03 Dekabr 2020, Cümə axşamı

Bir zirvə var dünyada! Şəhidlik zirvəsi deyirlər adına. Bu zirvə elə bir yerdədir ki, oradan Vətən görünür. O Vətən ki torpağı şəhid qanı ilə yoğurulur. Elə şəhid anası da torpağı sevir, ona deyir sözünü, göz yaşını da torpağa axıdır. Axı oğlu da o torpaq bölünməsin deyə, keçmişdi öz şirin canından. Deyirlər ki, “Oğul var evdən gedir, oğul var eldən”. Onlar təkcə öz ailələrinin deyil, Vətənin oğullarıdır, anamız Azərbaycanın ən dəyərli oğulları. 30 ildir, davam edən müharibənin qəhrəmanlarının öz ölümləri ilə, qanları ilə tarix yazan şəhidlərin ruhu neçə gündür, sevinir! Sevinir ki, onların uğrunda canlarından keçdikləri torpaqlar ovuc-ovuc, hissə-hissə, qarış-qarış geri qaytarılır. Şanlı Aprel zəfərindən sonra bu döyüşlər Qarabağ uğrunda ən böyük əks-hücumdur. Ordumuzun rəşadətinə bütün xalq sevinir, alqışlayır onları. Şəhid analarının ürəyindəki alovu az da olsa, söndürür, təsəlli olur onlara qələbə xəbərləri.
Talış kəndinin, Suqovuşanın, Füzuli və Cəbrayıl rayonlarının, kəndlərinin və Cəbrayıl şəhərinin, müxtəlif strateji yüksəkliklərin, işğaldan azad edildiyi xəbərini alanda üz tutduğum ünvanlar şəhid analarının evləri, ocaqları oldu.
Şanlı Aprel zəfərinin Naxçıvan torpağından olan qəhrəmanı leytenant Qabil Orucəliyevin anası Nuriyə xala qürurludur. Deyir ki, şad xəbəri aldığım gün oğlumun məzarına getdim. ...Müjdə verməyə! İgid oğlum, qisasın alındı. Sənin canından keçdiyin torpaqdan – Talış kəndindən düşmənin murdar nəfəsi kəsildi. Bir neçə gündür, ordumuzun Qarabağın bir şəhəri, ondan çox kəndi azad edilib. Uğrunda canından keçdiyin o torpaqlarda indi müqəddəs bayrağımız dalğalanır, azan səsi eşidilir. Ruhun şad olsun!
Hər qarış torpaq uğrunda oğullar sinələrini sipər etdi düşmən gülləsinə. Onlar təkcə öz analarının yox, hamımızın ürəyinin qoru oldular. Təsəllimiz var indi: oğullarımız torpağımızı azad etdilər. Düşmənə aman vermədilər. Bu gün işğaldan azad edilən torpaqlarda onların da ayaq izi var. Qəhrəmanlar öz adlarına layiq dəfn olundu. Onlar qələbə şəhidləri adını qazandı, bu, hamımızın təsəllisi oldu. Ermənilər sevinməsinlər ki, oğullarımızı öldürdülər. Biz bir ölüb min dirilən bir millətik. Yeni-yeni qəhrəman Qabillər, Aqillər, Məmmədlər, Raqiblər doğulacaq, böyüyəcək. Onların da damarlarında qan əvəzinə Vətən sevgisi axacaq. Onlar da ataları kimi qəhrəman olacaqlar.

Axundov Asif Şərur rayonunun Mahmudkəndində dünyaya göz açıb. 1994-cü ildə Füzuli istiqamətində şəhidlik zirvəsinə qovuşub. Sona ana səbirli, təmkinli anadır. Ağır dərdini, sözün əsl mənasında, Vətən sevgisi ilə ovudur. Oğlumun bəy paltarı hərbi libası, toy-büsatı Qarabağın geri alınmağa başlanması oldu! – deyir. Ağlamıram, hüznlənmirəm oğluma toy xonçası bəzəyə bilmədiyim üçün. Çünki onun məzarı illərdir, xalqın ziyarətgahı olub. Tək dərdim onun şəhid olduğu yurdun düşmən tapdağında olması idi. Orda təkcə bir ovuc torpaq yox, şəhidlərin ruhu da narahat idi. Artıq on gündür ki, özümə yer tapa bilmirəm, hər dəqiqəm bu haqq savaşını əzmkarlıq və qətiyyətlə idarə edən Ali Baş Komandanımıza, ordumuza, igidlərimizə dua etməklə keçir. Onların qələbə xəbərlərini eşitdikcə ürəyimdəki sevinc gözümdə yaşa dönür. Bu sevinc göz yaşlarıdır. Oğlumun, neçə-neçə oğulların qisasının alındığına sevinirəm. Ulu Tanrı ordumuzu müzəffər etsin. Onların rəşadəti, gələn hər qələbə xəbəri yanan qəlbimizə su səpir. Övladlarımızın ruhu şad olur. İşğal edilən torpaqlardan hazırlanan sujetləri, orada dalğalanan üçrəngli bayrağımızı gördükcə qəlbim dağa dönür. Heç bir müharibə itkisiz olmur. Bu gün şəhid olanların hamısı elə bilirəm, öz doğmaca balamdır. Amma bir fərq var ki, arada bu fərq belə, bizim ürəyimizə təsəlli olur. Ötən əsrin 90-cı illərində Qarabağda gedən döyüşlərdə həm əzizlərimizi itirirdik, həm də torpaqlarımızı. İndi isə torpağımızı, yurdumuzu geri alırıq. Qürur duyuruq. Bilirik ki, o canlar, o cavanlar hədər yerə qurban getməyib. Onlar özlərindən öncə bu yolda şəhid olanların qisasını alırlar. Dədə-baba yurdumuzu geri qaytarır, milyonları sevindirirlər. Gələn hər şəhid xəbərini öz evimizdə hiss edirik. Şəhidin doğması, yadı olmaz axı. Nə qədər çətin olsa da, başımızı dik tutur, ağlamırıq. İllərdir, qor bağlayan yaramız sağalır çünki.
Anaların ürəyinin böyüklüyünə heyrətlənirəm… Bu iki Azərbaycan xanımını şəhid analarının timsalı bilirəm.Və nə qədər böyüksən, nə qədər ucasan şəhid anası! Siz var olduqca, igid, qeyrətli Azərbaycan qadınları var olduqca hələ neçə-neçə Qabillər, Asiflər, Aqillər dünyaya gələcək. Şəhidlər ölməz. Necə ki, biz varıq, Vətənimiz var, onlar da tarix olub, tarix yazıb, qəlblərdə yaşayacaq, – deyirəm.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2020
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR