27 Oktyabr 2020, Çərşənbə axşamı

AMEA Naxçıvan Bölməsində bölmənin sədri, akademik İsmayıl Hacıyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı” kitabının təqdimat mərasimi keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid tədbirdə çıxış edərək bildirib ki, monoqrafiya muxtariyyətimizin 1995-2019-cu illəri əhatə edən tarixi inkişaf mərhələsini və mühüm iqtisadi nəticələri özündə əks etdirən ilk sanballı tədqiqat əsəri, qədim diyarımızın tarixinin, ictimai və mədəni həyatının tədqiqatçıları, iqtisadçılar, ali təhsil müəssisələrinin pedaqoji heyəti üçün zəruri vəsait olmaqla, Naxçıvanşünaslıq elminə ən qiymətli töhfədir. Monoqrafiyanın “Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafı” adlanan ilk fəslində məqsədyönlü islahatların aparılması, mühüm əhəmiyyətə malik Dövlət proqramlarının reallaşdırılması nəticəsində Naxçıvanın sosial-iqtisadi inkişafı baxımından ölkəmizdə liderliyini qoruması faktı təhlil edilir. Kitabda qeyd olunur ki, İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı kimi mühüm tarixi missiyaları yerinə yetirən Naxçıvanda iqtisadi və sosial sahələrin inkişafını təmin edən tədbirlər davam etdirilir, dinamik inkişaf qorunub saxlanılır.
Bildirilib ki, yeni nəşrdə bir sıra istehsal sahələrində məhsul istehsalının həcminin artması, investisiya fəallığının güclənməsi, sahibkarlığın stimullaşdırılması və təşəbbüskarlığa geniş meydan verilməsi, muxtar respublikanın iqtisadi dayaqlarını möhkəmləndirməsi faktına da toxunulub. Naxçıvanda iqtisadiyyatın əsasını təşkil edən sənayenin inkişaf etdirilməsi üçün rəqabətqabiliyyətli müasir istehsal sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində mövcud layihələrin icrasından, həyata keçirilən stimullaşdırıcı tədbirlərdən də bəhs olunub.

Kitabın “Naxçıvan Muxtar Respublikasının sosial inkişafı” adlanan ikinci fəslinin sosial inkişafın ümumi səciyyəsini və sosial sahədə baş verən dəyişiklikləri əhatə etdiyini vurğulayan Surə Seyid bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası işaxtaranların sosial müdafiəsinin gücləndirilməsinə, səmərəli məşğulluğun və özünüməşğulluğun təmin edilməsinə, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə geniş imkanlar yaradıb. Bu fəsildə demoqrafik proseslər və məşğulluq problemlərinin həlli, səhiyyə sisteminin inkişafı və əhalinin sağlamlığının qorunması məsələsi də araşdırılıb, statistik göstəricilər və dinamik inkişaf konkret faktlarla təhlil edilib.
Diqqətə çatdırılıb ki, “Naxçıvan Muxtar Respublikasının mədəniyyəti” adlı üçüncü fəsil Naxçıvanda təhsil, elm, mədəni-maarif məsələlərini, ədəbiyyat, mətbuat, incəsənət və turizm sahələrini əhatə edir. Həmin fəsildə diyarımızda elmin inkişafı, elmi-texniki potensialın qorunub saxlanılması və modernləşdirilməsi, elm və təhsil sahəsində yüksəkixtisaslı kadrların hazırlanması, onlara qayğı göstərilməsi, cəmiyyətdə alimlərin, elm və təhsil işçilərinin nüfuzunun artırılması və elmi nəticələrin xaricdə tanıdılması sahəsində atılan bir sıra mühüm addımlardan bəhs olunur. Nəşrdə qeyd edilir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun və Elmin İnkişafı Fondunun yaradılması ilə əlaqədar və imzalanan digər sərəncamlar zəngin tariximizin elmi axtarışlar və tədqiqatlar nəticəsində müstəqil düşüncə işığında öyrənilməsi, innovativ layihələrin dəstəklənməsi və tədqiqat nəticələrinin elmi nəşrlər vasitəsilə geniş ictimaiyyətə çatdırılmasına şərait yaradır. Monoqrafiyada elmi-mədəni tərəqqinin əsas göstəricisi sayılan təhsilin inkişafı elmi təhlil süzgəcindən keçirilib, təhsilin inkişafına yönəlmiş layihələrin və Dövlət proqramlarının uğurlu icrasından bəhs edilib. Həmçinin tarixi irsin qorunması istiqamətində aparılan kompleks tədbirlər, muzey quruculuğu, mədəni inkişafla bağlı islahatlar, keçirilən mədəni-kütləvi tədbirlər və Naxçıvanın çoxəsrlik mədəni inkişafı ilə əlaqədar dünya miqyasında aparılan təbliğat işləri yeni elmi nəşrdə tədqiqata cəlb edilən sahələrdir.

Bildirilib ki, turizmin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər monoqrafiyanın “Turizm” bölməsində geniş şərh olunub və statistik məlumatlarla əsaslandırılaraq göstərilib ki, muxtar respublikada aparılan quruculuq-abadlıq tədbirləri, muzeylər, çoxəsrlik tarixi abidələr, inkişaf etmiş infrastruktur, modern otellər şəbəkəsi, istirahət mərkəzləri, kənd və dağ turizmi üçün münbit ərazilərin və şəraitin formalaşması Naxçıvanı həm də turizm üçün cəlbedici bir məkana çevirib. Belə ki, təkcə ötən il Naxçıvana yarım milyona yaxın turist səyahət edib. Böyük Britaniyada nəşr olunan dünyanın ən məşhur səyahət jurnalı sayılan “Vanderlast” Naxçıvan şəhərini dünyanın səyahət edilən 50 ən təhlükəsiz və gözəl şəhərlər sırasına daxil edib. Yeni nəşrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ilk sədri olduğu və dünyanın 70 ölkəsinin 5 mindən artıq şirkət və təşkilatını birləşdirən “Caspian European Club”un Azərbaycanda həyata keçirilən iqtisadi islahatların və sosial siyasətin nəticələrini əks etdirən Azərbaycan Respublikası regionlarının illik investisiya reytinqini müəyyənləşdirdiyi zaman Naxçıvan Muxtar Respublikasının ən yüksək ümumi bal toplayaraq liderliyə yüksəlməsi faktı da öz əksini tapıb.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, iqtisad elmləri doktoru, professor Nazim Əhmədov monoqrafiyada yer alan mövzular barədə ətraflı məlumat veriblər.
Çıxış edənlər bildiriblər ki, monoqrafiyada Naxçıvan Muxtar Respublikasının 1995-2019-cu illərdə sosial-iqtisadi və mədəni tərəqqisinin ən mühüm cəhətləri tədqiq edilib, diyarımızın dinamik və davamlı inkişafı, baş verən dəyişikliklər, qazanılan nailiyyətlər faktiki materiallar, rəqəmlər əsasında təhlil olunub. Nəşri vərəqlədikcə gözlər önündə şəhər və kəndlərimizin abadlaşdırılması, inzibati binaların, sosial obyektlərin tikilməsi, tarix və mədəniyyət abidələrinin bərpası, yolların çəkilməsi, səliqə-sahmanın ən yüksək səviyyədə olması, insanların rifah halının yaxşılaşdırılması istiqamətində mərhələli şəkildə həyata keçirilən misilsiz işlər, o cümlədən muxtar respublikanın bugünkü ümumi mənzərəsi canlanır. Doğma diyarımızın 25 ilə yaxın bir dövrdə formalaşan inkişaf modelinin 19 istiqamətini özündə ehtiva edən kitab təhsil, mədəniyyət, sosial, iqtisadiyyat və digər sahələrdə çalışan mütəxəssislər, müəllim və tələbələr, tədqiqat işi ilə məşğul olan elm adamları üçün fundamental elmi baza rolunu oynayır. Beləliklə, muxtar respublikanın müstəqillik yollarında əldə etdiyi uğurlara, keçdiyi tarixi inkişaf yoluna bələd olmaq, tariximizin bu dövrünü öyrənmək istəyən hər kəs bu kitabın imkanlarından faydalana bilər.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxışında muxtar respublikamızın son 25 il ərzində keçdiyi inkişaf yoluna nəzər salıb, həyata keçirilən innovativ layihələr və qazanılan nailiyyətlərdən geniş bəhs edib, monoqrafiyanın ərsəyə gəlməsinə göstərdiyi böyük diqqət və qayğıya görə Ali Məclisin Sədrinə dərin minnətdarlığını bildirib.
Təqdimat mərasimində mövzu ilə bağlı slayd da nümayiş olunub.
Qeyd edək ki, Ali Məclis Sədrinin tapşırığına əsasən hazırlanan, muxtar respublikanın 95 illiyinə həsr olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı” kitabı “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatla çap olunub. Giriş hissə və üç fəsildən ibarət olan monoqrafiyanın elmi redaktoru AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Səfərli, rəyçiləri iqtisad elmləri doktoru, professor Nazim Əhmədov, tarix üzrə elmlər doktoru Fəxrəddin Cəfərov və tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimovdur.

- Nail ƏSGƏROV

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR