24 Oktyabr 2020, Şənbə

Naxçıvan şəhərinin ən hündür nöqtəsində, Pişəvəri küçəsində salınan, Avtovağzal kompleksi ilə üz-üzə yerləşən Bayraq Meydanına çatıb buraya daxil oluram. Gündə onlarla insanın ötüb keçdiyi bu küçəni daha dəyərli edən, elə bu meydanın köksündə  ucalan, bütün naxçıvanlıların fəxri, iftixarı üçrəngli bayrağımızdır. Beş minillik şəhər mədəniyyətinə malik, bir vaxtlar Naxçıvan şahlığı, Azərbaycan Atabəylər dövləti, Naxçıvan xanlığının inzibati mərkəzi, Araz-Türk Respublikasının yaradıldığı məkanda – qədim tarixə, böyük dövlətçilik ənənələrinə malik diyarımızda dövlət atributlarına hörmət və ehtiramın ifadəsi kimi ucalır şanlı bayrağımız... Başımı qaldırıram, əzəmət və vüqarla dalğalanan  bayrağıma baxıram. Gözlərim parlayır, üzüm gülür, qəlbim sevinir, ürəyim dağa dönür. Elə bu anda qəlbimdən keçən sözləri Onunla bölüşürəm. 

Mənliyim, kimliyim, varlığım, doğma və əziz bayrağım! Sən varsansa, dalğalanırsansa, demək, mən də varam, müstəqil dövlətim, azad xalqım da var. İmzalar içərisində millətimin imzası, Vətənimin sözü, söhbəti var. Ayın, ulduzun göylərin simvolu mavi, qırmızı, yaşıl rəngin türklüyümüz, müasirliyimiz, müqəddəs İslam dininə mənsubluğumuzun nişanəsidir. Sən dilimdə tükənməyən sözüm, qələmimin bitməyən yazısısan. İnancımız, andımız, mənəvi sərvətimiz, ali dəyərimizsən. Azərbaycan adını hər yerdə qürurla daşıyan, haqq səsimizin carçısısan. Dünyanın dörd bir yerində məskən salan vətəndaşlarımızın milli birlik, həmrəylik elçisisən.

Sən ulu öndər əmanəti, Prezidentimizin arxasında ən böyük güc, qüvvəsən. Bu meydanda dalğalanmaqla dostu sevindirir, düşməni xar edirsən. Səninlə bütünləşir Naxçıvan. Babəkin, Koroğlunun harayında, Dədə Qorqudun sazında, Arazın döyüş ruhunda, ulu əcdadımın Gəmiqaya zirvəsində, müqəddəs “Qurani-Kərim”in surələrində əksini tapırsan. Tarixin keşməkeşli yollarından keçib, illərin sınağından üzüağ çıxmısan. Düz 70 il öz doğma yurdundan ayrı salınıb, yasaq edilmisən. Bu ayrılıq da xalqının sənə olan sevgisini, müstəqilliyə, azadlığa olan inamını bir an olsun, söndürə bilmədi. Məhz bu bayraq altında müstəqillik uğrunda minlərlə oğul və qızlarımız şəhidlik zirvəsinə yüksəldi. Məhz ötən ay Ermənistan tərəfindən təşkil edilmiş təxribat nəticəsində Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olan Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev və digər igid, cəsur oğullarımız kimi... Sən onların ruhlarının daşıyıcısı, nəsillər yaşadan qan yaddaşısan. Səninlə qəhrəman oğullarımızın əkdiyi zəfər gülləri çiçəklənir, gələcəyə olan ümidlərimiz güclənir...

Çətin günlərimizdə Allah bizə böyük xilaskarımız – ulu öndərimiz Heydər Əliyevi bəxş etdi. Dahi liderin təşəbbüsü ilə üçrəngli bayrağımız qədim torpağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırıldı. Xalqımız neçə illik əsarətdən xilas oldu, müstəqillik qazandıq. Düz 30 ildir, düşmənə gözdağı kimi diyarımızda dalğalanan bayrağımın ucaldıldığı meydanda unikal quruluşu ilə diqqəti cəlb edən Bayraq Muzeyi var. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 2014-cü il 22 avqust tarixli Sərəncamına əsasən yaradılan bu muzey günü-gündən inkişaf edən, sülh, təhlükəsizlik məkanı Naxçıvanın qədim tarixini, keçmişlə bağlı həqiqətləri təcəssüm etdirən, qoruyan və təbliğ edən mədəniyyət ocağıdır.
Muzey binasına daxil oluram. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında qəbul olunan “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Qərarın surətinə və həmin tarixi günə aid fotoşəkillərə diqqətlə baxıram. Düşünürəm ki, Naxçıvanda bu böyük şəxsiyyətə olan məhəbbətin, sədaqətin nəticəsidir ki, qədim diyarımızın sakinləri bayrağımıza ehtiram göstərir, noyabrın 17-ni Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edirlər. Muzeydə tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa olunmuş bayraqları, gerb və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, qədim pul nişanlarının fotoşəkillərinin əksini tapdığı 134 eksponat Naxçıvanın qədim tarixini öyrənmək istəyən hər kəs üçün zəngin məlumat mənbəyidir. Ötən müddət ərzində muxtar respublikamızda Naxçıvan xanlığının dövlət rəmzlərinin müəyyən olunması ilə bağlı bir sıra tədqiqatlar aparılıb, kitablar, elmi məqalələr çap olunub. Kəngərli süvari dəstəsinin fəxri və döyüş bayraqları, eləcə də Naxçıvan bəy drujinasının döyüş bayrağı bərpa edilib. Naxçıvan xanlığının dövlət və döyüş bayraqlarının aşkar edilərək muzeyə təhvil verilməsi də Naxçıvanın dövlətçilik tarixini, ənənələrini öyrənib gələcək nəsillərə çatdırılması baxımından atılan mühüm addımlardandır. Müxtəlif tədbirlərin keçirilməsinin ənənə halını aldığı muzey muxtar respublikamızın nazirlik, komitə, agentliklərinin, idarə, müəssisə və təşkilat kollektivlərinin, eləcə də bu diyara gələn turistlərin ziyarət etdikləri ünvanlar arasında ilk sıralarda dayanır. Dövlət qulluğuna yeni təyin olunmuş gənclərin andiçmə mərasimlərinin burada keçirilməsi isə onların bayrağımıza, xalqımıza, dövlətimizə ehtiram hissinin gücləndirilməsində mühüm rol oynayır.

Muzeydə hər bir ekspozisiya ilə ayrı-ayrılıqda tanış olduqdan sonra buradan ayrılıram. Gəlişim zamanı bu əzəmətli üçrəngli bayraq məni böyük inam hissləri, qələbə düşüncələri ilə qarşıladığı kimi də yola salır. İnanıram ki, gün gələcək müstəqilliyimizin, suverenliyimizin ifadəsi, düşmənə gözdağı kimi Lələtəpədə, Günnütdə dalğalanan bayrağımız erməni işğalı altında olan doğma Qarabağımızda, Xankəndidə, Şuşada, Kərkidə sancılacaq. Bu anı böyük ümid və səbirsizliklə gözləyirik! Bizim günü-gündən güclənən qüdrətli ordumuz, Ali Baş Komandanımızın qətiyyətli addımları bizi bu zəfərə hər gün bir addım daha yaxınlaşdırır...

- Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR