
Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə əsası qoyulan və uğurla həyata keçirilən siyasət öz bəhrələrini verib. Ulu öndərin müəyyənləşdirdiyi həmin siyasət hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bu sahədə qanunvericilik bazası daha da təkmilləşdirilir.
Həmin tədbirlərin davamı kimi, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2019-cu il 25 fevral tarixli Sərəncamının icrasına uyğun olaraq sağlamlıq imkanları məhdud şəxslər üçün sosial müavinətlər orta hesabla 100 faiz artırılıb. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli Fərmanı ilə I dərəcəli sağlamlıq imkanları məhdud və ya bu kateqoriyadan olan 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə 50 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib.
Naxçıvan Muxtar Respublikasında da məhdud fiziki imkanlıların cəmiyyətə inteqrasiyası, onların həyat səviyyəsinin yüksəldilməsi, bu qəbildən olan şəxslərin sağlamlıqlarının qeydinə qalınması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, minik avtomobilləri və texniki-bərpa vasitələri ilə təmin edilməsi, təhsil almaları, məşğulluq imkanlarının yüksəldilməsi, istedad və bacarıqlarının inkişaf etdirilməsi, habelə asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Naxçıvan şəhərində Əlillərin Bərpa Mərkəzinin, Uşaq Bərpa Mərkəzinin və Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin fəaliyyət göstərməsi bu kateqoriyadan olan şəxslərin müalicəsinin və reabilitasiyasının təşkilində mühüm əhəmiyyətə malikdir. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində distant təhsil mərkəzinin yaradılması isə hərəkət qabiliyyəti məhdud şəxslərin təhsilə cəlbinə geniş imkanlar açıb.
Hazırda tənha ahıl və sağlamlıq imkanları məhdud 309 şəxsə evlərində sosial-məişət xidməti göstərilir, onların sosial problemlərinin həlli və vaxtaşırı tibbi müayinədən keçmələri təmin edilir. Bununla yanaşı, sağlamlıq imkanları məhdud şəxslərin tibbi və sosial reabilitasiyası məqsədilə cari ilin 11 ayında Əlillərin Bərpa Mərkəzində 143, Uşaq Bərpa Mərkəzində 163 sağlamlıq imkanları məhdud şəxsə tibbi xidmət göstərilib. Həmçinin sağlamlıq imkanları məhdud 52 şəxsə pansionatlara göndəriş verilib, 474 nəfər texniki reabilitasiya və digər köməkçi vasitələrlə təmin edilib, 265 nəfər isə protez-ortopedik xidmətdən yararlanıb.
Məhdud fiziki imkanlı şəxslərin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası məhdud fiziki imkanlı şəxslərin sosial müdafiəsinin güclənməsinə əsaslı zəmin yaradıb. Cari ilin ötən dövründə bu kateqoriyadan olan 28 şəxs münasib işlə təmin edilib, 30 nəfər sosial xarakterli haqqıödənilən ictimai işlərə cəlb olunub, 59 nəfərə isə fərdi ailə təsərrüfatlarını formalaşdırmaq üçün köməklik göstərilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası isə bu kateqoriyadan olan uşaqların təhsil almasına, onların reabilitasiyasına, cəmiyyətə daha fəal inteqrasiyasına yeni imkanlar açıb. Hazırda bu qəbildən olan uşaqlardan 76-sı məktəbəqədər təhsil müəssisələrində, 1060-ı ümumtəhsil məktəblərində, 10 görmə məhdudiyyətli uşaq xüsusi ibtidai məktəbdə, hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən məktəbə gedə bilməyən 12 uşaq isə distant tədris prosesi vasitəsilə təhsilini davam etdirir. Cari il ərzində tədrisə cəlb edilmiş sağlamlıq imkanları məhdud 290 şagird məktəbli geyimi və ləvazimatları, eləcə də qış geyimi ilə təmin olunub. Adıçəkilən proqramın icrası cari ildə də davam etdirilir. Bu günlərdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Rabitə və Yeni Texnologiyalar nazirliklərinin birgə təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud daha bir uşaq – Gülmirə Abbasova distant tədrisə cəlb edilib. Şərur rayonu Çərçiboğan kəndində yaşayan Gülmirə Abbasova zəruri dərs ləvazimatları, tədris vəsaitləri, məktəbli geyimi, həmçinin texniki avadanlıqlarla təmin olunub.
Naxçıvan Muxtar Respublikasında 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrasına uyğun olaraq məhdud fiziki imkanlı qadınlar tərəfindən toxunmuş 4100 cüt yun corab, 2900 ədəd yun boyunluq və 920 ədəd şərf hərbi hissələrə təhvil verilib.
Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinə Naxçıvan şəhərindən və rayonlardan sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların və müxtəlif kateqoriyadan olan fiziki imkanları məhdud şəxslərin cəlbi davam etdirilir. Cari ilin ötən dövründə mərkəzdə fəaliyyət göstərən bütün bölmələrə bu kateqoriyadan olan 226, həmçinin mərkəzin defektoloji bölməsinin Şərur rayon filialına 31, Ordubad rayon filialına isə 32 sağlamlıq imkanları məhdud uşaq cəlb edilib. Mərkəzin defektoloji bölməsinin təlim məşğələlərinə 94, kinekt oyunlar otağına 38, məhdud fiziki imkanlıların kompüter kurslarına 39, əmək terapiyasına 37, musiqi terapiyasına 39, psixoloji dəstək xidmətinə 32, təlim-bərpa məşğələlərinə isə 10 sağlamlıq imkanları məhdud uşaq cəlb olunub.
Muxtar respublikada sosial-iqtisadi sahədə dinamik inkişafın təmin olunması bundan sonra da sağlamlıq imkanları məhdud olan şəxslərin rifahının daha da yaxşılaşmasına, onların cəmiyyətə aktiv inteqrasiyasına imkan verəcəkdir.
Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti