22 Sentyabr 2020, Çərşənbə axşamı

Bunu ilin birinci yarısının yekunları məlum olan ötən ayın sosial mənzərəsi də təsdiqlədi

Özündən əvvəlki 6 ayın nəticələrinin təhlil olunduğu və statistik göstəricilərin müəyyənləşdiyi iyul ayı muxtar respublikamızda  ilin birinci yarısının uğurlarını tarixə yazmaqla bərabər, həm də ilin ikinci yarısının başlanğıc ayı kimi həyata keçirilən tədbirlərin əhəmiyyətliliyi ilə yaddaşlara həkk olundu. İctimai-siyasi, sosial-iqtisadi, mədəni sahələri bütövlükdə əhatə edən bu tədbirlər 30 ilə yaxın blokada həyatını tarixdə bir ilk olaraq inkişaf və tərəqqi ilə birgə yaşayan Naxçıvanın ümumi mənzərəsinə iyul ayının fonunda öz töhfələrini verdi. Bütün bunlar isə ümummilli liderimizin yolunun ölkə Prezidenti cənab İlham Əliyev və muxtar respublika rəhbəri cənab Vasif Talıbov tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.

İyul ayının ilk yaddaqalan tədbiri illərdən bəri şəhər və kəndlərində genişmiqyaslı quruculuq işləri aparılmaqla, yeni inzibati binalar və sosial obyektlər tikilməklə, rahat yollar çəkilməklə, əhalisinin rifahı yaxşılaşdırılmaqla inkişafın bir neçə mərhələsini keçən Şərur rayonunda həyata keçirildi. İyulun 2-si Təqaüdçülər Klubunun və “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının binasının istifadəyə verilməsi, yeni yaradılmış innovativ dərnəklərin təqdimatı bu rayonu Azərbaycanın ən inkişaf etmiş inzibati ərazisinə çevirmişdir.
Qeyd edək ki, Şərur rayonunda 117 mindən artıq əhali yaşayır ki, onun da 10 min 800-ə yaxını, yəni 9,2 faizi əmək pensiyaçılarıdır. Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının Şərur Rayon Təşkilatının 522, Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının Şərur Rayon Təşkilatının isə 131 üzvü vardır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Təqaüdçülər Klubunun açılış mərasimində iştirak etmişdir.

Təqaüdçülərin asudə vaxtlarının səmərəli təşkili üçün stolüstü oyunların və yarışların keçirilməsi, qəzet və jurnalların oxunması, kitab mütaliəsinin təmin olunması, gənclərlə görüşlərin təşkili sahəsində lazımi imkanlar yaradılmış ikimərtəbəli klub istilik sistemi ilə təchiz edilmiş, həyətdə abadlıq işləri aparılmış, musiqili fəvvarə quraşdırılmışdır. Ali Məclisin Sədri musiqili fəvvarəni işə salmış, yaradılan şəraitdən səmərəli istifadə olunacağına əminliyini bildirmişdir.
Əgər bir neçə il bundan əvvəl kəndlərimizdə bütün xidmət sahələrinin bir yerdə fəaliyyətini özündə ehtiva edən yeni infrastruktur layihənin – kənd məkəzlərinin yaradılması həyata keçirilməyə başlanmış, bununla kənd sakinlərinin hər hansı bir xidmət üçün rayon mərkəzlərinə getmək əziyyəti, vaxt itkisi aradan qaldırılmışdırsa, sonrakı dövrdə “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin rayon filiallarının yaradılması da eyni amala xidmət edir. Bank xidmətinin rayonlarda təşkil olunması muxtar respublikamızda həyata keçirilən digər çoxistiqamətli işlərin məğzində yenə də insan amilinin əsas yer tutduğunun göstəricisidir. İyulun 2-də Şərur rayonunda “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının yeni binasının istifadəyə verilməsi 2014-cü ildən burada fəaliyyət göstərən cəmiyyətin filialının işinin daha da təkmilləşdirilməsi baxımından təqdirəlayiqdir. Biznes, kənd təsərrüfatı, ailə təsərrüfatı, istehlak və ipoteka kreditlərinin verilməsi, eyni zamanda kassa əməliyyatları və pul köçürmələri kimi bütün maliyyə əməliyyatları həyata keçiriləcək filialın açılışında Ali Məclisin Sədri iştirak etmişdir. “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının yeni binasının istifadəyə verilməsinin mühüm əhəmiyyət kəsb etdiyini, bankın hər bir bölgənin inkişaf göstəricisi olduğunu diqqətə çatdıran muxtar respublika rəhbəri filialın hüquqi və fiziki şəxslər, eləcə də fərdi sahibkarlar daxil olmaqla, 6 mindən artıq aktiv bank hesabına malik olduğunu, eyni zamanda 5 bankomat, 8 ödəniş terminalı və 80-ə yaxın POS-terminal vasitəsilə əhaliyə xidmət göstərdiyini bildirmişdir.
Bu gün muxtar respublikada məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin düzgün istiqamətləndirilməsi prioritetə çevrilmişdir. Yaradılan innovativ dərnəklər özündə istedadların üzə çıxarılmasını ehtiva edərək məktəbdənkənar müəssisələrdə tətbiq edilən yeni metod kimi yetişməkdə olan gənc nəsil üçün böyük əhəmiyyətə malikdir. Həmin gün Şərur Rayon Uşaq-Gənclər Yaradıcılıq, Texniki Yaradıcılıq və Turizm-Diyarşünaslıq mərkəzlərində, eləcə də Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə yaradılmış innovativ dərnəklərin təqdimatı bu sahədə görülən işlərin davamıdır. Ali Məclisin Sədri dərnəklərin fəaliyyəti ilə maraqlanmış və demişdir: “Yeni innovativ dərnəklərin yaradılması müasir dövrün tələbidir. Muxtar respublikada bu işə Naxçıvan şəhərində başlanılmış, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində yeni innovativ dərnəklər yaradılmış və yaxşı nəticələr qazanılmışdır. Belə ki, həmin dərnəklərə cəlb olunmuş uşaqların əl işlərindən ibarət “İstedadlı şagirdlər” albom-kataloqu nəşr olunmuşdur. Şərur rayonundakı məktəbdənkənar təhsil müəssisələrində 48 dərnək fəaliyyət göstərir ki, bunların da 16-sı yeni yaradılan innovativ dərnəklərdir. Hazırda Culfa rayonunun məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti və orada yeni innovativ dərnəklərin yaradılması istiqamətində işlər görülür. Ordubad rayonunda da bu sahədə tədbirlər başa çatmaq üzrədir”.
Muxtar respublikamızda enerji təhlükəsizliyinin bərpa olunması istiqamətində mühüm işlər həyata keçirilmişdir. 1990-cı illərin əvvəllərində elektrik enerjisi sarıdan olmazın çətinlikləri ilə üz-üzə qalan muxtar respublikanın bu gün nəinki özünü elektrik enerjisi ilə təmin etməsi, həm də bu sahədə ixracatçı səviyyəsində olması qürur doğurur. Bu, ötən illərin gərgin zəhmətinin bəhrələridir. Ümummilli liderimiz Heydər Əliyev muxtar respublikaya rəhbərlik etdiyi dövrdən başlayaraq Naxçıvanda elektrik stansiyalarının qurulması işinə diqqətlə yanaşmış, 1992-ci ildə Qaz-Turbin Elektrik Stansiyası istifadəyə verilmişdir. Sonrakı dövrdə muxtar respublikanın elektrik enerjisinə olan tələbatı qardaş Türkiyə Respublikasından çəkilmiş elektrik xətti vasitəsilə ödənilirdi. Ölkə Prezidentinin sərəncamları ilə muxtar respublikada 87 meqavatlıq Modul Elektrik Stansiyası, yeni su və günəş elektrik stansiyaları tikilmiş və nəticədə, muxtar respublikanın enerji təhlükəsizliyi tam təmin olunmuşdur. İyulun 8-də Kəngərli rayonundakı 3 meqavat gücündə yeni Günəş Elektrik Stansiyasının istifadəyə verilməsini, görülən işlərin uğurlu nəticəsi kimi dəyərləndirmək olar. Belə ki, yeni stansiyanın fəaliyyətə başlaması ilə Naxçıvan Muxtar Respublikasında Günəş Elektrik stansiyalarının illik istehsal gücü 40,5 milyon kilovat-saata çatdırılmışdır. Açılış tədbirində iştirak edən Ali Məclisin Sədri demişdir: “Hazır­da muxtar respublikada elektrik enerjisinə olan tələbatın 55 faizi bərpa olunan enerji mənbələri hesabına ödənilir. İstifadəyə verilən günəş elektrik stansiyalarının ümumi gücü 27 meqavata bərabərdir. Ötən il Kəngərli rayonu ərazisində 2 meqavatlıq Günəş Elektrik Stansiyası istifadəyə verilmişdir. Bu gün isə rayonda 3 meqavat gücündə yeni Günəş Elektrik Stansiyası fəaliyyətə başlayır. Kəngərli rayonunda istifadəyə verilən günəş elektrik stansiyaları rayon üzrə abonentlərin 32 faizə yaxınını elektrik enerjisi ilə təmin etmək gücündədir”.
Təbii ehtiyatları, sərvətləri və nemətləri ilə zəngin olan diyarımızda təbiətin mühafizəsinə, yaşıllıq sahələrinin artırılmasına xüsusi diqqət və qayğı göstərilir. İllərdən bəri muxtar respublikada ətraf mühitin qorunması və zənginləşdirilməsi istiqamətində ən təqdirəlayiq tədbir olan iməciliklər vasitəsilə hər il yeni meyvə bağları, meşə zolaqları salınmaqla diyarımız yaşıllıqlar məkanına çevrilmişdir. Havaların isti keçdiyi bu günlərdə isə meyvə bağlarına və yaşıllıq zolaqlarına aqrotexniki qaydada qulluq göstərmək, ağacları vaxtlı-vaxtında suvarmaq mühüm əhəmiyyət daşıyır. İyulun 11-də keçirilən və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun da iştirak etdiyi iməcilikdə muxtar respublikamızın bütün bölgələrində yaşıllıq zolaqları və meyvə bağlarına aqrotexniki qulluq göstərilmişdir.
Naxçıvanda yetişməkdə olan gənc nəslin nümayəndələrinə diqqət və qayğı bütün sahələrdə istedadlı gənclərin üzə çıxmasına səbəb olmuşdur. Ali Məclisin Sədri cənab Vasif Talıbovun 2020-ci il 9 iyul tarixli Sərəncamı ilə xüsusi istedadı olan iki gəncin adının Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılması və onların Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülməsi də bu qayğının bütün naxçıvanlıları qürurlandıran davamıdır.
İyulun 14-də – ulu öndərin ölkəmizə rəhbər seçilməsinin 51-ci ildönümündə Azərbaycan Respublikasının medal və fəxri adlarının, eləcə də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin gənc istedadlara xüsusi aylıq təqaüdünün təqdimat mərasimi keçirilmişdir. Ali Məclisin Sədri çıxış edərək demişdir: “Ötən əsrin 90-cı illərinin əvvəlində Heydər Əliyevin siyasətindən kənarlaşması nəticəsində Azərbaycan faciələrlə üzləşdi. Lakin 1993-cü ildə ümummilli liderimizin xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanı sabitliyə, inkişaf və tərəqqiyə qovuşdurdu. Hazır­da bu yolun uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkəmizdə sabitlik və inkişaf vardır. Azərbaycan inkişaf etmiş dünya dövlətləri sırasında öz layiqli yerini tutub. ­Ölkəmizin inkişafında xidməti olanların, fərqlənənlərin əməyi isə dövlətimiz tərəfindən qiymətləndirilir. Bu gün təltif olunanlar, dövlətimizin ali mükafatlarına layiq görülənlər də çalışdıqları sahələrdə əməkləri ilə seçilən, fərqlənən şəxslərdir”.
Ali Məclisin Sədri təltif olunanları təbrik etmiş və onlara gələcək fəaliyyətlərində uğurlar arzulamış, Azərbaycan Respublikası medallarının, fəxri adlarının döş nişanlarını və vəsiqələrini təqdim etmişdir.
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasının çağırılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2020-ci il 17 iyul tarixli Qərarına əsasən iyul ayının 21-də Ali Məclisin növbəti sessiyası keçirilmiş, sessiyada 2020-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları və cari məsələ olmaqla, iki məsələ müzakirə edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2020-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları barədə məruzə etmiş, cari ilin birinci yarısında ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında ümummilli liderimiz Heydər Əliyevin yoluna sədaqətin əsas inkişaf göstəriciləri üzrə müsbət dinamikanın qorunub saxlanılmasına səbəb olduğunu, sosial-iqtisadi islahatlar və tikinti-quraşdırma işlərinin davam etdirildiyini, qarşıya qoyulan vəzifələrin icrasının diqqətdə saxlanıldığını, əhali rifahının yaxşılaşdırılması, xüsusilə insanların sağlamlığının qorunması və pandemiya ilə mübarizə sahəsində ardıcıl tədbirlərin görüldüyünü bildirmişdir. Ali Məclisin Sədri, eyni zamanda nazirlik, komitə, xidmət və digər dövlət qurumları qarşısında vəzifələr müəyyən etmiş, 2020-ci ilin ikinci yarısında da muxtar respublikanın sosial-iqtisadi inkişafının əsas istiqamətləri üzrə islahatların davam etdirilməsi, makroiqtisadi sabitliyin qorunub saxlanılması, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında işə tələbkarlığın artırılması, nizam-intizama əməl edilməsi, qarşıya qoyulmuş vəzifələrin vaxtında icra olunması kimi tapşırıqlar vermişdir.
Ulu öndərin yolunun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin Azərbaycan və onun Naxçıvan Muxtar Respublikasının 2020-ci ili də bütün sahələrdə uğurlu nailiyyətlərlə başa vurmağa imkan verdiyini vurğulayan Ali Məclisin Sədri məqsədin ümummilli liderimiz Heydər Əli­yevin müəllifi olduğu inkişaf, sabitlik və rifahı daha da möhkəmləndirməkdən ibarət olduğunu bildirmiş, bu yolda və qarşıya qoyulan vəzifələrin icrasında hər kəsə uğurlar arzulamış, çıxışını ulu öndərin fikirləri ilə tamamlayaraq demişdir: “Hamı üçün bir istiqamət olmalıdır: Azərbaycanın müstəqilliyini qorumaq, Azərbaycanın ərazi bütövlüyünü qorumaq, Azərbaycan Respublikasında siyasi sabitlik yaratmaq və Azərbaycan Respublikası vətəndaşlarının rahat yaşaması üçün şərait yaratmaq”.
Mətbuat zamanın güzgüsüdür. Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə təməli qoyulan milli mətbuatımızın yaranmasından 145 il keçir. Ötən ay ölkəmizdə, eləcə də muxtar respublikamızda milli mətbuatın 145 illik yubileyi geniş şəkildə qeyd edilmişdir. İyulun 22-də Naxçıvan Muxtar Respublikasında milli mətbuatımızın yubileyi münasibətilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov çıxış etmişdir. Milli mətbuatımızın 145 illiyi, eyni ­zamanda 1990-cı il iyulun 22-də ümummilli lider Heydər Əliyevin Naxçıvana gələrək buradan xilaskarlıq missiyasına başlaması uilə dövlətçilik tarixi baxımından əlamətdar olan gün münasibətilə tədbir iştirakçılarını, onların timsalında muxtar respublikanın bütün mətbuat işçilərini və əhalisini təbrik edən Ali Məclisin Sədri demişdir ki, milli mətbuatımızın əsası 145 il bundan əvvəl qoyulsa da, müstəqil mətbuatımız ümummilli liderimizin muxtar respublikaya rəhbərlik etdiyi dövrdə Naxçıvanda yaradılmışdır. Ulu öndərimizin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra isə Azərbaycanda mətbuatın inkişafı sahəsində əsaslı işlər görülmüş, dövlət-mətbuat münasibətləri yeni mərhələyə qədəm qoymuşdur. Bu gün ümummilli liderimizin yolunu bütün sahələrdə uğurla davam etdirən ölkə Prezidenti mətbuatın inkişafına da xüsusi qayğı göstərir. Artıq ölkəmizdə xalqının taleyini, dövlətinin bu gününü və gələcəyini düşünən, dünyada gedən prosesləri təhlil edən, milli mənafeyimizi qoruyan mətbuat ordusu formalaşmışdır.
Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da mətbuatın inkişafı sahəsində mühüm işlər görüldüyünü vurğulayan muxtar respublika rəhbəri bu gün Naxçıvanda “Şərq qapısı”, 8 şəhər və rayon qəzetinin, elm və ali təhsil müəssisələrinin qəzetlərinin, 3 televiziya, 3 radio, 1 informasiya agentliyinin və onlarla internet informasiya resurslarının, nəşriyyatların, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Mətbuat Şurasının, Televiziya və Radio Şurasının fəaliyyət göstərdiyini, bunların da öz ətrafında 400-ə yaxın jurnalisti birləşdirdiyini bildirmişdir. “ Bu, böyük bir nailiyyət, yaradılan şəraitin, ən əsası isə birgə əməyin nəticəsidir”, – deyən Ali Məclisin Sədri muxtar respublikada mətbuatın formalaşmasında və inkişafında əməyi, fəaliyyəti olan bütün jurnalistlərə təşəkkürünü bildirmiş, onlarla fəxr etdiyini söyləmiş və demişdir: “Həyata keçirilən tədbirlər muxtar respublikada informasiya blokadasını yarmışdır. Artıq muxtar respublikada baş verən hadisələr qısa müddətdə bütün dünyada yayılır. Dünyanın müxtəlif ölkələrində yaşayan ekspertlər, tədqiqatçılar Naxçıvanla bağlı məlumatlar əldə edirlər. Muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafı bundan sonra da diqqətdə saxlanılacaqdır. Hər bir jurnalist isə öz qələmi ilə Vətəninə, xalqına xidmət etməlidir”.
İyul ayının ilk tədbiri kimi son tədbiri də Şərur rayonu ilə bağlı olmuş, ötən ay muxtar respublikamızın davamlı və kompleks inkişaf mərhələsində olan ən böyük bölgəsinə öz töhfəsini vermişdir. Belə ki, ayın əvvəlində üç böyük quruculuq ərməğanından sonra ayın sonunda – iyulun 24-də Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksinin açılışı olmuşdur. Ali Məclisin Sədri bu münasibətlə keçirilən tədbirdə iştirak etmiş, Arpaçay subölücüsündə yeni tikilmiş qalereyaya baxmışdır. Muxtar respublika rəhbərinə “Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinə əsasən tikilmiş qalereya haqqında ətraflı məlumat verilmişdir.
“Bu ərazilərdə əhalinin içməli su təminatında daim çətinliklər olmuşdur. Ona görə də kollektiv tikilənlərdən səmərəli istifadə etməli, onları qorumalı, sutəmizləyici qurğu saz vəziyyətdə saxlanılmalıdır. Bilməlisiniz ki, 30 minə yaxın insanın su təminatı sizin gündəlik əməyinizin nəticəsində mümkün olacaqdır”, – deyən Ali Məclisin Sədri sutəmizləyici qurğunu işə salmış, yaradılan şəraitdən səmərəli istifadə olunacağına əminliyini bildirmiş, ərazidə yaşıllıqların salınması barədə tapşırıqlar vermişdir.
Adıçəkilən layihə çərçivəsində rayonun Cəlilkəndində də yeni içməli su şəbəkəsi qurulmuşdur. Həmin gün kənddə içməli su şəbəkəsinin açılışı münasibətilə keçirilən tədbirdə Ali Məclisin Sədri iştirak etmişdir. “Cəlilkənd ziyalılar kəndidir. Şərur rayonunda ilk məktəb və kitabxana burada yaradılıb. Rayon ərazisindəki yeganə buzxana abidəsi də Cəlilkənddədir. Kəndin qədim tarixi və zəhmətkeş insanları vardır. Ona görə kəndin inkişafı mərhələ-mərhələ həyata keçirilib, insanların rahat yaşayışı üçün şərait yaradılıb. İçməli su təminatı da sakinlərin uzun illər çəkdiyi əziyyətə son qoyub”, – deyən Ali Məclisin Sədri sakinlərə təbriklərini çatdırmış, içməli su şəbəkəsinin qurulmasında əməyi olanlara təşəkkür etmiş, şəbəkənin istifadəyə verilməsini bildirən qurğunu işə salmış, Şərur rayonunun Sərxanlı kəndində də içməli su şəbəkəsinin qurulması barədə tapşırıqlar vermişdir.

Bəli, uğurla başlayan iş müvəffəqiyətlə başa çatar demişlər. Muxtar respublikamızda ümummilli liderimizin müəyyənləşdirdiyi və illərdən bəri sürətlə həyata keçirilən hərtərəfli inkişaf konsepsiyasının cari ilin birinci yarısında da uğurlu göstəricilərlə nəticələnməsi və ulu öndərimizin Moskvadan Bakıya, oradan isə Naxçıvana gəlməsi ilə əlamətdar olan iyul ayında görülən işlər 2020-ci ilində Naxçıvan üçün uğurla başa çatacağından xəbər verir. Nəzərə alsaq ki, yaşadığımız il dünyada, mövcud pandemiyanın iqtisadiyyatlara böyük zərərləri ilə müşahidə olunur, belə bir dövrdə muxtar respublikamızda əldə olunan nailiyyətlər, həqiqətən də, düşünülmüş siyasətin bəhrələridir.

- Mətanət MƏMMƏDOVA

Azərbaycan Respublikasının Əməkdar jurnalisti

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR