27 Oktyabr 2020, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələr tərəfindən avqust ayında da tədbirlər onlayn şəkildə davam etdirilmişdir.
Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının və “Muğam studiyası”nın konsertləri, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının “Keçinin qisası” tamaşası onlayn təqdim olunmuş, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinə və Naxçıvan Dövlət Rəsm Qalereyasına onlayn ekskursiyalar təşkil edilmişdir. Tədbirlər Naxçıvan Dövlət Televiziyasında və onun internet resurslarında, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin rəsmi internet saytında və sosial şəbəkə hesablarında canlı olaraq yayımlanmış, tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərur yallıları haqqında” 2018-ci il 24 dekabr tarixli Sərəncamının icrası ilə əlaqədar yallıların çəkilişi aparılmış, yallı sənətinin təbliği ilə əlaqədar sosial şəbəkələrdə paylaşımlar edilmişdir. Yallı sənətinin yaşadılması işinə töhfə ola biləcək “Yallılar dünəndən bu günə” kitabı və DVD diski üzərində iş yekunlaşmışdır.
“Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil edilməsi üçün avqust ayında 2 yeni xalça pasportlaşdırılmış, reyestrə 50 xalça haqqında məlumat daxil edilmişdir. Həmçinin nazirliyin sosial şəbəkə hesablarında “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil olan 89 xalça haqqında məlumat paylaşılmışdır.
Hesabat ayı ərzində, ümumilikdə, muzeylər tərəfindən 516 sayda müxtəlif məlumat, audio və videomaterial hazırlanmış və sosial şəbəkələrdə paylaşılmış, onlardan 129-u onlayn ekskursiya xarakterli olmuşdur. Ötən ay muzeyləri 2 min 432 yerli, 398 əcnəbi olmaqla, ümumilikdə, 2 min 830 tamaşaçı ziyarət etmiş, ay ərzində muzeylərə 76 yeni eksponat daxil olmuşdur.
Muxtar respublikada fəaliyyət göstərən kitabxanalar da avqust ayında onlayn fəaliyyətlərini davam etdirmiş, “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan kitablarla bağlı 15 video və audiomaterial hazırlanaraq sosial şəbəkələrdə nümayiş etdirilmişdir.“Nağıl günləri” layihəsi çərçivəsində avqust ayında 36 audionağıl hazırlanaraq sosial şəbəkə hesablarında 148 paylaşım edilmişdir. Hesabat ayında kitabxanalara oxucu gəlişi 3 min 142 nəfər, kitab verilişi isə 19 min 397 nüsxə olmuşdur. Bundan başqa kitabxanalar tərəfindən sağlamlıq imkanları məhdud 18 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.
Uzaqdan mütaliənin əhatə dairəsinin genişləndirilməsi məqsədilə ötən ay elektron kataloqa işlənmiş kitabların sayı 19 min 703-ə, şəbəkəyə işlənmiş kitabların sayı isə 3 min 83-ə çatdırılmışdır. Elektron kitabxanadan 52-si lokal, 63-ü qlobal olmaqla, 115 oxucu istifadə etmişdir.
Gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə ötən ay Mədəniyyət Nazirliyinin, rayon və şəhər mədəniyyət şöbələrinin gənclər birliklərinin üzvləri arasında “Yaşa və öyrən – II” intellektual bilik yarışı keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin
mətbuat xidməti

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR