Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində keçirilən kollegiya iclasını maliyyə naziri Xalid İsgəndərov açaraq geniş məruzə ilə çıxış etmişdir. “2012-ci ilin yekunları əyani şəkildə göstərir ki, muxtar respublikanın iqtisadiyyatı uğurla inkişaf etmiş, ən vacib makroiqtisadi göstəricilər daha da artmışdır”, – deyən Xalid İsgəndərov bəhs olunan dövrdə muxtar respublikanın iqtisadiyyatında baş verən çoxşaxəli inkişaf prosesinin büdcənin gəlirlərinə də öz təsirini göstərdiyini bildirmişdir.

Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə 2012-ci il ərzində bütün mənbələr hesabına 47 milyon 300 min manat plana qarşı 61 milyon 253 min 566 manat vəsait daxil olmuş, tapşırıq 129,5 faiz icra edilmişdir. Bu, nəzərdə tutulan məbləğdən 13 milyon 953 min 566 manat, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 15,7 faiz, yaxud 8 milyon 319 min 869 manat çoxdur. Büdcə daxilolmalarının 72,8 faizi Vergilər Nazirliyi, 17,8 faizi Dövlət Gömrük Komitəsi tərəfindən təmin edilmiş, 9,4 faizi isə büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxil olmuşdur.
Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin xərcləri 2012-ci ildə 472 milyon 746 min 808 manat dürüst təyinata qarşı 469 milyon 404 min 79 manat və ya 99,3 faiz icra olunmuşdur ki, bu da 2011-ci illə müqayisədə 55 milyon 418 min 203 manat və ya 13,4 faiz çoxdur.

Nazir görülən işlərlə yanaşı, buraxılmış nöqsanlardan da danışaraq bildirmişdir ki, 2012-ci il ərzində Maliyyə Nazirliyi tərəfindən aparılan təftiş və yoxlamalarda 56 min 212 manat əməkhaqqının artıq ödənilməsi, 355 manat məbləğində artıq ödənilmiş ezamiyyə xərci, 70 manat məbləğində təqaüdün artıq ödənilməsi, 180 manat dəyərində normadan artıq ərzaq silgisi, 298 manat dəyərində mal-materialın kəsir gəlməsi, 11 min 820 manat dəyərində mal-materialın və yanacağın normadan artıq silinməsi faktı qeydə alınmışdır. Bundan əlavə, 2944 manat məbləğində xəstəlik vərəqəsi ilə müavinət artıq ödənilmiş və 1760 manat məbləğində nağd pul vəsaiti kassadan sənədsiz silinmişdir. Bu nöqsanların aradan qaldırılması üçün tədbirlər görülmüş, cəmi 73 min 639 manat məbləğində qanunsuz sərf olunmuş vəsaitin 70 min 575 manatı dövlət büdcəsinə bərpa edilmiş, qalan 3 min 64 manat məbləğində vəsaitin dövlət büdcəsinə bərpa edilməsi istiqamətində işlər aparılır. Əməkhaqlarının artıq hesablanmasına görə 1 nəfər vəzifəli şəxs 2 min manat məbləğində cərimə edilmişdir.
Vurğulanmışdır ki, 2013-cü il üçün Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin gəlirləri 55 milyon manat məbləğində proqnozlaşdırılmış və yaxud 2012-ci il büdcə proqnozuna nisbətən 16,3 faiz və ya 7 milyon 700 min manat çox nəzərdə tutulmuşdur. Dövlət büdcəsinin gəlir və xərclərini tənzimləmək məqsədilə Azərbaycan Respublikası dövlət büdcəsindən ayrılan dotasiya 277 milyon 700 min manat nəzərdə tutulmuşdur. Bu, 2012-ci ilin proqnozuna nisbətən 19 milyon 570 min manat və ya 7,6 faiz çoxdur.
Dövlət büdcəsi proqnozunda xərclər 332 milyon 700 min manat müəyyənləşdirilmişdir ki, bu da 2012-ci ilin proqnozuna nisbətən 27 milyon 270 min manat və ya 8,9 faiz çoxdur.
Bildirilmişdir ki, 2013-cü ildə muxtar respublikanın maliyyə işçiləri yüksək səviyyədə fəaliyyət göstərməli, qarşıya qoyulan tapşırıqları vaxtında, keyfiyyətlə icra etməli və mövcud nöqsanları aradan qaldıraraq 2013-cü büdcə ilinin uğurla başa çatdırılmasına nail olmalıdırlar.
Məruzə ətrafında müzakirələrdə nazirliyin Maliyyə nəzarəti təftiş şöbəsinin müdiri Rəsul Rəsulov, Naxçıvan Şəhər, Şərur və Culfa Rayon Maliyyə şöbələrinin müdirləri Əqil Nəsirov, Sahib Musayev, Əhməd Məmişov və başqaları çıxış etmişlər.
Kollegiya iclasında nazirliyin 2013-cü il üçün iş planı təsdiq olunmuşdur.

*   *   *

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında 2012-ci ilin yekunlarına həsr olunmuş yığıncaq keçirilmişdir. Yığıncaqda Müvəkkil (Ombudsman) Ülkər Bayram­ova məruzə ilə çıxış etmişdir.
Qeyd olunmuşdur ki, 2012-ci ildə də insan hüquqlarının müdafiəsi və pozulmuş hüquqların bərpası daim diqqət mərkəzində saxlanılmışdır. Müvəkkilə ünvanlanmış hər bir müraciətə həssaslıqla yanaşılmış, müvafiq araşdırmalar aparılmış, aid qurumlara sorğular ünvanlanmış, bununla yanaşı şifahi qəbul zamanı ərizəçilərə çoxsaylı hüquqi məsləhətlər verilmişdir. Müraciətlərə qanunla müəyyən edilmiş müddətlərdə baxılmış, daxil olan bütün müraciətlər cavablandırılmışdır. 2012-ci ildə təsisatın insan hüquqlarının müdafiəsi, hüquqi ma­arifləndirmə sahəsində fəaliyyəti uşaq, əlil, qadın, hərbi qulluqçular və məhkumlara ünvanlanan insan hüquqlarının müxtəlif istiqamətlərini əks etdirən müvafiq tədbirlərin keçirilməsi, maarifləndirici vəsaitlərin hazırlanması istiqamətində davam etdirilmişdir.
Ötən il həyata keçirilən mühüm tədbirlərdən biri də muxtar respublikanın tam orta məktəblərindən 500 şagirdin, ali və orta ixtisas təhsili müəssisələrindən isə 120 tələbənin iştirak etdiyi, Azərbaycan Respublikasının Konstitusiyası və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının müddəalarını əks etdirən “12 Noyabr – Konstitusiya Günü”nə həsr edilmiş “Mənim hüquq və vəzifələrim” adlı hüquq olimpiadasıdır.
Qeyd edilmişdir ki, ötən il ərzində müxtəlif sosial qruplara ünvanlanmış 54 tədbir keçirilmiş, 150 ədəd “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının mətni”, 600 ədəd “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Qanun” yeni redaksiyada, 250 ədəd “İnformasiya əldə etmək haqqında qanuna dair yaddaş kitabçası” hazırlanmış, müxtəlif tədbirlərdə aidiyyəti qurumlara paylanmışdır.
Beynəlxalq təcrübə mübadiləsi sahəsindəki əlaqələrin inkişaf etdirilməsi və yeni əlaqələrin yaradılması da daim diqqət mərkəzində saxlanılmış, ötən il beynəlxalq qurumların Azərbaycan üzrə ofisləri, xarici ölkələrin ölkəmizdəki səfirliklərinin nümayəndələri ilə bir sıra görüşlər keçirilmişdir.
2012-ci ildə müvəkkilin preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aid 25 müəssisədə plan üzrə 39, plandankənar 5 olmaqla, cəmi 44 başçəkmə həyata keçirilmişdir.
“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun icrasını təmin etmək məqsədilə müvəkkil informasiya sahibi olan dövlət qurumlarının, yerli özünüidarəetmə orqanlarının müəyyən edilməsi, maarifləndirici tədbirlərin həyata keçirilməsi, habelə ma­arifləndirici vəsaitlərin hazırlanması istiqamətində işlərini davam etdirmişdir.
Yığıncaqda 2012-ci ildə görülən işlər təhlil olunmuş, qarşıda duran vəzifələr müəyyən edilmiş, 2013-cü il üçün tərtib edilmiş iş planı müzakirə olunaraq qəbul edilmişdir.
Yığıncağa Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayram­ova yekun vurmuşdur.

*   *   *

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində ötən ildə görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı kollegiya iclası keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov açıb.
Sonra komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Səhət Həbibbəylinin ötən ilin yekunlarına həsr edilən məruzəsi dinlənilib.
Məruzədə qeyd olunub ki, ötən il Naxçıvan Şəhər Gömrük İdarəsi üçün beynəlxalq standartlar səviyyəsində yeni kompleks tikilib, regionda ilk dəfə yaradılan Gömrük Ekspertizası Laboratoriyası istifadəyə verilib. Ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə bu infrastruktur obyektlərinin açılışı muxtar respublika gömrük xidməti üçün əlamətdar hadisəyə çevrilib. İnfrastrukturun təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq, Culfa şəhərində yerləşən “Naxçıvanterminalkompleks” Birliyi üçün yeni inzibati binanın inşasına başlanılıb.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 5 iyul 2012-ci il tarixli Fərmanına əsasən, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Əsasnaməsi və yeni strukturu təsdiq olunub. Strukturun Naxçıvan Gömrük Ekspertiza İdarəsi, müstəqil qurum olan Gömrük Mühafizə Xidməti və Kinoloji bölmə ilə daha da genişləndirilməsi muxtar respublikada gömrük xidmətinə növbəti diqqət və qayğının təcəssümü kimi qiymətləndirilməlidir.
2012-ci il ərzində büdcənin formalaşdırılması üçün müəyyən olunmuş 3 milyon 500 min manat proqnoza qarşı 10 milyon 884 min 385 manat vəsait toplanaraq təyinatı üzrə köçürülüb, proqnoz-tapşırıq 310 faiz yerinə yetirilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 2 milyon 983 min 133 manat və ya 37 faiz çox olub. Hesabat dövrü ərzində büdcəyə köçürülmüş vergi və rüsumlar Naxçıvan Muxtar Respublikasının büdcə gəlirlərinin 19,6 faizini təşkil edib. Ötən müddət ərzində dövlət büdcəsinin formalaşdırılması üçün yığılmış vəsaitlə yanaşı, Gömrük Sisteminin Büdcədənkənar İnkişaf Fonduna 363 min 220 manat vəsait köçürülüb, bununla da, tabeli gömrük orqanları üzrə toplanmış gömrük ödənişlərinin miqdarı 11 milyon 247 min 605 manata çatıb.
Komitə sədrinin müavini deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrasının təmin olunması məqsədilə gömrük sərhəd-buraxılış məntəqələrindən keçən xarici avtonəqliyyat vasitələrinin və tranzit malların sığortası həyata keçirilib, hesabat dövrü ərzində 113 min 238 manat sığorta haqqı toplanaraq müvafiq hesaba köçürülüb. Qırx xarici dövlətlə ticarət əməliyyatları aparılıb, muxtar respublikanın xarici ticarət dövriyyəsi artaraq 450 milyon 914,6 min ABŞ dolları səviyyəsinə çatıb.
Ötən il gömrük orqanlarında iş prosesinin avtomatlaşdırılması davam etdirilib. Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin tam formada tətbiqi ilə gömrük orqanlarında bütün kitablar ləğv olunub, qeydiyyatın yalnız elektron formada aparılmasına başlanılıb.
Məruzə ətrafında komitənin Gömrük nəzarətinin təşkili şöbəsinin rəisi, gömrük xidməti mayoru Zaur Bağırovun, “Naxçıvanterminalkompleks” Birliyinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Nurəli Tağıyevin çıxışları olub.
Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov çıxış edib.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov cari ildə hər bir gömrük əməkdaşına uğurlar arzulayıb, işdə buraxılan nöqsanların qısa zamanda aradan qaldırılacağına əminliyini bildirib.
Sonda kollegiyanın qərarı oxunub.

*   *   *

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində 2012-ci ildə görülmüş işlərə həsr olunmuş kollegiya iclası keçirilmişdir. Kollegiya iclasında gənclər və idman naziri Azad Cabbarov məruzə ilə çıxış etmişdir.
“İdman ili”ndə mövcud idman obyektlərinin siyahısına Naxçıvan şəhərindəki Stend və Sportinq Atıcılığı Mərkəzinin də əlavə olunduğunu vurğulayan Azad Cabbarov bildirmişdir ki, mövcud idman potensialı gənclərin asudə vaxtdan səmərəli istifadə etməsinə səbəb olmaqla yanaşı, bir sıra yarışların təşkilinə də şərait yaratmış, muxtar respublikada müxtəlif idman növləri üzrə beynəlxalq turnir və çempionatlar keçirilmişdir. Ötən ilin may, iyun və dekabr aylarında muxtar respublikamız üç beynəlxalq yarışa, bir Azərbaycan çempionatına ev sahibliyi etmişdir. Muxtar respublikada yüksək səviyyədə təşkil olunan ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş “Naxçıvan Open-2012” Beynəlxalq Şahmat Festivalı, 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Naxçıvan kuboku” uğrunda yunan-Roma güləşi üzrə gənc­lər arasında beynəlxalq turnir, MMA Qran-Pri üzrə Şərqi Avropa Çempionatı və üzgüçülük üzrə Azərbaycan çempionatı Naxçıvanı beynəlxalq səviyyədə tanıdaraq uşaq və gənclərdə bu idman növlərinə marağı artırmışdır. Bundan əlavə, muxtar respublika idmançılarının dünya, Avropa çempionatlarında, beynəlxalq yarışlarda, ölkə birinciliklərində iştirakı da təmin edilmişdir. 2012-ci il ərzində muxtar respublikamızın idmançıları dünya çempionatlarında 6, Avropa çempionatlarında 4, beynəlxalq turnirlərdə 14, beynəlxalq yoldaşlıq görüşlərində 12, Azərbaycan birinciliklərində 70, Par­alimpiya oyunlarında isə 1 medal qazanmışlar.
Gənclər və İdman Nazirliyi tərəfindən 2012-ci ildə “Nuh yurdu” intellektual müsabiqəsi, “Biz sizdən öyrəndik qəhrəmanlığı”, “Ətraf mühitin çirklənməsinə yox deyirik” devizi altında tədbirlər keçirilmiş, gənc­lərin iştirakı ilə dəyirmi masalar təşkil olunmuşdur. Ötən il muxtar respublikamızın komandaları gənclər arasında “Xəmsə” Milli İntellektual Oyunlarının V Azərbaycan çempionatında 4-cü, yeniyetmələr arasında II Azərbaycan çempionatında isə 3-cü yerləri tutmuşlar.
Vurğulanmışdır ki, nazirlik yaradılan münbit şəraitdən bəhrələnərək idmanın muxtar respublikada daha kütləvi xarakter almasında, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkilində, böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında səyləri daha da artırmalıdır. 2013-cü ilin muxtar respublikada “Heydər Əliyev ili” elan edilməsi Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin də üzərinə mühüm vəzifələr qoymuşdur. Nazir qeyd etmişdir ki, 2013-cü ildə hər birimiz Heydər Əliyev siyasətinin ətrafında sıx birləşməklə Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi olan doğma Naxçıvanımızın çiçəklənməsi istiqamətində aparılan işlərdə daha yaxından iştirak etməliyik.
Sonra Naxçıvan Şəhər və Şahbuz Rayon Gənclər və İdman idarələrinin rəisləri Xəyal Qurbanov və Vüqar Muradovun məruzə ətrafında çıxışları olmuşdur.

Xəbərlər şöbəsi