24 Oktyabr 2020, Şənbə

Ötən günlərdə 8-ci Sərhəd Zastavası üçün istifadəyə verilən yeni xidmət və yaşayış kompleksi ilə tanış olmaq, sərhədlərimizin keşiyində mətinliklə dayanan vətənpərvər oğullarla söhbət etmək üçün adıçəkilən ünvana üz tutarkən yolboyu mobil telefonumun yaddaşına qeyd etdiyim fikirlər diqqətimə hakim kəsilir: “Muzdlu qoşunlara güvənən hakimiyyət heç zaman möhkəm və uzunömürlü ola bilməz, çünki muzdlu əsgərlər arasında birlik yoxdur, onlar təkəbbürlü, intizamsız, xəyanətkar olurlar, dostlarla münasibətdə davakar, düşmənə qarşı qorxaqdırlar. Belə əsgərlərin məğlubiyyəti yalnız qəti döyüşün təxirə salındığı müddət qədər yubanar. Sülh dövründə əsgər olmaq xoşlarına gələr, amma müharibə başlayan kimi döyüş meydanından qaçıb uzaqlaşarlar”. İtalyan filosof və yazıçısı Nikkolo Makiavellinin “Oxunması zəruri olan kitabların Siyahısı”nda yer alan “Hökmdar” əsərindəki bu qısa və dərin məzmunlu fikirləri diqqətlə nəzərdən keçirdikcə tarixboyu məkrli planlar ardınca qaçan, özgə kölgəsində gizlənməyi fəxarət hesab edən, Aprel döyüşlərindən, Günnüt əməliyyatından, eləcə də bu ilin iyul ayında törətdikləri təxribatdan layiqli dərs alan, böyük itki verərək kor-peşman geri oturdulan, yazıqlıq, miskinlik libasına bürünən bədnam qonşularımız, zorla irəli qovaladıqları yarı erməni, yarı başqa millətlərdən olan muzdlu əsgərlərin silahı döyüş meydanında atıb geriyə qaçması canlanır gözlərim önündə...

Bəli, istənilən qədər silah-sursat, texnika almaq olar, ancaq Vətəni könüldən sevən əsgəri olmadısa, o dövlətin öz gücünə arxalanaraq öyünməyi yersizdir. Yurdun dar günündə silahı əlindən yerə qoymayan, onu son damla qanınadək göz bəbəyi kimi qoruyan Mübariz, Qabil, Polad kimi oğulları olan elin, obanın isə hər zaman qürurlanmağa, fəxr duymağa haqqı var. Elə bu yazının qəhrəmanları, adını çəkdiyim zastavada xidmət keçən, sərhədlərimizin keşiyini hər an mətinliklə, dəyanətlə qoruyan əsgərlərimiz də döyüş andına sadiq qalaraq canından keçən oğullarımızın qürur dolu igidlik məktəbinin şagirdləridir. Hər gün yeni bir şücaət, qəhrəmanlıq salnaməsi öyrənir, aldıqları biliklərlə, praktik vərdişlərlə gələcəkdə yazılacaq yeni bir igidlik dastanının təməlini qoyurlar. Hərbi hissədə yaradılan gözəl şərait isə dövlətimizin hər zaman öz əsgərinin yanında olduğunu, onu hərtərəfli qayğı ilə əhatə etdiyini göstərir. Zastava rəisi, baş leytenant Millət Əliyev söhbət zamanı bu yaxınlarda 8-ci Sərhəd Zastavası üçün yeni xidmət və yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində Ali Məclis Sədrinin dediyi “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəxsi heyəti bundan sonra da hərbi intizama ciddi əməl etməli, sərhəd nəzarəti və xidməti fəaliyyət günün tələbləri səviyyəsində qurulmalı, hərbi qulluqçuların peşəkarlığı artırılmalıdır. Sərhədçilər sərhədlərin mühafizəsi ilə yanaşı, həm də narkotik maddələrin və silah-sursatın qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa qarşı da mübarizədə sayıqlıq göstərməli, əməliyyat şəraiti daim nəzarətdə saxlanılmalıdır. Sərhəd hər bir ölkənin müstəqillik rəmzidir. Sərhədləri etibarlı qorunan ölkədə inkişaf və sabitlik də davamlı olur. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəxsi heyəti də Azərbaycan Respublikasının muxtar respublikadakı 234 kilometrlik sərhəd ərazisini etibarlı mühafizə edir” sözləri xatırladaraq bildirir ki, bu gün şəxsi heyətin qarşısında duran ümdə vəzifə muxtar respublika rəhbərinin verdiyi tapşırıq və tövsiyələrə əməl edərək bu şərəfli işi layiqincə yerinə yetirməkdir. Onu da qeyd edir ki, zastava uzun müddət 1932-ci ildə tikilmiş binada fəaliyyət göstərib. Müstəqillik illərində bina bir neçə dəfə təmir olunsa da, tam yararlı şəkildə deyildi. Dövlətimizin qayğısı sayəsində ötən ildən başlayaraq qərargah, sərhədçi ailələri üçün yaşayış binası, eləcə də digər xidməti və yardımçı tikililərdən ibarət kompleks inşa olunaraq istifadəyə verilib. İkimərtəbəli qərargah binasında 48 yerlik yataqxana, 32 yerlik yeməkxana, anbar və iş otaqları yerləşir. Yaşayış binasında lazımi məişət əşyaları, mebel dəstləri və istilik sistemi ilə təchiz edilən hər biri 2 otaqdan ibarət 8 mənzil sərhədçi ailələrinin ixtiyarındadır. Bundan əlavə, ərazidə hamam-camaşırxana, qazanxana, əşya, ərzaq, tərəvəz, yanacaq-sürtkü materialları və silah anbarları, avtomobillər üçün 2 saxlanc yeri də tikilib. Eyni zamanda xidməti heyvanların saxlanması üçün yardımçı bina da istifadəyə verilib, vertolyot meydançası yaradılıb və müşahidə qülləsi təmir edilib ki, bütün bunlar xidmətin lazımi səviyyədə təşkilinə geniş imkanlar açıb. Bir sözlə, sərhədin etibarlı təminatı üçün dövlətimiz tərəfindən nə lazımdırsa edilib, şəxsi heyətin asudə vaxtını səmərəli keçirməsi üçün istirahət köşkü də yaradılıb. Tanışlıq zamanı o da aydın olur ki, şəxsi heyətin qidalanmasına ciddi nəzarət edilir, keyfiyyətli yerli ərzaq məhsulları düzgün şəraitdə saxlanılır, xüsusilə qış aylarında yemək menyularına immuniteti gücləndirən təbii qidalar əlavə olunması nəzərdə tutulub.

Millət Əliyev onu da deyir ki, günümüzədək dünya tarixində baş verən müharibələrin, sərhəd pozuntuları zamanı yaranan münaqişələrin nəticələrini təhlil edəndə qazanılan qələbələrin, uğurların təməlində heç də təkcə texniki üstünlüyün əsas olmadığı, döyüş hazırlığının da böyük rol oynadığı ortaya çıxır. Türk tarixinin şanlı səhifələrindən sayılan Çanaqqala zəfərini, eləcə də ölkəmiz müstəqillik əldə etdikdən sonra ordumuzun qazandığı qələbələri, xüsusilə də Aprel döyüşləri və Günnüt əməliyyatını, sərhədlərimizi pozmağa cəhd halları zamanı sərhədçilərimizin ayıq-sayıq davranışlarını buna ən gözəl nümunə göstərmək olar. Bu baxımdan sərhədlərimizin gecə-gündüz etibarlı şəkildə əminliklə qorunması üçün şəxsi heyətin təlim-tərbiyəsini, döyüş hazırlığını diqqətdə saxlamaq önəmlidir. Yeni istifadəyə verilən kompleksin inşası zamanı bütün bunlar nəzərə alınaraq lazımi şərait yaradılıb, həm binadaxili təlim-tədris otağı inşa olunub, həm də açıq havada maneələr, mühəndis, istehkam qurğuları, taktiki sahələrdən ibarət tam müasir formada şəhərcik qurulub ki, əsgərlər döyüş qabiliyyətini inkişaf etdirərək peşəkar sərhədçi kimi yetişə bilsinlər.

Zastavada yaradılan şəraitlə tanış olduqdan sonra sərhədçi peşəsini şərəflə öz çiyinlərində daşıyan digər oğullar və burada yaşayan sərhədçi ailələri ilə də söhbət edirəm. Onlardan Cocuq Mərcanlı kəndindən xidmətə yollanan leytenant Rəşad Alıyev Dövlət Sərhəd Xidməti Akademiyasından məzun olub, 3 ildir ki, sərhədlərimizin keşiyini çəkir. Deyir, əvvəllər muxtar respublikada yerləşən 4 və 9-cu Sərhəd zastavalarında xidmət keçmişəm, cari ilin aprel ayından isə buraya təyinat aldım. Əvvəlki xidmət yerlərimdə olduğu kimi, 8-ci zastavada da həm özümün, həm də əsgərlərin döyüş və fiziki hazırlıqlarının artırılmasına, ciddi fikir verməyə çalışıram. Kiçik xidmətim ərzində sərhədin müqəddəsliyi barədə deyilən mütərəqqi fikirlərin doğruluğuna bir daha əmin oldum. Bəli, doğru söylənilib ki, hər bir ölkənin təhlükəsizliyi, əmin-amanlığı, ilk növbədə, onun sərhədlərindən başlayır. Sərhədləri etibarlı şəkildə qorunmayan yurdun inkişafı uzun sürməz. Bunun üçün də sərhədçi fiziki cəhətdən tam hazırlıqlı, dünyagörüşlü, insanlarla yaxşı ünsiyyət qura bilmək bacarığına malik olmalı, bu istiqamətdə yetişməlidir. Yeni istifadəyə verilən kompleksdə bunun üçün lazımi infrastruktur qurulub. Çalışırıq ki, yaradılan şəraitdən səmərəli istifadə edib həm öz peşəkarlıq səviyyəmizi artıraq, həm də əsl vətənpərvər sərhədçi gənclər yetişdirək.
Yeni xidməti mənzillə təmin olunan ailənin xanımı Aysu Mahmudova deyir ki, yoldaşım Elçinin xidmət keçdiyi zastavada bizə də mənzil verilməsi, sosial-məişət şəraitimizin yaxşılaşdırılması hədsiz sevincimizə səbəb oldu. İndi Elçin xidmətə yola düşəndə gözü arxada, fikri övladının yanında qalmır, çünki dövlətimiz elə gözəl şərait yaradıb ki, heç bir çətinliyimiz yoxdur. Bütün hərbçi ailələri adından yaradılan şəraitə görə dövlətimizə minnətdarlıq edirəm.

Fəqan Abdullayev ötən ilin iyul ayında Bərdə rayonundan 8-ci Sərhəd Zastavasına xidmətə yollanıb. Deyir ki, yeni kompleksin istifadəyə verilməsi xidmətdə olduğum dövrə təsadüf etdiyi üçün çox sevinirəm. Çünki burada yaradılan şərait dünyanın ən inkişaf etmiş ölkələrinin sərhəd qoşunlarındakı kimi nümunəvi səviyyədədir, həm nəzəri, həm də praktik vərdişlərə yiyələnmək üçün bütün imkanlar mövcuddur. Təlim şəhərciyində maneələr, istehkam qurğuları, taktiki sahələr tam müasir formada qurulduğu üçün gücümüzü, qabiliyyətimizi əvvəlkindən daha artıq inkişaf etdirə bilirik. Hədəflər orijinal üslubda olduğundan özümüzü, sanki qarşımızda düşmən dayanırmış kimi hiss edirik. Beləcə, əzmimiz güclənir, hədəfin məhvinə can atdıqca bacarığımızı da artıra bilirik. Bundan əlavə, sərhədçi peşəsinin sirlərini də həm nəzəri, həm də praktik şəkildə öyrənir, postu təhvil-təslim zamanı, eləcə də sərhəddə dayandığımız müddətdə komandirlərimizin verdikləri tapşırıqlara uyğun hərəkət edir, ayıq-sayıqlıqla keşik çəkirik. Onu da yaxşı dərk edirik ki, doğma torpağımız vətənpərvər övladları ilə daim öyünüb. Bütün hissələrdə olduğu kimi, bizim zastavada da hər bir zabitin, əsgərin dilində böyük məna kəsb edən: “Hamı bir nəfər, bir nəfər hamı üçün!” şüarı vardır. Komandirlərimiz dərslər, təlimlər zamanı bu sözlərin mahiyyətini aşılamaqla bizi birliyə, bərabərliyə səsləyir. Gözəl bilirik ki, bugünkü xidməti uğurlarımızın təməlində məhz bu prinsip dayanır. Dərslər zamanı Vətən yolunda canından keçən mərd oğullarımızın al qanları ilə yazdıqları şanlı səhifələri də vərəqləyir, həmin igidlərdən nümunə götürərək bu şərəfli işə, peşəyə layiq olmağa, var gücümüzlə, qabiliyyətimizlə sərhədlərimizin bütövlüyünü qorumağa çalışırıq. Bu müqəddəs yolda bizə daim öz diqqət və qayğısını əsirgəməyən, bütün lazımi şəraitlə təmin edən dövlətimizə də minnətdarıq.

Deyirlər, arxası dağ olanın başı göylərə çatar. Bu gün blokada şəraitində yaşayan, böyük inkişaf və tərəqqi yolunda inamla irəliləyən muxtar respublikamızın hər dağında, qayasında keçilməz sədd yaradan dağ əzəmətli Azərbaycan əsgəri dayanıb. Nə qədər ki, bu yurdun cəngavər, məğrur oğulları var, sərhədlərimizin bütövlüyü qorunacaq və əminik ki, çox yaxında “Biz haqq-ədaləti bərpa etdik, işğal altında qalan qədim, tarixi Azərbaycan torpaqlarını geri qaytardıq” kəlməsinin möhtəşəm sədasını duyacağıq...

 Nail ƏSGƏROV

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR