06 Dekabr 2020, Bazar

Aktiv hərbi əməliyyatların altıncı günündə, ordumuzun Qarabağ bölgəsində həyata keçirdiyi geniş əks-hücum əməliyyatları bu gün Azərbaycanın haqq işini dünya mediasının və ictimai rəyinin əsas mövzusuna çevirib.

Bu fikirləri Ermənistan silahlı qüvvələrinin hərbi təxribatının qarşısını almaq üçün Azərbaycan Ordusunun həyata keçirdiyi genişmiqyaslı əks-hücum əməliyyatlarının ötən altı gününün nəticələrindən danışan Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, politoloq Anar İbrahimov deyib.

Anar İbrahimov bildirib ki, hadisələrin sürətli inkişafı onların birmənalı qiymətləndirilməsinə imkan vermir, yəqin ki bir müddətdən sonra daha dəqiq analizlər, dəyərləndirmələr olacaq. Lakin bu altı günün birmənalı dərsləri və nəticələri var ki, istənilən halda onları qeyd etmək, üzərində durmaq lazımdır. Birincisi, Azərbaycan xalqının Qarabağın azad olunmasını unudacağına və bəzən qeyd olunduğu kimi “mövcud reallıqlar”la barışacağına dair ermənilər və onların havadarlarının bütün ümidləri heçə endi. Xalqımız bu hərbə Vətən müharibəsi kimi baxaraq qətiyyətlə ölüm-dirim savaşında siyasi rəhbərinin arxasınca getməsi  həqiqətini bir daha dünyaya bəyan etdi. Bu gün Qarabağı görməyən Azərbaycan gəncləri onun uğrunda döyüşmək, öldürmək və qalib gəlməklə xalqımızın milli qürurunu nümayiş etdirir. İkincisi, aydın oldu ki, Ermənistanın və onu dəstəkləyən güclərin durumu onların real potensialları ilə tərs mütənasibdir. Azərbaycanın iqtisadi, siyasi və hərbi cəhətdən güclənməsi əvvəl-axır mövcud vəziyyətin, status qounun dəyişdirilməsini zərurətə çevirdi. Üçüncüsü, ən mühüm məqam, Türkiyənin iqtisadi, siyasi və hərbi qüdrətinin artması onun regionda daha aktiv mövqe nümayiş etdirməsini labüd etdi ki, bu da cənab Prezident İlham Əliyevin  təbirincə desək, bütövlükdə region üçün stabillik gətirmişdir. Sonuncu məqam isə uzun illərdir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində istifadə olunan beynəlxalq formatların iflası ilə bağlıdır.

BMT və ondan mandat alan və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçiliyi üzərinə götürmüş ATƏT və onun Minsk Qrupunun həmsədrlərinin bu sahədə fiaskoya uğradığının artıq bir sirr olmadığını bildirən Anar İbrahimov, həmçinin vurğulayıb ki, BMT-nin Təhlükəsizlik Şurasının 1990-cı illərin əvvəllərində Ermənistanın işğal altında olan ərazilərin boşaldılmasına dair tələblərinə  qətnamələr icrasız qalıb, Minsk Qrupu həmsədrləri – Rusiya, ABŞ və Fransa isə bu qətnamələrin həyata keçirilməsində həvəsli olmayıblar.

“Son zamanlar populist şüarlar üzərindən Ermənistanda hakimiyyətə gəlmiş Paşinyan hökumətinin danışıqları sabotaj etməsi, hətta bütün beynəlxalq normalara zidd olaraq işğal altındakı ərazilərimizdə qanunsuz məskunlaşmaya başlanmasına dair addımlarına da beynəlxalq səviyyədə ciddi reaksiya verilmir”,-deyən deputat bildirib ki, bütün bunları xalqımız görür və heç cür bu vəziyyətlə barışmayacağı aydındır.

Anar İbrahimov diqqətə çatdırıb ki, müharibənin davam etməsində Ermənistan qədər yuxarıda sadaladığım dövlətlər və beynəlxalq təşkilatlar da məsuliyyət daşıyırlar. Düzdü, indi tez-tez onlardan eşidirik ki,  hərbi əməliyyatlar dayandırılmalı və dərhal danışıqlara başlanmalıdır. Keçən otuz ilə yaxın durum bir də təkrarlanmasın deyə, bu danışıqlar, təbii ki, predmetli olmalı və mütləq işğalçı qüvvələrin Azərbaycanın beynəlxalq tanınmış ərazilərindən çıxarılması ilə nəticələnməlidir. Azərbaycan xalqı, dövləti də sülhə hə deyir, lakin bu ədalətli sülh olmalı, xalqımızın qanuni mənafelərinin, yəni ərazi bütövlüyümüzün, daxili yer dəyişmiş şəxslərin öz daimi yaşayış yerlərinə dönməsini və orda təhlükəsiz yaşamasını ehtiva etməlidir.

“İnanıram ki, bu haqq yolda Azərbaycan xalqı mütləq qarşısındakı bu təhdidi və problemləri həll edəcək. Hazırda Azərbacan Silahlı Qüvvələri, bütün xalqımız da məhz bunun üçün mübarizə aparır”,-deyə politoloq bildirib.

 

 

 

ARXİV

Dekabr 2020
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR