22 Oktyabr 2020, Cümə axşamı

Muxtar respublikamızda yüksək bal toplayan məzunlarla Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun görüşü artıq ənənə şəklini alıb. Belə görüşlərin növbətisi sentyabrın 12-də Naxçıvan şəhərində – Heydər Əliyev Sarayında keçirildi. 2019-2020-ci dərs ilində pandemiya ilə əlaqədar olaraq mart ayının 4-dən muxtar respublikada tədrisin dayandırılıb onlayn şəkildə davam etdirildiyini,  yüzlərlə məzunun builki qəbul imtahanlarında göstərdikləri nəticələrə çox böyük əziyyətlə nail olduqlarını, hətta 11 illik məktəb həyatının son – məzun günündə doğma təhsil ocaqları ilə vidalaşmağın həm sevincini, həm də özünəməxsus “kədərini” yaşaya bilmədiklərini nəzərə alsaq, bu görüş möhtəşəmliyi ilə həyatın astanasına yenicə qədəmlərini qoyan gənclərin  unudulmaz bir gününə çevrildi.

Naxçıvan: dünən

Möhtəşəm saray, gur işıqlar, əmin-amanlıq 30 il bundan əvvəl, Naxçıvanın blokadasının ağrılı-acılı illərinin gənc­liyinin nümayəndəsi olaraq məni həmin görüşdə biranlıq o illərə qaytardı. Gənclərə göstərilən qayğı ilə onların üzündəki xoşbəxtliyin şəfəqi o qaranlıq günlərə işıq salaraq uçuq-sökük məktəblərimizi, neft, salyarka qoxan sinif otaqlarımızı canlandırdı göz önündə. Paltarlarımıza hopan və yuyulanda da getməyən o qoxuları aldım hardansa bir an. Siniflərdə payızdan yazadək palto ilə otursaq da, qırışığımızın açılmadığı, bu qalın paltarların üstümüzə çökdürdüyü ağırlığı xatırladım. Soyuqlar başlayandan ta istilər düşənədək qapısı açılmayan kitabxanalar, idman zalları, emalatxanalar, laboratoriyalar bir-bir keçdi nəzərimdən. Bu soyuq sinif otaqlarından ümid apardığımız və buradakından da dəhşətli soyuğun lövbər saldığı çöksüsüz evlərimizi demirəm hələ. İqtisadi blokada bir yana, informasiya blokadası insanları məhv edirdi. Nə bir radiodan səs çıxırdı, nə bir mavi ekran işıqlanırdı, informasiya təminatımız tək “Şərq qapısı” qəzeti ilə idi ki, yanacaq qıtlığı üzündən bu qəzeti rayonlara həftədə bir dəfə gətirib çıxara bilirdilər. Həyatı dünyadan, ölkədən xəbərsiz, işıqsız, təbii qazsız, əllərimizi nəfəsimizlə qızdırıb qoynumuza qoyduğumuz günlərlə yaşamaq məcburiyyətində idik. Hər səhər məktəbə getməzdən əvvəl çörək növbələrində – yayda qızmar günəş altında, qışda buzun üstündə ayağımızın birini götürüb o birini qoya-qoya evlərimizi birgünlük çörək möhtaclığından xilas etmək idi gənc­liyimizin mənası.
Biz də neft ölkəsinin gəncləri idik. Lakin həm də öz ölkəmizdə nefti talonla alanlar idik. Neft növbələrində – küçələrin ortasındaca düşüncələrimizi qurd kimi gəmirib yeyən əsarət, asılılıq yanğısı hər ailə başına 1-2 litr olan neft, salyarka “payı” nın alovunda hələ evə çatanadək çoxdan göyə sovrulmuş olurdu. Sübhün gözü açılandan qaş qaralanadək məcburən kitab oxuyub, dərs tapşırıqlarını həll etməliydik. Çünki qaş qaralan an hamı bir otağa yığılır, o otağı isə yalnız öz ətrafına işıq salan neft çıraqları işıqlandırırdı...

Naxçıvan: bu gün

Sarayın bərq vuran işıqlarında dünən – çıraq işığına möhtac Naxçıvandan bu gün qurulub-yaradılan günəş, su, külək elektrik stansiyaları hesabına elektrik enerjisi ixracatçısına çevrilən Naxçıvana qayıdıram. Bu gur işıqda muxtar respublikamızın abadlaşan bölgələri bərq vurur. Müstəqillik illərində – lakin yenə də blokada şəraitində muxtar respublikamızın bu bölgələrindəki şəhərlərdən ən ucqar kəndlərədək ucaldılan 200-dən artıq maddi-texniki bazası gücləndirilmiş məktəblər sıralanır: ən müasir informasiya və kommunikasiya avadanlıqları ilə təchiz olunmuş, sürətli internetə çıxışı olan 5700-dən artıq kompüter və 650-dən artıq elektron lövhə quraşdırılmış, laboratoriya və fənn kabinələri olan, 3 milyona yaxın dərslik, 600 mindən çox latın qrafikası ilə nəşr olunan bədii ədəbiyyatla təmin edilmiş məktəblər. Şagirdinə müəllimi, müəlliminə şagirdi qədər qayğı göstərilən təhsil ocaqlarımız. Budur, bugünkü tədbirdə salondolu yüksək bal toplayan məzunları vətənpərvər, yüksək intellektual səviyyədə tərbiyə edən müəllimlərin əməyi də dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Muxtar respublikamızda 117 müəllim “Azərbaycan Respublikasının Əməkdar müəllimi”, 189 müəllim “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adlarına, 108 müəllim “Tərəqqi” medalına layiq görülüb. Ötən illərdə müəllimlərin aylıq vəzifə maaşları dəfələrlə artırılıb. Bu qayğı isə ilbəil müəllimlər tərəfindən sağlam nəslin, savadlı, intellektual gəncliyin yetişdirilməsi ilə cavablandırılır. İstedadlı uşaqların adı Naxçıvan Muxtar Respublikasının “Qızıl kitabı”na yazılır. Onlar Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülürlər. Bu qayğı “İstedadlı şagirdlər” albom-kataloqunun nəşri ilə davam etdirilir. Daha böyük qayğı isə budur, göz önündədir...

275 məzun ilə şəxsən

Artıq illərdir ki, yüksək bal toplayan naxçıvanlı gənclər gələcək həyatlarına böyük stimul olan muxtar respublika rəhbəri ilə görüşdən sonra qədəm qoyurlar. Bu görüş həm də birinci deyil ki... Yüksək bal toplayanlar da, digər yeniyetmə, gənclər də, hətta məktəbə yenicə gələn birincilər də rayon, şəhər, kəndlərimizdə ötən illər ardıcıl şəkildə tikilib istifadəyə verilən məktəblərində Ali Məclis Sədri ilə görüşüb, tövsiyələrini dinləyiblər. Elə bu düşüncələrlə də bu möhtəşəm sarayda Ali Məclis Sədrinin ötən tədris ilində yüksək bal toplayıb tələbə adını qazanan 275 məzunun hər biri ilə ayrılıqda görüşüb təbrik etməsi, onlara hədiyyələr verməsi yenə də 30 il əvvəlki gəncliklə bu gəncliyin müqayisəsini gətirdi gözlər önünə.

İtirilmiş gəncliyin tapıldığı gün

Ali Məclis Sədrinin “Tələbəlik illəri insan həyatının ən məsuliyyətli dövrüdür. Ona görə də təhsilinizi uğurla başa vurmaq, seçdiyiniz ixtisası dərindən öyrənmək, kamil mütəxəssis kimi yetişmək sizlərin qarşısında duran əsas vəzifələrdir. Biliklərə əsaslanan iqtisadiyyat, innovasiya yönümlü inkişaf yaşadığımız dövrün reallıqlarıdır. Buna gedən yol isə əldə olunan biliklərin istehsalatda tətbiqindən keçir. Çalışıb nəzəri biliklərinizi təcrübədə doğrultmalısınız” kimi dəyərli fikirləri ilə bir anda tələbəlik illərinə qayıtdım. 275-dən biri də mən oldum. Bu qayğının, doğmalığın istisində, bir də ağ kəpənəklərə bənzər 275 gəncin əhatəsində, onların üzündəki sevincdə, xoşbəxtlikdə gənc­ləşdim. Yenidən universitet tələbəsi oldum və elə bu qayğı əhatəsindəki gəncliyin arasında 1990-cı illərin itirilmiş gəncliyini tapdım: bir anda bizim də müasir məktəbimiz, işıqlı, isti sinif otaqlarımız, idman zallarımız oldu. Kitabxanaların qapısı üzümüzə açıldı, burada saatlarla oturub istədiyimiz kitabı ana dilimizdə oxuya bildik. Evlərimizin soyuq otaqlarına hərarət gəldi, gur işıqlar ətrafı nura qərq etdi, əynimizdəki nimdaş paltarların sıxıcı təsiri bu gənclərin üzərindəki şıq geyimlə əvəzləşdi... Sanki 90-ın gəncləri yığışıb bu qayğıdan pay almaq üçün möhtəşəm saraya gəldilər. Bəli, gəldilər və görəndə ki, bu gənclər elə 90-ın gənclərinin övladlarıdır, itirilmiş gəncliklərini övladlarının simasında tapdıqları an hər kəs qürur duydu: 30 il əvvəlki Naxçıvanın yerində bugünkü Naxçıvanın, 30 il öncəki qayğısızlığın yerində bugünkü qayğının, 30 il əvvəlki gəncliyin yerində belə bir gəncliyin olması ilə...

Mətanət MƏMMƏDOVA
Azərbaycan Respublikasının Əməkdar jurnalisti

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR