30 May 2020, Şənbə

Koronavirus pandemiyası dövründə Azərbaycan əhalisinin sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması, xalqımızın bu bəladan daha az itkilərlə xilas olması ilə bağlı gördüyü mühüm işlərə görə respublikamızın bütün guşələrindən vətəndaşlarımız Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları ünvanlayırlar.

Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edirik.

Kəlbəcər rayonundan məcburi köçkün Fazil Məlikov yazır: “Hörmətli cənab Prezident, xalqımız üçün bu narahat günlərdə mən də Sizə məktub yazmağı özümə borc bildim. İlk növbədə, qeyd edim ki, ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Respublikasına rəhbər təyin olunduğu 1969-cu ildə mən Azərbaycan Tibb Universitetinə daxil olmuşam. Həmin illərdə bir çox tələbə kimi, mən də müxtəlif dövlət tədbirlərində iştirak etmişəm, Ulu Öndərin necə böyük siyasi xadim olduğunu yaxından görmüşəm. Xoşbəxtlik mənə Zərifə xanım Əliyevanı da görməyi qismət edib. Belə ki, göz xəstəlikləri üzrə təcrübə dərslərini Zərifə xanımın işlədiyi tibb ocağında keçmişəm. Onun necə mehriban, sadə və savadlı bir həkim olduğuna şahidlik etmişəm.

Əziz Prezidentimiz, Siz bu ziyalı ailənin layiqli davamçısı olaraq insanlara qayğı göstərir, ölkəmizin uğurlu inkişafını təmin edirsiniz. Mən bir həkim-pediatr olaraq bilirəm ki, xəstəliyin profilaktikası onun müalicəsindən daha asan və səmərəlidir. Sizin koronavirus xəstəliyinə qarşı vaxtında tədbirlər görməyinizin nəticəsidir ki, Azərbaycan bir çox ölkələrdən daha az yoluxma və ölüm halına malikdir. Əminik ki, Siz bu çətinliyin də öhdəsindən gələcəksiniz. Biz kəlbəcərlilər Sizinləyik. Bir daha Sizə təşəkkür edirəm”.

Xocalı rayonundan məcburi köçkün, şəhid ailəsinin üzvü Vüsal Əmirlinin məktubunda deyilir: “Möhtərəm cənab Prezident, koronavirus (COVID-19) xəstəliyi dünyada hələ pandemiya elan edilməmişdən əvvəl epidemiyanın geniş vüsət alacağını uzaqgörənliklə düşünərək başda səhiyyə sahəsi olmaqla, bütün qurumları səfərbər etməyiniz, xalqımızı bu xəstəlikdən qorumaq üçün atdığınız addımlar, iqtisadiyyatın dayanıqlılığını təmin etmək üçün ayırdığınız böyük vəsaitlər Sizin necə güclü lider olduğunuzu dünyaya bir daha sübut etdi. Dünyanın üzləşdiyi bu çətin dövrdə Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondu vasitəsilə on minlərlə ailəyə etdiyi yardımlar bütün xalqın sizlərə olan rəğbətini daha da artırdı.

Cənab Prezident, bir şəhid övladı olaraq Sizə və Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirir, təşəkkür edirəm”.

Saatlı rayonunun Qaralar kəndindən Hafiz Babayev: “Hörmətli cənab Prezident, mənim 82 yaşım var. Sizin tapşırığınıza əməl edərək iki aya yaxındır ki, evimdə qalıram, ən əziz insanlarımı görməyə də getmirəm. Bilirəm ki, yaşlı insan virusa tez yoluxur və xəstəliyi daha ağır keçirir. Mən mütəmadi olaraq xəbərləri izləyirəm. Bu virusun dünyanın 200-dən çox ölkəsində yayıldığını bilirəm. Özü də əksər ölkələrdə kütləvi insan tələfatına səbəb olub. Lakin Sizin uzaqgörənliyiniz, xalqınıza qayğıkeşliyiniz nəticəsində Azərbaycanda ölüm və yoluxma sayı çox azdır.

Hörmətli cənab Prezident, XXI əsrin ən qorxulu bioloji müharibəsindən xalqımızın salamat qurtulması üçün göstərdiyiniz fədakarlığa görə şəxsən öz adımdan və ailə üzvlərimin adından Sizə minnətdarlığımı bildirirəm. Tanrı hər zaman köməyiniz olsun!”.

Ağdam rayonunun sakini Rövşən Şıxıyev: “Hörmətli cənab Prezident, Sizin Azərbaycan Respublikasının inkişafında çox böyük xidmətləriniz var. Ağdam rayonunda bütün sahələrdə aparılan işlər sakinlər tərəfindən yüksək qiymətləndirilir. Rayon ictimaiyyəti Sizin siyasətinizi həmişə dəstəkləyib, bundan sonra da dəstəkləyəcək. Ağdamdan Bərdəyə gedən və uzunluğu 30 kilometr olan yeni yolun tikilməsi, rayonun İmamqulubəyli kəndində tibb məntəqəsinin istifadəyə verilməsi rayon sakinlərinin böyük sevincinə səbəb olub. Rayon ərazisində qısa müddətdə bir neçə uşaq bağçasının tikilməsi isə Sizin gələcəyimiz olan uşaqlara qayğınızın göstəricisidir. Bu işlərin belə qayğılı günlərdə də dayanmaması Sizin əzminiz sayəsindədir. Rayonda aztəminatlı ailələrə verilən yardımlar həm də onlara mənəvi dəstəkdir.

Möhtərəm cənab Prezident, biz ağdamlılar görülən işlərə, yaradılan şəraitə görə Sizə minnətdarlığımızı bildirir, uğurlu fəaliyyətinizdə yeni zirvələr fəth etməyi arzulayırıq”.

Lerik rayonunun Vistən kəndinin sakini Coşqun Rəsulov: “Möhtərəm cənab Prezident, dünyanı cənginə alan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısını almaq üçün uzaqgörənliklə qəbul etdiyiniz qərarlar, rəhbərliyinizlə həyata keçirilən tədbirlər və əldə olunan nəticələr bir vətəndaş kimi məndə qürur hissi doğurur. Hər gün müxtəlif informasiya vasitələrindən dünya üzrə pandemiyaya yoluxanların və ölənlərin sayını öyrənirik. Bizdə bu rəqəmlərin qat-qat aşağı olması məhz Sizin vaxtında həyata keçirdiyiniz məqsədyönlü tədbirlərin nəticəsidir. Siz hər bir vətəndaşın Prezidentisiniz. Bunu atdığınız hər addımda, xüsusilə bugünkü çətin dövrdə sübut edirsiniz.

Cənab Prezident, daim Sizin yanınızdayıq və səsinizə səs veririk. Biz birlikdə güclüyük!”.

Lənkəran rayonunun Kərgəlan kəndindən Cümşüd Kərəmov: “Möhtərəm cənab Prezident, Siz daim Azərbaycan xalqının yanındasınız, ona diqqət və qayğı göstərirsiniz. Koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının vaxtında alınması üçün gördüyünüz tədbirləri alqışlayır, sağlamlığımızın qorunması üçün verdiyiniz tövsiyələri yüksək dəyərləndiririk. Bu ağır günlərdə xalqımızın sağlamlığını, onun rifahını hər şeydən üstün tutduğunuza görə Sizə minnətdarlığımızı bildirir, “Çox sağ olun!” deyirik. Allahdan Sizə dünyada ən gözəl nemət olan cansağlığı diləyirik. Allah Sizi qorusun!”.

Gəncə şəhərinin sakini Səbinə Əlizadə: “Əziz Prezidentimiz, mən bir təhsil işçisi olaraq apardığınız uğurlu siyasəti yaxından izləyir və tam dəstəkləyirəm. Son zamanlar dünyada və ölkəmizdə baş verən hadisələrlə əlaqədar Sizin təəssübkeşliyinizdən və fədakarlığınızdan qürur hissi duyuram. Koronavirusa qarşı vaxtında həyata keçirdiyiniz profilaktik tədbirlərin səmərəsini və müsbət nəticələrini hamımız görürük. Sizin istər siyasi, istərsə də sosial sahədə atdığınız hər addımınız demokratik və humanist ideyalara söykənir.

Əziz Prezidentimiz, tarix hər zaman öz liderlərini yetişdirir. Siz müstəqilliyimizi, rifahımızı bizə bəxş edən dahi liderimizin xalqımıza miras qoyduğu siyasətin ən uğurlu və layiqli davamçısısınız. Biz Sizi hər zaman dəstəkləyirik və Sizə inanırıq”.

Bərdə rayon sakinləri Sənubər Nəcəfova, Nüsrət Məmmədov, İsmət Hacıyev və Səfiyar Nayıbov yazırlar: “Hörmətli cənab Prezident, Sizin koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı imzaladığınız sərəncamları, sosial həmrəylik nümayiş etdirilməsinə dair dəyərli tövsiyələrinizi və təşəbbüslərinizi dəstəkləyirik. Vaxtında görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində hazırda respublikamızda koronavirus pandemiyasına qarşı səmərəli mübarizə aparılır. Dövlətimiz bu gün də əhalinin sağlamlığını qorumaq, koronavirusun yayılmasının qarşısını almaq üçün səylərini davam etdirir. Xalqımızın bu bəladan minimum zərərlə xilas olacağına əminik.

Cənab Prezident, Vətənimiz və xalqımız üçün gördüyünüz bütün işlərə, yorulmaz fəaliyyətinizə görə Bərdə rayonunun sakinləri adından Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk. Əminik ki, koronavirusla mübarizə çərçivəsində atdığınız qətiyyətli və humanist addımlar öz bəhrəsini verəcək”.

Lerik rayonundan Nəriman Həsənov, Nazim Əliyev və Mehdi Ağayev dövlətimizin başçısına minnətdarlıqlarını bu sözlərlə ifadə edirlər: “Hörmətli cənab Prezident, Siz Azərbaycan xalqının qəhrəman oğlusunuz. Azərbaycan xalqının sağlamlığı, sosial rifahı üçün göstərdiyiniz fədakarlıqları biz leriklilər çox yüksək qiymətləndiririk. Sizin məqsədyönlü işləriniz, vaxtında gördüyünüz tədbirlər hesabına biz böyük bir çətinliyi dəf etməkdəyik. Siz həmişə olduğu kimi, koronavirusla mübarizədə də doğru yolla getdiniz, uğurlu yol seçdiniz.

Cənab Prezident, biz Sizi dəstəkləyir, Sizə uzun ömür, möhkəm cansağlığı arzulayırıq. Siz Azərbaycan xalqının fəxrisiniz”.

 

 

 

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR