22 İyul 2014, Çərşənbə axşamı

ARXİV

İyul 2014
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

LİNKLƏR

 

 

Fevralın 6-da Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə dair yığıncaq keçirilmişdir. Yığıncağı xidmətin rəisi, baş miqrasiya xidməti müşaviri Fazil Ələkbər­ov açaraq bildirmişdir ki, xidmət tərəfindən 2013-cü il ərzində muxtar respublika ərazisində qanunsuz və qeydiyyatsız yaşayan, qanunsuz əmək fəaliyyəti, eyni zamanda küçə ticarəti ilə məşğul olan 221 əcnəbi aşkarlanmışdır. Qanunverici­liyin tələblərini pozmuş əcnəbilərdən 70-i barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq, cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. 91 əcnəbi barəsində isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaq qərarı qəbul olunmuşdur. Bu əcnəbilərin idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə ölkəyə girişlərinə müəyyən müddətə məhdudiyyət qoyulmuş, 60 əcnəbi isə 48 saat ərzində ölkə hüdudlarından kənara çıxarılmışdır.

Bildirilmişdir ki, hesabat dövrü ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı xidmətə 12 min 821 müraciət daxil olmuşdur. Əcnəbilərin muxtar respublika ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələrinə icazə verən rəsmi sənəd olan fərdi icazə ilə bağlı işəgötürənlər tərəfindən Dövlət Miqrasiya Xidmətinə daxil olmuş müraciətlər əsasında 511 əcnəbi fərdi icazə ilə təmin edilmişdir. Bundan başqa, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətləri əsasında xidmət tərəfindən 1090 əcnəbi və vətəndaşlığı olmayan şəxs yaşayış yeri üzrə qeydiyyata alınaraq Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, 2 əcnəbi isə Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə vəsiqəsi ilə təmin edilmişdir. Bu dövr ərzində Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı xidmətə 2 müraciət daxil olmuşdur. Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı 2013-cü il ərzində Dövlət Miqrasiya Xidmətinə 171 müraciət  edilmişdir.
Sonra məruzə ətrafında xidmətin əməkdaşlarından Əfqan Əliyevin, Aysel Əliyevanın, İlqar Seyidovun və Zakir Məmmədovun çıxışları olmuşdur.

*   *   *

“Son illər muxtar respublikamızda aparılan meliorasiya, irriqasiya tədbirləri, lizinq xidməti, yanacaq-sürtgü yağlarına görə torpaq mülkiyyətçilərinə yardımların ödənilməsi, istifadə olunan gübrələrin 50 faizinin pulsuz verilməsi, toxumçuluq və tingçiliklə məşğul olan təsərrüfatlara subsidiyaların ödənilməsi, taxıl qəbul edən və soyuducu anbarların yaradılması, meyvə-tərəvəz emalı müəssisələrinin işə salınması kənd təsərrüfatının inkişafına əsaslı stimul olmuşdur”. Bu fikirlər Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin kollegiya iclasında səsləndirilmişdir. Kənd təsərrüfatı naziri Elşad Əliyev bildirmişdir ki, 2013-cü ildə əkilmiş 35 min 324 hektar taxıl sahələrindən 102 min 960 ton məhsul toplanmışdır. Bu da 2012-ci illə müqayisədə 1112 ton çoxdur. Bununla yanaşı, 2109 hektar paxlalılar sahəsindən 6508 ton, 966 hektar dən üçün qarğıdalı sahəsindən 3882 ton, 260 hektar günəbaxan sahəsindən 694 ton, 2957 hektar kartof sahəsindən 41296 ton, 6116 hektar tərəvəz sahəsindən 66 min 497 ton, 2743 hektar bostan sahəsindən 39 min 37 ton barverən meyvə bağlarından 41 min 633 ton, barverən üzüm sahələrindən 14 min 612 ton məhsul toplanmışdır ki, bu da əvvəlki illə müqayisədə istər əkin sahələri, istərsə də məhsul istehsalı baxımından artım deməkdir.
2013-cü ildə, ümumilikdə, kənd təsərrüfatı üçün banklar və bank olmayan kredit təşkilatları tərəfindən 14 milyon 784 min manat kredit verilmişdir.        
Görülmüş təşkilati tədbirlər nəticəsində payızlıq taxıl əkini işləri müvəffəqiyyətlə başa çatdırılmışdır. 2013-cü ilin  payızında 29 min 697,7 hektar sahədə taxıl əkini keçirilmişdir. Onun 26 min 272,1 hektar və ya 88,5 faizini buğda, 3425,6 hektar və ya 11,5 faizini arpa təşkil etmişdir.
“Muxtar respublikada mal-qaranın və quşların baş sayının artması heyvandarlıq məhsullarının istehsalını artırmağa imkan yaratmışdır”, – deyən nazir vurğulamışdır ki,  ötən il muxtar respublikada diri çəkidə 19 min 501 ton ət, 78 min 613 ton süd, 69 milyon 644 min ədəd yumurta, 982 ton yun, 1304 ton bal istehsal edilmişdir. Ümumilikdə, 2013-cü ildə  kənd təsərrüfatının ümumi məhsulu 337,1 milyon manat təşkil etmişdir ki, bu  da əvvəlki ildən 6,9 faiz çoxdur.
Kollegiya iclasında işdə buraxılan nöqsan və çatışmazlıqlar da ətraflı təhlil olunmuş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
Sonra məruzə ətrafında çıxışlar  olmuşdur.
Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri Rəfael Babayev çıxış etmişdir.

*   *   *

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində keçirilən 2013-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağı idarənin sədri Səbuhi Məmmədov açaraq məruzə etmişdir.
Qeyd olunmuşdur ki, bank və digər kredit təşkilatları tərəfindən 2013-cü il ərzində 49 milyon 766 min manat kredit verilmişdir. Bunun da 18 milyon 648 min manatı qısamüddətli, 31milyon 118 min manatı isə uzunmüddətli kreditlərdir. Verilmiş kreditin  35,3 faizini kiçikhəcmli kreditlər təşkil edir. Gələcəkdə bu cür kreditlərin verilməsinin həcminin artırılması istiqamətində lazımi iş aparılır.
Səbuhi Məmmədov 2013-cü ildə 75 hüquqi, 8374 fiziki şəxs olmaqla, 8449 müştəriyə yeni bank hesabı açıldığını, açılmış bank hesablarının 8395-nin fəaliyyət göstərdiyini diqqətə çatdıraraq bildirmişdir ki, artıq sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərlə yanaşı,  əhalinin müxtəlif təbəqələrindən olan insanlar da sürətlə bank hesabları açır, fərdi ödəniş kartları əldə edir, hesablaşmaları bank və ödəniş sistemləri vasitəsilə aparırlar. Bunun nəticəsidir ki, 2013-cü ildə bank müştərilərinin sayı 8449 ədəd və ya  34,2 faiz artmışdır.
“Nağdsız ödənişlərin miqyasının genişləndirilməsi, innovativ ödəniş alətlərindən və xidmətlərindən istifadənin kütləvi hal alması və elektron ödəniş xidmətlərindən istifadə aktivliyinin artırılması üçün müvafiq tədbirlər həyata keçirilir”. Dövlət təşkilatlarında əhaliyə göstərilən xidmətlər üzrə rüsum və xidmət haqlarının nağdsız ödəniş alətləri vasitəsilə ödənilməsi imkanlarının artırılmasından bəhs edən Səbuhi Məm­mədov onu da bildirmişdir ki, artıq muxtar respublika vətəndaşları ödəniş kartları vasitəsilə vergi və  rüsumları, Dövlət Yol Polisi, pasport və şəxsiyyət vəsiqəsi alınması üçün rüsumları, gömrük rüsumlarını, Dövlət Sosial Müdafiə Fondu və onun yerli şöbələrinə sosial sığorta haqlarını, mobil və stasionar telefonların abunə və danışıq ödənişlərini elektron ödəniş formasında apara bilirlər.
Ödəniş sistemlərinin inkişaf etdirilməsi, iqtisadi fəaliyyət göstərən şəxslərin və əhalinin elektron ödəniş sistemlərindən daha fəal istifadə etməsi, dövriyyədə olan nağd pul kütləsinin nağdsız dövriyyə ilə əvəz edilməsi, ticarət, iaşə və digər xidmət müəssisələrində müştərilərlə hesablaşmaların ödəniş kartları vasitəsi ilə aparılması üçün POS-terminalların quraşdırılması diqqət mərkəzində saxlanılmış, 1 yanvar 2014-cü il tarixə onların sayı 248 ədəd olmaqla, keçən ilin müvafiq dövrü ilə müqayisədə 152 ədəd artmışdır.
Vurğulanmışdır ki, 2013-cü il ərzində muxtar respublikada fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin həcmi 5 milyon 71 min manat, o cümlədən xarici valyuta ilə 1 milyon 227 min  manat təşkil etmişdir. Banklara qoyulan əmanətlər üçün müddətindən və növündən asılı olaraq, 4 faizdən 20 faizədək illik faiz ödənilir. Ötən il keçmiş SSRİ Əmanət Bankının Naxçıvan Muxtar Respublikasında olan əmanətçilərinə birdəfəlik fərdi ödəmələr davam etdirilmiş, 37 min 536 nəfər əmanətçiyə 13 milyon 993 min manat  vəsait ödənilmiş və proses tamamilə başa çatdırılmışdır.
Məruzəçi bildirmişdir ki, bütün bunlarla yanaşı, işdə müəyyən nöqsanlar da mövcuddur. Xidmət və ictimai-iaşə obyektlərində quraşdırılmış POS-terminallardan istifadə aşağı səviyyədədir, nağd hesablaşmalar üstünlük təşkil edir. Bəzi hallarda verilmiş kreditlər təyinatına uyğun istifadə olunmur. Kreditlərin qiymətləndirilməsi düzgün aparılmır, monitorinqlər səthi keçirilir. Bunların nəticəsidir ki, 1 yanvar 2014-cü il tarixə 4 milyon 500 min manatdan çox vaxtı keçmiş borclar mövcuddur.
2014-cü ildə muxtar respublikada fəaliyyət göstərən bütün bank qurumları qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirməli, ötən il işdə buraxılmış nöqsanlar aradan qaldırılmalıdır.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.
Yığıncaqda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri Rəfael Babayev çıxış etmişdir.
Yığıncağa Səbuhi Məmmədov yekun vurmuşdur.

*   *   *

Dünən Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində ötən il görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilmişdir.  Kollegiya iclasında komitə sədri Valeh Vəliyev məruzə ilə çıxış etmişdir.
Qeyd olunmuşdur ki, 2013-cü il ərzində muxtar respublikanın şəhər, rayon, qəsəbə  və kəndlərində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan qanunvericiliyə uyğun istifadə edilməsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə müəyyən işlər görülmüş, müxtəlif yaşayış məntəqələrinin bütün bələdiyyələrində torpaqlardan istifadə vəziyyəti yerində yoxlanılmışdır. Aparılan yoxlamalar nəticəsində məlum olmuşdur ki,  hələ də yerlərdə torpaq sahələrinin qanunsuz olaraq çəpərlənməsi və icarə müqaviləsi bağlanmadan istifadə edilməsi hallarına rast gəlinir. Bunun üçün  yerlərdə torpaq mülkiyyətçilərinə lazımi izahatlar verilmiş və bu işlərin qarşısının tez bir zamanda alınması məqsədilə şəhər və rayon icra hakimiyyətləri məlumatlandırılmışdır.  
Naxçıvan Muxtar Respublikasının iqlim şəraitinə uyğun, yüksək məhsuldarlığa malik unudulmuş (aborigen) meyvə-tərəvəz sortlarının bərpası və əkilib- becərilməsi üçün bir sıra tədbirlərin həyata keçirildiyini qeyd edən Valeh Vəliyev demişdir ki, Şərur və Sədərək rayonları ərazisində şoranlaşmış, bataqlaşmış, şorakətləşmiş və digər səbəblərdən münbit qatı korlanmış torpaq sahələrinin sərhədləri müəyyənləşdirilmiş, komitə tərəfindən planları hazırlanmışdır. İstifadə olunmayan əkinəyararlı torpaqların əkin dövriyyəsinə cəlb edilməsi məqsədilə Kəngərli rayonunun Böyükdüz massivində yerləşən 1000 hektar qış otlaq sahəsində olan əkinəyararlı torpaq sahəsinin uçotu dəyişdirilərək Naxçıvan “Taxıl Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmişdir.
Bildirilmişdir ki, “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar muxtar respublikanın Şahbuz rayonuna daxil olan bütün bələdiyyələrin sərhəd xəritələrinə dair müvafiq yer quruluşu sənədləri elektron variantda hazırlanaraq komitənin məlumat bazasına yığılmışdır. Hal-hazırda Şərur rayon bələdiyyələri üzrə işlər davam etdirilir.  
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.

*   *   *

“2013-cü ildə rayonda quruculuq tədbirlərinin əhatə dairəsi daha geniş vüsət almış, Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı üçün 3 mərtəbəli yeni bina, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Şahbuz rayon bazası  istifadəyə verilmiş, “28 May” küçəsində yerləşən 15 nömrəli bina əsaslı təmir edilmiş, Heydər Əliyev prospekti boyunca avtomobil yolu yenidən qurulmuş, Ağbulaq kəndində İstirahət Mərkəzi, Kükü, Güney Qışlaq, Ayrınc, Sələsüz, Qızıl Qışlaq kəndlərində kənd və xidmət mərkəzləri, Kükü, Qızıl Qışlaq kəndlərində məktəb binaları, Kükü, Sələsüz kəndlərində həkim ambulatoriyaları, Mərəlik kəndində kənd mərkəzi tikilib istifadəyə verilmiş, Sələsüz və Ayrınc kəndlərində məktəb binaları əsaslı təmir edilmişdir”. Şahbuz Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə çıxış edən icra başçısı Nurəddin Quliyev 2013-cü ildə  aparılan quruculuq işlərinin yuxarıda qeyd olunanlarla bitmədiyini bildirərək vurğulamışdır ki, qurucu­luq tədbirləri digər sahələrdə də davam etdirilmişdir. Belə ki, rayondaxili avtomobil yollarının təmirinə, abadlığına diqqət xeyli artırılmış, uzunluğu 59,2 kilometr olan Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolunun tikintisi başa çatmış, yolun Ayrınc kəndi ərazisindən Kükü və Güney Qışlaq kəndinədək olan 20 kilometr, Naxçıvan-Batabat magistral avtomobil yolundan Ağbulaq-Gömür kəndlərinədək uzunluğu 8 kilometr olan yola asfalt örtük salınmışdır.
Qeyd olunmuşdur ki, rayonun iqtisadiyyatının əsasını aqrar sahə təşkil edir. Göstərilən dövlət qayğısı hesabına ötən il əkinçiliyə maraq xeyli artmış, 3 min 703 ton taxıl, 6 min 863,2 ton kartof, 715 ton paxlalı, 4 min 796,9 ton tərəvəz, 69,6 ton bostan məhsulları, 5 min 823,5 ton meyvə və 172 ton üzüm istehsal edilmişdir.
“Rayon əhalisinin elektrik enerjisi ilə təminatı diqqət mərkəzində saxlanılmış, kəndlərdə və rayon mərkəzində yeni istifadəyə verilmiş obyektlərdə 10 ədəd yeni transformator qoyulmuşdur”, – deyən icra başçısı onu da qeyd etmişdir ki, enerji itkisinin azaldılması məqsədilə Şahbuz şəhərində, Keçili, Aşağı Qışlaq, Kükü və Ayrınc kənd­lərində enerji verilişi nizama salınmış, 72 abonentə elektrik xətti çəkilmişdir.
Aparılan məqsədyönlü iqtisadi siyasətin əhalinin maddi-rifah halının yüksəldilməsinə zəmin yaratdığını bildirən icra başçısı diqqətə çatdırmışdır ki, əhaliyə göstərilən bank xidmətini yaxşılaşdırmaq məqsədilə Şahbuz şəhərində 3, Kolanı və Sələsüz kəndlərinin hər birində 1 bankomat quraşdırılmışdır.
Nurəddin Quliyev ötən il qazanılan uğurlarla yanaşı, işdə buraxılan nöqsanlardan da bəhs etmiş, vəzifə borcunu yerinə yetirməyən bəzi təşkilat rəhbərlərinin işdən azad olunduğunu diqqətə çatdırmış, gələcəkdə belə şəxslər barəsində daha ciddi tədbirlər görüləcəyini bildirmiş, idarə, müəssisə və təşkilatlarda əmək və icra intizamına tələb olunan səviyyədə əməl edilməsinin zəruriliyini vurğulamışdır.
Sonda müzakirə edilən məsələ ilə əlaqədar aidiyyəti təşkilatların rəhbərlərinin çıxışları olmuşdur.

Xəbərlər şöbəsi