14 İyul 2020, Çərşənbə axşamı

Müdriklərdən biri deyib ki, keçmişdən yazılanlar xatirələr, gələcəkdən yazılanlar arzular, bu gündən yazılanlar isə reallıqdır. Ona görə də bu gündən, reallıqdan yazmaq istəyirəm.
Artıq beş ilə yaxındır ki, əməkdaşı olduğum “Şərq qapısı” qəzetinə tələbə olanda – 2002-ci ildə, düz 18 il bundan əvvəl üz tutmuşdum. Həmin illərdə kiçik, şəraitsiz bir yerdə yerləşirdi redaksiya. Böyük bir binanın birinci mərtəbəsi, dar dəhlizlər, yarıişıqlı otaqlarda jurnalistlər günün nəbzini tutmağa, oxucu marağına uyğun yazılar qələmə almağa, uzun illərdən bu günə kimi qəzetin yaşatdığı adət və ənənələri qoruyub saxlamağa çalışırdılar.

Həmin illərdə bir neçə məqaləm dərc olunmuşdu “Şərq qapısı” qəzetində. O nömrələri keçmiş günlərin əziz xatirəsi kimi hələ də saxlayıram. Cəmi iki il kənar əməkdaşı olduğum “Şərq qapısı” 14 ildən sonra yenə məni özünə cəlb etdi. Aradan uzun illər keçsə də, yaradıcılığa olan sonsuz sevgim məni yenə qeyri-ixtiyari olaraq eyni ünvana – “Şərq qapısı” redaksiyasına yönəltdi. Amma bu dəfə müasir, adına yaraşan bir yerdə yerləşirdi bu ünvan. Və illər sonra bir sayını nəşrə hazırlamaq üçün bəzən düz gecəyarısınadək redaksiyada kollektiv şəkildə əmək sərf etdiyimiz bu qəzet mənim üçün həm də ikinci ev oldu.
100 ilə yaxındır ki, qəzetin yaradıcı kollektivi jurnalistikanın yüksək amalına həmişə sədaqətlə xidmət edib, 70 illik sovetlər dönəmində milliliyimizi, tariximizi yaşatmağa çalışıb, müstəqillik dövrünün ədəbi salnaməsinə yeni parlaq səhifələr yazıb, ağıl və təmkin, səbir və dəyanət yolları ilə addımlayarkən heç bir qasırğa, boran, çovğundan qorxmayıb, yolundan, amalından, məqsədindən dönməyən bu mətbu orqan öz səhifələrində tarix yazıb. Elə bir tarix ki o tarix xalqımızın dəyanətini, mərdliyini, illərin əsarətindən azadlığa gedən yolunu, dostunun, düşməninin kim olduğunu, zəfər dastanını sətirlərdə, məqalələrdə toplayıb. Naxçıvanın iki əsrə yaxın tarixini öz arxivində qoruya bilib. Burada Naxçıvanın inkişafı üçün imzalanan sərəncamlar, fərmanlar, qəbul edilən qərarlar, tarixin həmin dövrünün salnaməsinə çevrilən neçə-neçə məqalələr dərc olunub. Bütün bunlar “Şərq qapısı” qəzetinin xalqımızın sabahkı taleyi, dövlətimizin gələcək müqəddəratı üçün göstərdiyi əhəmiyyətli xidmətlərdir. Vaxtilə dünyanın supergüclərindən biri olan Sovetlər Birliyini məhvərindən laxladan mühüm tarixi qərar da bu qəzetdə dərc edilib. Həmin vaxt Naxçıvan 70 il idi ki, 15 respublikanı özündə birləşdirən, onlara hökm edən bir quruluşa etirazını bildirib öz müstəqilliyini elan etdi. Kiçik bir diyar – bəlkə də, o vaxta kimi bir çox dövlətlərdə tanınmayan Naxçıvan SSRİ kimi nəhəng bir dövlətin tərkibindən çıxıb özünü müstəqil elan etdi. Və həmin gecə 70 ildir ki, nəşr olunan qəzetin tarixində ilk dəfə olaraq sovet rəhbərinin məruzəsi bir kənara atıldı. Müstəqil respublikanın qəzetində 19 yanvar 1990-cı il Naxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyasında, muxtariyyətin Konstitusiyasının 81-ci maddəsinə əsaslanaraq (SSRİ-nin Azərbaycanın və Naxçıvanın suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək öhdəliklərinə əməl etməməsi və 1921-ci il çoxtərəfli Qars müqaviləsinin şərtlərini pozması səbəblərindən) SSRİ-nin tərkibindən ayrılması barədə qəbul etdiyi qərar dərc olundu. Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik İsa Həbibbəyli “Şərq qapısı” qəzetinin 95 illiyi ilə bağlı qələmə aldığı “Şərq qapısı” məktəbi: uzaqdan və yaxından” məqaləsində bu barədə yazırdı: “Şərq qapısı”qəzeti həmin qərarı çap etməklə müstəqil Naxçıvan Muxtar Respublikasının mətbuat orqanı funksiyasını həyata keçirmişdir. 1990-cı ilin yanvar-fevral aylarında “Şərq qapısı” qəzetinin 8 sayı o zaman bütün qəzetlərdə məcburi şəkildə yazılan “Bütün ölkələrin proletarları, birləşin!” şüarı ilə deyil, “Birlik və demokratiya uğrunda!” çağırışı ilə çap olunmuşdur. Bu təkcə “Şərq qapısı” qəzetinin yox, XX əsr sovet mətbuatının tarixində nadir hadisədir. Beləliklə, 1990-cı ildə “Şərq qapısı” Azərbaycanda ilk müstəqil qəzet kimi nəşr edilmiş, ölkənin və xalqın milli maraqlarına xidmət göstərmişdir. “Şərq qapısı” qəzetinin senzura nəzarəti olmadan çıxan həmin tarixi saylarında Naxçıvan Muxtar Respublikasının Konstitusiya hüquqlarının müdafiəsi, torpaqların işğaldan qorunmasını təşkil etmək üçün əhalinin səfərbər edilməsi, vətənpərvərlik çağırışlarının xalqa çatdırılması, çaşqınlıq, təxribat yaratmaq niyyətlərinə ayıq-sayıq baxış kimi aktual məsələlər öz əksini tapmışdır. Eyni zamanda həmin dövrdə “Şərq qapısı”qəzeti Bakıda qanlı 20 Yanvar hadisələri zamanı sovet ordusu qüvvələri tərəfindən susdurulmuş, fəaliyyətinə qadağa qoyulmuş ölkə mətbuatının da funksiyalarını yerinə yetirərək, faciəli Azərbaycan həqiqətlərinin xalqa və qonşu ölkələr vasitəsilə dünya ictimaiyyətinə çatdırılmasına şərəflə xidmət etmişdir. Azərbaycan Respublikası dövlət müstəqilliyi qazandıqdan sonra “Şərq qapısı”qəzeti xalqımızın milli dövlətçilik və maarifçilik yollarındakı tarixi hünərini, zəfərlərini və böyük əzmini salnaməyə çevirməkdə davam edir”.

Azərbaycan yenicə dövlət müstəqilliyi əldə etdiyi illərdə ulu öndərin ilk olaraq məhz “Şərq qapısı” qəzetinə müsahibə verməsi qəzetin nəşri tarixinin qürurverici səhifələrindəndir. Bu, dahi şəxsiyyətin, bütövlükdə, odövrkü Azərbaycan mətbuatında ilk orijinal müsahibəsi, müstəqil demokratik mətbuatın inkişafının ilk təməl addımları idi. Ümummilli liderin sonrakı siyasi fəaliyyətində də bu mətbu orqanla yaxından bağlılığı, “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən burada – orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm, o vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıbdır” müdrik kəlamları muxtar respublikanın ictimai, siyasi, mədəni həyatında böyük rol oynayan qəzeti diqqətlə oxumaq fikrini müasir oxucuya da aşılayır, mətbuata maraq oyadır. Bir neçə ziyalı ilə həmin illərdən bu günümüzə gələn yolun keşməkeşləri haqqında həmsöhbət olduğumuzda illərboyu çəkilən zəhmət və dövlət qayğısı daha da gözə çarpır.
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun böyük elmi işçisi, uzun illər mətbuatda çalışmış və fasiləsiz olaraq 26 il “Şərq qapısı” qəzetində kiçik vəzifədən başlayaraq pillə-pillə daha yuxarı vəzifələrə yüksələn, 10 il qəzetin baş redaktoru vəzifəsini daşıyan Sənubər Kərimovanın dediklərindən: – O vaxtlar redaksiya və mətbəə şəraitsiz binalarda yerləşirdi. Mətbəə avadanlıqları köhnə və yararsız idi. Qəzet bəzən səhərə yaxın hazır olurdu. Sonradan redaksiya və mətbəə üçün yeni binalar inşa edildi. “Şərq qapısı” “Sovet Naxçıvanı – Sovet­skaya Naxiçevan” adı ilə böyük formatda, gündəlik Azərbaycan və rus dillərində nəşr edilməyə başladı. Qəzetin rus dili variantı üçün jurnalist kadrları çatışmırdı. Amma redaksiya kollektivi bütün bu çətinliklərə sinə gərərək “Şərq qapısı”nı Azərbaycan Respublikasının müstəqilliyi dövrünə çatdırdı. Bu gün biz yüksək texnologiyalar əsrində yaşayırıq. İndi qəzet çıxarmağa nə var ki... Ölkəmizdə mətbuat azadlığı mövcuddur və bu, yüksək səviyyədə qorunur. Vətəndaşlarımızın söz və fikir azadlıqları Konstitusiyada təsbit olunmuşdur. Prezidentin Ehtiyat Fondundan kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi göstərilir. Jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün əhəmiyyətli tədbirlər görülür.
Sənubər xanım deyir ki, biz əsrlərin, minilliklərin qovuşduğu bir zamanda yaşayırıq. İndi hər bir dövlət, xalq öz milli xüsusiyyətlərini, milli-mənəvi dəyərlərini qorumağa, təbliğ etməyə çalışır. Çünki bunu etməsə, bir millət kimi sıradan çıxa bilər. Qloballaşan dünyada bir millət kimi qala bilməyimizin formulları məhz bunda təcəssüm olunur: Milli və mənəvi ideyalara, kökə, genə, yaddaşa qayıtmaq, çağdaş dünyada gənc nəsli unutqanlıqdan çəkindirmək. Bu, jurnalistlərin müqəddəs borcudur. Muxtar respublikanın ictimai-siyasi həyatını yaxından izlədiyimə görə əminliklə deyə bilərəm ki, bu gün Naxçıvanda jurnalistlərin sərbəst, demokratik şəraitdə fəaliyyət göstərmələri üçün unikal şərait yaradılıb, hərtərəfli dövlət dəstəyi göstərilir. Gənc jurnalistlərə isə məsləhətim odur ki, qələmlərini zamanın tələblərinə uyğun, aktual mövzularda sınasınlar, doğma diyarımızı layiqincə təbliğ edə bilsinlər. Yalnız o zaman müstəqillik dövrünün işığında milli mətbuatın inkişafı yollarında inamla irəliləyə bilərlər. Bu gün müstəqil Azərbaycan dövləti əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş hüquqi-demok­ratik dövlət quruculuğu yolu ilə daha parlaq gələcəyə doğru inamla addımlayır. Mətbuatın inkişafına göstərilən diqqət və qayğı muxtar respublikamızda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin də hərtərəfli inkişafını təmin edib. Bu qəzet gənc jurnalistlərin yetişməsi üçün əsl yaradıcılıq ocağıdır. “Şərq qapısı”nın təcrübəli jurnalistləri redaksiyada aylarla zəhmət sərf edib gənclərə qələm tutmağı, yazı yazmaq vərdişlərinə yiyələnməyi öyrədirlər. Onlar bir yaradıcı adamın yetişməsi üçün ən əsas lazım olanları – yaradıcılıq azadlığını, sərbəstliyini, özünə­inam hissini və cəmiyyət qarşısında sosial məsuliyyət mühitini bura üz tutan hər bir gənc üçün təmin edə biliblər. Bu üç keyfiyyətə malik hər kəs qısa müddətdən sonra “Şərq qapısı” məktəbində yetişməyə başladığını hiss edə bilir. Yaradılmış şərait jurnalistlərin bundan sonra da yaxşı işləmələrinə, üzərlərinə düşən məsuliyyətli və şərəfli vəzifələrin öhdəsindən layiqincə gəlmələrinə imkan verəcəkdir. Qəzetin bugünkü kollektivinə bu estafeti gələcək nəsillərə çatdırmaqda uğurlar diləyirəm.
Şərur Rayon Həmkarlar İttifaqının sədri Ümbülbəni Musayeva da qeyd edir ki, “Şərq qapısı” qəzeti daim Naxçıvan ziyalılarının bilik mənbəyi, həyat güzgüsü olub və bir əsrə yaxındır ki, bu xalqa xidmət edir. Sevindirici haldır ki, özünün inkişaf və tərəqqi dövrünü yaşayan, öz simasını dəyişən qədim Oğuz elində gedən quruculuq proseslərini salnamələşdirən “Şərq qapısı” qəzetində bu gün yaxşı qələm sahibləri, ziyalılar yetişib.
Onu da deyək ki, 1990-1993-cü illər heç də əbəs yerə “Həqiqətlərin bərqərar olduğu dövr” adlandırılmır. Üçrəngli bayrağımız qədim və ulu diyarımızın səmasından anamız Azərbaycana qanad açdı. Qanlı Yanvar faciəsinə siyasi qiymətin sədası ilk dəfə buradan yüksəldi, Xocalı faciəsi “Xocalı soyqırımı” adlandırıldı. Dünya azərbaycanlılarının bir araya gəlməsi, Vətən naminə bir yumruq kimi birləşməsi qərarı buradan pərvazlandı. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə milli müstəqilliyimizə doğru aparan bu qətiyyətli tarixi addımlar isə öz əksini yerli mətbuatda tapdı. Artıq 25 ildir ki, bu qəzet muxtar respublikada təhsil, səhiyyə və mədəniyyətə göstərilən sonsuz dövlət qayğısından, bu gün kəndlə şəhərin eyni inkişaf tempinə malik olmasından, diyarımızın gözoxşayan əsrarəngiz gözəlliklərindən, təbii sərvətlərindən, ucaldılan minlərlə yeni tikinti obyektlərindən, quruculuq ünvanlarından söz açır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 29 mart tarixli Sərəncamından sonra yeni formatda və tərtibatda nəşr olunmağa başlayan “Şərq qapısı” qəzeti 2010-cu ildən həftədə beş dəfə rəng­li nəşri ilə öz oxucularının görüşünə gəlir. Dinamik inkişafa hədəflənmiş dövlət siyasətini, xalqımızın tarixiliyini, milli və mənəvi mədəniyyətini yorulmaq bilmədən işıqlandırır. Qəzet hər nömrəsində oxucularını ümummilli liderimiz Heydər Əliyevin “Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır” müdrik kəlamı ilə salamlayır və yeni bir mətbuat tarixinin yazarı olur.
Dünyada çox sayda sənət və minlərlə peşə var. Rəssam şəkil çəkir, bəstəkar musiqi bəstələyir, müəllim təhsilli gənclik yetişdirir, şair şeir yazır, yazıçı əsər. Jurnalistin işi isə dünəni, bu günü yazmaq, günümüzün salnaməsini yaratmaqdır. Mənim üçün yazmaq, sadəcə, bir qələm və ağ kağızdan ibarət deyil, yazmaq həm də Vətənini qəlbən sevməkdir. Bu sevgini, yazıb-yaratmaq həvəsini daha da yüksəklərə qaldıran isə dövlət qayğısını öz üzərimizdə hiss etməyimizdir. Yuxarıda ziyalılarımızın dedikləri də bunu təsdiq edir ki, son 25 ildə bu mətbu orqan geridə qoyduğu 70 ildə olmadığı qədər qayğı və diqqətlə əhatə olunub. Bu qayğı bu gün də davam edir.
Ötən il sentyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında Ali Məclis Sədrinin Fərman imzalaması muxtar respublikada medianın yeni inkişaf mərhələsinin təməlini qoydu. Fondun müşahidə şurasının ilk iclası və media nümayəndələri ilə görüşün keçirilməsi, Ali Məclis Sədrinin buradakı çıxışında “Bu gün qarşıda duran əsas vəzifə ondan ibarətdir ki, kütləvi informasiya vasitələrinin yaradıcı gücü ulu öndər Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının inkişafına yönəlsin” müdrik kəlamı, verdiyi tapşırıq və tövsiyələr biz mətbuat işçilərinin gələcək yoluna işıq saçmaqda, bu yolu nura qərq etməkdədir. Ali Məclis Sədrinin görüşün sonunda səsləndirdiyi “Sizinlə qürur duyuram!” fikri biz mətbuat işçiləri üçün dünyanın ən böyük xoşbəxtliyi, hədiyyəsi, zəhmətimizin ən yüksək zirvədə qiymətləndirilməsi idi.

Bu günün mətbuat işçiləri xoşbəxtdirlər. Ona görə ki, Azərbaycan dövlətçiliyinin əməl və yaddaş mərkəzi Naxçıvanın zəngin tarixi keçmişinin, dosta qürur, düşmənə gözdağı verən bu gününün və möhkəm təməllər üzərində dayanan parlaq gələcəyinin yazarlarıdır.

 Ramiyyə ƏKBƏROVA
Məqalə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi yaradıcılıq müsabiqəsinə təqdim edilir.

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR