XXI əsrin 2012-ci ili ilə vidalaşdıq. Uzun müddət ötən ilin təəssüratlarını yaşayacağıq. Ötən il muxtar respublika həyatının bütün sahələrində dərin izlər buraxmış, yaddaqalan hadisələrlə zəngin olmuşdur. 
Dekabrın 22-də keçirilən dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında Ali Məclisin Sədri 2012-ci ilin uğurlarını ümummilli liderimiz Heydər Əliyev siyasətinin təntənəsi kimi xarakterizə etmişdir: “Biz bu inkişafa, ilk növbədə, ulu öndər Heydər Əliyev siyasi kursunun davam etdirilməsi sayəsində nail olmuşuq. Heç şübhəsiz ki, nailiyyətlərin əldə olunmasında ölkə Prezidenti tərəfindən müxtəlif sahələrin inkişafını nəzərdə tutan, konkret məqsəd və vəzifələri özündə əks etdirən Dövlət proqramlarının qəbulu, yeridilən düzgün iqtisadi siyasət də mühüm rol oynamışdır”.
2012-ci ildə xeyli uğurlar qazanılması seçilən yolun düzgün olduğunun ifadəsidir. Bu yol isə Heydər Əliyev yoluna inam, ehtiram və sədaqətdən qaynaqlanır. 17 ildir ki, bunun bəhrələrini həyatımızın bütün sahələrində görürük. Regionda insan amilinə qayğı prioritet vəzifəyə çevrilmişdir. Doğma diyarımızda həyata keçirilən, 2012-ci ildə daha geniş vüsət alan quruculuq işlərinin təməlində insanların yaxşı yaşamasını təmin etmək dayanmışdır. Elə inkişafın əsas makro­iqtisadi göstəricisi sayılan Ümumi Daxili Məhsulun həcminə baxsaq, əvvəlki illə müqayisədə xeyli artıma nail olunduğunu görərik. Bəhs olunan dövrdə Ümumi Daxili Məhsulun həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz artaraq 2 milyard 14 milyon manata, onun hər bir nəfərə düşən həcmi isə 11 faizlik artımla 4765 manata çatmışdır.

Yeni müəssisələrin yaradılması, iş yerlərinin açılması 2012-ci ildə də davam etdirilmişdir. Ötən il 7996 yeni iş yeri açılmışdır. Bunun 7641-i daimi iş yeridir. 
Qeyd edək ki, 2012-ci ildə də muxtar respublikada tikinti-quruculuq tədbirləri geniş vüsət almışdır. Bu dövrdə bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya qoyuluşlarının həcmi 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz artaraq 979 milyon manat olmuşdur. İnvestisiya qoyuluşlarının 89 faizi və yaxud 871 milyon manatı bilavasitə tikinti-quraşdırma işlərində istifadə edilmişdir. Bunun nəticəsidir ki, ilin əvvəlindən 660-dan çox obyekt tikilərək, əsaslı bərpa və ya təmir olunaraq istifadəyə verilmişdir.
Təhsil infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər yenə də ön sırada dayanır. 2012-ci ildə 16 tam orta məktəb binası istifadəyə verilmişdir.
Yeni səhiyyə müəssisələrinin tikintisi, onların müasir tibbi avadanlıqlarla təchiz olunması muxtar respublikada həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biridir. Ötən il Akademik Zərifə xanım Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası, Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzi, muxtar respublikanın kəndlərində həkim ambu­latoriyaları, feldşer-mama məntəqələri üçün binalar tikilib istifadəyə verilmişdir.
Aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan vətəndaşlar da diqqətdən kənarda qalma­mış, 12 ailə fərdi yaşayış evləri ilə təmin olunmuş, 30 nəfərə avtomobil verilmişdir.
“Milli dəyərlər ili” elan olunan 2012-ci il muxtar respublikanın mədəni həyatında da bir sıra əlamətdar hadisələrlə yadda qalmışdır. Belə ki, tarixi-mədəni irsin qorunması və təbliği, mədəni potensialın daha da inkişaf etdirilməsi, mədəniyyət obyektlərinin inşası, yenidən qurulması və bərpası diqqət mərkəzində saxlanılmış, əvəzsiz milli sərvətlərimizə qayıdış, onların bərpası, təbliği, gələcək nəsillərə ötürülməsi istiqamətində xeyli iş görülmüşdür. “Milli dəyərlərimiz – milli sərvətimiz” folklor və muğam festivalı, ədəbi tədbirlər, yaradıcılıq təşkilatları üzrə müsabiqələr, ailə dəyərlərinin qorunub saxlanılması ilə bağlı seminarlar keçirilmiş, milli dəyərlərin əsas daşıyıcısı olan xalq yaradıcılığının müxtəlif sahələri üzrə kurslar təşkil olunmuşdur.
Sosial-iqtisadi həyatın bütün sahələrində müşahidə olunan dinamik artım meyilləri və əhali rifahının yaxşılaşdırılması, öz növbəsində, demoqrafik vəziyyətə də müsbət təsir göstərmiş, 2012-ci ildə muxtar respublika əhalisinin sayı artaraq 427 min nəfərdən çox olmuşdur.

Sadaladığımız bu statistik rəqəmlər ötən il həyata keçirilən tədbirlərin çox cüzi bir hissəsini ifadə edir. Və bu gün oturub dünən görülən işləri, qurulanları, yaradılanları göz önünə gətirərkən düşünürsən ki, torpağa sevgi, sadəcə, onu tərifləməklə bitmir. Vətənə sevgi həmçinin onu dar, köməyə möhtac günlərində “çörək pulu” bəhanəsi ilə ataraq sonradan uzaq diyarlardan həsrət çəkmək də deyil. Axı bizi yetirən bu torpaq ona sahib çıxanları, həyatının mənasını buranın sərt qışında, isti yayında, ilıq yazında, bərəkətli payızında axtaranları heç zaman gözü yolda qoymayıb. Biz nə vaxt təmənnasız torpağa baş əydik ki, o da bizi ucalara qaldırmadı? Vətəni ürəkdolusu sevmək gərəkdir ki, onun qayasında daşlaşıb əbədiləşəsən. Bu, başqa cür ola da bilməz! Tarixin çətin günlərində doğma torpaqdan daha möhkəm yapışıb, onu qoruyub, ölkəmizin, doğma Naxçıvanımızın hər yerində qoyduğu quruculuq izləri ilə dostları heyrətə salan, düşmənə gözdağı verən fədakar, əməksevər azərbaycanlılar əsl milli dəyərin məhz Vətən, yurd sevgisi olduğunu bütün dünyaya göstərə bildilər. Bu prosesin təməli nə vaxt qoyuldu? O günləri yaşayanlar təsdiq edərlər ki, ötən əsrin 90-cı illərinin əvvəllərində. Təməl qoyuldu və etibarlı əllərə tapşırıldı. 2012-ci il o dövrdən bu günə qədərki yolun bir hissəsidir.

Muxtar respublika sakinləri, eləcə də regionumuza səfər edən qonaqlar 2012-ci ildə də Naxçıvanda gedən dəyişiklikləri yüksək qiymətləndirdilər. Çünki bu dəyişikliklər, sözün əsl mənasında, ən yüksək qiymətə layiqdir. Ötən il də məktəb, uşaq bağçası tikintisi, yol çəkilişi, kəndlərin abadlaşması, yeni istehsal və xidmət sahələrinin açılması muxtar respublikanın həyat ritminə çevrildi. Bir vaxtlar min bir əziyyət çəksə də, güzəranını yaxşılaşdıra bilməyən, buna görə xaricə üz tutan naxçıvanlı mühəndis indi yay tətilini Aralıq dənizi ölkələrinin hansında keçirəcəyini planlaşdırmaq üçün evində oturub yüksəksürətli internet vasitəsilə qonşu binadakı həkim dostuna, ya da xaricdəki tur­operatora videozəng edir. Yaxud bir vaxtlar ölkənin paytaxtında çətinliklə məqalə dərc etdirən gənc naxçıvanlı universitet müəllimlərinin səsi indi Sankt-Peterburqun, İstanbulun, Tokionun, Los-Ancelosun konfrans salonlarından gəlir. Əvvəllər lüks əşyalara xarici teleseriallarda baxıb həsəd aparan naxçıvanlı xanımlar onları rahatlıqla evinə sifariş verir, ad günlərində rəfiqələrinə hədiyyə edirlər. İyirmi il əvvəl Bakıda təhsil alan övladı ilə məktublaşan naxçıvanlı ata indi istədiyi mobil operatorun 3G servisi ilə görüntülü danışa bilir. Bütün bu yeniliklər 2012-ci ildə daha da inkişaf etdirilmiş və müasirləşdirilmişdir.
Sosial dövlətin öz əhalisinin rifahı üçün yaratdığı rahat şəraitdən əlavə, insanlara verilmiş sahibkarlıq sərbəstliyi işgüzar naxçıvanlıların biznes məharətinə də geniş meydan açmışdır. Bu gün Naxçıvan Muxtar Respublikasında Ümumi Daxili Məhsulda özəl sekto­run 87 faizlik payı regionda çox güclü orta təbəqə formalaşdığının bariz göstəricisidir. Sahibkarlarımız dövlətin dəstəyi, milli qürur və sosial öhdəliyin təsiri altında bir zamanların çətinliklərinə sanki meydan oxuyaraq regionda imkansız görünən işləri ortaya qoyur, nə az, nə çox 330 növdə məhsula olan tələbatın tama­milə yerli istehsal hesabına ödənilməsinə nail olurlar.
2012-ci ildə qazanılan nailiyyətlər bir daha göstərdi ki, yol düzgün seçilmişdir. Bu yol ulu öndər Heydər Əliyev ideyalarına sədaqətdən yaranmışdır. Bunun davamı kimi 2013-cü ildə qarşımızda daha böyük vəzifələrin həlli dayanır. Bu vəzifələri həll etmək hər bir naxçıvanlının həyat amalına çevrilməlidir. Çünki 2013-cü il “Heydər Əliyev ili”dir.