30 Oktyabr 2020, Cümə

Hüseyn müəllimlə son görüşüm bu cümlələrlə yaddaşıma həkk olunub...     

- Nərgiz xanım, əlinizdəki Nağı Nağıyevlə bağlı kitab mənimdirmi?

- Bəli, sizindir.

- Bitirdikdə verin mən də baxacağam.

- Əlbəttə, son bir povest qalıb, səhər sizə təhvil verəcəyəm, müəllim.

Kitabı bitirib səhər tezdən həvəslə Hüseyn Həşimlinin qapısını döydüm. Hər gün hamıdan tez işə gəlib, tədqiqatla məşğul olurdu. Səs yox idi. ...İki, üç, dörd...

Anladım ki, otaqda yoxdu... Düşündüm ki, nəyəsə görə yəqin ki, gecikib. Arada belə hallar ola bilər, normaldır... Ancaq daxilimdə bilinməyən bir hiss var idi. Günortaya qədər gözlədim. Nəhayət, ona zəng etdim. Xəstələndiyini eşitdim... Günlər sonra isə bu dünyadan köçdüyünü... İnana bilmədim...

Axı bu necə ola bilərdi?

Heç kim inana bilmirdi. Hər düşünəndə narahatlıq bütün zehnimə hakim kəsilir. Yadıma dünya boyda gülümsəməsiylə tələbələrinə yol göstərən müəllim, həmkarlarının səmimiyyətlə qapısını döyməkdən çəkinmədiyi yoldaş, ən çətin elmi məqamların aydınlaşdırılmasında tədqiqatçılarla çiyin-çiyinə vuruşan alim və hamını ürəyində cümhuriyyət quran bir insan gəlir. Niyə hamı onu sevirdi? Ona görə ki, o uşaqdan böyüyə hamını ciddiyə alırdı. Hörmət edirdi. Dəstək olurdu. Ona dərdini danışanı heç bir şəkildə əlacsız ötürmürdü. Daim axtarışda idi... İnnovativ idi.

Təkrarı sevmirdi. Bizə də innovativ olmağı öyrədirdi. Emosional situasiyalarda, özümüzü ələ almağı, aqressiya zamanı bağışlamağı öyrədirdi...

Çox sayda edəcəyi işlər vardı. Saysız-hesabsız proyektlər və monoqrafiyalar... Özü danışırdı ki, mənim esselərimi və mənsur şeirlərimi mütləq təhlil edəcək...

Onun insanlara hörməti və qiymətləndirməsi qarşılıqsız idi. Gözləntisiz insan idi...

Sakit təbiətinin əksinə coşqun elmi həyatı var idi. Vaxtını boş keçiməyi sevməzdi. Qədirbilən idi... Yeri gəlsə, sinəsini qalxan kimi istifadə edərdi gənc bir elm adamını qorumaq üçün.

Bilirəm, bu, Allahın yazdığı teledir... Ancaq nə yalan deyim, heyifsilənməyə bilmirsən...

Hüseyn Həşimlinin ölümünü dostlar, tələbələri, həmkarları, hərə bir cür qələmə aldı... Hər kəs elegiyası fərqli məzmunda olsa da, hiss edilən kədər ortaq idi... Hər bir yazıda ağrılar və xatirələr yer alıb.

Hüseyn Həşimli haqda ilk yazılardan birini ürək yanğısı ilə əziz müəllimi və elmi rəhbəri akademik İsa Həbibbəyli qələmə alıb...

Akademik yazır: "Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktor müavini, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Hüseyn Həşimlinin vəfat etməsi haqqında xəbəri qəfildən eşitdikdə dərindən sarsıldım. İlk növbədə, əlli beş illik ömrünün ən azı otuz ili mənimlə birlikdə keçən çətin və mənalı dövrü ərzində yaddaşıma əbədilik həkk olunmuş Hüseyn Həşimlinin təmkinli siması bir an içində gözümün önündən keçdi və bu acı xəbər qəlbimdə şimşək kimi çaxdı".

Bu şimşək 20 iyun... hər bir vicdanlı elm adamının ürəyində çaxdı...

30 kitabın, o cümlədən 350 elmi məqalənin müəllifi olan Hüseyn Həşimlinin çoxsaylı elmi əsərləri həm də beynəlxalq jurnallarda nəşr olunmuşdur. Onun elmin inkişafı sahəsindəki xidmətləri yüksək qiymətləndirilmiş, 2007-ci ildə "Azərbaycan Respublikasının Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür. Hüseyn Həşimli elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, həm də ictimai-siyasi xadim kimi də xidmətlər göstərmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin III, IV, V, VI çağırış deputatı, Ali Məclisin Sosial siyasət, elm, təhsil, idman və mədəniyyət məsələləri komitəsinin sədri olmuşdur".

XX əsr Azərbaycan ədəbiyyatının tanınmış tədqiqatçısı, mətnşünas alim, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, professor Hüseyn Həşimli...

Yaxşı vətəndaş idi. Vətəni dərindən sevirdi. Bu sevgi ona yorulmadan çalışmaq əzmi aşılayırdı.

Böyük alim idi. Elmin aktual problemləri ilə yanaşı, unudulan mütəfəkkirlərin də tədqiqatçısı idi...

1998-ci ildə "Azərbaycan ədəbiyyatında sentimentalizm" mövzusunda namizədlik (fəlsəfə doktorluğu), 2011-ci ildə "Azərbaycan ədəbiyyatında Avropa mənşəli lirik janrlar" mövzusunda elmlər doktorluğu dissertasiyaları müdafiə edib. Elmi əsərləri Azərbaycandan başqa, Bolqarıstan, Türkiyə, İran, Rusiya, Türkmənistan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Misir və b. ölkələrdə müxtəlif dillərdə nəşr olunub. "Ədəbiyyat nəzəriyyəsi kursunda sentimentalizm ədəbi cərəyanının öyrədilməsi" (1990), "XX əsr Azərbaycan ədəbiyyatında yeni lirik janrlar" (2002), "Azərbaycan poeziyasında sonet və terset" (2003), "Azərbaycan mənsur şeirinin təşəkkülü" (2006), "Azerbaycan mensur şiirinin tarihi" (Ankara, 2007), "Əli Səbri" (2007), "Azərbaycan ədəbi mühiti və türk dünyası" (2009), "Əli Məhzun və "Ədəbiyyata dair" əsəri" (2009), "Avropa lirik janrları və Azərbaycan ədəbiyyatı" (2009), "Türk halklarının edebiyat ilişkilerine dair araştırmalar" (Ankara, 2009), "Azerbaydjanskoe stixotvorenie v proze" (Moskva, 2011), "Puti razvitiə Azerbaydjanskoqo stixotvoreniə v proze" (Sevastopolğ, 2011), "Hüseyn Cavidin lirikası və Avropa poetik ənənələri" (2012), "Fərhad Ağazadənin "Ədəbiyyat məcmuəsi"ndə ədəbi-elmi fikir" (2012), "Səid Səlmasi" (2013), "Məmmədəli Sidqi və "Şeypur" jurnalı" (2014), "İzzəddin Həsənoğlunun ədəbi irsi" (2016) və b. kitabların müəllifidir.

Qəfil gedişinizlə qəlbimizdə çaxan o zəhmli şimşəyin təsiri hələ də ötməyib. Yaşasaydı ötən günlərdə 55 yaşını qeyd edəcəkdi. Bir alim üçün ən yaradıcı yaşlarda tərk etdi bizi. Hər kəsin üzünə açıq olan qapı, artıq əcəlin sərt qasırğası ilə əbədiyyən qapanıb. Hər kəsə ümid olan o qapı, artıq böyük bir dağa çevrilib qəlbimizdə. Əziz müəllimimi, fenomen yaddaşlı həmkarımı xatırlamaq ruhumun dirəyini sızıldadır.

Yaşamı ilə beyinlərdə fırtına qoparan alim, ölümü ilə ürəkləri yerlə bir edən adam... Hər dəfə o qapının yanından keçəndə bir daha onun sizin tərəfinizdən açılmayacağına təəssüf edirəm. İndi sizin yerinizə yazdığınız əsərlər, arxanızda qoyduğunuz elmi irsiniz bəlağətlə danışacaq... Və eyni zamanda tələbələriniz, doktorantlarınız və ailəniz sizi əbədi olaraq yaşadacaq...

 

 

 

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR