02 İyun 2020, Çərşənbə axşamı

Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin həyata keçirilməsi Qaydası təsdiq edilib.

Bununla əlaqədar Baş Nazir Əli Əsədov qərar imzalayıb. Bu qaydaya əsasən ümumi təhsil müəssisələrində təhsilalanların peşə seçiminə və əmək fəaliyyətinə hazırlanması məqsədilə onların maraqlarını, bacarıqlarını, qabiliyyətlərini və şəxsi keyfiyyətlərini gələcək peşə bacarıqlarının öyrənilməsinə, düzgün ixtisas seçimi edilməsinə, əmək fəaliyyətinə dair tələb olunan biliklərin formalaşmasına, karyera planlaşdırılmasına və ömürboyu təhsil imkanlarının araşdırılmasına yönəldilmiş tədbirlər həyata keçirilir. Ümumi təhsil müəssisələrinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrində təhsil alanlar üçün peşəyönümü xidməti təşkil edilir.

Peşəyönümü xidmətinin məqsədi şagirdlərin peşə və ixtisaslar üzrə tələb olunan bilik, bacarıq və səriştələr barədə vaxtında məlumatlandırılması, onların meyil, maraq və qabiliyyətlərini nəzərə alaraq müvafiq ixtisas və peşə seçiminə yönəldilməsi, onlara peşə məsləhətlərinin verilməsi, karyera planlaşdırılması və ilkin sahibkarlıq bacarıqlarının aşılanmasıdır. Bu xidmət şagirdlərə ali, orta ixtisas və peşə təhsili müəssisələri tərəfindən təklif olunan proqram və peşələrin seçimində düzgün və şüurlu qərar qəbul etməyə kömək edəcək.

Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili fərdi yanaşmanın tətbiqi ilə təhsilalanların inkişaf səviyyələri, yaş, fərdi psixoloji xüsusiyyətləri, meyil, maraq və qabiliyyətləri nəzərə alınmaqla, onlara pedaqoji, psixoloji, tibbi, fizioloji yönümlü məzmun və metodlar əsasında həyata keçiriləcək. Bu məqsədlə şagirdlər arasında diaqnostik testlər və sorğular keçirilməsi, onlar üçün yaxın ərazidə yerləşən müəssisələrə ekskursiya, peşə həftəsinin təşkili, peşələrə dair oyun və yarışların keçirilməsi, müxtəlif peşə sahələrinə aid videofilmlərin nümayişi, peşə seçiminə dair konfranslar, müxtəlif peşə sahələrinin nümayəndələri ilə görüşlər, ixtisaslaşmış sərgilərin və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin həyata keçirilməsi Qaydasına əsasən X-XI siniflərdə peşə təmayüllü siniflər təşkil ediləcək. Bu siniflərdə mövcud əmək bazarı ehtiyacları nəzərə alınmaqla müxtəlif peşə sahələrinə aid modullar tədris ediləcək və şagirdlər peşə təhsili müəssisələrinin təlim-istehsalat, təsərrüfat sahələrində və işəgötürən təşkilatlarda təcrübə səfərinə cəlb olunacaqlar. Bu siniflərin məzunlarına tam orta təhsil haqqında attestatla yanaşı, peşə istiqamətinin adı göstərilməklə sertifikat veriləcək və onlar peşə təhsili müəssisələrinə müsabiqədənkənar qəbul ediləcək.

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR