20 Oktyabr 2020, Çərşənbə axşamı

Xalqın tarixi yaddaşının yaşadılmasının ən mühüm vasitəsi, şübhəsiz ki, arxiv sənədləridir. Həmçinin dövlət hakimiyyət orqanlarının, idarə və müəssisələrin informasiya təminatının ödənilməsində, elmi-tədqiqatlarda, müxtəlif monoqrafiya və dərsliklərin yazılmasında arxiv sənədlərindən geniş istifadə olunur. Ona görə də bu yazılı mənbələrin müvafiq qanunvericiliyə uyğun qorunub saxlanılması xüsusi önəm kəsb edən məsələdir.

Muxtar respublikamızda arxiv işinin sistemli şəkildə aparılması ilə bağlı bir çox tədbirlər həyata keçirilmişdir. Bu sahədə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, maddi-texniki bazanın gücləndirilməsi və kadr hazırlığının artırılması isə həyata keçirilən tədbirlərin davamlılığını təmin edəcəkdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 mart tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi bu sahəyə göstərilən xüsusi diqqətin mühüm təcəssümüdür. Proqramın məqsədi arxiv işi sahəsində həyata keçirilən islahatların davamlılığı, dövlət arxiv təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsi, cəmiyyətdə arxiv işinin rolunun artırılması, arxiv fonduna aid sənədlərin toplanılması, sistemləşdirilməsi, dövlət mühafizəsinə daimi qəbulu, qeydiyyatı və onlardan səmərəli istifadəni təmin etməkdən ibarətdir.

Dövlət proqramında arxiv işi sahəsində dövlət nəzarətinin gücləndirilməsi, kadr potensialının təkmilləşdirilməsi, dövlət arxivlərinin informasiya potensialının zənginləşdirilməsi, göstərilən xidmətlərin çeşidinin artırılması, arxiv fondu sənədlərinin rəqəmsallaşdırma yolu ilə etibarlı mühafizəsinin təşkili kimi bir çox istiqamətlər müəyyən edilmişdir.
Ötən dövrdə Dövlət proqramının icrası ilə bağlı işlərə başlanılmış, arxiv fondu sənədlərinin rəqəmsallaşdırılması üçün qurulması nəzərdə tutulan elektron şəbəkənin sxem-planı hazırlanmışdır. Eyni zamanda arxiv fondlarının elektron kataloqunun hazırlanması işi Dövlət Arxiv İdarəsində başa çatdırılmış, rayon dövlət arxivlərində davam etdirilmişdir. Mərkəzi və yerli icra hakimiyyəti orqanları, eləcə də digər idarə, müəssisə və təşkilatlar tərəfindən müvəqqəti mühafizə müddəti bitdikdən sonra arxiv fondu sənədlərinin komplektləşdirilərək Dövlət Arxiv İdarəsinə təhvil verilməsi diqqətdə saxlanılmış, 8 min 369 saxlama vahidi arxivə qəbul olunmuşdur.
Proqramda nəzərdə tutulan tədbirlərin icra müddətlərinə uyğun həyata keçirilməsi muxtar respublikada arxiv işinin müasir tələblərə uyğun təşkilini və bu sahədəki fəaliyyətə dövlət nəzarətinin gücləndirilməsini təmin edəcəkdir.

“Şərq qapısı”

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR