Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində keçirilən kollegiya iclasını Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Asəf Məmmədov açmışdır. Kollegiya iclasında komitə sədrinin müavini Abutalıb İsmayılovun məruzəsi dinlənilmişdir.
Qeyd olunmuşdur ki, muxtar respublikada tikinti-quruculuq işlərinin həcmi 2012-ci ildə 254 milyon 526 min manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 39 milyon 748 min manat, yaxud 18,5 faiz çoxdur. Əvvəlki illərdə olduğu kimi, ötən il də məktəb binalarının tikintisinə, təhsil şəbəkəsinin genişləndirilməsinə əhəmiyyətli yer ayrılmış, bütövlükdə, 21 məktəb binasında tikinti, yenidənqurma və təmir işləri aparılaraq başa çatdırılmış, 3 məktəb binasında isə işlər davam etdirilməkdədir.
Naxçıvan şəhərində hər biri 280 yerlik olan 1 və 3 nömrəli uşaq bağçaları binalarının tikintisi, Sədərək rayonunun Sədərək kəndində 65 yerlik uşaq bağçası binasının yenidən qurulması başa çatdırılmış, Ordubad şəhərində uşaq bağçası binasının tikintisi isə davam etdirilir.
Naxçıvan Şəhər Texniki Peşə və Sürücülük, Şərur rayonunun Yuxarı Daşarx kəndində Uşaq Musiqi məktəblərinin binalarının yenidən qurulması, Kəngərli rayonunun Çalxanqala kəndində Uşaq Musiqi Məktəbi binasının tikintisi başa çatdırılmışdır.
Muxtar respublikada səhiyyə xidmətini günün tələbləri səviyyəsində qurmaq üçün 20 səhiyyə obyektində bir sıra tikinti-təmir, abadlıq işləri görülmüşdür. Əhalinin mənzil şəraitinin və yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət edən kommunal-məişət sistemlərinin yaxşılaşdırılması istiqamətində də mühüm işlər həyata keçirilmişdir.

Yaşayış binalarının istilik, su, kanalizasiya və sair kommunal xidmətlərlə təmin edilməsi məqsədilə 31 bina üçün 13 qazanxananın tikintisi, 8 qazanxananın, eləcə də 12 binanın təmiri və 5 binanın üzlənməsi başa çatdırılaraq istifadəyə verilmişdir. 
Qeyd olunmuşdur ki, 2012-ci ildə tikinti-quruculuq işləri muxtar respublikanın mədəniyyət və idman obyektlərini də əhatə etmişdir. Ümumilikdə, 40-a yaxın mədəniyyət və idman infrastrukturu sahəsində tikinti-quruculuq işləri aparılmış, o cümlədən 26 obyektdə işlər başa çatdırılmış, 14 mədəniyyət və idman infra­strukturu obyektində isə tikinti, yenidənqurma, təmir işləri cari ildə davam etdirilməkdədir.
Hesabat ilində muxtar respublikada avtomobil yollarının beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində mühüm tədbirlər həyata keçirilmişdir. Ümumilikdə, 2012-ci ildə muxtar respublikada 135 kilometr uzunluğunda yeni yollar salınmış, 8 körpü tikilmiş, 2 körpü isə yenidən qurulmuşdur.
Qeyd olunmuşdur ki, bütün bu görülən işlərlə yanaşı, bəzi nöqsanlar da olmuş, lakin qısa müddət ərzində bunlar aradan qaldırılmışdır. Mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə cari ildə daha məsuliyyətli olmalı, işdə dönüş yaratmaqla buraxılan nöqsanların təkrarına yol verməməliyik.
Məruzə ətrafında müzakirələrdə Naxçıvan Muxtar Respublikası Tikinti-Quraşdırma Dövlət Şirkəti Baş direktorunun müavini Rza Bağırov, Babək və Kəngərli Rayon Tikinti-Quraşdırma idarələrinin rəisləri Rəvayət İmanov və Vəzir Əliyevin çıxışları olmuşdur.
Kollegiya iclasına yekun vuran Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Asəf Məmmədov ötən il işdə buraxılan nöqsanlar, cari ildə qarşıda duran vəzifələrdən danışmış, muxtar respublikanın çoxsaylı inşaatçı kollektivinə 2013-cü ildə yeni-yeni uğurlar arzulamışdır.

*  *  *

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda keçirilən kollegiya iclasını giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının prokuroru, ikinci dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev açaraq geniş məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, muxtar respublikada prokurorluq orqanlarına yüksək dövlət qayğısı göstərilir. Bunun nəticəsidir ki, ötən illər ərzində bütün rayon və şəhər prokurorluqları üçün müasir standartlara cavab verən inzibati binalar tikilərək və ya əsaslı təmir edilərək prokurorluq əməkdaşlarının istifadəsinə verilmişdir. Bu istiqamətdə görülən işlər 2012-ci ildə də davam etdirilmiş, Naxçıvan şəhər və Babək rayon prokurorluqları üçün yeni binalar tikilmişdir.
Bildirilmişdir ki, ötən illərdə olduğu kimi, 2012-ci ildə də muxtar respublikamızda həyata keçirilən quruculuq işlərinin əsas təminatlarından biri olan ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, dövlət müstəqilliyimizin, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi diqqət mərkəzində saxlanılmışdır. 2011-ci ilə nisbətən 2012-ci ildə cinayətlər 31 faiz azalmışdır. 2012-ci il ərzində peşə fəaliyyəti ilə əlaqədar jurnalistlərin təqib edilməsi və onlara təzyiqlər göstərilməsi ilə bağlı muxtar respublika ərazisində cinayət hadisəsi qeydə alınmamışdır.
Həyata keçirilmiş zəruri profilaktik tədbirlər nəticəsində hesabat ilində yetkinlik yaşına çatmayanlar, əvvəllər məhkum olunmuşlar tərəfindən cinayət hadisəsi törədilməmişdir.
Keçmiş illərdə baş verib qapalı qalmış cinayət hadisələrinin açılması sahəsində 2012-ci il ərzində müəyyən işlər görülmüşdür. Belə ki, daxili işlər orqanları ilə əlaqəli şəkildə həyata keçirilən məqsədyönlü istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində prokurorluq və daxili işlər orqanlarında keçmiş illərdə baş verib qapalı qalmış 34 cinayət hadisəsinin açılması və həmin işlərə nəticə verilməsi təmin edilmişdir.
Səbuhi Şahverdiyev dövlət ittihamının müdafiəsi sahəsində görülən işlərdən də danışmışdır. Bildirmişdir ki, 2012-ci ildə 1-ci instansiya məhkəmələrində müvafiq şöbənin əməkdaşlarının iştirakı ilə 22 şəxs barəsində 18 işə baxılaraq ittiham hökmləri çıxarılmışdır.
2012-ci il ərzində muxtar respublika Prokurorluğunun Hüquqi-təminat və informasiya şöbəsi tərəfindən qanunvericiliyin təbliği və profilaktik tədbirlərlə bağlı müəyyən işlər görülmüşdür. Belə ki, prokurorluq orqanları işçilərinin qanunvericiliyin izahı, prokurorluq orqanlarının işi və vətəndaşların konstitusion vəzifələri haqqında məruzə, mühazirə, söhbət və digər şifahi təbliğat formasında, kütləvi informasiya vasitələrində 1320 halda çıxışları olmuşdur. Aparılmış hüquqi maarifləndirmə işinin nəticəsidir ki, muxtar respublika ərazisində həqiqi hərbi xidmət keçməkdən boyunqaçırma, ekoloji cinayətlər qeydə alınmamışdır.
Prokuror məruzəsinin sonunda bildirmişdir ki, 2013-cü il Naxçıvan Muxtar Respublikasında “Heydər Əliyev ili” elan edilmişdir. Belə məsuliyyətli il prokurorluq əməkdaşlarından işlərini yüksək tələblər səviyyəsində qurmağı tələb edir. Bu yüksək tələblərə əməli işimizlə cavab vermək üçün bütün qüvvələrimizi səfərbər etməli, 2013-cü ili uğurla başa vurmalıyıq.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.
İclasda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov çıxış etmişdir.

*  *  *

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində keçirilən kollegiya iclasını Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini, kənd təsərrüfatı naziri Məmməd Abbasov açaraq 2012-ci ildə görülən işlərdən və qarşıda duran vəzifələrdən danışmışdır.
Kollegiya iclasında nazir müavini Sahib İbrahimovun “Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində 2012-ci ildə görülən işlər haqqında” məruzəsi dinlənilmişdir.
Ötən il əkinçilikdə əldə edilən nailiyyətlərdən bəhs edən S.İbrahim­ov vurğulamışdır ki, 1 dekabr 2012-ci il tarixə əkilmiş 37066 hektar payızlıq və yazlıq dənli və dənli-paxlalı bitkilər sahəsindən 108309 ton, 845 hektar dən üçün qarğıdalı sahəsindən 3382 ton, 256 hektar dən üçün günəbaxan sahəsindən 677,8 ton, 2831 hektar kartof sahəsindən 39440,4 ton, 6093 hektar tərəvəz sahəsindən 65809,2 ton, 2938 hektar bostan məhsulları sahəsindən 41791,1 ton məhsul tədarük edilmiş, meyvə bağlarından 42 min ton, üzüm bağlarından 14457,2 ton məhsul götürülmüşdür.
Ötən il 5450 nəfər torpaq mülkiyyətçisinə 3950 ton və ya 1 milyon 460 min 49 manatlıq mineral gübrə yardım olaraq verilmişdir. 2012-ci ilin yazında əkilmiş əkinlər üçün yanacaq-sürtgü yağlarına görə hər hektara 40 manat olmaqla, 3048 nəfər torpaq mülkiyyətçisinə 921 min 465 manat yardım verilmişdir.
Kənd təsərrüfatının mühüm sahələrindən biri olan heyvandarlıq sahəsində də işlər davam etdirilmişdir. Həyata keçirilən tədbirlər hesabına 1 oktyabr 2012-ci il tarixə muxtar respublika üzrə iribuynuzlu malların baş sayı 106264 baş, xırdabuynuzlu heyvanların sayı 646177 baş olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 1395 baş iribuynuzlu mal, 9044 baş xırdabuynuzlu heyvan artmışdır. Bununla yanaşı, muxtar respublikaya 1351 baş, o cümlədən 2012-ci ildə 321 baş müxtəlif cinslərdən olan düyələr gətirilmişdir.
Əhalinin quş əti və yumurtaya olan tələbatının ödənilməsi məqsədilə son illər quşçuluğun inkişafına da xüsusi diqqət yetirilmiş, yeni quşçuluq təsərrüfatlarının yaradılması üçün müvafiq işlər həyata keçirilmiş, bu sahə ilə məşğul olan sahibkarlara 2 milyon manatdan çox kreditlər verilmiş, 9 yeni quşçuluq təsərrüfatı fəaliyyətə başlamış, beləliklə, son illərdə istifadəyə verilən quşçuluq təsərrüfatlarının sayı 46-ya çatmışdır. İstehsal gücü saatda 10 ton olan yeni qüvvəli yem istehsalı sahəsinin fəaliyyətə başlaması isə istər heyvandarlığın, istərsə də quşçuluğun inkişafına öz təsirini göstərəcəkdir.
Nazir müavini görülən işlərlə yanaşı, nöqsanlardan da bəhs edərək bildirmişdir ki, torpaq mülkiyyətçiləri ilə əlaqələrimiz hələ də istənilən səviyyədə qurulmamışdır. Onlara məhsuldar bitkiçilik sahələrinin inkişaf etdirilməsi barədə hərtərəfli məlumatlar verilmir, kənd təsərrüfatı sahəsində bəzi elmi yeniliklərin yerlərə çatdırılması yetərincə təmin olunmur.
Sonra Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin direktoru Bəhruz Bayramovun, Layihə Axtarış Kimyalaşdırma Stansiyasının direktoru Məhəmməd Qaybalıyevin çıxışları olmuşdur.
Sonda kollegiyanın qərar layihəsi oxunmuş və qərar qəbul edilmişdir.

Xəbərlər şöbəsi