23 Sentyabr 2020, Çərşənbə

Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini – maliyyə naziri Səbuhi Məmmədov çıxış edərək bildirib ki, muxtar respublikamızda digər sahələr kimi, sığorta işi də diqqət mərkəzində saxlanılır. Ötən dövrdə bu sahədə mühüm tədbirlər həyata keçirilib, bağlanılan sığorta müqavilələrinin həcmi dəfələrlə artıb. Sığorta-bazar münasibətlərinin təkmilləşdirilməsi və müasir dövrün tələblərinə uyğun olaraq 6 il bundan əvvəl yaradılmış “Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyəti də uğurlu inkişaf yolu keçib. Cəmiyyət bu günədək sığorta bazarında etibarlı mövqe tutaraq müştərilərinə yüksəkkeyfiyyətli xidmətlər göstərməklə özünəinamı artırıb. Hazırda muxtar respublikamızın müxtəlif bölgələrində və paytaxt Bakı şəhərində nümayəndə­likləri fəaliyyət göstərən cəmiyyət tərəfindən 5 adda sığorta məhsulu təqdim olunur. Muxtar respublikamızın hərtərəfli inkişafı imkan verir ki, gələcəkdə təqdim olunacaq məhsulların sayı daha da artsın, sığorta bazarı daha da inkişaf etsin.

Səbuhi Məmmədov yaradılmış müasir iş şəraitinin “Naxçıvan­sığorta” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətində yeni mərhələ olduğunu qeyd edib, bu münasibətlə kollektivi təbrik edərək onlara uğurlar arzulayıb.
“Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri vəzifəsini icra edən Tural Ələkbərov çıxış edərək bildirib ki, sığorta müasir bazar münasibətlərinin mühüm elementlərindən biridir. Sığorta bazarının inkişafı qeyri-müəyyənliklərdən və risklərdən qorunmağa kömək etməklə ölkə iqtisadiyyatının dayanıqlı inkişafına töhfə verir.

Qeyd olunub ki, Naxçıvanda sığorta bazarının inkişaf etdirilməsi məqsədilə “Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyəti ilk regional sığorta şirkəti olaraq 2014-cü il martın 14-də təsis edilib, həmin ilin aprel ayından fəaliyyətə başla­yıb. Şirkətin baş ofislə yanaşı, Bakı şəhərində və muxtar respublikanın digər bölgələrində nümayəndəlikləri fəaliyyət göstərir. Cəmiyyətin Nizamnamə kapitalı 5 milyon 500 min manat təşkil edir. Hazırda cəmiyyət əmlakın yanğından və digər əlavə risklərdən sığortası, fərdi qəza sığortası, yüklərin sığortası, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası və hüquqi şəxslərə təqdim edilən avtonəqliyyat vasitələrinin kasko sığortası olmaqla, 5 könüllü sığorta növü üzrə xidmət göstərir. Əlavə olaraq naxçıvansığorta.az internet saytı fəaliyyət göstərir ki, müştərilər həmin sayta daxil olmaqla cəmiyyət, o cümlədən sığorta məhsulları haqqında məlumatlar ala bilərlər.
Tural Ələkbərov yaradılmış şəraitə görə kollektiv adından dövlətimizə minnətdarlıq edib.
Qeyd edək ki, yeni binanın birinci mərtəbəsi və zirzəmisində, ümumilikdə, 253,17 kvadratmetr qeyri-yaşayış sahəsi “Naxçıvan­sığorta” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə verilib. Yeni ofisdə müasir kompüter dəstləri, server və digər avadanlıqlar qoyulub, qanunvericiliyin tələblərinə uyğun olaraq cəmiyyət üçün proqram təminatı (İnsureAz) qurularaq istifadəyə verilib. Həmçinin müştərilərə sığorta xidmətlərindən rahat və məsafəli yararlana bilmək üçün “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinə məxsus ödəmə terminallarından, onlayn ödəniş sistemindən və naxçıvansığorta.az saytından istifadə etməklə banka yaxınlaşmadan sığorta haqlarını ödəmə imkanı yaradılıb.

 Səbuhi HƏSƏNOV

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR