
Vətən müharibəsində qazanılan Qələbə münasibətilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin təşkilatçılığı ilə Əlahiddə Ümumqoşun Ordu Komandanlığının Tədris Mərkəzində əsgər və zabitlərin psixoloji hazırlıq vəziyyətinə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə, Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
Əlahiddə Ümumqoşun Ordu Komandanının hüquq işləri üzrə köməkçisi kapitan Amil Hacıyev Qarabağ döyüşlərində qəhrəmanlıq göstərmiş əsgər və zabitlərin döyüşlərdə göstərdikləri şücaətlərdən danışıb. Bildirib ki, müasir ordu quruculuğu nəticəsində ölkəmiz hərbi sahədə böyük üstünlük qazanıb. O, başda Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev olmaqla, bütün ordumuza Azərbaycan xalqına bu Qələbə sevincini bəxş etdikləri üçün minnətdarlığını ifadə edib.
Mərkəzin psixoloji ekspertiza bölməsinin böyük eksperti, I dərəcəli ədliyyə qulluqçusu Fariz Səyyadov Silahlı Qüvvələrimizin Qarabağ müharibəsi zamanı əsgər və zabitlərinin düşmən təxribatının qarşısının alınmasında göstərdikləri rəşadət və igidlikdən danışaraq tarixi Qələbə münasibətilə əsgər və zabit heyətini təbrik edib.
Mərkəzin Ekspertiza bölməsinin eksperti, III dərəcəli ədliyyə qulluqçusu Valeh Fərəcov bildirib ki, döyüşçülərin fəaliyyətinin səmərəliliyi onun psixikasının, döyüş şəraitinin və tapşırığın yerinə yetirilməsinin tələblərinə uyğun şəkildə cərəyan etməsinə əsaslanır.
Sonda mərkəzin ekspertləri bir daha əsgər və zabitlərimizi Qələbə münasibətilə təbrik edib, onlara xidməti tapşırıqların yerinə yetirilməsində uğurlar arzulayıblar.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti