02 Sentyabr 2014, Çərşənbə axşamı

Azərbaycan xalqının tarixi taleyində elə bir əlamətdar hadisə,  ictimai-siyasi, iqtisadi və mədəni həyatın elə bir vacib sahəsi yoxdur ki, orada ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olmasın. Azərbaycan elminin müxtəlif sahələrinin inkişafında bilavasitə maraqlı olan ümummilli liderimiz Heydər Əliyev hər bir elm sahəsinə, elm adamına həssas münasibəti, xüsusi qayğısı ilə hər zaman xatırlanır. Ümummilli liderimizi ən çox qayğılandıran və düşündürən elm sahələrindən biri qədim dövlətçilik ənənələrinə malik Azərbaycanımızın çoxminillik tarixi olmuşdur. O, bu sahədəki problemlərin aradan qaldırılması, milli tariximizin yenidən tədqiq edilib təbliğ olunması üçün dəfələrlə qabaqcıl tarixçi alimlərlə görüşlər keçirmiş, bu sahənin inkişafına dövlət qayğısının gücləndirilməsini təmin etmişdir.

Məhz milli tariximizə olan doğma münasibət Onu bu ixtisas üzrə təhsil almağa sövq etmişdir. Təsadüfi deyildir ki, ümummilli lider Azərbaycan  Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsinə daxil olmuş və 1957-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. Onun əmək fəaliyyətinə başladığı ilk iş yeri də tariximizin keşiyində dayanmalı olan Azərbaycan Tarixi Muzeyi olmuşdur. Vətən tarixinin keşik­çisi kimi fəaliyyətə başlayan bu böyük şəxsiyyət sonralar bütün Vətənin mühafizəçisinə, xilaskarına çevriləcəkdi. 

Dövlət təhlükəsizlik orqanlarında mühüm vəzifələrdə təmsil olunduğu dövrlərdə də ulu öndər Azərbaycan tarixinin aktual və problemli məsələlərini daim diqqət mərkəzində saxlamış, bu sahədəki boşluqların tamamlanmasına çalışmışdır.
Görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk illərdən həyata keçirilən tədbirlərdən biri maddi-mədəni irsimiz olan tarixi abidələrimizin mühafizəsi və bərpası istiqamətində görülən işlərdir. O, bunun üçün mühüm qərarlar qəbul edərək tarixi abidələrimizin öyrənilməsi və təbliği işini böyük cəsarətlə həyata keçirirdi. Məhz dahi rəhbər Heydər Əliyevin böyük xidmətlərinin nəticəsi idi ki, XX əsrin 70-ci illərində “abidələr tariximizdir” fikrinin mətbuatda, ictimai-siyasi həyatda geniş təbliğ edilməsinə başlanılmışdır. Respublikamızın görkəmli tarixçi alimləri və mədəniyyət işçilərindən ibarət komissiyalar yaradılmış, onlara tarixi-mədəni irsimizin yenidən tədqiq edilərək elmi dövriyyəyə daxil edilməsi tapşırığı verilmişdir. Azərbaycan xalqının mədəni irsinin qorunması, bərpası və təbliği məqsədilə təkcə 1969-1973-cü illərdə 15 qərar və sərəncam imzalanmışdır.
Bu qərarlara uyğun olaraq,  Azərbaycan ərazisindəki tarix və memarlıq abidələrinin uçotu dəqiqləşdirilmiş, onlar yenidən qeydiyyata alınmışdı.
Tarixi abidələrimiz tədqiq olunub öyrənildikdən sonra onların təbliği işinin həyata keçirilməsi üçün muzeylərimizin fəaliyyətinin gücləndirilməsi və həmin tarixi eksponatların muzeylərdə nümayişi məqsədilə mühüm qərarlar qəbul edilmişdir. Azərbaycan KP MK Bürosunun 1970-ci il 30 sentyabr tarixli iclasında Azərbaycan tarixini və mədəniyyətini SSRİ-nin əsas muzeyləri vasitəsilə təbliğ etmək barədə qərar qəbul olunmuş, eyni zamanda Azərbaycan Kommunist Partiyası  Mərkəzi Komitəsinin Bürosunun 1972-ci ildə keçirilmiş iclasında qəbul edilən  qərarla Azərbaycan Tarixi Muzeyinin 50 illiyi qeyd olunmuşdur.
Totalitar rejimin sərt qanunlarına baxmayaraq, xalqımızın tarixi yaddaşının ən tutarlı möhürləri olan abidələrimizin bərpası və mühafizəsi istiqamətində atılmış cəsarətli addımlar bu sahədəki dağıntı və unudulmaların qarşısını alırdı. Dünyanın ən qədim insan məskənlərindən biri olan Azıx mağarasının, açıq səma altında muzey olan Qobustanın tədqiqinə, alban məbədlərinin qorunmasına diqqət artırılmış, Beyləqan, Gəncə, Şamaxı və Şəmkirdəki tarixi abidələr, Bakı şəhərindəki Qız qalası, Naxçıvandakı bir çox abidələr, o cümlədən Qarabağlar türbəsi, Bərdədə XVI əsrə aid minarə, Ağdamda Xaçın Dorbatlı kəndi yaxınlığında XIV əsrə aid məqbərə, Salyan rayonunda Pirsaat çayının sahilindəki XIII-XV əsrlərə aid Xanəgah kompleksi, Şəki xan sarayı, Şirvanşahlar sarayı, Atəşgah və onlarla başqa abidələr bərpa edilmişdir. Təkcə 1973-cü ildə Azərbaycan xalqının zəngin tarixini özündə yaşadan 11 abidə eyni zamanda bərpa olunaraq istifadəyə verilmişdir.
Bununla yanaşı, müxtəlif tarixi və arxeoloji ekspedisiyalar yaradılırdı ki, bu yolla da çoxəsrlik Azərbaycan tarixi nəinki sovet imperiyasının, eləcə də dünya mədəniyyət tarixinin ayrılmaz hissəsi kimi öyrənilməyi zəruri edirdi. Ekspedisiyaların əldə etdiyi nailiyyətlər tarixi keçmişimizi daha da qədimlərə aparmaqla yanaşı, etnik kimliyimizin də tədqiqi və öyrənilməsinə, köklü adət-ənənələrimizin dirçəldilməsinə imkan yaradırdı. Təkcə 1974-cü ildə Azərbaycanın müxtəlif rayonlarında eyni zamanda 9 arxeoloji ekspedisiya, 4 arxeoloji dəstə işləyirdi.
Ulu öndər Heydər Əliyevin  tarixi Azərbaycan ərazisi olan Qəbələ şəhərinin RLS tikintisi bəhanəsi ilə  dağıdılmasının qarşısını qətiyyətlə aldığını o dövrün tarixçi alimləri çox yaxşı xatırlayırlar. Xatırladaq ki, bu plan Qəbələ RLS layihə institutlarının birində işləyən milliyyətcə erməni qadın tərəfindən layihələndirilmişdi.
1981-ci ilin oktyabr ayında Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti “Azərbaycan SSR-də şəhərsalma, arxitektura və arxeologiya abidələrinin mühafizəsini, bərpasını və onlardan istifadə olunmasını daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qəbul etdiyi Qərarla Naxçıvan Muxtar Sovet Sosialist Respublikasında Qarabağlar türbəsinin mühafizəsi və bərpası təmin edilmişdir. Ordubad şəhərinin qoruq şəhər elan edilməsi də məhz bu illərin ən cəsarətli qərarlarından idi. Bununla yanaşı, 1981-ci ildə  Azərbaycanda 47 abidə üzərində eyni zamanda bərpa işləri aparılmışdır.
Azərbaycan KP MK Bürosunun 1981-1982-ci illərdə keçirilmiş iclaslarında qəbul olunan qərarlarla Azərbaycanın bütün rayonlarında tarix-diyarşünaslıq muzeyləri yaradılmağa başlanmışdır.
Xalqımızın böyük oğlu Heydər Əliyevin tarix qarşısında ən böyük xidmətlərindən biri də Azərbaycan xalqının tarixi taleyində və dövlətçilik tariximizdə mühüm rolu olan şəxsiyyətlərə ucaltdığı abidələrdir. Bununla da, ulu öndər Azərbaycan torpağında azərbaycanlı görkəmli şəxsiyyətlərə abidə qoymaqla xalqında dövlətçilik, dövlət adamlarına rəğbət və hörmət hissini gücləndirirdi. Məhz bu illərdə müxtəlif tarixi şəxsiyyətlərimiz haqqında qəhrəmanlıq filmləri çəkilərək (“Babək”, “Nəsimi”, “Uzaq sahillərdə”, “Dədə Qorqud” və sair) Azərbaycan tamaşaçısına təqdim edilmişdir.
Azərbaycan Respublikası ikinci dəfə öz dövlət müstəqilliyini əldə etdikdən sonra ulu öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı hər bir sahədə olduğu kimi, milli tariximizin yenidən canlandırılmasına da öz töhfəsini vermişdir. Ulu öndər hakimiyyətinin ilk illərindən tarixçi alimlərlə keçirdiyi görüşlər zamanı çoxcildlik ”Azərbaycan tarixi”, “Azərbaycan şəhərlərinin tarixi”, “Azərbaycan xalqının hərb tarixi”, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin həyat və fəaliyyətini əks etdirən fundamental əsərlərin yazılması zərurətini dönə-dönə xatırladırdı. Ümummilli liderin tarix elminin bütün problemləri ilə yaxından maraqlanması və bu sahəyə yaxşı bələdçiliyi sayəsində tariximizin müəyyən dövrləri ilə bağlı olan qaranlıq məsələlərə aydınlıq gətirilmişdir. Sovet dövrü Azərbaycan tarixinin, ümumiyyətlə, 1920-1990-cı illər tarixinin inkar edilməsinə qarşı çıxan ümummilli lider deyirdi: “Bəzi yeni siyasətçilər deyəndə ki, Nəriman Nərimanovdan başlanan və indiyə qədər, bizə qədər olan dövr tarix deyildir, mən dəhşətə gəldim. Belə ədalətsizliyə yol vermək olmaz. Bunu etmək istəyənlər tarixinə xor baxan, tarixinə düşmən çıxan adamlardır”.
Müstəqillik illərində ümummilli liderimizin tarixçilər qarşısında müəyyənləşdirdiyi ən mühüm vəzifələrdən biri də Azərbaycan tarixinin ayrılmaz parçası olan Naxçıvan tarixinin hərtərəfli araşdırılması olmuşdur. Naxçıvanın müasir elmi yanaşma baxımından öyrənilməsi vacibliyini vurğulayan ümummilli lider Heydər Əliyev deyirdi: “Naxçıvanın qədim, zəngin tarixi Azərbaycan tarixinin çox parlaq səhifələrindəndir. Bizim əsas məqsədimiz Naxçıvanın tarixini hərtərəfli öyrənmək, tədqiq etmək, onları elmi və populyar kitablarda dərc etmək, təbliğat materiallarında istifadə etməkdir”.
Naxçıvan tarixşünaslığının inkişafı istiqamətində həyata keçirilmiş tədbirlər sayəsində Naxçıvanda tarix elminin bütün sahələri üzrə yeni tədqiqat əsərləri meydana gəlmiş, Naxçıvan tarixinin ən aktual problemləri elmi surətdə öz həllini tapmışdır.
“Uluslararası qaynaqlarda Naxçıvan” mövzusunda simpozium keçirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 24 mart 1996-cı il tarixli Sərəncamı və simpoziumda səslənən tezislər ümummilli lider Heydər Əliyevin ideyalarına əsaslanmaqla gələcək tarixi planların müəyyənləşdirilməsinə şərait yaratmışdır.
Dünya sivilizasiyasına dəyərli töhfələr verən Naxçıvan ərazisi qədim və orta əsr abidələri ilə zəngin olan tarixi diyardır. Tarixi materiallarda qədim İpək Yolu üzərində ən əhəmiyyətli məntəqə kimi qiymətləndirilən Naxçıvan ərazisindən keçən beynəlxalq karvan yolları üzərində inşa edilən karvansaralar, xanəgahlar, məscidlər, ovdanlar, gözətçi məntəqələri, körpülər, sadəcə, yerli əhəmiyyətli deyil, eyni zamanda beynəlxalq əhəmiyyətli abidələr kimi inşa olunaraq istifadəyə verilmişdir. Buradakı Yaxın Şərqin ən qədim yaşayış və mədəniyyət abidələri, xatirə abidələri, türbələr, müdafiə qalaları Naxçıvanın maddi-tarixi irsinin ən unikal nümunələridir. Bu möhtəşəm tarixi möhürlərin mühafizə və bərpa olunmasında “Naxçıvan Muxtar Respublikasında tarixi abidələrin bərpası fondunun yaradılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 7 dekabr 1999-cu il tarixli Sərəncamının ciddi  tarixi əhəmiyyəti vardır. Qısa müddət ərzində günümüzədək tam, yaxud yarımdağılmış vəziyyətdə çatan abidələrin bərpa olunması Naxçıvan tarixinin müxtəlif dövrlərinin yenidən tədqiqi və öyrənilməsi baxımından yüksək dəyərə malikdir.
“Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 26 aprel 2001-ci il tarixli Sərəncamının işığında meydana gələn yeni tədqiqat əsərləri, yüksək səviyyədə təşkil olunmuş beynəlxalq ekspedisiyanın nəticələri bir daha sübut etdi ki, Gəmiqaya abidəsi xalqımızın milli, ideoloji, mifoloji təfəkkürünün məhsulu olan çox qiymətli tarixi abidədir.
Ali Məclis Sədrinin Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqındakı sərəncamı bu sahədə ciddi və dəqiq araşdırmaları təmin etmişdir. Naxçıvan abidələri sistemli şəkildə öyrənilmiş və təbliğ olunmuş, Naxçıvan Abidələri Ensiklopediyası nəfis şəkildə nəşr olunaraq ictimaiyyətə təqdim edilmişdir.
“Nuh Peyğəmbər: Dünya tufanı və Naxçıvan” mövzusunda Beynəlxalq Simpoziumun keçirilməsi haqqında” 10 fevral 2009-cu il tarixli Sərəncamın nəticəsində Naxçıvanda keçirilən Beynəlxalq Simpoziumda səslənən fikirlər belə deməyə əsas verir ki, Naxçıvan həqiqətən ilkin sivilizasiya mərkəzlərindən biridir və özündə dünya mədəni irsinin ən sanballı nümunələrini yaşatmaqdadır.
İlkin yaşayış və şəhər mədəniyyətinin inkişaf etdiyi yer kimi Naxçıvan tarixinin öyrənilməsi, tədqiq və təbliğ olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda Beynəlxalq Simpoziumun keçirilməsi haqqında” imzaladığı 7 iyun 2011-ci il tarixli Sərəncam Naxçıvanın ilkin şəhər mədəniyyətinin yarandığı ərazi kimi tədqiqi və öyrənilməsi baxımından ciddi tarixi əhəmiyyətə malikdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması və nəşr olunması barədə 6  avqust 2012-ci il tarixli Sərəncamı, əslində, 1996-cı ildə başlanan tarixi tədqiqatların sanballı yekunu kimi qiymətləndirilməlidir.

Ümumilikdə isə bir daha qeyd etmək lazımdır ki, Azərbaycan tarixinin və onun vacib bir hissəsi olan Naxçıvan tarixinin  fundamental tədqiqi istiqamətində atılan bütün addımlar ümummilli lider Heydər Əliyevin müdrik fikirlərinə və ideyalarına əsaslanmaqdadır. Bu isə ulu öndər Heydər Əliyevi təkcə tariximizin obyektiv, elmi əsaslarla öyrənilməsinin ideya müəllifinə çevirməyib, həm də onun özünü Azərbaycanın çoxminillik tarixinin özü qədər əbədiləşdirib. Başqa sözlə desək, Azərbaycan tarixini unudulmaqdan qoruyan Heydər Əliyevi Azərbaycan tarixi heç vaxt unutmayacaqdır. Çünki onun tariximizdə və taleyimizdə olan izləri əbədidir.    

Elbrus İSAYEV
Naxçıvan Özəl Universitetinin Humanitar elmlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent