03 Dekabr 2020, Cümə axşamı

Ermənistan rəhbərliyi nədən rasional davranmaqda çətinlik çəkir

Sentyabrın 27-dən başlayan və bu gün davam edən Azərbaycan Silahlı Qüvvələrinin əməliyyatları regionda yeni reallıqlar yaradıb. Məlum olduğu kimi artıq işğal olunmuş Qarabağ bölgəmizin şimal (Murov silsiləsi, keçmiş Ağdərə rayonunun şimal və şərq hissəsi) və cənub (Füzuli-Cəbrayıl rayonlarında) bir çox məntəqələr, o cümlədən strateji mövqelər düşməndən azad olunmuşdur. Döyüşlər nəticəsində Qarabağın şimal hissəsinə nəzarətin ordumuzun əlinə keçməsi, təbii ki, düşmənin imkanlarını xeyli daraltmış, onun hərbi potensialına sarsıdıcı zərbələr endirilmişdir. Eynilə də cənub istiqamətindəki döyüşləri qiymətləndirmək olar. Əgər şimalda yüksək dağlıq ərazilərin təmizlənməsi, strateji yüksəkliklər və yol ayrıcları nəzarətə götürülmüşdürsə, cənub istiqamətində Azərbaycan ordusunun düşmənin müdafiə xəttini yararaq operativ sərbəstliyə çıxması erməni tərəfi üçün ciddi problemlər yaratmaqdadır. Cənubda Ermənistan ordusunun müdafiəsinin dərinliyə doğru yarılması, burda təşəbbüsün ordumuzun tərəfinə keçməsi, erməni tərəfinin dərinlikdə yeni və güclü ehtiyat mövqelərinə sahib olmaması, bu istiqamətdə onların müdafiə və müqavimət imkanlarına mənfi təsir edəcək.

Erməni tərəfi Azərbaycan ordusunun son bir həftədəki uğurlarını etiraf etməsə də (bu onlar üçün ənənə halını almışdır), artıq son iki gündə itkiləri, xüsusən də mövqe/ərazi itkilərini etiraf etməyə başlayıblar. Hərbi əməliyyatların gedişinə və oradakı son vəziyyətə nəzər salsaq, ermənilərin ən azı 3 istiqamətdə ciddi problemi olduğu aydındır. Hərb elminin sadə qaydalarına görə qüvvəsi/resursu az olan tərəf effektiv müdafiəni təşkil etmək üçün təmas (döyüş) xəttini daraltmalı, oradakı qüvvələrini daha dar xətlərdə yerləşdirməli, artıq qalan qüvvələri isə (ən yaxşı halda) ehtiyat kimi saxlamalıdır. Bu sırf taktiki vasitədir və sadə məntiqə bağlıdır. Digər tərəfdən erməni hərbi birləşmələri son günlərdə 3 istiqamətdə Suqovuşan (Madagiz)-Talış, Ağdərə şəhəri və Füzuli şəhəri istiqamətində təhlükəli “ciblər”, yəni yarım mühasirə (ingiliscə-Pocket) problemi ilə rastlaşırlar. Mövqelərindəki bu problemi həll etmək üçün erməni komandanlığının hərəkətlərini analiz edərkən, bir çox hallarda hərbi zərurət deyil, siyasi təyziqə dayanan qərarlar qəbul etdiyi də diqqətdən qaçmır. Yenə sadə məntiq, müdafiə tərəfinin həmin ciblərdən geri çəkilərək, daha əlverişli mövqelərdə müdafiə olunmağı məntiqli edərdi. Amma ermənilər tam başqa yolu seçərək, öz vəziyyətlərini xeyli çətinləşdirdilər. Füzuli istiqamətində Azərbaycan birləşmələrinin hücumunu saxlamaq üçün Aşağı Veysəlli istiqamətindən Azərbaycan ordusunun sağ cinahına əks-həmlə etdilər. Normalda bu adi taktiki fənddi, lakin ermənilərin bu əks-həmləsi gücünə görə xeyli zəif olduğundan, Azərbaycan ordusu onu asanlıqla neytrallaşdıra bildi. Əgər Füzuli şəhəri ətrafındakı cibdə erməni tərəfi vəziyyəti dəyişmək üçün zəif də olsa əks-həmləyə cəhd etmişdirsə, Madagiz-Talış istiqamətində ermənilər sadəcə dirəşməyə üstünlük verməklə kifayətlənmişdir. Azərbaycan ordusunun texniki, atəş üstünlüyü şəraitində bu seçim ermənilər üçün faciə ilə nəticələnmiş, onlar çox ağır itkilərə məruz qaldıqdan sonra həmin mövqeləri qoyub qaçmışdılar. Böyük ehtimalla yaxın perspektivdə həmin istiqamətdə ermənilər müdafiə xəttini bərpa etməkdə çətinliklərlə üzləşəcəklər. Eynilə Ağdərə ətrafında da ermənilər bu davranışlarını təkrarlamaqdadırlar. Bəs butün bunların səbəbi nədir?! Nə qədər qəribə olsa da, erməni komandanlığının bu qərarlarının hərbi yox, sırf siyasi xarakter daşıdığı aydındır. Düzdür, onlar bunu etiraf etmir, lakin düşünürəm ki, zaman keçdikcə, bu haqda daha açıq və ətraflı müzakirələrə şahid olacağıq.

Hazırkı mərhələdə Ermənistandakı Paşinyan hökuməti üçün (Dağlıq Qarabağdakı oyuncaq rejim heç nəyi həll etmədiyi üçün onları buraxıram) ərazilər, xüsusən də şəhərlərin itirilməsi olduqca təhlükəlidir. Bəzi analitiklərin də yazdığı kimi, illərdir erməni hərbi üstünlüyü mifləri üzərində tərbiyə olunan Ermənistanın ictimai rəyi bu itkiləri həzm edə bilməyəcəyini yaxşı anlayan Ermənistan rəbərliyi döyüş meydanında məntiqə söykənərək hərbi qərarlar verməyə qadir olmadığını sübut etməkdədir. Aydındır ki, onlar tərəfindən hərbi əməliyyatlar ictimai rəyə, siyasi konyunktura görə idarə olunmaqdadır. Özündən dəfələrlə güclü iqtisadi, siyasi və hərbi potensiala sahib Azərbaycanla savaşda, xüsusən də orta və uzunmüddətli kampaniyalarda Ermənistanın onsuz da heç bir şansının olmadığı hamıya aydın idi. Nikol Paşinyanın populist hökumətinin yanlış qərarları sadəcə bu problemlərin üstünü açdı və məntiqi sonu, yəni Ermənistanın məğlubiyyətini daha da yaxınlaşdırdı.

Anar İbrahimov,

politoloq

 

 

 

ARXİV

Dekabr 2020
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR