24 Oktyabr 2020, Şənbə

Ötən ayın ümumi mənzərəsi də bunu bir daha təsdiq edir


Ümummilli liderimiz Heydər Əliyevin həmişəyaşar müdrik siyasəti, Azərbaycan Prezidenti cənab İlham Əliyevin varislik prinsiplərinə əsaslanaraq ulu öndərin siyasi ideyalarını qətiyyətlə və yaradıcı şəkildə gerçəkləşdirməsi ölkəmizin inkişaf etmiş dünya dövlətləri sırasında bərqərar olması ilə nəticələnməkdədir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan qədim diyarımızda blokada şəraitində möhtəşəm inkişaf strategiyasının həyata keçirilməsi, sosial-iqtisadi, elmi-mədəni tərəqqiyə nail olunması isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Heydər Əliyev ideyalarına sarsılmaz sədaqətinin bəhrələri, siyasi sadiqlik əzminin təntənəsidir. 

Muxtar respublikada əldə edilən çoxcəhətli tarixi nailiyyətlərin əsasında köklü iqtisadi islahatlar, düşünülmüş idarəetmə prinsipləri, maliyyə resurslarından düzgün və qənaətlə istifadə, büdcənin dəqiq balanslaşdırılması durur. Ulu öndərin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin qayğısı ilə muxtar respublikada ümumi inkişafın əsas göstəriciləri olan əhali rifahı, ərzaq, enerji və müdafiə təhlükəsizliyi tam təmin olunmuşdur. İstilik sistemlərinin yenilənməsi, yaşayış məntəqələrində aparılan quruculuq işləri, müasir təhsil, səhiyyə və nəqliyyat infrastrukturunun yaradılması, çəkilən yeni yollar və mövcud şərait payız-qış mövsümündə müşahidə olunan çətinlikləri aradan qaldırmışdır. Muxtar respublika rəhbərinin çoxillik gərgin və düşünülmüş siyasi fəaliyyəti nəticəsində ötən əsrin sonlarında ağır blokada şəraitində, xüsusilə də payız-qış aylarında yaşanan ciddi problemlər artıq tarixə gömülmüşdür. Enerji təhlükəsizliyi ilə bağlı görülən tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikada yaradılmış elektrik stansiyaları elektrik enerjisinə olan tələbatı tam ödəməklə yanaşı, elektrik enerjisinin ixracına da imkanlar yaratmışdır. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, əvvəlki illərdə muxtar respublikada 1 elektrik enerjisi istehsal edən stansiya fəaliyyət göstərirdisə, 2019-cu ilin sonuna bu göstərici 9-a çatdırılmışdır. Ümumi stansiyaların 7-də alternativ və bərpa olunan enerji istehsal edilir ki, bu da iqtisadi cəhətdən daha rentabelli olmaqla yanaşı, ətraf mühitin mühafizəsində də mühüm rol oynayır. Muxtar respublikada enerji təhlükəsizliyi məsələlərinin həlli ilə yanaşı, təbii qaz təchizatının fasiləsiz həyata keçirilməsi də diqqətdə saxlanılır. Belə ki, 1 iyul 2020-ci il tarixə muxtar respublikada 87 min 739 əhali abonenti təbii qazla təmin olunmuşdur.

Yaradılan şərait, göstərilən qayğı, ilin bütün dövrlərində layiqincə yaşamağa və

fəaliyyət göstərməyə zəmanət verir

Əhalinin sosial rifah halı, mövcud infrastrukturun yenilənməsi, iqtisadi potensialın gücləndirilməsi məsələləri ötən ay da diqqətdə saxlanılmışdır. Avqustun 12-də Naxçıvan Muxtar Respublikasında 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov müşavirəni açaraq demişdir ki, hər il muxtar respublikada payız-qış mövsümünə hazırlıq məsələləri diqqətdə saxlanılır, müşavirə keçirilərək aid qurumlara müvafiq tapşırıqlar verilir. Müəssisə və təşkilatların qışa hazırlığı, müşahidə olunan problemlərin aradan qaldırılması mövsümü uğurla başa vurmağa, əhalinin qış aylarında rahatlığının təmin olunmasına imkanlar yaradır.
Ali Məclisin Sədri demişdir: “Muxtar respublikada məskunlaşmanın ilbəil artması, yeni yaşayış məhəllələrinin salınması, sənaye və digər enerji tutumlu müəssisələrin istifadəyə verilməsi elektrik enerjisinə və təbii qaza olan tələbatı da ilbəil artırır. Bu gün muxtar respublikada alternativ və bərpa olunan enerji mənbələri ümumi tələbatın 70 faizindən çoxunu ödəyir. Ordubad və Tivi Su Elektrik stansiyaları istifadəyə verildikdən sonra isə enerji tələbatı tamamilə bərpa olunan enerji mənbələri hesabına ödəniləcəkdir. Qaza artan tələbat isə İqdır-Naxçıvan qaz kəmərinin tikintisi başa çatandan sonra təmin ediləcəkdir. Hər il payız-qış mövsümünə hazırlıqla bağlı müşavirənin keçirilməsi, xüsusilə qabaqlayıcı tədbirlərin görülməsi də əhali rahatlığının təmin olunmasına xidmət edir. Ona görə də 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq məsələsi diqqətdə saxlanılmalı, aid strukturlar tərəfindən zəruri tədbirlər görülməlidir”.
Ali Məclisin Sədri əhalinin payız-qış mövsümündə fasiləsiz elektrik enerjisi ilə təminatı, təbii qazın kəsintisiz nəqli, mövsümi hazırlıqla bağlı zəruri ehtiyat yaradılması, bütün yaşayış məntəqələrində hazır­lıq işlərinin görülməsi, içməli su və kanalizasiya sistemlərinin qışa hazır­lıq vəziyyətinin yoxlanılması, payız suvarma mövsümü bitdikdən sonra hidrotexniki qurğuların növbəti ilə hazırlanması, su bəndlərinin vaxtında bağlanması və anbarlarda su ehtiyatının yaradılması, qızdırılmasında maye qaz və neft məhsullarından istifadə olunan müəssisə və təşkilatların fəaliyyətinin qış mövsümündə fasiləsizliyini təmin etmək məqsədilə yanacaq tədarükünün görülməsi ilə bağlı aidiyyəti qurumlara tapşırıqlar vermişdir. Vurğulanmışdır ki, tədris prosesi başlandığı dövrdən etibarən ümumtəhsil məktəblərində dərslərin davamlılığına ciddi nəzarət olunmalı, əhalinin dərman preparatları və tibbi avadanlıqlarla təminatı davam etdirilməlidir. Səhiyyə maarifinə diqqət artırılmalı, gigiyena və epidemiologiya mərkəzləri tərəfindən qrafikə uyğun dezinfeksiya işləri aparılmalıdır. Muxtar respublikanın mədəniyyət və idman müəssisələrinin davamlı fəaliyyəti diqqətdə saxlanılmalı, inzibati binalar, sosial obyektlər və məktəb binalarında ehtiyac olan təmir işləri noyabrın 1-nə qədər başa çatdırılmalıdır.
Müşavirədə tapşırılmışdır ki, sərnişindaşıma xidmətinin davamlı həyata keçirilməsi, avtomobil yollarında tələb olunan təmir-tikinti işlərinin aparılması, qış aylarında uçuşların təhlükəsizliyi ilə bağlı işlər nəzarətdə saxlanılmalı, dəmir yolu nəqliyyatında vaqon və lokomotivlər mövsümə uyğun saz vəziyyətə gətirilməli, standartın tələblərinə cavab verməyən və sənaye üsulu ilə hazır­lanmayan elektrik və qaz məişət cihazlarının muxtar respublikaya idxalının, satışının və istismarının qarşısı alınmalıdır.
Muxtar respublikada dövlət ehtiyatlarının yaradılması ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verən Ali Məclisin Sədri demişdir ki, İqtisadiyyat Nazirliyi bazarın vəziyyətini təhlil etməli, mövsümə uyğun əsas ərzaq məhsullarına olan tələbatı müəyyənləşdirməli, kənd təsərrüfatı məhsulları soyuducu anbarlara tədarük olunmalı və ehtiyat yaradılmalıdır. Bərpa müəssisələrinin, eləcə də Ahıllar Evinin qış mövsümünə hazırlığı ilə bağlı müvafiq tədbirlər görülməlidir. Sosial könüllülüklə bağlı layihələr və hərbi hissələr üçün yun corabların toxunması işi davam etdirilməlidir. Yaşayış məntəqələrində sakinlərə kəsintisiz rabitə və internet xidmətlərinin göstərilməsinə diqqət artırılmalı, mal-material ehtiyatı yaradılmalı, cəzaçəkmə müəssisələri istiliklə təmin olunmalı, məhkumların isti geyim və ərzaqla təchizatı diqqətdə saxlanılmalıdır.
Ali Məclisin Sədri çıxışında muxtar respublika ərazisindəki hərbi hissələrdə qış mövsümü üçün tələb olunan ehtiyatların, eləcə də sərhəd zonalarındakı hərbi hissələrin yanacaq və ərzaq təchizatının vaxtında başa çatdırılması kimi zəruri məsələlərə də toxunmuşdur. Tapşırılmışdır ki, Əlahiddə Ümumqoşun Ordu Naxçıvan Qarnizonu üzrə qışa hazırlığın yekun vəziyyəti barədə Ali Məclisə məlumat versin. Qeyd olunmuşdur ki, muxtar respublikada aparılan məqsədyönlü ekoloji siyasətin davamı olaraq müvafiq tədbirlər həyata keçirilməli, heyvandarlıq, quşçuluq və arıçılıq təsərrüfatlarının qışlamaya hazırlanması diqqətdə saxlanılmalı, enerjidaşıyıcılarından istifadə zamanı limitə və borc qalığının yaranmamasına nəzarət edilməli, payız-qış mövsümünə hazır­lıqla bağlı tələb olunan mal-materialın alınması üçün lazım olan vəsait ayrılmalıdır.
Ali Məclisin Sədri demişdir: “Naxçıvan Muxtar Respublikasının Nazir­lər Kabineti istilik sistemi olmayan müəssisələr üçün tələb olunan yanacağın və digər mal-materialın bölgüsünü təsdiq etməli, istilik sistemlərindən istifadə limiti müəyyənləşdirilməli, payız-qış mövsümünə hazırlıqla bağlı aid mərkəzi və yerli icra hakimiyyəti orqanlarında müzakirələr aparılmalı, görülən işlər barədə cari ilin oktyabr ayının sonunadək Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat verilməlidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı payız-qış mövsümünə hazırlıqla bağlı verilən tapşırıqların icrasını diqqətdə saxlamalı, mövsüm ərzində bu məsələ ilə bağlı daxil olan müraciətlər, eləcə də ərizə və şikayətlər dərhal araşdırılmalı və aidiyyəti üzrə məlumat verilməli, problemlər qısa müddətdə aradan qaldırılmalıdır ”.
Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında müşavirə iştirakçılarına uğurlar arzulamışdır.

Mühüm geostrateji məkanda inkişaf və sabitliyin başlıca amillərindən biri kimi sərhədlərin etibarlı
qorunması da diqqətdə saxlanılır

Sosial-iqtisadi inkişaf, yaradılan müasir infrastruktur, ərzaq, enerji ehtiyatları növbəti payız-qış mövsümünü də heç bir çətinlik yaranmadan, problemsiz başa vuracağımıza təminat verir. Muxtar respublikada davamlı inkişaf və sabitliyə nail olunmasında isə, heç şübhəsiz ki, mürəkkəb geostrateji ərazidə yerləşən, üç dövlətlə həmsərhəd olan bir məkanın sərhədlərinin etibarlı qorunması da başlıca amillərdəndir. Qeyd etmək yerinə düşər ki, ümummilli liderimiz Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvanda həyata keçirdiyi ordu quruculuğu tədbirləri sırasında sərhəd qoşunlarının formalaşması və inkişafı mühüm yer tutur. 1992-ci il avqustun 22-də ulu öndərin rəhbərliyi ilə Naxçıvandakı sərhəd dəstəsində müstəqil Azərbaycanın üçrəngli bayrağı qaldırılmış və bununla da ilk milli sərhəd dəstəsinin təməli qoyulmuşdur. 1992-ci il sentyabrın 19-da isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi “Naxçıvan Muxtar Respublikasının müdafiəsi və sərhədlərinin qorunmasının təşkili haqqında” Qərar qəbul etmiş, bu qərardan 10 gün sonra – sentyabrın 29-da Naxçıvandakı 41-ci sərhəd dəstəsi ləğv olunmuş və onun funksiyaları, bütün hərbi və təsərrüfat əmlakı 1-ci sərhəd dəstəsinə təhvil verilmişdir. Azərbaycanda ilk dəfə olaraq milli sərhəd qoşunlarının 1-ci dəstəsi yaradılmış, muxtar respublikada son 30 ilə yaxın bir tarixi mərhələdə ordu quruculuğu sahəsində görülən işlər müdafiə təhlükəsizliyini tam təmin etmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvandakı ordu, birləşmə və hissələri mühüm təşkilatlanma və inkişaf yolu keçmiş, xidmət günün tələbləri səviyyəsində qurulmuşdur.
Azərbaycan Respublikasının muxtar respublikadakı 234 kilometrlik sərhəd ərazisinin etibarlı mühafizəsinə xidmət edən “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında da maddi-texniki baza xeyli gücləndirilmiş, sərhəd xidmətində geniş quruculuq işləri aparılmış, infrastruktur yenilənmiş, şəxsi heyətin pe­şəkarlığı artırılmışdır. Avqustun 22-də – “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının ildönümündə 8-ci Sərhəd Zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.
Bildirilmişdir ki, zastavada tikinti işlərinə 2019-cu ildə başlanılmışdır. Kompleksə qərargah, sərhədçi ailələri üçün yaşayış binaları, eləcə də digər xidməti və yardımçı binalar daxildir. İkimərtəbəli qərargah binasında 48 yerlik yataqxana, 32 yerlik yeməkxana, anbar və iş otaqları yerləşir. Yaşayış binasında hər biri 2 otaqdan ibarət 8 mənzil vardır. Mənzillərdə müasir yaşayış üçün hər cür kommunal şərait yaradılmışdır.
1-ci Sərhəd Komendantlığının sərhəd zastavaları tam şəkildə videonəzarət sistemi ilə təchiz olunmuş, HD görüntü keyfiyyətinə malik 8 idarəolunan və 21 sabit kamera quraşdırılmışdır. 11 sabit və 2 idarəolunan kamera 8-ci Sərhəd Zastavasının xidmət sahəsini əhatə edir. Çəkilən videokadrlar uzun müddət sistemin yaddaşında saxlanılır.
Ali Məclisin Sədri sərhədçi ailələri ilə görüşmüş, onları xidməti yaşayış binasının istifadəyə verilməsi münasibətilə təbrik edərək demişdir ki, zastava üçün istifadəyə verilən əsgəri-məişət kompleksində və yeni yaşayış binasında hərtərəfli şərait vardır. Yeni yaşayış kompleksinin istifadəyə verilməsi ailələrin rahatlığının təmin olunması ilə yanaşı, eyni zamanda xidmətin də uğurlu təşkilinə imkan verəcəkdir.
Ali Məclisin Sədri sərhədçi uşaqlarına hədiyyələr təqdim etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov sərhədçiləri salamlamış, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının ildönümü və 8-ci Sərhəd Zastavasının yeni xidmət və yaşayış kompleksinin istifadəyə verilməsi münasibətilə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəxsi heyətini, sərhədçi ailələrini təbrik etmiş, sərhəd zastavasının yeni kompleksinin qurulmasında əməyi olanlara təşəkkürünü bildirmişdir.
Ali Məclisin Sədri demişdir: “ Ümummilli liderimizin ali hakimiyyətə qayıdışından sonra Azərbaycan Silahlı Qüvvələri tam təşkilatlanma və inkişaf yolu keçmiş, ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında nümunəvi və peşəkar sərhəd qüvvələri formalaşmışdır. Dahi şəxsiyyətin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq fərmanları ilə 2004-cü il yanvarın 14-də Naxçıvan Sərhəd Dəstəsinin əsasında “Naxçıvan” Sərhəd Diviziyası, 2015-ci il avqustun 17-də isə “Naxçıvan” Sərhəd Diviziyasının bazasında “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası yaradılmış, vəzifə və səlahiyyətlər artırılmışdır”.
Qeyd olunmuşdur ki, bu gün muxtar respublikada sərhədlərin mühafizəsi, bu sahədə həyata keçirilən quruculuq işləri yeni mərhələyə qədəm qoymuşdur. Bu illər ərzində “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının inkişafı təkcə maddi-texniki bazanın gücləndirilməsi ilə məhdudlaşmamış, diviziyanın təşkilati cəhətdən formalaşması da diqqətdə saxlanılmışdır. Qərargahın, sərhəd komendantlıqlarının və zastavaların, çevik hərəkət taborunun ştat sayı xidmət funksiyalarına uyğun artırılmış, döyüş hazırlığı bölməsi, təlim-tədris mərkəzi, zenit-artilleriya və mühəndis-istehkam bölükləri, 2-ci Sərhəd Komendantlığı və onun tərkibində sahil mühafizə qrupu yaradılmış, xidmət günün tələbləri səviyyəsində qurulmuşdur.
Ali Məclisin Sədri bildirmişdir ki, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəxsi heyəti bundan sonra da hərbi intizama ciddi əməl etməli, sərhəd nəzarəti və xidməti fəaliyyət günün tələbləri səviyyəsində qurulmalı, hərbi qulluq­çuların peşəkarlığı artırılmalıdır.
Ali Məclisin Sədri xidməti nümunəvi təşkil etdiklərinə görə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəxsi heyətinə təşəkkürünü bildirmiş, çıxışını ölkə Prezidenti cənab İlham Əliyevin fikirləri ilə tamamlamışdır: “Hər bir ölkənin təhlükəsizliyi onun sərhədlərindən başlayır. Biz elə etməliyik ki, sərhədlərimiz tam şəkildə qorunsun”.
Sonra Ali Məclisin Sədri Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli Sərəncamına əsasən “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunan zabitlərinə Azərbaycan Respublikasının medallarını təqdim etmişdir.
Ali Məclisin Sədri şəxsi heyətlə xatirə şəkli çəkdirmişdir.
8-ci Sərhəd Zastavasında nəzarət-buraxılış məntəqəsi, sıra meydanı, idman şəhərciyi, təlim meydançası, sərhədçi ailələri və şəxsi heyət üçün istirahət və əyləncə parkı, nəzarət-buraxılış məntəqəsi yaradılmış, müasir şəraitlə təmin olunmuş, ətrafda abadlıq və yaşıllaşdırma işləri aparılmışdır.
Həmin gün “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına “NİVA” markalı iki xidməti avtomobil təqdim olunmuşdur.
Ali Məclisin Sədri yaradılan şəraitə uyğun xidmətin təşkili ilə bağlı tapşırıqlar vermişdir.
Gətirilmiş ərzaq məhsulları zastavanın anbarına təhvil verilmişdir.


Aqrar məkan kimi şöhrətlənən diyarımızda görülən çoxsaylı tədbirlər torpağa,

zəhmətə, yurda bağlılıq hissini daha da yüksəldir


Sabitliyin, asayişin bərqərar edildiyi, sərhədlərinin ayıq-sayıq mühafizə edildiyi, ərazilərinin etibarlı müdafiə olunduğu muxtar respublikada inkişaf dinamikası ən müxtəlif sosial-iqtisadi sahələri əhatə etməkdədir. Xüsusilə aqrar məkan kimi şöhrətlənən muxtar respublikada bu sahənin inkişafında meliorasiya və su təsərrüfatı sisteminin müasirləşdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunmasında su ehtiyatlarından səmərəli istifadə də strateji əhəmiyyətli bir məsələ kimi diqqətdə saxlanılır. Mütərəqqi suvarma şəbəkələri, nasos stansiyaları qurulur, yeni texnika və avadanlıqlar istifadəyə verilir. Yaradılan şərait torpaq və su ehtiyatlarından səmərəli istifadə ilə yanaşı, əkinçiliyin inkişafına və bol məhsul istehsalına, əhalinin məşğulluğunun və rifahının yaxşılaşmasına xidmət edir. Muxtar respublikamızda aqrar sektorun inkişafında, meliorasiya və irriqasiya sahəsində məqsədyönlü tədbirlərin həyata keçirilməsində xarici iqtisadi əməkdaşlıq imkanlarından da geniş istifadə olunur. Azərbaycan-Çin əlaqələrinin yüksək səviyyədə inkişafının nəticəsi olaraq Çin Xalq Respublikası tərəfindən 2017-ci ildə “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinə kənd təsərrüfatı texnika və avadanlıqları verilmişdir. Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında imzalanmış Texniki-İqtisadi Əməkdaşlıq haqqında Sazişə əsasən Çin Xalq Respublikasından 17 adda 67 texnika və texnoloji avadanlıq gətirilmiş, avqustun 28-də yeni maşın, texnika və avadanlıqlar Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə təqdim olunmuşdur. Ali Məclisin Sədri bu münasibətlə keçirilən tədbirdə iştirak edərək kollektivi təbrik etmiş və demişdir: “Təqdim olunan avadanlıqlar muxtar respublikada kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar açacaqdır. Çünki “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş avadanlıqlarla həm 2 min hektarlıq toxumçuluq təsərrüfatında işlər həyata keçirilir, həm də digər təsərrüfatlara köməklik göstərilir. Bu gün təqdim olunan avadanlıqlar isə muxtar respublikada meliorasiya və irriqasiya sahəsində istifadə olunacaqdır. Hazırda muxtar respublikada 62 min hektara yaxın ərazidə əkin aparılır. Son 20 il ərzində əkin sahələri 22 min hektara yaxın artırılmışdır. Qarşıda duran əsas vəzifə torpaqların su təminatını yaxşılaşdırmaq, aqrotexniki qaydada əkinlər aparmaq və mütərəqqi suvarma şəbəkələri qurmaqdır. Qrant layihəsi üzrə gətirilən müasir texnikalar kənd təsərrüfatında meliorasiya tədbirlərinin tam və keyfiyyətlə həyata keçirilməsinə imkan verəcəkdir. Ona görə də gətirilən texnikalardan səmərəli istifadə olunmalı, onların istismar qaydaları düzgün öyrənilməli və vaxtında texniki baxış keçirilməlidir”.
Qeyd edək ki, Çin istehsalı olan 5 ekskavator, 8 buldozer, 13 dəst qaynaq aparatı, 8 çalovlu yükləyici, qoşqulu və texniki yardım avtomobilləri, 3 yeraltı su və 8 susızma detektoru, 2 hava kompressoru, 6 su sərfiyyatını ölçən cihaz, 1 mobil yükləyici və digər avadanlıqlar yüksək iş əmsalına malikdir. Yeni texnika və texnoloji avadanlıqlar arx və kanalların qazılması, təmizlənməsi, ərazilərin hamarlanması, maşın-texnika və avtonəqliyyat vasitələrinə yerində texniki xidmət göstərilməsi, yeraltı suların və boru xətlərində su sızmalarının təyin olunması, su sərfiyyatının ölçülməsi kimi işlərin həyata keçirilməsində istifadə olunacaqdır.
Texnikalara baxışdan sonra kollektivlə görüşən Ali Məclisin Sədri demişdir: “Müasir texnikalar işin keyfiyyətini xeyli artıracaqdır. Çünki texnika işin yarısı deməkdir. Muxtar respublikada bundan sonra da əhali artımına uyğun olaraq əkin dövriyyəsinə yeni torpaqlar qatılmalı, eyni zamanda ixrac imkanları genişləndirilməlidir. Torpaqların əkin dövriyyəsinə qatılmasında isə texnika və texnoloji avadanlıqların rolu böyükdür. Yeni texnikalar iş şəraitinin yaxşılaşdırılması ilə yanaşı, həm də məhsul bolluğunun yaradılmasına xidmət edəcəkdir”.
Ali Məclisin Sədri yeni texnikalardan səmərəli istifadə ilə bağlı müvafiq tapşırıq və tövsiyələr vermişdir.
Avqust ayı muxtar respublikanın siyasi-ictimai həyatında müstəqil dövlətçilik prinsiplərinin həyata keçirilməsinə, gələcək çoxşaxəli inkişaf strategiyasının müəyyənləşdirilməsinə xidmət edən dövlət sənədlərinin imzalanması ilə də yaddaqalan olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyin yaradılması haqqında” 2020-ci il 4 avqust tarixli Sərəncamı muxtar respublikada aparılan uğurlu elm, təhsil siyasətinin davamı olaraq kimya və biologiya fənləri üzrə şagirdlərin istedad və bacarıqlarının aşkar edilməsi, inkişafı, həmçinin gələcək ixtisas seçiminin istiqamətləndirilməsi məqsədilə yenitipli təhsil müəssisəsinin yaradılması zərurətinin həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Ali Məclis Sədrinin “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2020-ci il 24 avqust tarixli Fərmanına əsasən Cəmiyyətin adı dəyişdirilərək “Naxçıvan Aqro­servis” Açıq Səhmdar Cəmiyyəti adlandırılmış, onun hüquqi şəxs kimi səlahiyyətləri müəyyənləşdirilmişdir. Bunlar elm və təhsilin yeni və ixtisasyönümlü təhsil müəssisələrinin yaradılması, aqrar sahənin isə kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqları ilə təminat, aqrotexniki xidmətlərin mütəşəkkil təşkili yolu ilə inkişafına xidmət edəcək mühüm dövlət sənədləridir.

Bu gün sosial-iqtisadi inkişaf dinamikası əvvəlki dövrlərlə müqayisə edilməyəcək dərəcədə yüksək olan Naxçıvan Muxtar Respublikası vahid və etibarlı siyasi kurs üzrə gələcəyə inamla irəliləyir. Ötən ayın siyasi mənzərəsi, əldə olunan göstəricilər də bunu deməyə bir daha əsas verir ki, günü-gündən abadlaşan, tərəqqi edən qədim diyarımızda ulu öndər Heydər Əliyevin siyasi xətti uğurla, sədaqət və əzmkarlıqla davam etdirilir. Genişmiqyaslı quruculuq işləri, daim ön planda olan insan amili və insan kapitalı, innovativ inkişafa, müasir texnologiyaların, elmi nailiyyətlərin tətbiqinə əsaslanan sosial­-iqtisadi tərəqqi, yüksələn rifah halı insanlarda böyük ruh yüksəkliyi, daha firavan gələcəyə inam yaradır.

 Mehriban SULTAN
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR