18 Noyabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

1918-1920-ci illər Naxçıvan tarixindən bəhs edərkən Azərbaycan Xalq Cümhuriyyəti ilə yanaşı, Cənub-Qərbi Qafqaz (Qars Cümhuriyyəti) və Araz-Türk cümhuriyyətlərinin də tarixinin araşdırılması vacib məqamlardandır. Qısa bir zaman kəsiyində mövcud olmuş Cənubi Qafqazın altıncı cümhuriyyəti – Cənub-Qərbi Qafqaz Türk Respublikası bugünkü Türkiyə Cümhuriyyətinin şərq rayonları olan Qars, Ərdəhan kimi tarixi türk torpaqlarında türklüyün yaşadılmasında mühüm rol oynamışdısa, bu vəzifəni Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanda beşinci cümhuriyyət – Araz-Türk Respublikası yerinə yetirmişdir.

Osmanlı imperiyası 1877-1878-ci illər müharibəsi nəticəsində itirdiyi Qars, Ərdəhan, Batumi kimi vilayətləri 1918-ci ildə yenidən geriyə qaytara bildi. Osmanlılar həmçinin Rusiyanın ağır vəziyyətindən istifadə edərək Naxçıvan üzərində də nəzarəti ələ aldılar. Bölgədə türk idarəçiliyinin qurulması azğınlaşmış erməni quldur dəstələri tərəfindən törədilən qırğınlara müvəqqəti son qoydu.

Lakin 1918-ci il oktyabr ayının 30-da bağlanmış Mudros sülhü bölgənin yenidən Osmanlı nəzarətindən çıxmasına səbəb oldu. Osmanlıların bölgədən çəkilməsindən sonra Azərbaycan Xalq Cümhuriyyətinin bu bölgədə yaşayan əhalinin Bakıya göndərilmiş nümayəndələrinin müraciətinə cavab olaraq siyasi, diplomatik müdaxilə cəhdləri nəticəsiz qaldı. Belə bir şəraitdə noyabrın əvvəllərində Naxçıvanda yerli ziyalılar, dekabrın əvvəllərində isə Cənub-Qərbi Qafqazdakı Milli Şura mühüm qərarlar qəbul etdilər. Birincilərin qərarı ilə əsasən Naxçıvan ərazisini əhatə edən Araz- Türk Respublikası, ikincilərin qərarı ilə isə Naxçıvanın bəzi rayonları ilə yanaşı, yaxınlıqda yerləşən keçmiş Osmanlı vilayətlərini də əhatə edən Cənub-Qərbi Qafqaz Türk Respublikası yaradıldı. Beləliklə də, Gürcüstan, Azərbaycan, Ararat-Ermənistan, Dağıstan cümhuriyyətlərinin ardınca Cənubi Qafqazda beşinci və altıncı cümhuriyyətlər qurulmuş oldu. 
Cənub-Qərbi Qafqaz Türk Respublikasının elanedilmə tarixi ilə bağlı məlumatlar məlum olsa da, Araz-Türk Respublikasının yaranmasının konkret tarixi mübahisəlidir. Aydın Hacıyev “Qars və Araz-Türk respublikalarının tarixindən” adlı kitabında bu tarixin 1918-ci ilin noyabr ayının sonlarına təsadüf etdiyini yazır. Dövrün digər bir tədqiqatçısı Q.Mədətov isə Araz-Türk Respublikasının yaranmasının Osmanlı qoşunlarının bölgəni tərk etməsi ərəfəsinə, yəni noyabr ayının əvvəllərinə təsadüf etdiyini qeyd edir.
Araz-Türk Respublikasının tərkibinə Naxçıvan və Şərur-Dərələyəz qəzaları, Sərdar­abad, Uluxanlı, Vedibasar, Kəmərli, Mehri və sair bölgələr daxil idi. Yeni hökumətə Əmir bəy başçılıq edirdi. Lakin tezliklə daxili çəkişmələrin başlanması yeni dövlətin möhkəmlənməsinə imkan vermirdi. Əmir bəyin demokratik meyillərindən fərqli olaraq, ona müxalif qüvvələrə rəhbərlik edən Cəfərqulu xan feodal qaydalarının hökm sürdüyü keçmiş xanlıq sistemini bərpa etmək istəyirdi.
Araz-Türk Respublikasının xarici siyasətində təcavüzkar daşnaklardan özünü müdafiə etmək məsələsi əsas yer tuturdu. Hökumət bu məsələni daha çox diplomatik yollarla həll etməyə cəhd edirdi. Azərbaycan Xalq Cümhuriyyəti bu regionda öz hakimiyyətini bərpa etməyə qadir olmadığı üçün regionun daşnak Ermənistanının deyil, Araz-Türk Respublikasının idarəçiliyində qalmasına üstünlük verirdi. Elə bu məqsədlə AXC hökuməti Araz-Türk Respublikasının müvəqqəti də olsa, beynəlxalq və regional səviyyələrdə tanınmasına tərəfdar çıxırdı. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 7 dekabr 1918-ci il tarixli iclasında Araz-Türk hökumətinin nümayəndəsi P.Əliyevin digər ölkələrin diplomatik nümayəndələri ilə birlikdə xüsusi lojada oturdulması da bu siyasətin tərkib hissəsi idi. Qeyd edək ki, həmin iclasda Bakıdakı İran konsulu M.Səüd-əl-vəzara, İran maliyyə agenti, Dağlılar hökumətinin nümayəndəsi Çermoyev, Gürcüstan Respublikasının diplomatik nümayəndəsi İ.N.Karsivadze iştirak edirdilər.
Tarixi araşdırmaların bəzilərində qeyd olunur ki, (A.Hacıyev və digərləri) Cənub-Qərbi Qafqaz Respublikası yaradılarkən Araz-Türk Respublikası onun tərkibinə formal olaraq daxil edilmişdir. Lakin buna baxmayaraq, Araz-Türk Respublikası həmin dövrdə belə, özünün daxili idarəçiliyini qoruyub saxlayırdı. Bu respublika çox ağır şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, faktiki olaraq 1919-cu ilin martına qədər mövcud olmuşdur.
1918-ci ilin dekabrında Araz-Türk Respublikasına qarşı Ermənistan Respublikasının təcavüzü genişlənmişdir. Ermənistanın təcavüzkar siyasətinin acı nəticələri ilə bağlı Araz-Türk Respublikası parlamentinin Azərbaycan Xalq Cümhuriyyəti parlamentinə göndərdiyi müraciətnamə iki cümhuriyyət arasında parlamentlərarası əlaqələrin də inkişafından xəbər verir. Müraciətnamə Azərbaycan Xalq Cümhuriyyətinin 8 yanvar 1919-cu il tarixli yeddinci iclasında oxunaraq müzakirə olunmuşdur. Müraciətnamənin əvvəlində bölgədə erməni təcavüzü nəticəsində törədilən qırğınlar barədə məlumat verilərək deyilirdi: “1917 sənəsi dekabrdan 1918 sənəsi iyuna qədər İrəvan quberniyası dairəsində erməni qoşunları tərəfindən iki yüzdən ziyadə müsəlman kəndləri atəşə tutulub tar-mar olub, bunların əhalisi isə qismən qətl, qismən də dağlara qaçıb buralarda səvuq və aclıqdan tələf olmuşlar”. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinə göndərilən müraciətnamənin ən mühüm məqamlarından biri yerli əhalinin Azərbaycan Xalq Cümhuriyyətini öz dövləti kimi tanıması və qəbul etməsi ilə bağlı olan fikirlərdir. “... müsəlmanlar burada kəndiləri bir hökumət təşkil etməyə də müvəffəq olmuşlar isə də kəndilərini həmişə Azərbaycanın ayrılmaz bir parçası ədd edilmək ilə bərabər və bunu ancaq arzu edirlər ki, gələcəkləri və taleləri ümumsülh konfransında həll oluncaya qədər təhti-asayişdə yaşamalarına mane olmasınlar” (Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) Parlament (Stenoqrafik hesabatlar), I cild).
Təbii ki, belə bir məqamda Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bölgəyə müəyyən yardımlar etməyə çalışırdı. Bunu müraciətnamənin müzakirəsi zamanı meydana çıxan Vinoqradov-Rəsulzadə qarşılaşması da aydın şəkildə göstərir. Vinoqradovun “biz ruslar hər dövlətin xətti-hüdudini təyin etmək ixtiyarına malik olan ümumcahan konfransının qərarınadək hər kəsin öz yerində qalmasını tələb ediriz” fikrinin qarşılığında Məmməd Əmin Rəsulzadə belə cavab vermişdir: “Azərbaycan hökuməti onlara feylən müavinət göstərə bilməz, lakin mənəvi, siyasi və bəlkə də, qismən maddi yardım edə bilər”. Məhz bunun nəticəsi idi ki, bir müddət sonra Araz-Türk Respublikasının yerli özünümüdafiə dəstələri erməni qüvvələrini Naxçıvan ərazisindən sıxışdırıb çıxardılar. 1919-cu il yanvar ayının əvvəllərində Naxçıvan ingilislər tərəfindən işğal edilmişdir. İngilislər Əmir bəy hökumətinə nisbətən daha mötədil olan Cəfərqulu xanla danışıqlar aparmağa meyilli idilər. Tezliklə ingilislərlə münasibətlərini qaydaya salan Cəfərqulu xan erməni daşnaklarının hücumlarının Əmir bəy hökumətini laxlatmasından istifadə edərək hakimiyyəti ələ almışdır. Yad­ellilərin Naxçıvanı özününküləşdirmək cəhdləri Azərbaycan Xalq Cümhuriyyəti hökumətini məcbur etmişdir ki, öz nümayəndələrini bölgəyə göndərsin. Nümayəndə heyətinə Mirabbas Bağırov rəhbərlik edirdi. Nümayəndə heyətinin tərkibinə 12 yüksəkçinli zabit də daxil idi. Ordubaddakı Milli Şura Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyətinə Azərbaycana birləşmək arzusunu ifadə edən protokol təqdim etmişdir.
AXC elçiləri Naxçıvanda hərarətlə qarşılanmışlar. 1919-cu il fevralın 23-də Araz-Türk Respublikasının hökumət üzvləri ilə AXC nümayəndələri məsciddə görüşmüşlər. Görüşdə Araz-Türk Respublikasının nümayəndə heyəti Azərbaycan Xalq Cümhuriyyətinə birləşmək haqqında akt tərtib etmişdir.
Yerli əhalinin tələbinə uyğun olaraq, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 28 fevral 1919-cu il tarixli qərarı ilə cümhuriyyət tərkibində Naxçıvan general-qubernatorluğunun yaradıldığı elan olunmuşdur. Həmin qərarla Bəhram xan Naxçıvanski general-qubernator, Kərim xan İrəvanski hərbi işlər üzrə, Hacı Mehdi Bağırov isə mülki işlər üzrə onun müavinləri təyin edilmişlər (Naxçıvan Ensiklopediyası, II cild).
Reallıq ondan ibarətdir ki, bəhs olunan dövrdə Naxçıvanın strateji bir bölgə kimi ələ keçirilməsi üçün gərgin mübarizə getmiş, Araz-Türk Respublikası və Cənub-Qərbi Qafqaz Türk Respublikası hökumətləri bölgənin Azərbaycanın tərkibində qalması üçün mühüm rol oynamışlar.

Elnur Kəlbizadə

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3286134
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
982
3637
23903
70780
3286134

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter