“5 dekabr-Beynəlxalq Könüllülər Günü” ilə əlaqədar “Görüş yeri” kafesində könüllü gənclərlə görüş keçirilmişdir. Əvvəlcə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov gəncləri “5 dekabr-Beynəlxalq Könüllülər Günü” münasibətilə təbrik edərək bildirmişdir ki, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1985-ci il 17 dekabr tarixli qətnaməsi ilə hər il dekabrın 5-i Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” 30 dekabr 2019-cu il tarixli Sərəncamı cari ildə ölkəmizdə, o cümlədən də muxtar respublikamızda könüllülük fəaliyyətinin təkmilləşdirilməsinə, gənclərin bu sahəyə marağının daha da artmasına səbəb oldu.
Sevindirici haldır ki, son illər könüllülüyün sürətlə inkişaf etdiyi muxtar respublikamız könüllülük fəaliyyətinin təbliğində və inkişafında özünəməxsus rol oynayır.
Daha sonra il ərzində keçirilən tədbirlərdə fəal iştirak edən könüllü gənclər diplom və qiymətli hədiyyələrlə təltif olunmuşlar.
Tədbir Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunmuşdur.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti