03 Avqust 2020, Bazar ertəsi


Bu il Azərbaycan milli mətbuatının yaradılmasının 145 illiyidir. Bu münasibətlə NUHÇIXAN İnformasiya Agentliyi  “KADRARXASI” rubrikasını öz izləyicilərinə təqdim edir. 

Bu rubrikada əsasən həyatını milli mətbuat və teleradionun inkişafına həsr etmiş, lakin çoxlarımızın yaxından tanımadığı, öz işlərini daha çox kadr arxasında görən media fədailəri gündəmə gətirilir.

“KADRARXASI”nın bu dəfəki qonağı uzun illərdir “Şərq qapısı” qəzetində kompüter operatoru işləyən Şərəf Mənsimovadır.

Qısa təqdimat:

-Mənsimova Şərəf Nağı qızı

-28 sentyabr 1960-cı ildə Naxçıvan şəhərində anadan olub

-1977-ci ildə Nəsrəddin Tusi adına Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbini bitirib

-Ailəlidir, 2 övladı var

…Biz onu “Şərəf xala” deyə çağırardıq. Çağırardıq deyirəm çünki, tələbəlik illərimdə bir müddət “Şərq Qapısı” qəzetində müxbir kimi fəaliyyətim olub. Şərəf xala ilə tanışlığım da o dövrdə başlayıb. Əvvəllər hər gün görüb söhbətləşdiyim xanım ilə indi başqa ampulada söhbətimiz olacaq. Həm də elə 60 yaşının tamam olacağı bu günlərdə. Peşəkar kompüter operatoru yola saldığı 60-ın 43 ilini sər-tamam “Şərq qapısı”qəzetinə həsr edib. Elə söhbətimizə də 43 ilin gerisindən başlayırıq...


Orta məktəbi bitirdikdən sonra universitetə qəbul olmaq istəyi baş tutmayıb. İş üçün mətbəəyə müraciət edib və qəzetlə də ilk tanışlığı buradan başlayıb. Deyir ki, qəzet həmin dövrdə “LİNOTİP” adlı maşınlarda yığılırdı:

-“LİNOTİP həcmcə böyük maşın idi. Qəzetlərin hamısı bu maşının köməyi ilə çapdan çıxırdı. İlk vaxtlar maşını işlətməkdə çətinlik çəksəmdə sonradan hərşey öz axarına düşdü. Hətta elə sürətli işləyirdimki, dəfələrlə vaxtından əvvəl dərəcələr alırdım. Uzun müddət bu maşınlarda işlədikdən sonra, 90-cı illərdə kompüter sisteminə keçid baş verdi. Artıq qəzetin mətnləri kompüterdə yazıldıqdan sonra çapa hazırlanırdı. 2000-ci ildən sonra isə “Şərq qapısı” qəzeti ayrılıqda öz fəaliyyətinə başladı. Elə həmin ildən də kompüter operatoru kimi burada işləməkdəyəm…”

43 ildir ki, mətbuatın gizli fədailərindən olduğu hər cümləsində öz əksini tapır Şərəf xalanın. Dəfələrlə iş saatı bitsə belə redaksiyada qalıb qəzetin çapa tam hazırlanmasını gözlədiyini deyir:

-“Bu məsuliyyət redaksiya olaraq hamımızın üzərindədir. Qəzet çapa hazırlanmamış dəfələrlə oxunur, qramatik, orfoqrafik səhvlər araşdırılır. Bu işin ilk məsuliyyəti də mənim kimi kompüterdə işləyənlərin üzərində düşür. Gərəkdir ki, orfoqrafiyanı yaxşı biləsən. Sözlərin düzgün yazılışına diqqət edəsən. Mənim buraxacağım bir səhv gözdən yayınarsa sonradan problemlərlə qarşılşa bilərik.”

Yadda qalan günlərdən, xoş xatirələrdən söhbət düşür. Şərəf xala çox maraqlı bir məqama diqqət çəkir:

-“Məlumdur, mətnlər redaktorlar tərəfindən yazılır və bizə verilir ki, həmin əlyazmaları kompüterə köçürdək və çapa hazırlayaq. Əvvəllər əməkdaş olduğum redaktorlarla hansısa məclisdə və ya tədbirdə qarşılaşarkən mənə deyirlər ki, bizim ilk oxucumuz sən olmusan Şərəf xala. Hansı ki, mətnimizi ilk sən oxuyub qiymət vermisən, elektron formaya salımısan. Hətta bəzi məqamlarda mətnlərlə bağlı məsləhətlərini də diqqətə almışıq və öz nəticəsini verib...

Hər yeni iş gününə ilk iş günü kimi həvəslə həyəcanla getdiyini deyir:

-“Mətbuat elə bir sahədir ki, bu sahədə işləyən hər bir şəxs hər gün yeni informasiya və məlumat bolluğunda olur. Yeni olan hər nə varsa təbii ki, insan üçün maraq kəsb edir. Maraq olan yerdə isə darıxmağa heç bir səbəb yoxdur məncə.  İşimi çox sevirəm. Yaşımın irəliləməsinə baxmayaraq özümü hələ gənc hiss edirəm. Buna gənclərlə işləməyimin də təsiri çoxdur. İnşallah hələ uzun illər burada işləmək mənə nəsib olar.”

Şərəf xala ilə işdən sonrakı fəaliyyəti ilə bağlı da söhbətimiz oldu. Bildirdi ki, boş vaxtlarını və istirahət günlərini ailəsinə, nəvələrinə həsr edir. Gəzintilərə getməyə və kitab oxumağa vaxt ayırır. Eyni zamanda Azərbaycan filmlərinə də marağı çox böyükdür.

Əməkdaş olduğum zamanda da, indi də tam rahatlıqla deyə bilərəm ki, hər zaman hörmət bəslənən xanım olub Şərəf xala. Söhbətimizin səmimi alınması təkcə tanışlığımızdan yox, bir Naxçıvan qadını kimi onun mehriban, gülərüz, alicənab olmasından qaynaqlanır.

Hər zaman oxucularını maraqlı məlumatlarla təmin edən “Şərq qapısı”qəzetinin internet saytı fəaliyyət göstərir ki, bu da qəzet oxucusunun sayına müsbət təsir göstərib. Qəzet üçün yaradılmış maddi-texniki baza, yüksək yaradıcılıqla çalışan heyət  kompüter operatorlarından da məsuliyyətli və dəqiq olmağı tələb edir.

Qəzet kütləvi işi sevir”-deyir Şərəf xala. Qəzet jurnalistləri,muxbirlər hansı sevgi və dəqiqliklə yazıları yazıb ərsəyə gətirirsə gərəkdir ki, bizdə o hisslərlə çapa hazırlayaq. Gün boyu hər birimiz onlarla çap məhsulu-qəzet, jurnal oxuyuruq. Oxuduğumuz hər bir materialda yazının bizə çatdırdığı fikir, yazının üslubu,müəllifinin imzası qədər buraxılan səhvlərdə diqqətimizi çəkir. Ömrümün yarıdan çoxu bu işlə bağlıdır və illər ərzində öyrəndiyim həqiqət budur ki, işini düzgün yerin yetirmək həm də qəzet oxucusuna böyük hörmətdir.

Bundan sonrakı həyatında da Şərəf xalaya uzun ömür və sağlam həyat arzulayırıq.

Cahangir Mehdiyev

“NUHÇIXAN”