinin fədakar əməyindən məmnun olduğumu bildirirəm. Əminəm ki, universitet xalqımızın görkəmli şəxsiyyətlərinin irsinin öyrənilməsində, bu qədim diyarın zəngin ənənələrinə layiq kadrlar yetişdirilməsi işində bundan sonra da var qüvvəsini sərf edəcəkdir".

1999-cu ildə inşası başa çatdırılıb tələbələrin istifadəsinə verilmiş 1600 yerlik tədris korpusu ulu öndərin Azərbaycan ali təhsilinə, konkret olaraq Naxçıvan Dövlət Universitetinə böyük töhfəsi idi. Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi günlərində Naxçıvan Dövlət Universitetində 5 mərtəbəli, 1600 yerlik yeni tədris korpusunun açılışı mərasimində iştirak və çıxış edən Heydər Əliyev çətin şəraitdə gerçəkləşdirilmiş bu hadisənin regionda ali təhsilin inkişafında yeni üfüqlər açacağına özünün böyük ümid və inamını ifadə etmişdir. Dövlət başçısının  1999-cu il 11 oktyabrda Naxçıvan Dövlət Universitetinin yeni tədris korpusunun açılışı mərasimindəki nitqində deyilirdi: "Naxçıvan həmişə Azərbaycanın yüksək ziyalı yetişdirən bir diyarı olmuşdur. Naxçıvan Dövlət Universitetinin bu gün mövcud olması Naxçıvanda min illər bundan öncə elmin, mədəniyyətin varlığının, inkişafının məntiqi nəticəsidir.

Naxçıvan Muxtar Respublikasının Dövlət Universiteti Azərbaycanın ən dəyərli, qabaqcıl ali məktəblərindən, ali təhsil ocaqlarından biridir".

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun sözləri ilə desək: "Fikrimizcə, 1982-ci ildə başlanan, lakin müəyyən səbəblər ucbatından yarımçıq qalan bu tədris korpusu bu gündən möhtərəm Heydər Əliyevin himayəsi ilə özünün ikinci ömrünü yaşamağa başlayır".

Naxçıvan Dövlət Universitetində çalışan alimlərin elmi-pedaqoji fəaliyyəti dahi şəxsiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Prezidenti kimi Heydər Əliyevin fərmanları ilə universitetin əməkdaşlarına əməkdar elm xadimi, xalq rəssamı, əməkdar müəllim, əməkdar incəsənət xadimi fəxri adlarının verilməsi burada fəaliyyət göstərən professor-müəllim heyətinin daha məsuliyyətlə və inamla işləmələrinə təkan vermişdir.

Universitet Elmi Şurasının  1999-cu il 9 oktyabr tarixli qərarı ilə görkəmli dövlət xadiminə  Naxçıvan Dövlət Universitetinin fəxri doktoru adı verilmişdir. Ölkə Prezidentinə fəxri doktorluq elmi adı verməklə onun bütövlükdə milli ali təhsilin, o cümlədən, Naxçıvan Dövlət Universitetinin inkişafındakı misilsiz xidmətləri qarşısında özünün mənəvi borcunu yerinə yetirmişdir.

Hazırkı yeni tarixi şəraitdə Naxçıvan Dövlət Universiteti Heydər Əliyev siyasi kursunun, dövlətçilik təliminin işığında təhsil islahatlarını məqsədyönlü şəkildə həyata keçirir, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması sahəsində ciddi uğurlar əldə edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ali məktəbi, o sırada Naxçıvan Dövlət Universiteti yeni inkişaf mərhələsində maddi-texniki bazanın möhkəmləndirilməsi, ali təhsilin keyfiyyətinin yüksəldilməsi, elmi-tədqiqat işlərinin səmərəliliyinin daha da artırılması, nəhayət, Avropa universitetlərinə inteqrasiya baxımından özünün yeni həyatını yaşayır. Ölkə Prezidenti İlham Əliyevin 2004-cü il 12 may tarixdə Naxçıvan Dövlət Universitetinin yeni Elektron kitabxanasının açılışı mərasimində iştirakı, müəllimlər və tələbələrlə apardığı işgüzar söhbətlər, universitetdə yeni informasiya texnologiyalarından istifadəyə dair verdiyi dəyərli tövsiyələr regionda universitet quruculuğunu yeni inkişaf səviyyəsinə çatdırmağa şərait yaratmışdır.

Prezident İlham Əliyevin Naxçıvan Dövlət Universitetinin 40 illik yubileyinin keçirilməsi haqqındakı 2007-ci il 31 mart tarixli sərəncamı Naxçıvan Dövlət Universitetinin inkişafına göstərilən dövlət qayğısının yeni tarixi şəraitdəki əməli ifadəsidir.

Ölkə Prezidentinin 2007-ci il 17 oktyabr tarixdə Naxçıvan Dövlət Universitetinin 40 illik yubileyində iştirakı və təntənəli yubiley mərasimindəki dərin məzmunlu nitqi bu ali təhsil ocağının Heydər Əliyev ideyalarının işığında keçdiyi uğurlu inkişaf yolunun, burada qazanılan mühüm nailiyyətlərin qiymətləndirilib ümumiləşdirilməsi ilə yanaşı, həm də universitetin fəaliyyətinin yeni istiqamətlərinin müəyyən olunması baxımından mühüm əhəmiyyətə malikdir.

Ulu öndərin müəyyən etdiyi proqrama uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun məqsədyönlü rəhbərliyi və böyük qayğısı ilə Naxçıvan Dövlət Universitetində illərdən bəri aparılan genişmiqyaslı işlər regionda möhkəm maddi-texniki bazaya, güclü kadr potensialına malik olan inkişaf etmiş ali təhsil ocağının yaradılması ilə nəticələnmişdir.1967-ci ildə 3 ixtisas və 103 tələbə ilə fəaliyyətə başlayan universitetdə hazırda 6 minə yaxın tələbə təhsil alır. Bu gün Naxçıvan Dövlət Universitetində 60 ixtisas üzrə bakalavr, 90 ixtisaslaşma üzrə magistr, 12 ixtisas üzrə elmlər doktoru, 38 ixtisas üzrə fəlsəfə doktoru proqramı üzrə kadr hazırlığı aparılır. Universitetin beynəlxalq əlaqələri genişləndirilir, yeni əməkdaşlıq müqavilələri və layihələr həyata keçirilir.

Bu gün muxtar respublikamızda təhsilin bütün sahələri özünün inkişaf dövrünü yaşayır. O cümlədən ali təhsilin inkişafı istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində muxtar respublikamızın ali təhsil müəssisələri nəinki regionun, dünyanın qabaqcıl universitetləri səviyyəsində yenidən qurulmuşdur. Naxçıvan Dövlət Universitetinin nümunəvi kampus modeli və yüksək maddi-texniki imkanları regionun ali təhsil tarixinin ən parlaq nailiyyəti kimi qiymətləndirilir. Bu ali təhsil müəssisəsində yeni təlim texnologiyalarının  və  qlobal tədris proqramlarının səmərəli tətbiqi bölgəmizə gələn əcnəbi tələbələrin sayının artmasına ciddi surətdə təsir göstərmişdir. Hazırda Naxçıvan Dövlət Universitetində 800-dən artıq əcnəbi tələbənin təhsil alması ali təhsil ocağının beynəlxalq nüfuzunun mühüm gəstəricisidir.

2012-ci il 15 sentyabr tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Naxçıvan Dövlət Universitetinin 45 illiyi günündə, Təbiətşünaslıq-kənd təsərrüfatı və Pedaqoji fakültələr üçün inşa olunmuş müasir tipli 5 mərtəbəli tədris korpusunun açılışı mərasimində iştirak etmişdir. Açılış mərasimində ali təhsil müəssisəsinin keçdiyi inkişaf yolunu yüksək qiymətləndirən Ali Məclisin sədri demisdir: "Özünün yeni inkişaf mərhələsini yaşayan Naxçıvan Dövlət Universiteti zəngin maarifçilik ənənələrinə malik olan Naxçıvanda yüksək ixtisaslı kadrların yetişdirilməsində, elmi mühitin formalaşdırılmasında və bununla yanaşı muxtar respublikamızın inkişafında mühüm rola malikdir... Bu ali təhsil ocağının məzunları Azərbaycanda milli dövlət quruculuğunun ən müxtəlif sahələrində yaxından iştirak edir, ölkəmizin iqtisadi, elmi və mədəni potensialının genişləndirilməsinə layiqli töhfələr verirlər... Universitetin maddi-texniki bazası gücləndirilir, tədrisin səviyyəsi yüksəldilir".

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyinin keçirilməsi haqqındakı 2017-ci il 14yanvar tarixli sərəncamı, müstəqil Azərbaycan dövlətinin yaradıcısı Heydər Əliyev təlimini düşünülmüş və məqsədyönlü şəkildə davam etdirən, regionda elm və təhsilin, o cümlədən Naxçıvan Dövlət Universitetinin inkişafına göstərilən dövlət qayğısının əməli ifadəsidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yubiley tədbirində çıxış edərək demişdir: “Bu gün Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyini qeyd edirik. Naxçıvan Dövlət Universiteti ötən 50 ildə böyük inkişaf yolu keçib. Ali təhsil ocağının milli təhsil müəssisəsinə çevrilməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır....

“Çox xoşbəxtəm ki, mən bu universitetin yaranmasının təməlini qoyanlardan biri və onun təşəbbüskarıyam... Böyük iftixar hissi keçirirəm ki, əsasını qoyduğumuz bu gözəl təhsil ocağı indi böyük şöhrətə malikdir... Naxçıvan təhsili, məktəbi mənim üçün əzizdir. Naxçıvan Dövlət Universiteti isə Naxçıvan təhsilinin zirvəsidir” -deyən ümummilli liderimizin tövsiyələri əsas götürülərək burada quruculuq tədbirləri görülmüş, müasir təhsil infrastrukturu yaradılmışdır. Həyata keçirilən tədbirlərin bariz nümunəsidir ki, bu gün - universitetin yubiley günündə də Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsi üçün müasir tələblərə uyğun yeni tədris korpusu istifadəyə verildi.”

Naxçıvan Mutar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun çoxcəhətli fəaliyyətində maarifçiliyə, universitet quruculuğuna xüsusi diqqət yetirilməsi nəinki ölkə daxilində, habelə onun hüdudlarından kənarlarda da yüksək səviyyədə dəyərlədirilir. Müstəqillik illərində memarı olduğu Naxçıvan Muxtar Respublikasında ali məktəblərin ən qabaqcıl dünya standartlarına uyğun qurulması, o cümlədən Naxçıvan Dövlət Universitetinin böyük sürətlə inkişaf etdirilməsi bu genişmiqyaslı proqramın əsas istiqamətlə­rindən biri olmuşdur.

Göründüyü kimi, Naxçıvan Dövlət Universitetinin keçdiyi yol müstəqil Azərbaycan dövlətində ali təhsilin inkişaf etdirilməsi sahəsində Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsinin mühüm nəticələrindən biridir. Naxçıvan Dövlət Universitetinin çoxminli kollektivi bundan sonra da Heydər Əliyev ideyalarının işığında inkişafı və müasirləşməni fəaliyyətinin əsas meyarı hesab edir.

Elbrus İSAYEV

Naxçıvan Dövlət Universitetinin rektoru

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR