25 Oktyabr 2020, Bazar

Ailə mədəniyyəti, ailə dəyərləri bu gün dünyadakı xalqların sayı qədər rəngarəng, müxtəlif və özünəməxsusdur. Hər bir xalq, etnos özünün tarixən formalaşmış mental dəyərləri əsasında ailə modeli yaradır. Fəxrlə deyə bilərik ki, qədim Şərq və müasir Qərb mədəniyyətinin ən üstün cəhətlərini özünün zəngin adət-ənənələri ilə sintez edən ölkəmizdə ailə institutuna böyük dəyər verilir. Milli düşüncə sistemimizdə özünə yer tapmış qənaətlərdən biri də budur ki, ailə başçısı kimi məsuliyyətini düzgün dəyərləndirməyən bir şəxs kamil insan və şəxsiyyət ola bilməz. Yalnız yüksək əxlaqi keyfiyyətlərə, xalqın minillik milli dəyərlərinə ürəkdən bağlı olan insanlar ailənin cəmiyyətdəki rolunu hər zaman düzgün qiymətləndirə bilmişlər.       

Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış və ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında hər bir vətəndaşın nikah hüququ təsbit edilib, dövlətin ailəyə qayğı siyasətinin əsas prioritetləri müəyyənləşib. Konstitusiyamıza əsasən ailə və uşaqlar dövlətin himayəsi altındadırlar. Konstitusiyanın ailə hüquqlarının müdafiəsinə yönəlmiş əsas norması hamının qanun və məhkəmə qarşısında bərabərliyini, kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olduğunu bəyan edən “bərabərlik hüququ” adlanan normasıdır. Burada hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilir, insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması qadağan edilir.

Əsas qanunun nikah münasibətləri zamanı iradə azadlığını, ərlə arvadın hüquq bərabərliyini tənzimləyən müddəaları da diqqətəlayiqdir. Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququnu müəyyən edən həmin maddəyə əsasən nikah könüllü razılıq əsasında bağlanılır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ailə dəyərlərinə qəlbən bağlı lider kimi ölkəmizdə bu institutun möhkəmlənməsinə, problemlərinin həllinə çalışır. “Ailə və uşaq problemləri çox böyük əhəmiyyət daşıyır. Ailə dəyərləri xalqımız üçün həmişə çox doğma olub, çox əziz olub və deyə bilərəm ki, ailə dəyərləri, əslində, bizim milli dəyərlərimizdir. Azərbaycan dünya birliyinə inteqrasiya edir. Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksəklərdə olmalıdır”, – deyən dövlət başçısının təşəbbüsü əsasında aztəminatlı ailələrə ünvanlı sosial yardımların, habelə gənc ailələrə ipoteka kreditlərinin verilməsi, ümumilikdə, ailə institutuna göstərilən qayğının tərkib hissəsidir. Məhz bu siyasətin nəticəsi kimi Azərbaycanda ailə quran gənclərin sayı ildən-ilə artır, boşanmaların sayı isə azalır.
Ailə dəyərlərinə xüsusi diqqət və qayğı ilə yanaşılması muxtar respublikamızda da ailə siyasətinin əsasını təşkil edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun yüksək qayğısı ilə muxtar respublikamızda ailə institutu inkişaf etdirilir. Belə ki, aparılan genişmiqyaslı tikinti-quruculuq tədbirləri çərçivəsində ailələrin, o cümlədən gənc və aztəminatlı ailələrin mənzil şəraitlərinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir, sosial məsələlərin həlli ilə bağlı əhəmiyyətli addımlar atılır. Həyata keçirilən sosial siyasətin mühüm bir istiqaməti də mənzillərin ipoteka yolu ilə gənc ailələrə verilməsidir. “İnsan həyatında mənzilin böyük əhəmiyyəti vardır. İnsan sağlamlığının, ailə xoşbəxtliyinin əsas amillərindən biri də məhz budur”, – deyən Ali Məclis Sədrinin bu ­fikirləri ailə dəyərlərinə nə qədər böyük önəm verdiyinin əyani təzahürüdür. Muxtar respublikada yaşayan aztəminatlı ailələrə baş çəkilir, onların problemlərinin həlli istiqamətində müvafiq işlər görülür, ailə üzvlərinə tibbi xidmət göstərilir, onların zəruri ehtiyacları ödənilir. Həmçinin ailə münasibətlərinin qorunub saxlanılması istiqamətində aidiyyəti dövlət orqanları kütləvi informasiya resurslarından istifadə etməklə hüquqi maarifləndirmə tədbirləri həyata keçirirlər. Məqsəd milli dəyərlərimizin əsas hissəsi olan ailə dəyərlərinin qorunub yaşadılması istiqamətində hüquqi tənzimlənmənin həyata keçirilməsidir.
Göründüyü kimi, Konstitusiya və qanunlarımız ailənin cəmiyyətdəki layiqli mövqeyinə təminat yaradır. Dövlətin bu sahədəki siyasətini özündə ehtiva edən Azərbaycan Respublikasının Ailə Məcəlləsi isə Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan əsas insan və vətəndaş hüquq və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının, möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydalarını tənzimləyən normaları müəyyən edir. Eyni zamanda ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda, həmçinin başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir. Ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir.
Ailə Məcəlləsinə əsasən Azərbaycan Respublikasında nikah yaşı kişilər və qadınlar üçün 18 yaş müəyyən edilib. Eyni zamanda Konstitusiyada təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Analıq, atalıq, uşaqların tərbiyə və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Ər (arvad) özünə məşğuliyyət, sənət və yaşayış yeri seçməkdə azaddır. Ər və arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım, hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar.
Ailə Məcəlləsinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində bərabər hüquqa malikdir. Həmçinin ailə qanunvericiliyi nikaha xitam verilməsinin əsaslarını da müəyyən edir. Göstərilir ki, ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir. Ərin (arvadın) və ya onların hər ikisinin ərizəsi əsasında, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında nikaha xitam verilə bilər.
Qeyd edildiyi kimi, ölkəmizdə ailə münasibətlərinin hüquqi tənzimlənməsi sahəsində mükəmməl qanunvericilik bazası yaradılıb. Ona görə də hər bir vətəndaş ailə qanunvericiliyinin müddəalarını nəzərə almaqla çalışmalıdır ki, onun ailəsində olan dəyərlər itməsin, bütün həyatı boyu digər ailə üzvləri ilə birlikdə əsrlərdir, formalaşan ailə dəyərlərimiz yaşadılsın, möhkəmləndirilsin.


Səttar ZAMANOV
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin
Təşkilat-nəzarət şöbəsinin rəisi, baş ədliyyə müşaviri

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR