Dünən Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agent­liyində 2012-ci ilin yekunlarına dаir kollegiya iclası kеçiril­mişdir. İclasda agentliyin Baş direktoru Yasin Səfərov məruzə ilə çıxış edərək bildirmişdir ki, enerji təhlükəsizliyi ilə bağlı görülən tədbirlər nəticəsində son vaxtlar muxtar respublikada yaradılmış 4 elektrik stansiyası elektrik enerjisinə olan tələbatı tam ödəməklə yanaşı, onun ixracına da imkan yaratmışdır. Ötən il 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik Stansiyasının tikintisinə başlanılmış, 20,5 meqavat gücə malik Arpaçay Su Elektrik Stansiyasında və 36 meqavat gücə malik Ordubad Su Elektrik Stansiyasında işlər davam etdirilmişdir.
Qeyd olunmuşdur ki, ötən il 132/110 kilovoltluq “Araz” yarım­stansiyasında olan qeyri-standart gərginlikli 150 meqavolt-amper güclü transformatorun standart gərginlikli 50 meqavolt-amper güclü yeni transformatorla əvəz olunması işlədicilərin keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsinə imkan vermişdir. Bundan əlavə, yarımstansiyada yenidənqurma işləri aparılmış, 132 və 110 kilovoltluq eleqaz açarları qoyulmuş, ayırıcılar, ölçü transformatorları yeniləri ilə əvəz edilmiş, yarımstansiyanın sxemi sadələşdirilmişdir. 1959-cu ildə Naxçıvana Azərbaycanın enerji sistemindən elektrik enerjisi verilməsinə başlandığı zamandan istismar edilən 110/35/10 kilovoltluq “Naxçıvan” yarımstansiyasında vaxtaşırı cari və əsaslı təmir işləri aparılmasına baxmayaraq, bütün avadanlıqlar fiziki cəhətdən köhnəldiyindən istismara yararsız hala düşmüşdü. Yarımstansiyada olan əsas elektrik avadanlıqlarını yenisi ilə əvəz etmək üçün işlədicilərin enerji təchizatında böyük fasilələr yaranmalı idi. Bunu nəzərə alaraq, agentliyin inzibati binasının yanında yeni 110/35/10 kilovoltluq 50 meqavolt-amper güclü müasir yarımstansiya tikilib-quraşdırılmış, sınaq-sazlama işləri aparıldıqdan sonra istismara verilmişdir.

Ötən il muxtar respublikanın ayrı-ayrı yaşayış məntəqələrində, ümumilikdə, 31 ədəd yeni transformator yarımstansiyası qoyulmuş, 78 kilometr yeni 10 və 0,4 kilovoltluq elektrik verilişi xətləri çəkilmişdir. Naxçıvan, Şərur və Culfa transformator təmiri sexlərində 121 ədəd 10/0,4 kilovoltluq transformator təmir edilib şəbəkələrə qaytarılmışdır. 
2012-ci il ərzində 9,92 faiz texniki itki nəzərə alınmaqla işlədicilərə dəyəri 22267,38 min manat olan 371123 min kvt/saat elektrik enerjisi ötürülmüşdür. Elektrik enerjisi satışından 22297,4 min manat vəsait toplanmış, enerjinin dəyərinin ödənilməsi 100,13 faiz təşkil etmişdir.
Sonra məruzə ətrafında Naxçıvan Modul Elektrik Stansiyasının direktoru Məhərrəm Abbasovun, Biləv Su Elektrik Stansiyasının direktoru Sahib Zeynalovun, Babək, Culfa, Kəngərli Rayon Elektrik şəbəkələrinin direktorları Kazım Xudiyevin, Səid Həşim­ovun, İsmixan Nağıyevin çıxışları olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri Rəfael Babayev iclasda çıxış etmişdir.
Kollegiya iclasında əldə olunan nailiyyətlərlə yanaşı, işdə buraxılan nöqsanlara da toxunulmuş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.

Xəbərlər şöbəsi