19 Sentyabr 2020, Şənbə

“Made in Azerbaijan” brendi ilə istehsal edilən məhsullarımız avqustun 8-dən 10-dək Çinin iri liman şəhərlərindən olan Çindaoda keçirilmiş 4-cü Çin yüksək keyfiyyətli şərab və spirtli içkilər sərgisində (The 4th China High-End Wine and Spirits Expo 2020) nümayiş etdirilib.

Bu, Azərbaycan məhsullarının cari ildə Çində nümayiş etdirildiyi ilk beynəlxalq sərgidir. Belə ki, ilin ilk yarısında koronavirus pandemiyası səbəbindən Çində keçirilməsi planlaşdırılan bütün beynəlxalq sərgilər təxirə salınmışdı.

“Brendin gücü” adı altında keçirilən builki sərgi miqyasına görə ötən ilkindən iki dəfə böyük olub, 200-dən çox yerli və xarici şirkət tərəfindən 6 min növə yaxın içki məhsulları nümayiş etdirilib. Şərab istehsalı sahəsində dünyanın öncül ölkələrindən olan Fransa, İspaniya, Yeni Zelandiya, Çilinin də qatıldığı sərginin 2020-ci ildə Çində keçirilən ilk alkoqollu içkilər sərgisi olması onun əhəmiyyətini bir qədər də artırıb və açılış mərasimində 35 minə yaxın insan iştirak edib.

Sərgidə “Made in Azerbaijan” vahid ölkə stendində Çində satışda olan Azərbaycanın üzüm və nar şərabları, araqlar və təbii nar şirələri nümayiş olunub, paralel olaraq satışı həyata keçirilib. Sərgi iştirakçıları Azərbaycan məhsullarına kifayət qədər böyük maraq göstərib, məhsulların Çinin müxtəlif regionlarında satışı ilə bağlı 30-dan çox yerli topdan alıcı ilə ilkin razılıq əldə edilib.

Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu sərgi barədə məlumat verərək bildirib ki, dünyanda koronavirus pandemiyası ilə əlaqədar iqtisadi fəallığın zəifləməsinə baxmayaraq, Azərbaycan və Çin arasında ticari əlaqələrdə müsbət dinamika müşahidə olunur. Çin Kommersiya Nazirliyinin statistik məlumatına əsasən, cari ilin ilk 5 ayında ötən ilin eyni dövrü ilə müqayisədə Çinə Azərbaycandan kənd təsərrüfatı və qida məhsullarının idxalı 49 faiz artıb. Pandemiya fonunda bu artım özü-özlüyündə iki ölkə arasında ticarət münasibətlərinin durmadan inkişaf etdiyini və daha da böyük potensiala malik olduğunu göstərir.

Ticarət nümayəndəsi qeyd edib ki, Azərbaycanın ixracyönümlü və rəqabətqabiliyyətli məhsullarının Çində satış kanallarını genişləndirmək, məhsulları daha çox yerli istehlakçılar, iş adamları və idxalçılar arasında tanıtmaq üçün bu cür sərgilərdə iştirak böyük önəm daşıyır. Məlum səbəblərdən ilin ilk yarısında məhsullarımızın Çində sərgilər vasitəsilə nümayişi mümkün olmayıb. Çindao sərgisi Azərbaycan məhsullarının cari ildə Çində sərgiləndiyi ilk sərgidir. İlin sonuna kimi daha bir neçə sərgidə, o cümlədən 3-cü Çin Beynəlxalq İdxal Sərgisində (CIIE) məhsullarımızın nümayişi nəzərdə tutulub.

 

 

 

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR