06 Dekabr 2020, Bazar

2019-cu ilin oktyabr ayından Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində Veteranlar Şurası yenidən təşkilatlanaraq fəaliyyətə başlayıb. Ötən müddət ərzində polis veteranları öz işini muxtar respublika daxili işlər orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən aparılan siyasətə uyğun şəkildə, eləcə də nazirliyin veteranlar qarşısında müəyyən edilmiş vəzifələrin icrası istiqamətində qurub. 

Həyata keçirilən profilaktik-maarifləndirici tədbirlərin nəticəsi olaraq 2020-ci ilin müvafiq dövründə 198, şura fəaliyyətə başlayandan bu günə qədər isə, ümumilikdə, təqaüddə olan 500-dən artıq polis əməkdaşı birgə fəaliyyətə cəlb edilib.
Şura şəxsi heyətlə təlim-tərbiyə işinin aparılmasında, gənc əməkdaşların peşə vərdişlərinin artırılmasında, nizam-intizama və qanunçuluğa ciddi əməl edilməsi istiqamətində həyata keçirilən tədbirlərdə veteranların yaxından iştirakını təmin edib, təhsil müəsisələrində, müxtəlif mərasimlərdə, kütləvi tədbirlərdə ictimaiyyət nümayəndələri qarşısında çıxışlar təşkil olunub.

Veteranlar ictimai təhlükəsizliyin təmin edilməsində, cinayətlərin profilaktikası və açılmasında, əhali arasında hüquqi maarifləndirmə tədbirlərində də fəallıq göstərirlər. Əgər təşkilatlanmanın ilk mərhələsində əsas diqqət təşkilatlanma məqsədilə maarifləndirici-profilaktik tədbirlərə yönəldilmişdisə, sonrakı dövrdə hədəf polis orqanlarının gündəlik fəaliyyət istiqamətləri əsasında praktik olaraq əməliyyat xarakterli fəaliyyətin təşkil edilməsi olub.
Təqaüddə olan sabiq polis əməkdaşlarının köməkliyi ilə 11 ədəd müxtəlif silah və 300-ə yaxın müxtəlif çaplı patron könüllü olaraq pоlis оrqanlarına təhvil verilib.
Muхtar respublikada aхtarış istiqamətində həyata keçirilən tədbirlərə köməklik çərçivəsində polis veteranlarının iştirakı ilə 7 nəfər mülki hüquqi öhdəliklərdən yayınan şəxsin yeri müəyyən edilib.
Elektrik enerjisindən və təbii qazdan qanunsuz istifadənin qarşısının alınması istiqamətində də polis veteranlarının fəaliyyəti qeyd olunmalıdır. Belə ki, bu istiqamətdə ərazi polis orqanları tərəfindən həyata keçirilən reyd yoxlamalarında onlar fəallıq göstərirlər.
İnzibati hüquq pozuntularına qarşı həyata keçirilən tədbirlərdə, o cümlədən yоl hərəkəti təhlükəsizliyinin təmin olunması sahəsində yaxından iştirak edən veteranlar tərəfindən hesabat dövründə xeyli inzibati xəta faktı aşkar olunaraq müvafiq tədbirlər görülüb.
Həm münaqişəli ailələr, həm də münaqişəli qonşuların ətrafında həyata keçirilən profilaktik tədbirlər çərçivəsində problemlərin həllində polis veteranlarının ictimaiyyətdə olan nüfuzundan geniş istifadə edilib, bu dövrdə həmin ailələrlə veteranların 50-dən artıq görüşü keçirilib.
Sosial şəbəkələrdə yayılan həqiqətə uyğun olmayan qərəzli məlumatların təkzib edilməsi istiqamətində də polis veteranlarının gücündən səmərəli istifadə olunur. Naxçıvan Şəhər Polis İdarəsi, Kəngərli, Şərur, Sədərək Rayon Polis şöbələrinin Veteranlar şuraları sosial şəbəkələrdə polis veteranlarından ibarət qruplar yaradaraq milli-mənəvi dəyərlərimizi dəstəkləyən paylaşımlar edirlər. Ötən dövr ərzində polis veteranlarının sosial şəbəkələrdə 150-dən artıq şərhinin və paylaşımının olması bunun ifadəsidir.
Muxtar respublikada həyata keçirilən quruculuq-abadlıq işlərinin mahiyyətinin əhali arasında izah olunması istiqamətində aparılan maarifləndirici-profilaktik tədbirlərdə iştirak edən veteranlarımız praktik olaraq bu tədbirlərin icrasında da fəallıq nümayiş etdirir, ekoloji tədbirlərdə iştirak edirlər. Bəhs olunan dövrdə veteranlar yaz iməciliklərində 1150 ədəd meyvə ağacı əkiblər. Ümumilikdə isə onlar tərəfindən 2019-cu ildə (350) daxil olmaqla, 1500-dən artıq ağac əkilib.
Polis veteranlarımız daxili işlər orqanlarının ictimai işlərinin təşkilində və ictimai qurumların fəaliyyətində də yaxından iştirak edirlər. Hesabat dövründə bu istiqamətdə ardıcıl iş aparılıb və təqaüddə olan 7 polis əməkdaşı ictimai şuralara üzv seçiliblər. Hazırda ictimai şuralarda 46 polis veteranı təmsil olunur.
Müasir tələblərə cavab verən kadr potensialının formalaşdırılması istiqamətində həyata keçirilən hamilik işinin əhəmiyyəti, şəхsi heyət arasında mənəvi-psiхоlоji durumun daha da möhkəmləndirilməsi zərurəti nəzərə alınaraq veteranlarımızın təcrübəsindən bu sahədə, xüsusilə geniş istifadə olunmaqdadır. Belə ki, hesabat dövründə 30-dan artıq polis veteranı daxili işlər orqanlarına yeni xidmətə qəbul olunmuş gənc əməkdaşlarla hamilik işinin təşkili və peşə vərdişinin aşılanmasında öz köməkliklərini göstərib, həmçinin daxili işlər orqanlarında xidmətə qəbula namizədlərin öyrənilməsində yaxından iştirak ediblər.
Dünyada pandemiya elan olunmuş koronavirus infeksiyasının muxtar respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı 24 mart 2020-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilmiş müşavirədə Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən qarşıya qoyulan vəzifələrin icrası istiqamətində də polis veteranlarının fəaliyyəti təqdirəlayiqdir. İstər karantin rejimi qaydalarına əməl olunması, istərsə də həyata keçirilən digər tədbirlərdə veteranlar daxili işlər orqanları əməkdaşlarına yaxından köməklik göstəriblər. Bu sahədə görülən işlərin nəticəsinə uyğun olaraq nazirliyin rəhbərliyi tərəfindən 16 nəfər polis veteranı mükafata layiq görülüb.
Qürur duyuruq ki, veteranlarımız yerlərdəki şuralara torpaqlarımız uğrunda gedən döyüşlərdə vuruşmaq arzusu ilə müraciət edir, gənclərə öz tövsiyələrini verirlər. Ərazi bütövlüyümüzün təmin olunmasının zəruriliyi, hər bir azərbaycanlının vətənpərvərlik borcu olduğu barədə söhbətlər aparırlar.
Qeyd edim ki, qarşılıqlı birgə fəaliyyətin əsasının qoyulmasından ötən müddətdə şuranın fəaliyyətində müəyyən çatışmazlıqlar da mövcud olub. Belə ki, təşəbbüskarlığın zəif olması, veteran polis əməkdaşlarının fəaliyyətə cəlb edilməsi istiqamətində işlərin intensiv səviyyədə aparılmaması diqqətçəkən məqamlardandır. Bu və ya digər çatışmazlıqların aradan qaldırılması üçün gələcək fəaliyyətimizdə lazımi tədbirləri həyata keçirəcək və fəaliyyətin tələblərə uyğun qurulmasını təmin edəcəyik.
Sonda Ali Məclis Sədrinin veteranlar haqqında tövsiyəsini xatırlatmaq istərdim: “Bu şəxslərin Vətən yolunda göstərdikləri xidmətlər digər insanlar üçün də nümunədir, onlar yalnız bir amal – Vətən yolunda xidmət etmişlər. Ona görə də müvafiq kateqoriyadan olan insanlar ölkəmiz və xalqımız qarşısındakı xidmətlərinə görə dövlətimizin himayəsi və qayğısı altında yaşayacaqlar”.
Polis veteranları Ali Məclis Sədrinin veteranlara göstərdiyi yüksək diqqət və qayğı müqabilində muxtar respublikada həyata keçirilən tədbirləri dəstəkləyərək bundan sonra da diyarımızda əmin-amanlığın, dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında polis orqanlarına yaxından köməklik göstərəcəklər.

Yusif HƏSƏNOV
Veteranlar Şurasının sədri,
istefada olan polis polkovniki

ARXİV

Dekabr 2020
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR