01 Noyabr 2020, Bazar

Türkiyənin igdirim76.com saytında muxtar respublikada işıq üzü görən “Şərq qapısı” qəzetinin şöbə müdiri Səbuhi Həsənovun “Bizim gücümüz birliyimizdədir” sərlövhəli məqaləsi yerləşdirilib.

Müəllif Azərbaycanın və Türkiyənin silahlı qüvvələrinin sentyabrın 5-də muxtar respublikada keçirdiyi birgə hərbi təlimləri ətraflı şərh edib. Vurğulayıb ki, son dövrlərdə iki ölkə arasında qarşılıqlı və yüksələn xətlə davam edən əlaqələrin mühüm istiqamətlərindən birini də hərbi əməkdaşlıq sahəsində həyata keçirilən tədbirlər təşkil edir. Həm ötən ay, həm də sentyabrın 5-də hər iki ölkənin silahlı qüvvələrinin şəxsi heyətinin və hərbi-texniki vasitələrinin iştirakı ilə keçirilən hərbi təlimlər təkcə Türkiyə və Azərbaycanda deyil, digər ölkələrdə də diqqətlə izlənilib.

Məqalədə qeyd olunub ki, xüsusilə Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədində ermənilərin pozucu və təxribat xarakterli hücumundan sonraya təsadüf edən bu təlimlər düşmən ölkədə narahatlıqla qarşılanıb.

Təbii ki, düşmən bu təxribatına görə öz payını artıqlaması ilə alıb və ordumuz bir daha sübut edib ki, ölkəmizə qarşı uzanan istənilən çirkin əli kəsməyə hazırdır və buna qadirdir. Cənubi Qafqazın regional güc mərkəzi sayılan Azərbaycan digər sahələrlə yanaşı, hərbi sahədə də böyük hədəflərə qarşı addım-addım irəliləyir və milli ordumuzun bu gün dünyanın ən güclü 50 ordusundan biri olması bu sahədə böyük yol keçməyimizdən xəbər verir. Eyni zamanda, Azərbaycan öz ordusunun yüksək səviyyədə hazırlığını daim diqqət mərkəzində saxlayır və keçirilən təlimlər də buna xidmət edir. Digər tərəfdən hər iki ölkənin silahlı qüvvələri tərəfindən keçirilən təlimlərin Naxçıvanda təşkil olunması muxtar respublikanın hərbi təhlükəsizliyi baxımından böyük əhəmiyyət kəsb edir. Hamımıza məlumdur ki, Azərbaycan dövləti tərəfindən Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyi daim prioritet məsələlərdəndir və son illərdə bununla bağlı çox mühüm addımlar atılıb. Belə ki, muxtar respublikanın təhlükəsizliyinin təmin edilməsi Azərbaycan Silahlı Qüvvələrinin tərkibində, lakin müharibə şəraitində müstəqil koordinasiya səlahiyyətlərinə malik orduya – Əlahiddə Ümumqoşun Orduya həvalə olunub. Bu ordu yarandığı dövrdən indiyədək mühüm inkişaf mərhələləri keçərək müasir hərbi-texniki vasitələrlə təmin edilib, şəxsi heyətin peşəkarlığı dəfələrlə artırılıb. Bütün bunlarla bərabər, istənilən ordunun döyüş hazırlığı təlimlərdən asılıdır. Çünki təlimlər nəzəri biliklərin praktik icrası baxımından sınaq meydanı sayılır. Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti bundan əvvəl də qardaş ölkənin hərbçiləri ilə birgə təlimlərdə iştirak edib. Lakin budəfəki təlimlər miqyasına və konsepsiyasına görə əvvəlkilərdən xeyli fərqlənir. Təsadüfi deyil ki, bu təlimlərə xarici mətbuatda da geniş yer verilib.

Səbuhi Həsənov diqqətə çatdırıb ki, sentyabrın 5-də keçirilən hərbi təlim Türkiyə və Azərbaycan respublikaları arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən keçirilib. Həmçinin bu, iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təliminin birinci mərhələsi idi. Diqqətçəkən məsələlərdən biri də təlimlərə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası, “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadası və Naxçıvan Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı bölmələrinin də cəlb olunması idi. Təlimin ssenarisində bu birliklərin iştirakı ilə bir sıra istiqamətlər üzrə əməliyyatlar hazırlanaraq icra olunub, döyüş təyyarələri və helikopterlərin keçidi ilə təlim başa çatıb. Əldə olunan nəticələrə görə, təlimdə qarşıya qoyulmuş vəzifələrin icrasına yüksək səviyyədə nail olunmuşdur.

Müəllif yazıb: “Qeyd edək ki, bu genişmiqyaslı təlimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Türkiyə Respublikasının 3-cü Ordu Komandanı, general-polkovnik Şərəf Öngay izləyiblər. Ali Məclisin Sədri keçirilən təlimi yüksək qiymətləndirərək deyib: “…Bu gün Azərbaycan-Türkiyə əlaqələri strateji tərəfdaşlığa əsaslanır və bunun tərkib hissəsi kimi ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülür. Ölkələrimiz arasındakı qarşılıqlı hərbi əməkdaşlıq birliyimizi daha da möhkəmləndirir. Keçirilən birgə hərbi təlim də göstərdi ki, bizim gücümüz birliyimizdədir… Silah və texnika təminatı hələ güclü ordu yaratmaq demək deyil. O ordu güclüdür ki, onun şəxsi heyətində vətənpərvərlik ruhu və peşəkarlıq vardır. Hərbi təlimdə qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi də bir millətin, iki dövlətin ordularının yüksək döyüş qabiliyyətinə və birliyə malik olduğunu təsdiq etdi”.

ARXİV

Noyabr 2020
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR