22 Sentyabr 2020, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında qarşıya qoyulan vəzifələrə həsr olunmuş kollegiya iclasını giriş sözü ilə açan komitə sədri Vaqif Rəsulov bildirib ki, ötən dövr ərzində şəhər və rayon statistika idarələri ilə birlikdə 10 min 937 təsərrüfat subyektindən 36 min 350 sayda hesabat yığılıb. Bunların da 100 faizi onlayn rejimdə təqdim olunub. Hesabatlar komitə aparatının aidiyyəti şöbələri tərəfindən ümumiləşdirilərək analiz edilib, muxtar respublika üzrə iqtisadi, sosial, demoqrafik və ekoloji sahələrin vəziyyətinə dair göstəricilər əldə edilib.
Azərbaycan Respublikası Prezidentinin “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıya alınmasının keçirilməsi haqqında” 2016-cı il 7 sentyabr tarixli Fərmanına əsasən 2019-cu ilin oktyabr ayında əhalinin növbəti siyahıyaalınması keçirilib. Mühüm dövlət tədbirinin əsas icraçısı kimi Dövlət Statistika Komitəsi tərəfindən 2020-ci ilin yanvar ayında muxtar respublikanın şəhər və rayon statistika idarələrindən qəbul olunmuş əhalinin siyahıyaalınmasına aid materialların operatorlar tərəfindən xüsusi proqram təminatına işlənilməsinə başlanılıb və cari ilin iyun ayında başa çatdırılıb. 114 min 269 siyahıyaalma və 458 min 910 sorğu vərəqəsində olan məlumatların etektron məlumat bazası yaradılıb, yekun məlumatların əldə olunması istiqamətində işlər davam etdirilir.

Vurğulanıb ki, “2018-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 2 mart tarixli Sərəncamının icrası istiqamətində 2020-ci ildə nəzərdə tutulmuş tədbirlərin icrası davam etdirilir. Bununla yanaşı, müvafiq Dövlət proqramının icrası istiqamətində 2019-cu ildə istifadəyə verilmiş “Statistik Məlumatlar Sistemi”nin normal fəaliyyəti diqqətdə saxlanılıb, yeni proqram təsnifatlarının yaradılması, mövcud proqram təminatlarında yeniliklərin aparılması diqqətdə saxlanılıb. Həmçinin muxtar respublika mətbuatında Naxçıvanın sosial-iqtisadi vəziyyətini əks etdirən kompleks materiallar dərc olunub, kütləvi informasiya vasitələri müvafiq məlumatlarla təmin olunub.
Sonra məruzə ətrafında çıxışlar olub.

* * *

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində cari ilin birinci yarısının yekunlarına həsr olunmuş iclası idarənin sədri Elvin Axundov açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 1 iyul 2020-ci il tarixə muxtar respublika iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 191 milyon 578 min manat, o cümlədən qısamüddətli kredit qoyuluşu 8 milyon 544 min manat, uzunmüddətli kredit qoyuluşu isə 183 milyon 34 min manat təşkil edir. Kredit qoyuluşu, əsasən, Dövlət proqramlarının icrasına, real sektorun, kiçik və orta sahibkarlığın inkişafına yönəldilib.
Qeyd olunub ki, bank və kredit təşkilatları tərəfindən 2020-ci ilin yanvar-iyun ayları ərzində 85 milyon 375 min manat kredit verilib ki, bunun da 9 milyon 670 min manatını qısamüddətli, 75 milyon 705 min manatını isə uzunmüddətli kredit təşkil edir. Kreditlərin 5 milyon 598 min manatı kənd təsərrüfatı, 11 milyon 260 min manatı sənaye, 226 min manatı tikinti, 2 milyon 35 min manatı kommersiya, 723 min manatı nəqliyyat, rabitə və informasiya, 1 milyon 767 min manatı daşınmaz əmlakla əlaqədar ipoteka kreditlərinin, 63 milyon 766 min manatı isə digər kommunal, sosial və istehlak kreditlərinin verilməsi kimi sahələrə yönəldilib.
Muxtar respublika ərazisində POS-terminalların quraşdırılması işinə toxunan idarə sədri bildirib ki, 1 iyul 2020-ci il tarixə muxtar respublikada 1310 POS-terminal quraşdırılıb, hazırda bu istiqamətdə işlər davam etdirilir. Görülən işlərin nəticəsidir ki, cari ilin birinci yarısında POS-terminallar və digər ödəniş vasitələri ilə aparılan nağdsız əməliyyatların həcmi 40 milyon 283 min manat olub. Aparılan nağdsız ödənişlərin 15 milyon 144 min manatı POS-terminallar vasitəsilə, 25 milyon 139 min manatı isə internet və digər ödəniş vasitələri üzərindən həyata keçirilib. Bununla yanaşı, 1 iyul 2020-ci il tarixədək muxtar respublikada 113 ədəd bankomat quraşdırılıb. Həmçinin bu dövrədək ödəmə terminallarının sayı 66 ədəd təşkil edib.
Müşavirə məruzə ətrafında çıxışlarla davam etdirilib.

* * *

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının 2020-ci ilin birinci yarımilinin yekunlarına həsr olunmuş kollegiya iclasını şuranın sədri Anar İbrahimov açıb. Bildirilib ki, bu ilin mart ayında şuranın tabeliyində olan muxtar respublika, şəhər (rayon) Birləşmiş Həmkarlar İttifaqı Komitəsi və ilk təşkilatların fəaliyyətinə yenidən baxıb, şurada struktur dəyişikliyi aparılıb, komitələrin və ittifaq üzvlərinin say tərkibində yol verilmiş nöqsanlar aradan qaldırılıb. Şuranın tabeliyində 6 muxtar respublika, 10 şəhər (rayon) birləşmiş həmkarlar ittifaqı komitəsi və 1012 ilk təşkilat fəaliyyət göstərir, 45894 ittifaq üzvünü öz ətrafında birləşdirir. Onlardan 23097 nəfərini qadın, 22797-ni isə kişilər təşkil edir. Gənc ittifaq üzvlərindən qadınların say tərkibi 5675 nəfər, kişilərin say tərkibi isə 4109 olub. Bu dövr ərzində gənclərin həmkarlar ittifaqlarında ilk təşkilatın sədri kimi məsul vəzifələrə irəli çəkilməsi də diqqət mərkəzində saxlanılıb, onlarla gənc bu vəzifəyə irəli çəkilib.
Vurğulanıb ki, Həmkarlar İttifaqları Şurası tərəfindən əməkçi insanların sosial-iqtisadi və hüquqi mənafelərinin qorunması da diqqətdə saxlanılıb, 16 aprel 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti, Həmkarlar İttifaqları Şurası və Sahibkarlar Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Saziş bağlanıb. Naxçıvan Muxtar Respublika, rayon (şəhər) Birləşmiş Həmkarlar İttifaqı komitələri isə öz tabeliyində olan təşkilatlarla kollektiv əmək müqaviləsi bağlanmasına nail olub. Xüsusilə muxtar respublikadakı sosial-iqtisadi inkişafın yaratdığı əlverişli mühit əmək bazarına da sirayət edib, aparılan uğurlu siyasət nəticəsində mövcud iş yerlərinin qorunub saxlanılmasına nail olunub.
Bildirilib ki, 30-31 iyul 2020-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə muxtar respublika üzrə aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan 1026 ailəyə, ümumilikdə, 44959 manat məbləğində ərzaq payı verilib. Həmçinin hesabat dövründə şura muxtar respublikanın müvafiq dövlət qurumları ilə birgə əməyin mühafizəsi ilə bağlı tədbirlərin həyata keçirilməsinə diqqət yetirib, bu sahədə monitorinq və müşahidələr davam etdirilib. Bəhs olunan dövrdə şuranın Əmək müfəttişliyi xətti ilə istehsalatda xəsarətlə bağlı iki hadisənin araşdırılmasına dair komissiyanın tərkibində işlər aparıb.
Müşavirə məruzə ətrafında çıxışlarla davam etdirilib.

* * *

Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində birinci yarımilin yekunları ilə əlaqədar iclası xidmətin rəisi Ramin İsmayılov açıb. Diqqətə çatdırıb ki, muxtar respublika üzrə təbii qaz istehlakçılarının ümumi sayı 90436 olub, bunun da 87739-u əhali, 2697-si isə qeyri-əhali abonentlərdir. Müraciətlərə əsasən cəmi 431 ədəd mənzil (ev) və müxtəlif təyinatlı obyektlər qazlaşdırılıb ki, bunun 389-u əhali, 42-si isə qeyri-əhali abonentlərdir.
Vurğulanıb ki, muxtar respublikanın şəhər, rayon Qaz İstismar idarələrinin qəza dispetçer sahələrində 2020-ci ilin 6 ayı ərzində 5722 çağırış daxil olub.
Bəhs olunan dövrdə xidmətin “Servis” stansiyasında istismardan çıxarılan nasaz smart-kart tipli məişət qaz sayğacları diaqnostik müayinə və kompüter vasitəsilə test edilərək ortaya çıxan problemlər aradan qaldırmaqla 358 ədəd smartkarttipli elektron məişət qaz sayğacı istismara yararlı vəziyyətə gətirilib. Eyni zamanda əhali qrupundan olan abonentlərin mexaniki qaz sayğaclarının kənar müdaxilələrdən qorunması üçün 221 ədəd mühafizə qutusu quraşdırılıb. Naxçıvan şəhərində mexaniki qaz sayğaclarının smart-karttipli qaz sayğacları ilə əvəz olunması istiqaməti üzrə işlər davam etdirilib. 1 iyul tarixə, ümumilikdə, 20237, o cümlədən ilin 6 ayı ərzində 256 qaz sayğacı ­quraşdırılıb.
Sonda məruzə ətrafında çıxışlar dinlənilib.

* * *

Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyində keçirilən müşavirədə agentliyin direktoru Vüqar Babayev məruzə edib. Bildirib ki, hesabat dövründə agentlik tərəfindən dini təyinatlı ədəbiyyatların, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının muxtar respublika ərazisində yayılmasına nəzarətin həyata keçirilməsi ciddi nəzarətdə saxlanılıb. Belə ki, ekspert rəyi verilməsi üçün müvafiq orqanlardan agentliyə 954 dini təyinatlı ədəbiyyat daxil olub, aparılmış araşdırma nəticəsində dövlətçiliyimizə zidd, ayrı-seçkilik yaratmağa xidmət edən ifrat məzhəbçilik prinsipini təbliğ edən 162 adda 355 dini təyinatlı ədəbiyyatın muxtar respublika ərazisində yayılmasının qarşısı alınıb. Bundan əlavə, agentlik Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şura ilə birlikdə Naxçıvan Muxtar Respublikasının rayon və kəndlərində fəaliyyət göstərən qadın din xadimlərinin attestasiyasını həyata keçirib. Həmçinin agentlik Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şura ilə birlikdə dinin düzgün təbliğinə xüsusi diqqət yetirilməsi, din xadimlərinin biliklərinin artırılması, dini təhsil almağa meyilli olan sakinlər üçün təkmilləşdirmə kursları təşkil edib.
Diqqətə çatdırılıb ki, hesabat dövründə xarici ölkələrdəki müqəddəs yerlərə ziyarətlərin təşkili ilə əlaqədar olaraq bir sıra tədbirlər həyata keçirib. Agentlik və Naxçıvan Muxtar Respublikası Multikulturalizm Komissiyası yarımillik iş planlarına uyğun olaraq dövlət-din münasibətlərinin tənzimlənməsi və milli-mənəvi dəyərlərimizin təbliği, maarifləndirmə işlərinin təşkili istiqamətlərində fəaliyyət göstərib.
Müşavirənin sonunda məruzə ətrafında çıxışlar olub.

Xəbərlər şöbəsi

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR