01 İyun 2020, Bazar ertəsi

…Ömür axıb gedən zamanın bizə düşən kiçik bir hissəsi, çətin, əzablı yollardan, xoş və gərgin günlərin təəssüratlarından, xatirələr və arzularla qovuşan anlardan bütövləşmiş vaxt ölçüsüdür. İndi ömrünün 70-ci ilinin zirvəsindən baxanda çox uzaqlarda, sərhədləri o qədər də aydın olmayan uşaqlıq illərinin, zəhmətlə dolu hadisələrin və çapıqlaşmış yaraların izləri ilə yanaşı, qırmızı, işıqsaçan cizgilər də görünür. Bu cizgilər Şərur Rayon İcra Hakimiyyətinin orqanı olan “Şərurun səsi” qəzetinin redaktoru, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin və Naxçıvan Mətbuat Şurası idarə heyətinin üzvü Elman Məmmədovun keçdiyi ömür və tale yolundan xəbər verir.  

Elman Telman oğlu Məmmədov 70 il bundan əvvəl – 1950-ci il may ayının 15-də Şərur rayonunun Düdəngə kəndində doğulub. 1968-ci ildə rayon qəzetinin mətbəəsində mürəttib köməkçisi kimi çalışıb, eyni zamanda redaksiyanın tapşırığı ilə ara-sıra xəbər axtarışına çıxıb. 1969-1974-cü illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Hüseyn Əbdülhüseynov, Cəfər Məmmədov, Cəfər Əliyev, Mikayıl Əliyev və digər peşəkarlarla çiyin-çiyinə işləyib.

Şəxsən tanıdığım, əməkdaşlıq etdiyim bu ziyalıların qələmindən çıxan yazılar hesabına ozamankı “İşıqlı yol” qəzeti respublika miqyasında ən yaxşı rayon qəzetlərindən sayılırdı. Bunun bir səbəbi də qəzetdə tənqidi yazılara, xüsusən felyetonlara geniş yer verilməsi ilə bağlı idi. Mübariz janrda yazanların sırasında Elman müəllimin xüsusi yeri vardı. Bəlkə də, mətbuata çox bağlılığının nəticəsi idi ki, sonradan nə qədər şərurlu gənc onu ideal seçərək jurnalist olmaq arzusuna düşmüşdü. Onlardan biri də mən idim. Jurnalistikada təhsil aldığım illərdə qəzetin “Mirzəcəlil sayağı” rubrikası altında onlarla yazım dərc olundu. Felyetonları birgə yazsaq da, “qəhrəmanlarımız”ın təhdidlərinə, hədə-qorxularına Elman Məmmədov özü cəsarətlə cavab verirdi.
Minimum söz, maksimum məna... Onun tələbi belə idi. Bir dəfə rayon Mərkəzi Xəstəxanasının baş həkiminin rüşvətxorluğundan bəhs edən “Xəstə çox şey dilər, lakin ona qismət olmaz” adlı felyetonda rüşvətxor obrazı yaratmağa cəhd elədiyim bir səhifəlik yazının üstündən xətt çəkib belə bir cümlə ilə əvəzlədi: “Baş həkim yumruğunu stola elə çırpdı ki, küncdəki ayağıbağlı xoruz dik atıldı”. Vəssalam! Təşbehsiz, məcazsız, istiarəsiz, təkrirsiz, mübaliğəsiz, epitetsiz, litotasız, metonimiyasız və metaforasız da obraz göz önündə canlanır.
Onunla birlikdə ərsəyə gətirdiyimiz, müxtəlif illərdə muxtar respublika mətbuatında, hətta “Kirpi” jurnalında dərc olunan, nöqsanlarla mübarizə üsulu kimi seçilən felyetonlardan bəzilərini indi də əziz xatirə kimi saxlayıram. Onlardan “Döyənək çox pis şeydir”, “Döşə gəlsin”, “Gecə konserti”, “Piyada səfər”, “Özü əngəl içində”, “Qoğal”, “Mən niyə dərsdən qaçdım”, “Şeytan”, “Cadu-piti”, “Tilsim” kimi felyeton və replikalar indi də öz bədii məziyyətlərini qorumaqdadır.
Onu da xatırladım ki, hələ 60-cı illərdən qəzetin nəzdində yaranmış “Şərur qönçələri” ədəbi dərnəyi həmin illərdə Elman Məmmədovun təşkilatçılığı ilə şərurlu gənc ədəbi qüvvələrin məbədgahına çevrilmişdi. Dərnəyin yetirmələri sonralar ölkəmizin ictimai-siyasi həyatında, ədəbi-bədii mühitində öz dəstxətləri ilə tanınmışlar. İsa Həbibbəyli, Muxtar İmanov, Asim Yadigar, Əhməd Sədərəkli, Vaqif Məmmədov, Budaq Təhməz, İnqilab Orxan, sonralar dərnəyin rəhbəri olmuş İbrahim Yusifoğlu…
İllər sonra həmin ziyalılarla söhbətimdə dəfələrlə Belinskinin bu məşhur kəlamı belə improvizə olunub: “Bütün Rusiya Qoqolun “Şinel”indən çıxdığı kimi şərurlu ədəbi qüvvələr də “Şərur qönçələri”nin, konkret olaraq, Elman müəllimin “şinelindən çıxıb”. İndi onların əksəriyyəti Şərurdan uzaqlarda yaşasalar da, ata yurduna gələndə onunla da əzizləri kimi görüşür, onu ziyarət edir, həmin günləri sevə-sevə xatırlayırlar.
Təəssüf ki, nümunəvi yerli mətbuat orqanı kimi özünəməxsus inkişaf və yüksəliş yolu keçmiş “İşıqlı yol” 90-cı illərdə dövrün məlum dağıdıcı prosesləri ilə üzləşdi. Özlərini boz qurd elan edən bir qrup cəbhəçi redaksiyanın qapısını mismarladı. Səbəbi belə izah etdilər ki, qəzet sovet hökumətinə, partnomenklaturaya xidmət edib, rayon partiya komitəsinin orqanı olub.
Elman müəllim danışır ki, bəlkə də, başqalarının bu hərəkəti mənə yer etməzdi, “Şərur qönçələri”nin üzvü kimi çətin günlərində evimə aparıb qonaq etdiyim, yaradıcılıq dəstəyi göstərdiyim bu şair təbiətli adam qapıya mismar çalanda, sanırdım ki, qəlbimə çalır, bıçağı kürəyimə saplayır.
Qəzet fəaliyyətini dayandırandan sonra Elman Məmmədov “Mirzə Namlem” imzası ilə hər gün kiçik formatda, 8-12 səhifə həcmində bülletenin dərcinə nail oldu. Əl-əl, səngər-səngər gəzən bülletendə sərhəd bölgələrində erməni təcavüzkarları ilə gedən döyüşlər barədə məlumat verilirdi.
Elman Məmmədov 1992-ci ildən “Şərurun səsi” qəzetinin redaktorudur. Onun təbirincə, jurnalistikada xırda heç nə yoxdur. 10-15 cümlədən ibarət bir xəbərin başlığını da “yüz ölçüb bir biçir”. Adi statistik şərhlərdə də, problematik mövzuların işıqlandırılmasında da jurnalist həmkarımızın qələminin sanbalını görmək çətin deyil. İqtisadiyyatın ayrı-ayrı sahələrində gündəmdə dayanan, həllini tələb edən məsələlərin çözülməsinə aid mövzular üzərində xeyli düşündükdən, nə yazacağını, necə yazacağını dəqiq müəyyənləşdirəndən sonra əlinə qələm götürür. Onun mövzuya baxış bucağı, problemin təhlil və təqdimat üsulları təkcə peşəkar jurnalist olmasından irəli gəlmir. Bunlar həm də onun toxunduğu mövzuları, başqa sözlə, iqtisadiyyatın ayrı-ayrı sahələrində gedən islahatları, həllivacib məsələləri dərindən bilməsinin nəticəsidir. Rayonda ailə təsərrüfatlarından, müəssisələrdə istehsal edilən yerli məhsulların ixrac imkanlarından, mənəvi dəyərlərdən, təhsil, səhiyyə məsələlərindən, insanların gündəlik həyatından bəhs edərkən yazdığına sərf etdiyi vaxtdan daha çox oxuyur, yazacağı mövzunu bütün təfərrüatı ilə araşdırıb öyrənir, mənimsəyir və kompüter arxasına keçir. İnnovasiyalar, sosial könüllülər, startap layihələri, kurikulum, pandemiyaya qarşı qabaqlayıcı tədbirlər… Bunlar son illərin mətbuata gətirdiyi mövzulardır. Gərək zamanla ayaqlaşasan, öyrənəsən, gənc həmkarlarından geri qalmayasan. Onlar belə şeyləri yaxşı bilir, janrlar arasında sərhədləri isə Elman müəllim kimi peşəkarlar tanıyır. Yazılara korrespondensiya, məqalə, zametka, zarisovka, müsahibə, reportaj, oçerk və digər janrlarda oxucuya təqdim edir. Yazıların dili aydın və şirin, gətirilən faktlar sənədlər əsasındadır. Bu kimi yazıları oxuyan oxucu həm daxili dünyası işıqlandırılan qəhrəmanı, həm də qəlbi, mənəviyyatı ziya dolu müəllifi görür.
Keçmişinə boylananda, dünəninə baxanda özü, ailəsi, 4 övladı, 10 nəvəsi, 2 nəticəsi, dost-tanışları üçün utanc gətirməyəcək bir ömür yaşadığından qürur hissi keçirir. Çətinliklərindən, ağrı-acılarından danışmağı sevmir. Ağlı kəsəndən dərdlə yoldaşlıq, qayğıyla qardaşlıq eləyib. Bundan bezikmək nədir, cəfakeşliyi, fədakarlığı bir yaşamaq vasitəsi bilib. Çətin mənzil şəraitində illərlə ağır yataq xəstəsi olan həyat yoldaşına həyan olub. O, həyatdan köçəndən sonra taleyin daha bir ağır zərbəsi ilə üzləşib. Oğlu Kamran gənc ikən qəfil ölümü ilə sinəsinə dağ çəkib. Bütün bunlara rəğmən müsbət enerji ilə talenin bəxş etdiyi ömür payını yaşayır.
– Yeni yaş… Qocalmaqmı, ucalmaqmı?
– Şərəfli qocalıq başqa şeydir. O ucalıqdır. Hər yeni yaş əvvəlkinin hesabatıdır deyərdim, sabaha yeni baxışdır, yeni planlar, arzulardır... Həyata qırılmaz tellərlə bağlanmaqdır. Yaşımdan qorxmuram. Axı əgər hələ də mənim enerjim, yaşamaq həvəsim, həyata və insanlara sevgim varsa, yaşın nə önəmi var? Mən hələ yaşamaq, işləmək, insanlara əl tutmaq istəyirəm. Gələcəyə xoş güman insan xislətində, təbiətindədir, insan qəlbinin əbədi, kövrək ehtiyacıdır. İnanırsan ki, hər şey daha yaxşı, daha gözəl olacaq. İnsanlar bir-birilə daha doğma, daha yaxın olacaqlar. Nəvələrimin toyunu görüm, ətrafımdakı insanlar xoşbəxt olsunlar. O gün olsun ki, doğma Qarabağımızın, Kərkimizin azad edildiyinin şahidi olum və inanıram ki, bu arzuma çatacağam.
Biz də qələm dostumuzu ömrünün müdrik çağına – 70 yaşına çatması münasibətilə təbrik edir, ona uzun ömür, cansağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq. Qoy Elman Məmmədovun imzası ilə Odlar Yurdu Azərbaycanımızdan, onun ən qədim və ayrılmaz hissəsi olan doğma Naxçıvanımızdan, sinəsindən Arpaçay, ətəyindən Araz keçən Şərurdan xoş müjdəli, qələbə soraqlı yazılar bundan sonra da oxuculara sevinc bəxş etsin.

Hüseyn ƏSGƏROV
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR