14 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 


Tarixən bayraq, gerb və sonralar himn dövlətçilik simvolu kimi ölkələrin əsas rəmzlərini təşkil etmiş, konstitusiya və qanunlarda əks olunmuş xüsusi hüquqi normalarla dövlət atributu kimi möhkəmləndirilmişdir. Naxçıvan Muxtar Respublikası da yarandığı vaxtdan konstitusion səviyyədə özünün atributlarına malik olmuşdur. 1924-cü ildə qəbul edilmiş “Naxçıvan Sosialist Sovet Respublikası haqqında Əsasnamə”də, Naxçıvan SSR-in 1926-cı, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının 1937-ci və 1978-ci il konstitusiyalarında muxtariyyətin Dövlət gerbi və Dövlət bayrağı haqqında hüquqi müddəalar olmuş, onların təsvirləri verilmişdir. İlk dəfə olaraq 1998-ci il Konstitusiyasında Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı və gerbi ilə yanaşı, Dövlət himni də təsbit edilmişdir.

 Muxtariyyətin Konstitusiyası statusunda olan “Naxçıvan Sosialist Sovet Respublikası haqqında Əsasnamə”nin 69-cu maddəsində Azərbaycan SSR-in 1921-ci il Konstitusiyasının 104-cü maddəsinə istinadən muxtar respublikanın ilk Dövlət bayrağının təsviri verilmişdi: “Naxçıvan İctimai Şuralar Cümhuriyyətinin (Sovet hakimiyyətinin ilk illərində “Sosialist Sovet Respublikası” ifadəsi Azərbaycan dilinə “İctimai Şuralar Cümhuriyyəti” şəklində tərcümə olunurdu – E.C.) bayrağı yuxarı sol küncündə, bayraq ağacı yanında yaşıl sahədə qızılı hərflərlə N.İ.Ş.C. və ya Naxçıvan İctimai Şuralar Cümhuriyyəti yazılmış al qırmızı rəngli qumaşdan ibarətdir”. 

Əsasnamədəki bu maddəni, 1922-ci il dekabrın 30-da Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin yeni latın əlifbasının əski (ərəb) əlifba ilə eyni hüquqda işlədilməsi haqqında dekretini və Azərbaycan SSR-in ilk Dövlət bayrağı nümunəsini əsas götürərək Naxçıvan SSR-in ilk bayrağının aşağıdakı şəkildə olduğunu qətiyyətlə demək olar.

Azərbaycan SSR MİK-in dördüncü çağırışının 1924-cü il dekabrın 8-də keçirilən üçüncü sessiyasında Azərbaycan SSR Konstitusiyasının (Əsas Qanununun) yeni redaksiyasını qəbul etdikdən sonra (Azərbaycan SSR Sovetlər Qurultayı tərəfindən 1925-ci il martın 14-də təsdiq edilmişdi) Naxçıvan SSR-in bayrağında dəyişiklik edilməsi barədə əlimizdə heç bir fakt yoxdur. Lakin Naxçıvan SSR-in 1926-cı ildə qəbul edilmiş Konstitusiyasının 62-ci maddəsində Naxçıvan SSR-in bayrağının dəqiq təsviri verilir: “Naxçıvan İctimai Şuralar Cümhuriyyətinin bayrağı qırmızı (al) rəngli, uzunluğu eninə 2:1 nisbətində olan, yuxarı sol küncündə, ağacın yanında, bayrağın eninin 1/6 radiusunda olan oraq və çəkic olan, onun üzərində diametri bayrağın eninin 1/10-nə bərabər olan, ucları sağa yönələn qızıl aypara və qızılla haşiyələnən beşguşəli ulduz olan, oraq və çəkicin sağ tərəfində yeni və köhnə türk əlifbası ilə “Naxçıvan İctimai Şuralar Cümhuriyyəti” yazılan qumaşdan ibarətdir”. Bu təsvirə əsasən, 1926-cı ildən sonra Naxçıvan SSR-in Dövlət bayrağının aşağıdakı şəkildə olduğu aydın olur.

Qeyd edək ki, Azərbaycan SSR-in 1927-ci il Konstitusiyası qəbul edildikdən sonra Dövlət bayrağının üzərindəki əvvəlki “A.İ.Ş.C” abre­viaturası “A.S.Ş.C” şəklində verilmiş, başqa sözlə, “İctimai” sözü “Sosialist” sözü ilə əvəz edilmişdi. Buna əsasən və Naxçıvan SSR-in Dövlət bayrağının Azərbaycan SSR-in Dövlət bayrağının nümunəsində hazırlandığına istinad edərək, Naxçıvan SSR-in 1926-cı il Konstitusiyasında təsviri verilmiş Dövlət bayrağının müvafiq abreviatura dəyişikliyi nəticəsində 1927-ci ildən sonra aşağıdakı şəkildə olduğunu söyləmək olar.

1937-ci il sentyabrın 18-də X Fövqəladə Naxçıvan MSSR Sovetlər Qurultayında qəbul edilən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Konstitusiyasının 112-ci maddəsində Dövlət bayrağının təsviri aşağıdakı şəkildə verilmişdir: “Naxçıvan Avtonom Sovet Sosialist Respublikasının Dövlət bayrağı Azərbaycan SSR-in Dövlət bayrağından ibarətdir ki, bu da sol bucağında, bayraq ağacı yanında yuxarıda, qızılla oraq və çəkic çəkilmiş və Azərbaycan dilində “AzSSR” sözləri yazılmış və “AzSSR” yazısı altında kiçik hərflərlə Azərbaycan dilində “Naxçıvan ASSR” sözləri əlavə edilmiş qırmızı qumaşdan ibarətdir”.

1939-cu il iyulun 11-də “Azərbaycan yazısının latın əlifbasından rus əlifbasına keçirilməsi haqqında” Azərbaycan SSR Qanunu qəbul edildi. Qanuna əsasən, 1940-cı il yanvarın 1-dən Azərbaycanda kiril (rus) əlifbasından istifadə edilirdi. Həmin qanuna uyğun olaraq, Naxçıvan MSSR-in Dövlət bayrağında da müvafiq dəyişiklik aparılmış, “AzSSR” və “Naxçıvan ASSR” sözləri kiril hərfləri ilə yazılmışdı.

1945-ci ildə Azərbaycan dilində “avtonom” sözünün “muxtar” sözü ilə əvəz edilməsindən sonra bayraqdakı “ASSR” abre­viaturası bayrağın üzərində “MSSR” şəklində əks olunmuşdu.

1952-ci il oktyabrın 7-də Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti Azərbaycan SSR-in Dövlət bayrağı haqqında Fərman verdi. Azərbaycan SSR-in 18 avqust 1953-cü il tarixli Qanunu ilə həmin bayrağın təsviri Azərbaycan SSR-in 1937-ci il Konstitusiyasının (Əsas Qanununun) 152-ci maddəsinə daxil edildi. Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin 22 avqust 1953-cü il tarixli Fərmanı ilə Azərbaycan SSR-in Dövlət bayrağı Naxçıvan MSSR-in Dövlət bayrağı elan olundu.
Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin 26 iyun 1956-cı il tarixli Fərmanı ilə müəyyən edildi ki, “Naxçıvan MSSR-in Dövlət bayrağında oraq və çəkic təsvirinin altında qızılı hərflərlə Azərbaycan dilində “Naxçıvan MSSR” yazısı vardır”. 1956-cı il iyunun 30-da isə Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin qəbul etdiyi “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə”də muxtar respublikanın bayrağı aşağıdakı şəkildə təsvir edilmişdi: “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Dövlət bayrağı iki üfüqi şəkildə yerləşmiş rəngli zolaqdan ibarət düzbucaqlı qumaşdan ibarətdir: yuxarıdakı zolaq qırmızı rəngdə olub, bayrağın eninin 3/4 hissəsini təşkil edir, aşağıdakı göy rəngli zolaq isə bayrağın eninin 1/4 hissəsini təşkil edir, qırmızı zolağın yuxarı sol küncündə bayraq ağacı yanında qızılı oraq və çəkic vardır, oraq və çəkicin üzərində qızılı xətlə haşiyələnmiş beşguşəli ulduz yerləşir. Oraq və çəkic təsvirinin altında qızılı hərflərlə Azərbaycan dilində “Naxçıvan MSSR” yazısı vardır. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. Oraq və çəkic tərəfləri bayrağın eninin 1/4-nə bərabər olan kvadratın ölçüsündə təsvir olunur. Orağın iti ucu kvadratın yuxarı tərəfinin ortasına uyğun gəlir, oraq və çəkicin tutacaqları kvadratın aşağı künclərinə istiqamətlənir. Çəkicin tutacağı ilə birlikdə uzunluğu kvadratın diaqonalına bərabərdir. Beşguşəli ulduz bayrağın eninin 1/8-nə bərabər diametrdə təsvir olunur və kvadratın yuxarı hissəsi ilə kəsişir. Ulduzun, oraq və çəkicin şaquli oxunun bayraq ağacı ilə məsafəsi bayrağın eninin 1/3-nə bərabərdir. Bayrağın yuxarı tərəfindən ulduzun mərkəzinədək məsafə bayrağın eninin 1/8-nə bərabərdir”.

1978-ci ildə qəbul edilmiş Naxçıvan MSSR Konstitusiyasının 160-cı maddəsində muxtar respublikanın Dövlət bayrağının aşağıdakı təsviri verilmişdi: “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Dövlət bayrağı Azərbaycan Sovet Sosialist Respublikasının Dövlət bayrağıdır; bu bayraq iki rəngli üfüqi zolağı olan düzbucaqlı parçadan ibarətdir: qırmızı rəngli yuxarı zolaq bayrağın eninin dörddəüç hissəsini və göy rəngli aşağı zolaq dörddəbir hissəsini təşkil edir, qırmızı zolağın yuxarı sol küncündə, bayrağın ağacı yanında zərli oraq və çəkic, bunların üstündə qızıl haşiyə içərisində beşguşəli qırmızı ulduz təsviri vardır. Oraq və çəkic şəklinin altında Azərbaycan dilində qızıl hərflərlə “Naxçıvan MSSR” sözləri yazılmışdır. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir”.
1981-ci il aprelin 2-də Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə”nin yeni redaksiyası təsdiq edildi. Yeni redaksiya 1956-cı il Əsasnaməsinin ilkin redaksiyasındakı təsviri dəyişik­liklərsiz təkrar edirdi, yalnız çex bayraqşünası Pavel Foytik “Veksillologiya” (“Vexilologie”) bülleteninin 1987-ci ildə dərc edilmiş 68-ci sayında göstərirdi ki, bayrağın qrafiki təsvirində “Naxçıvan MSSR” yazısı oraq və çəkic embleminin aşağısında iki sətirdə balaca şriftlərlə verilmişdi. Bayraq qumaşının arxa tərəfində yazı, oraq, çəkic və ulduz təsvir edilməmişdi.

1990-cı il noyabrın 17-də keçirilən Naxçıvan MSSR Ali Sovetinin yeni tərkibdə (seçkilər 1990-cı il sentyabrın 30-da keçirilmişdi) ilk sessiyası bir sıra tarixi qərarların qəbul edilməsi ilə əlamətdar oldu. İlk sessiyaya sədrlik edən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən qərarla “Naxçıvan Muxtar Sovet Sosialist Respublikası” adından “Sovet Sosialist” sözləri çıxarıldı və muxtar respublika rəsmən “Naxçıvan Muxtar Respublikası” adlandırıldı. Digər bir qərarla muxtar respublikanın Ali Soveti həmin gündən Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırıldı. Nəhayət, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il noyabrın 9-da qəbul edilmiş üçrəngli, ay-ulduzlu bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edildi və həmin bayrağın Azərbaycanın Dövlət bayrağı kimi tanınması barədə Azərbaycan SSR Ali Sovetinə qanunvericilik təşəbbüsü qaydasında müraciət edildi.
Həmin sessiyada qəbul olunmuş “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarında deyilirdi:
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
1) İlk Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi təsis edilsin.
2) Naxçıvan Muxtar Respublikasının digər Dövlət rəmzi – Dövlət himni və gerbi haqqında məsələ öyrənilib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə verilsin.
3) Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağının bütövlükdə Azərbaycan SSR-in Dövlət rəmzi kimi təsis edilməsi məsələsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan SSR Ali Sovetindən xahiş edilsin.

Beləliklə, Naxçıvan Muxtar Respublikasının hazırkı Dövlət bayrağı muxtar respublika Konstitusiyasının 10-cu maddəsinə görə, Azərbaycan Respublikasının Dövlət bayrağıdır. Bu isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikası Ali Sovetinin isə 1991-ci il fevralın 5-də qəbul etdiyi Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, ay və səkkiz guşəli ulduzdan ibarət bayrağıdır.

Elman CƏFƏRLİ
tarix üzrə fəlsəfə doktoru, dosent

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3272120
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1741
4121
9889
56766
3272120

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter