11 Avqust 2020, Çərşənbə axşamı

Mətbuat hər bir xalqın mədəni intibahında, milli təfəkkür tərzinin və siyasi şüur səviyyəsinin formalaşmasında mühüm rol oynayan əsas ideoloji vasitədir. Bu mənada, ilk milli mətbuatımız “Əkinçi”nin ideya və məfkurəsi özündən çox-çox əvvəl doğulmuşdu. Böyük maarifpərvər ziyalı, “Əkinçi”nin naşiri Həsən bəy Zərdabi qəzet nəşri ideyası barədə sonralar yazırdı: “Hər kəsi çağırıram, gəlməyir, göstərirəm, görməyir, deyirəm, qanmayır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın! Necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra o su tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir, habelə söz də, ələlxüsus, doğru söz mürur ilə qanmazın başını deşib onun beyninə əsər edər”.

“Əkinçi”nin şüurlarda səpdiyi bu maarifçilik toxumundan cücərən, XX əsrin ilk anadilli qəzeti “Şərqi-Rus” isə böyük pedaqoq-publisist Məhəmməd Tağı Sidqinin təbirincə desək, qısa müddətdə millətin gənclərinin qaranlıq ürəklərində nur saçaraq bilik və mərifət çırağı kimi onları cəhalət çölündən səadət-xoşbəxtlik sarayına aparmışdır. “Şərqi-Rus”un çağırışlarından isə bütün Şərqdə ilk satirik, demokratik mətbuat orqanı olan “Molla Nəsrəddin” ərsəyə gəlmişdir. Bütövlükdə, jurnalın məramına çevrilən “Vətən, Vətən, Vətən; dil, dil, dil; millət, millət, millət!” şüarı əsrlər sonra belə, bugünkü jurnalistikamız üçün də başlıca sənət prinsipləri, əsas qayədir. Azərbaycan adını ilk dəfə mətbu şəkildə əbədiləşdirən, Şərqdə ilk müstəqil respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi dövlət və akademik qəzeti “Azərbaycan” isə XX əsrin əvvəllərindəki müstəqil dövlət quruculuğu prosesinin mətbu inikası kimi tarixə düşmüşdür. Totalitar sovet rejimi dövründə belə, millilik, vətənpərvərlik ideyalarının tərənnümünə çalışan milli mətbuatımız müstəqillik illərində özünün demokratik inkişaf yoluna qədəm qoymuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” 2020-ci il 30 iyun tarixli Sərəncamda müasir mətbuatın inkişaf yoluna belə siyasi qiymət vermişdir: “Ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yaranmışdır. 1993-cü ildən başlayaraq ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür. Hazırda həyata keçirilən sistemli islahatlar, şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan sosial innovasiyaların tətbiqi, idarəetmə sahəsində baş verən keyfiyyət dəyişiklikləri, ictimai nəzarət və siyasi dialoq mühitinin genişləndirilməsi dinamik inkişaf edən Azərbaycanda müasir dövlət quruculuğu­nun başlıca istiqamətlərini təşkil edir”.

Qədim və zəngin maarifçilik ənənələrinə malik Naxçıvanda mətbuatın yaranması da milli mədəniyyət və ictimai fikir tariximizdə mühüm mərhələ təşkil edir. 1921-ci ilin noyabrında Gənclər İttifaqının orqanı olan “Cavanlar həyatı” qəzetinin nəşrə başlaması ilə Naxçıvanda qəzetçiliyin təməli qoyulmuş, hələ XIX əsrin 90-cı illərindən pərvəriş tapan qəzet nəşr etdirmək ideyası, nəhayət ki, gerçəyə çevrilmişdir. Vərəqə şəklində çap olunan “Cavanlar həyatı” qəzeti iki aya yaxın müddət ərzində fəaliyyət göstərmiş, 1921-ci ilin dekabr ayından etibarən Naxçıvanda “Füqəra səsi” adlı yeni bir qəzet nəşr olunmuşdur. Bu mətbu orqanlar 1922-ci ilin aprel ayından nəşr edilməyə başlayan “Şərq qapısı” qəzetinin sələfləri kimi öz elmi təsdiqini tapmışdır. “Şərq qapısı” 1930-cu ilədək ərəb, 1930-40-cı illərdə latın, 1940-cı ildən 2001-ci ilin iyununadək kiril əlifbası ilə çap olunmuşdur. Həmin dövrdən latın qrafikalı əlifba ilə nəşr edilir. Qəzet 1979-1989-cu illərdə “Sovet Naxçıvanı” adı ilə çıxarılmışdır ki, bu da “Şərq qapısı” adına Şərq ölkələrinə, türk-müsəlman dünyasına meyillilik kimi siyasi don geyindiriləcəyindən ehtiyat edilməsi ilə əlaqədardır.
1937-38-ci illərin məşum repressiya təlatümündən keçən “Şərq qapısı” İkinci Dünya müharibəsi illərində alman faşizminə qarşı alovlu ideoloji mübarizə silahına çevrilmiş, vətənpərvərlik ruhunda yazıları, ön və arxa cəbhə arasında mənəvi körpü yaratması ilə fəaliyyətini doğrultmuşdur. Müharibədən sonrakı dövrlərdə “Şərq qapısı” qəzeti tarixi yolunu davam etdirərək ictimai-siyasi, ədəbi-mədəni proseslərin işıqlandırılmasına ciddi diqqət yetirmişdir.
XX əsrin 70-ci illərində – ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana siyasi rəhbərliyə gəlişindən sonra milli ideologiyanın inkişafı, mətbuata göstərilən qayğı “Şərq qapısı”nın da fəaliyyətinə əhəmiyyətli təsir göstərmişdir. Ötən əsrin 70-80-ci illərində “Şərq qapısı” qəzetinin gündəlik və böyük formatda nəşri təmin edilmişdir. Qəzetin 50 illik yubileyində “Şərəf nişanı” ordeni ilə təltif olunması həmin dövrdə Azərbaycana rəhbərlik edən görkəmli dövlət xadiminin mətbuata böyük qayğısının təzahürü idi. Həmin dövrdə qəzet Azərbaycançılıq ideologiyasına, milli məfkurəyə xidmət edən yazılarla çıxış etmiş, cəmiyyətdəki nöqsanlara qarşı cəsarətlə mübarizə aparmışdır.
XX əsrin 90-cı illərinin əvvəllərində “Şərq qapısı” qəzeti müstəqilliyimizin əldə olunmasına və dövlətçiliyimizin möhkəmləndirilməsinə öz layiqli töhfələrini vermişdir. Sovetlər Birliyində nəşr olunan ilk müstəqil mətbuat orqanı kimi tarixə düşmüş, 1990-cı il 20 yanvar tarixdən etibarən səkkiz nömrəsi müstəqil çıxan qəzet milli həmrəylik, demokratiya və milli müstəqillik uğrunda mübarizədə ideoloji bayraqdar funksiyasını yerinə yetirmişdir. Ümummilli lider Heydər Əliyevin “Şərq qapısı” qəzetinin 26 iyul 1990-cı il tarixli nömrəsində dərc olunan, ulu öndərin Vətənə qayıtdıqdan sonra Azərbaycan mətbuatında dərc olunmuş ilk orijinal müsahibəsi də qəzetin fəaliyyət tarixində şanlı səhifəni təşkil edir. Ümumiyyətlə, qəzetin Azərbaycanın müstəqilliyi dövründə nəşri mərhələsi dahi şəxsiyyətə olan böyük xalq sevgisini, onun tarixi qayıdış zərurətini bir daha təsdiqləyir. Qəzet muxtar respublikamızda fəaliyyət göstərən görkəmli dövlət xadiminin müstəqilliyimizin bərpası və möhkəmləndirilməsi yolunda həyata keçirdiyi tədbirlərin fəal təbliğatçısı olmuşdur. 1990-1993-cü illərdə muxtar respublikanın xilas olunması istiqamətində həyata keçirilən tədbirlər, qəbul edilən qərarlar, beynəlxalq səviyyəli danışıqlar burada dolğun əks etdirilmişdir. Bu dövrdə ulu öndərimiz qəzetin fəaliyyəti ilə yaxından maraqlanmış, çətin şəraitdə belə, onun nəşr olunmasını təmin etmişdir. Dahi şəxsiyyətin bu mətbu orqan haqqında söylədiyi fikirlər bütünlükdə milli mətbuata, jurnalistikaya verilən yüksək dəyərdir: “Şərq qapısı” qəzeti öz səhifələrində muxtar respublikanın ictimai-siyasi, iqtisadi və mədəni həyatını, əhalisinin qayğı, istək və arzularını dolğun əks etdirməklə oxucularının rəğbətini qazanmışdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra “Şərq qapısı” qəzetinin kollektivi öz fəaliyyətində əsaslı dönüş yaratmış, ölkəmizdə gedən yeni cəmiyyət quruculuğu və demokratik dəyişikliklərin həyata keçirilməsi prosesinə fəal qoşulmuşdur. Əminəm ki, “Şərq qapısı” qəzeti Azərbaycanın azad və demokratik mətbuat sistemində layiqli yer tutaraq dövlətçiliyimizin möhkəmləndirilməsi yolunda bütün qüvvələrini səfərbər etmək, hər bir oxucuda müstəqil Azərbaycanın sabahına inam yaratmaq üçün var gücünü sərf edəcəkdir”.
“Şərq qapısı” qəzeti müxtəlif dövrlərdə mövcud olan siyasi-ideoloji maneələrə baxmayaraq, fasiləsiz nəşr olunmuş, muxtar respublikanın mətbu salnaməsinə çevrilmişdir. Bir neçə nəsil üçün siyasi-ədəbi, mənəvi məktəb rolu oynayan qəzet Naxçıvanda jurnalist kadrların yetişməsində mühüm rol oynamış, ictimai fikrin inkişafına xidmət etmişdir. Belə ki, bu yaradıcılıq məktəbinin yetirmələri olan ziyalılarımız sonralar Azərbaycan miqyasında, hətta daha geniş dairədə tanınıb məşhurlaşmış, elmi-ədəbi nüfuz qazanmışlar. Təsadüfi deyil ki, “Şərq qapısı”nın nəşri tarixi, onun Naxçıvanda ədəbi mühitin formalaşmasındakı rolu elmi- tədqiqat obyektinə çevrilmiş, 2010-cu ildə qəzetin fəaliyyəti ilə bağlı yeni qiymətli elmi faktlarla zəngin “Şərq qapısı” qəzeti və Naxçıvanda ədəbi mühit” monoqrafiyası işıq üzü görmüşdür. Filologiya üzrə fəlsəfə doktoru Surə Seyidin digər bir kitabı – “Naxçıvanda mətbuat tarixi” isə Almaniyanın Lambert Akademik Nəşriyyat Evində ingilis dilində nəşr olunmuşdur.
Bu mətbu orqan son illərdə Naxçıvanın dünyada təbliği və tanıdılması, diyarımızla bağlı düzgün ictimai rəyin formalaşması istiqamətində də əhəmiyyətli işlər görmüşdür. Dünyanın tanınmış ictimai xadimlərinin, jurnalistlərin dünyanın nüfuzlu mətbuat orqanlarında qədim diyarımıza səfərlərindən sonra çap etdirdikləri yazıların, qəzet əməkdaşlarının onlarla müsahibələrinin bir qismi toplanaraq 2016-cı ildə “Naxçıvan dünya mətbuatında” kitabı şəklində çap olunmuşdur.
Son 30 ilə yaxın bir dövr ərzində muxtar respublikada digər sahələr kimi, mətbuat da yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. 1993-cü ildən yenidən siyasi rəhbərliyə qayıdan ümummilli lider Heydər Əliyevin milli jurnalistikanın inkişafına göstərdiyi qayğı, bu siyasi kursun layiqli davamçısı Prezident cənab İlham Əliyevin kütləvi informasiya vasitələrinin inkişafına misilsiz dəstəyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi ilə mətbuatın tərəqqisinə yönəldilmiş irimiqyaslı tədbirlər “Şərq qapısı” qəzetinin də inkişafına mühüm təkan vermişdir. Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli Sərəncamından sonra qəzetin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Milli mətbuatımızın 135 illik yubileyində – 2010-cu il iyulun 22-də “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni redaksiya-nəşriyyat kompleksinin istifadəyə verilməsindən sonra qəzetin rəngli nəşrinə başlanılmışdır. Muxtar respublikada mətbuatın inkişafı ilə paralel olaraq yüksək nəşriyyat-poli­qrafiya mədəniyyəti də formalaşmışdır. 2018-ci ildə dövlət teleradiosuna, “Şərq qapısı”, şəhər və rayon qəzetlərinə, Televiziya və Radio Şurasına ümumi dəyəri 250 min manatdan artıq olan müxtəlif avadanlıqlar alınmış, sonrakı dövrdə də teleradio və qəzetlərin maddi-texniki bazaları gücləndirilmişdir.
Bu gün “Şərq qapısı” qəzeti redaksiyasında istər jurnalist peşəkarlığı, istərsə poliqrafik keyfiyyət baxımından müasir tələblərə cavab verəcək, dünya qəzetçilik arenasına çıxa biləcək bir qəzetin nəşri üçün müasir iş şəraiti yaradılmışdır. 2012-ci ildə www.serqqapisi.az saytı vasitəsilə qəzet dünyanın Naxçıvanla bağlı informasiya tələbatını ödəməyə başlamış, ötən il qəzetin internet saytı tamamilə yenilənmişdir. Qlobal informasiya məkanına bu çıxış imkanı bu gün Naxçıvanla bağlı dəqiq informasiyanın dünyaya çatdırılmasında mühüm rol oynayır. Qəzet daim dövlətin diqqət və qayğısı ilə əhatə olunmuş, 75, 80, 85, 90 illik yubileyləri qeyd edilmişdir. 2011-ci ildə “Şərq qapısı”nın 90 illik yubileyində qəzet Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə təltif edilmiş, bir əməkdaş mənzillə təmin olunmuşdur. 2011-ci ildə “Şərq qapısı” qəzetinin 90 illiyi münasibətilə kollektivlə görüşündə Ali Məclisin Sədri demişdir: “Şərq qapısı” oxucuların, cəmiyyətin maraqlarına xidmət göstərən materialların verilməsini davam etdirməli, əhalinin maarifləndirilməsi və məlumatlandırılması işində fəallıq göstərməlidir. Qəzet çalışıb ona nail olmalıdır ki, hər bir vətəndaşımızda, gənclərimizdə vətənpərvərlik, yurd sevgisi hissləri və milli duyğular güclənsin, milli dəyərlər, adət-ənənələr qorunsun, xalq yaradıcılığının, milli mədəniyyətin təbliğinə diqqət artırılsın. Muxtar respublikanın bütün yaşayış məntəqələrinin, eyni zamanda ucqar dağ və sərhəd kəndlərinin həyatı da qəzet səhifələrində obyektiv əksini tapmalı, zəngin mədəniyyətimiz və qədim tariximizlə bağlı materiallar hazırlanmalıdır”.
“Şərq qapısı” qəzeti bu ideyanı rəhbər tutaraq, zəngin tarixi ənənələri inkişaf etdirərək qoca Şərqin qapısında dahi öndər Heydər Əliyev ideyalarına sədaqət üzərində qurulmuş siyasətin bu qədim diyarın müasir inkişaf dinamikasını təbliğ etməkdədir.
“Şərq qapısı” qəzetinin nəşri tarixinə və bu gününə, ümumilikdə, Naxçıvanda jurnalistikanın inkişafının əsas tərkib hissəsi kimi nəzər salınmalıdır. Bu gün muxtar respublikada məqsədyönlü media siyasətinin, kütləvi informasiya vasitələrinin inkişafına hərtərəfli dövlət qayğısının nəticəsidir ki, bir əsrə yaxın tarixə malik bir qəzetlə yanaşı, Naxçıvanda Universitet Televiziyası və “Nuhçıxan” radiosu da daxil olmaqla, 3 televiziya, 3 radio, şəhər və rayon qəzetləri, ali təhsil və elm müəssisələrinin qəzet və jurnalları, “Nuhçıxan” İnformasiya Agentliyi, “Naxçıvan xəbərləri” saytı, Naxçıvan Mətbuat Şurası, Televiziya və Radio Şurası, 400-ə yaxın jurnalist fəaliyyət göstərir. Ali Məclis Sədrinin xüsusi qayğı və təşəbbüsü ilə muxtar respublikada 2001-ci ildən etibarən jurnalistika ixtisası üzrə kadr hazırlığı aparılır.
Ali Məclis Sədrinin 2019-cu il 19 sentyabr tarixli Fərmanı ilə Ali Məclisin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması isə bu sahəyə dövlət qayğısının növbəti ifadəsi, informasiya idarəçiliyinin düzgün tənzimlənməsi istiqamətində mühüm addım olmaqla, Naxçıvanda medianın inkişafında yeni mərhələnin əsasını qoydu. Ali Məclis Sədrinin Sərəncamı ilə Televiziya və Radio Verilişləri Redaksiyası fondun tabeliyinə verildikdən sonra kadr islahatı, struktur dəyişikliyi aparılması muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafı, peşəkarlığın yüksəldilməsi istiqamətində öz bəhrəsini verməkdədir. Fondun Azərbaycan milli mətbuatının 145 illiyi münasibətilə keçirdiyi, bu günlərdə yekunlaşacaq yaradıcılıq müsabiqəsi də müxtəlif aktual mövzu və ideyaların ərsəyə gəlməsinə, jurnalistika sahəsində yaradıcı gənc istedadların üzə çıxarılmasına, güclü potensialın formalaşmasına töhfə verəcək. Heç şübhəsiz ki, qurum gələcəkdə də muxtar respublikada fikir, söz və məlumat azadlığını, plüralizmi inkişaf etdirmək kimi ali məqsədlərə xidmət edəcək. Naxçıvan Mətbuat Şurasının ötən ildən etibarən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasına üzv olması isə Naxçıvan mediasının beynəlxalq müstəviyə çıxarılma səviyyəsini təsdiqləyir, eyni zamanda bu səhədə əlaqələrin genişlənməsinə də zəmin yaradır.
Ölkəmiz bütünlükdə ziyalılıq bayramı, millilik, dünyəvilik, tərəqqipərvərlik rəmzi olan milli mətbuatımızın 145 illiyini təntənə ilə qeyd edir. Dövlət başçısının milli mətbuatın 145 illik yubileyi ilə bağlı imzaladığı tarixi sərəncam kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısı olmaqla, milli mətbuatın cəmiyyətdəki, dövlətçilik tariximizdəki mühüm roluna siyasi qiymət verməklə yanaşı, jurnalistlər qarşısında mühüm vəzifələr də qoyur: “...Kütləvi informasiya vasitələri də ölkəmizdə həyata keçirilən köklü islahatlardan kənarda qalmamalı, kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşmalı, cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində öz səylərini daha da gücləndirməlidir. Modernləşmə, rasionallıq, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi medianın inkişafını şərtləndirən başlıca amillər olmalıdır”.
Bir əsrə yaxın şərəfli inkişaf yolu keçən, sağlam məfkurəli ideyası ilə doğma Naxçıvanımızın real salnaməsinə çevrilən muxtar respublika mətbuatı da bu vəzifələri, Ali Məclis Sədrinin mətbuat işçiləri ilə keçirdiyi görüşlər zamanı verdiyi dəyərli tövsiyə və tapşırıqları fəaliyyət prinsipləri kimi rəhbər tutaraq muxtar respublikamızın tarixinin salnamələşdirilməsi üçün bundan sonra da var-qüvvəsini əsirgəməyəcək. Bir sözlə, Şərqin qapısı Naxçıvanda fəaliyyət göstərən qocaman, həm də zamanın nəbzini tutmağı bacaran mətbuatımız əsrlərarası körpü, keçmişdən gələcəyə açılan möhtəşəm bir mənəviyyat qapısı olacaq.

 Mehriban SULTAN
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR