15 Avqust 2020, Şənbə

2020-ci il iyulun 12-dən başlayaraq Ermənistanın silahlı qüvvələrinin bölmələrinin təxribatları nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib, qarşı tərəf mülki əhalini və yaşayış məntəqələrimizi atəşə tutub. Görülmüş cavab tədbirləri nəticəsində düşmənə ağır zərbələr endirilib, o, böyük itkilər verərək geri çəkilməyə məcbur edilib. Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş hərbi qulluqçularımızın ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirik.

  Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytına istinadla xəbər veririk ki, bununla yanaşı, Azərbaycan-Ermənistan sərhədindəki döyüş əməliyyatları ilə bağlı ictimaiyyətə müntəzəm rəsmi məlumatlar verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının müdafiə qabiliyyətinə xələl gətirmək, əhali arasında çaşqınlıq və inamsızlıq yaratmaq üçün ayrı-ayrı sosial şəbəkələrdə və media səhifələrində məqsədyönlü şəkildə hadisələrin mahiyyəti barədə aşkar surətdə yalan və qərəzli, o cümlədən guya, ərazilərimizin bir hissəsinin düşmən tərəfindən tutulması, itkilərimizin sayının gizlədilməsi, hərbi mövqelərimizin və texnikanın ələ keçirilməsinə dair xəbərlər yayılmaqdadır.

DTX bəyan edir ki, bu cür dəqiqləşdirilməmiş və qərəzli məlumatların, mülahizələrin və paylaşımların heç bir əsası yoxdur. Azərbaycan xalqı bilməlidir ki, Silahlı Qüvvələrimiz düşmənin hücumlarının qarşısını qətiyyətlə almağa daim hazırdır. Ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə ən zəruri tədbirlər görülməkdədir. Cəbhə xəttində yaranmış gərgin vəziyyətdə vətəndaşlarımızın soyuqqanlı olmasını, heç bir təxribata uymamasını və dövlətçilik mövqeyindən çıxış etməsini olduqca zəruri hesab edirik.

Azərbaycan Ordusu, onun döyüş potensialının zəiflədilməsinə yönələn, habelə ərazi itkiləri və insan tələfatı barədə yoxlanılmamış və qərəzli məlumatlar yayan şəxslər haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ən sərt tədbirlər görüləcəkdir.

Bir daha vətəndaşlarımızdan milli həmrəylik nümayiş etdirməyi və yalnız rəsmi dövlət orqanlarının məlumatlarına istinad etməyi və inanmağı xahiş edirik.

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR