19 Sentyabr 2020, Şənbə

Ötən ay Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən müvafiq dövlət orqanlarının müraciətləri nəzərə alınmaqla vakant vəzifələrin tutulması üçün 2 nəfərin iştirakı ilə test imtahanları keçirilmişdir. Bundan əlavə, dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilmiş 5 daxili müsahibədə komissiyanın nümayəndəsinin iştirakı təmin edilmişdir.

Naxçıvan Muxtar Respublikasında şahmatın tədrisinin keyfiyyətinin yaxşılaşdırılması və müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə 20 iyul 2020-ci il tarixdə şahmat fənnini tədris edən müəllimlərin növbəti ödənişsiz sertifikasiyası keçirilmişdir. Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın test mərkəzində keçirilən sertifikasiya imtahanında 20 müəllim iştirak etmiş, test tapşırıqlarının ən azı 50 faizini düzgün cavablandırmış 18 nəfər müvafiq keçid balını toplamışdır.
“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamın icrasının təmin edilməsi məqsədilə “Səyyar dövlət qulluğu xidməti könüllülüyü” startap layihəsi rayonlarda həyata keçirilmişdir. Komissiyanın əməkdaşları və könüllülər cari ilin 21 iyul tarixində Şərur rayonunda, 24 iyul tarixdə isə Ordubad rayonunda vətəndaşlara səyyar xidmət göstərmişlər. Xidmət zamanı işə qəbul üçün elan edilmiş müsabiqələrdə iştirak etmək istəyən 77 vətəndaşa operativ köməklik göstərilmişdir.
İyul ayında Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsində vakant vəzifələrin tutulması üçün və müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbul üçün elan edilmiş müsabiqələrə sənəd qəbulu davam etdirilmişdir. 15 iyul 2020-ci il tarixdə müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu üçün elan edilmiş müsabiqəyə 193 vakant vəzifə çıxarılmış və sənəd qəbulu 17 avqust 2020-ci il tarixədək davam edəcəkdir. 29 iyul 2020-ci il tarixdə dövlət vergi orqanlarında vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqəyə 20 vakant vəzifə çıxarılmışdır. Müsabiqəyə sənəd qəbulu 31 avqust 2020-ci il tarixədək davam edəcəkdir.
Hesabat dövründə ehtiyat kadrlarla işin təşkili diqqətdə saxlanılmışdır. Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən ehtiyat kadrlar siyahısında olan 21 namizəddən 2-si işlə təmin olunmuşdur. İyul ayında komissiya tərəfindən təşkil olunmuş hazırlıq kurslarında 117 nəfər, həmçinin sınaq imtahanlarında 80 nəfər iştirak etmişdir. Keçirilən bütün tədbir, seminar və test imtahanlarında sosial məsafə qorunmuş, tibbi maskalardan istifadə olunmuş və digər sanitar-gigiyenik tələblərə əməl edilmişdir.
27 iyul 2020-ci il tarixdə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 2020-ci ilin birinci yarımilinin yekunları və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri yanında
Dövlət Qulluğu Məsələləri üzrə
Komissiyanın mətbuat xidməti

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR