30 May 2020, Şənbə

  

İtaliyanın “La Verita”, “L’Antidiplomatio”, “Sardegnagol”, “CIVG”, “Giornale Diplomatico” kimi kütləvi informasiya vasitələri Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadənin yazılarını dərc edib.

Yazılarında diplomat həmin kütləvi informasiya vasitələrinin bəzilərində Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “seçkilər”, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə təhrif olunmuş və qərəzli məlumatları əks etdirən məqalələrə cavab olaraq münaqişənin tarixi-hüquqi aspektləri, işğal olunmuş ərazilərimizdəki vəziyyət, orada keçirilmiş qondarma "seçkilər"in qeyri-qanuniliyi, onların beynəlxalq ictimaiyyət tərəfindən pislənilməsi, beynəlxalq təşkilatlar tərəfindən münaqişə ilə bağlı qəbul edilmiş sənədlər, münaqişənin nizamlanmasına dair aparılan danışıqlar prosesi və bu xüsusda Azərbaycanın mövqeyi barədə məlumat verib.

Həmçinin İtaliyanın “Babilon magazine” və “Un mondo d’Italiani” onlayn qəzetlərində də italyan jurnalist Domeniko Letizianın “Dağlıq Qarabağ: Azərbaycan Ermənistanı küncə sıxışdırır” və “Dağlıq Qarabağda seçkilər: Azərbaycan Ermənistanı küncə sıxışdırır” başlıqlı məqalələri dərc olunub. Məqalələrində italyan jurnalist Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “seçkilər”in qeyri-qanuniliyinə diqqət çəkərək, həmin “seçkilər”in beynəlxalq ictimaiyyət tərəfindən sərt şəkildə tənqid edildiyini bildirib. Məqalələrdə jurnalist Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun münaqişənin mərhələli həlli ilə bağlı fikirlərinə münasibətdə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın açıqlamasına cavab olaraq Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun fikirlərinə geniş yer ayırıb. Məqalələrdə jurnalist Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır nəticələrindən də danışıb, habelə koronavirus epidemiyası ilə bağlı yaranmış mürəkkəb vəziyyətin iqtisadi çətinliklərdə boğulan Ermənistandan münaqişə ilə bağlı mövqeyini dəyişdirməsini və beynəlxalq təşkilatların sənədlərinə hörmət etməsini tələb etdiyini vurğulayıb.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR