14 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikasının yaradılmasında iştirak edən və həyatını gənc nəslin maariflənməsində şam kimi əridən unudulmaz şəxsiy­yətlərdən biri də Mirzə Əbdüləzim Rüstəmovdur. Bu ictimai xadim, maarif fədaisi haqqında axtarışlara 1980-ci illərdən başlamışıq. Həmin illərdə onun sədaqətli həyat yoldaşı Fatma xanım Nəsirbəyova sağ idi və Əbdüləzim müəllimə aid sənədlərin və fotoşəkillərin hamısını qoruyub saxlayırdı. Həmin şəxsi arxivlə tanışlıq zamanı və sonralar da hiss etdim ki, bu böyük şəxsiyyət niyəsə “unudulmuşlar” siyahısındadır. Axtarışları arxivlərdə davam etdirdikcə hər şey mənə aydın oldu. Onun 1918-1920-ci illərdə Naxçıvanın və eləcə də Zəngəzurun erməni daşnaklarından müdafiəsində böyük xidmətləri olub. Sonralar Naxçıvanda siyasi işlərdə fəal iştirak edib və onun taleyində Naxçıvan tarixi mühüm rol oynayıb. 

 Ömrünün ən gözəl, cavan çağlarını xalqın maariflənməsi, savadlanması işi uğrunda mübarizəyə sərf edən fədailərdən biri də Əbdüləzim Rüstəmov olmuşdur. O, 1887-ci ildə keçmiş Zəngəzur qəzasının Şəki kəndində yoxsul kəndli Talıb kişinin ailəsində dünyaya göz açıb, ilk təhsilini məscid-mədrəsə məktəbində alıb.

XIX əsrdə Naxçıvanın demokrat ma­arifçilərindən biri – Qurbanəli Şərifzadə qayınatası Talıb Rüstəmovun oğlu Əbdüləzimdəki (qaynı) oxumaq həvəsinə ürəkdən sevinərək onu Naxçıvan şəhərinə gətirib ikisinifli rus-Azərbaycan məktəbinə qəbul etdirir. Bu məktəbi əla qiymətlərlə bitirən Əbdüləzim Rüstəmov ikinci dərəcəli Naxçıvan şəhər məktəbinə daxil olur və 1906-cı ildə həmin məktəbdə təhsilini başa vurur. Rus dilini yüksək səviyyədə öyrənən Əbdüləzim xüsusi müəllim yanında biliyini təkmilləşdirərək imtahan verir və ibtidai məktəbdə dərs demək hüququ qazanır. Onu 1907-ci ildə Cəhri kəndindəki məktəbə müdir göndərirlər. Sonra indiki Culfa rayonunun Yaycı kəndinə məktəb müdiri vəzifəsinə dəyişdirilir.
1913-cü ildə isə M.Ə.Rüstəmov doğma Şəki kəndinə müəllim təyin edilir. O, 1918-ci ilədək Şəkidəki ikisinifli məktəbin müdiri vəzifəsində çalışır. Xatırlatmaq yerinə düşər ki, Əbdüləzim müəllimin maraqlı, qaynar gənclik illəri onun bacısı oğlu, mərhum ədəbiyyatşünas alimimiz Əziz Şərifin “Keçmiş günlərdən” kitabında məhəbbətlə təsvir edilib...
Azərbaycan ziyalıları içərisində xüsusi nüfuza və dərin biliyə sahib olan Qurbanəli Şərifzadənin əvəzsiz xidməti və zəhməti sayəsində Əbdüləzim Rüstəmov işlədiyi ilk illərdən şagirdlərin və valideynlərin sevimlisinə çevrilib, onların hörmətini qazanıb. O, 1918-1920-ci illərdə Naxçıvanın erməni daşnaklarından müdafiə olunmasında naxçıvanlılarla bir yerdə olub və döyüşüb. Bu ziddiyyətli illərdə Naxçıvanın Azərbaycanın tərkibində qalması uğrunda mübarizə aparıb. O illərin çətin sınaq vaxtlarında naxçıvanlılar hamısı həmrəy idilər: nə olursa-olsun, Naxçıvan ermənilərə verilməyəcək.
Məlum tarixi hadisələrin burulğanında bolşeviklərin ordusunun Zəngəzura gəldiyini eşidən Naxçıvan ziyalıları onlarla danışmaq üçün bir heyət hazırlayırlar. M.Ə.Rüstəmov həmin heyətin üzvü olub. Qeyd edək ki, M.Ə.Rüstəmov 1917-ci ildə Naxçıvanda fəaliyyət göstərən “Hümmət” təşkilatına üzv olmuşdu.
Tarixi sənədlərdən məlumdur ki, Naxçıvan və Culfa “Hümmət” qrupunun başında Naxçıvanın tanınmış ziyalıları dururdular. Unudulmaz tarixçimiz Əli Əliyev yazır: “Naxçıvan “Hümmət” qrupunun həbs olunan üzvləri 1917-ci il fevral inqilabına kimi İrəvan quberniya həbsxanasında siyasi məhbus kimi saxlanmışdılar. Çar mütləqiyyəti yıxıldıqdan sonra Mirzəlibəy Bektaşi başda olmaqla “Naxçıvan “Hümmət” qrupunun üzvləri siyasi məhbusluqdan azad edildilər”.
Əli Əliyev “Hümmət” qrupunun yeni tərkibindəki siyahıda Əbdüləzim Rüstəm­ovun da adını qeyd etmişdi. “Hümmət”çilər Naxçıvanın xilas edilməsində xüsusi fəallıq göstəriblər. Onlar Amerikanın və Qərbi Avropa ölkələrindən İngiltərənin Naxçıvanı ermənilərə vermək niyyətlərini öyrənən kimi öz nümayəndələrini Ərikli gədiyinə gəlib çatan bolşevik ordusu ilə danışığa göndərirlər.
Sonralar həyatının çətin illərində M.Ə.Rüstəmov bu haqda öz tərcümeyi-halında yazırdı: “1920-ci ildə yerli təşkilat tərəfindən bolşevikləri qarşılamağa göndərildim. Onları qarşılayıb bələdçilik edərək Naxçıvana varid oldum. Hərbi təşkilatlar qurulduqdan sonra məni mahal milis müdiri vəzifəsinə qoydular. Sonra maarif komissarı, ədliyyə komissarı vəzifələrində işləyərək 1922-ci ilin axırlarınadək var qüvvəmlə şura hökumətini Naxçıvan ölkəsində möhkəmlətmək uğrunda çalışdım”. Bununla bağlı bəzi fikirlərimizi sonraya saxlayaq, yenidən 1920-ci ilin hadisələrinə qayıdaq.
1920-ci il oktyabrın 10-da Naxçıvan İnqilab Komitəsinin birləşmiş iclasında Xalq Maarif Şöbəsinin də yaradılması qərara alınır. Naxçıvan Xalq Maarif Şöbəsinin müdiri Əbdüləzim müəllim təyin olunur.
İnqilab komitəsinin bu böyük etimadını o, ləyaqətlə doğruldur. Var qüvvəsini əsirgəmədən yenitipli məktəblərdə müəllimləri zəhmətkeş balalarına dərs demək üçün səfərbərliyə alır, gecə kursları təşkil edir və sair.
1922-ci il avqustun 28-də Naxçıvan Dövlət Dram Teatrının binasında (bu bina indiki böyük bağda yerləşib) Naxçıvan respublika müəllimlərinin I Müəllimlər Qurultayında M.Ə.Rüstəmov Naxçıvanda Müəllimlər Seminariyasının açılmasının vacibliyi haqqında məruzə edib. Üç gün davam edən bu qurultayda geniş müzakirələrdən sonra seminariyanın yaradılması qərara alınıb. Yaradılan seminariyaya (Darülmüəllim – sonralar texnikum) ilk direktor Xəlil ağa Hacılarov, müavin isə M.Ə.Rüstəmov təyin olunub.
Sənədlərdən və xatirələrdən məlum olur ki, Əbdüləzim Rüstəmov bu çətin, vacib və məsul vəzifələrin öhdəsindən gəlmək üçün var qüvvəsilə çalışıb. Onu da qeyd edək ki, Əbdüləzimin şəxsi arxivində o günlərin yadigarı olan qiymətli fotoşəkillər var idi. Naxçıvan İnqilab Komitəsinin sədri Gəraf Əsgərovun imzası ilə Əbdüləzim Rüstəmova 1921-ci il yanvarın 22-də belə bir vəsiqə verilir:
“Həmin vəsiqə Əbdüləzim Rüstəmova ona görə verilir ki, Naxçıvan ölkəsinin Xalq Maarifi, Ədliyyə və Təbliğat Şöbəsinin müdiridir...”
Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində Mirzə Əbdüləzim Rüstəmovun 1936-1938 və 1948-ci illərdə tərtib edilmiş şəxsi işləri ilə tanışlıq bir çox qaranlıq məsələlərə aydınlıq gətirir.
Onun xidmətlərinə baxmayaraq, 1926-cı ildən təqib edilən Mirzə Əbdüləzim Rüstəmovu 1941-ci il iyun ayının 24-də həbs edirlər. Naxçıvanda məhkəməsi qapalı keçir. Naxçıvan Ali Məhkəməsi ona 8 il həbs cəzası verib 4 il səsvermədən məhrum edir. Arxiv işində Naxçıvan MSSR Ali Məhkəməsinin hökmü var. Hökm 31 dekabr 1941-ci ildə verilib. Deməli, həbs ediləndən 6 ay sonra A.Daşdəmirovun sədrliyi ilə məhkəmə keçirilib. M.Ə.Rüstəmovu sovet hökumətinin əleyhinə təbliğat aparmaqda və Türkiyəyə casusluq etməkdə təqsirkar biliblər.
Əbdüləzim Rüstəmovun əleyhinə ifadə verənlər onun yaxından tanıdığı və dostluq etdiyi şəxslər idi. Paxıllığını çəkənlər onun xeyirxah əməllərinə qara yaxmağa çalışırdılar. O, 1921-ci ildə yaxın qohumu, milyonçu M.H.Nəsirbəyovun qızı ilə evlənmişdi. Bunu da ona böyük nöqsan sayırdılar. Mirzə Əbdüləzim isə hər vəchlə verilən ifadələrin böhtan olduğunu, heç nədə günahı olmadığını bildirirdi. Sənədlərdən məlum olur ki, axıradək öz sözünün üstündə durmuşdur.
Qeyd edək ki, o, bir müddət Bayıl həbsxanasında qaldıqdan sonra Gədəbəyin mis mədənlərində işləyib. Mirzə Əbdüləzim Rüstəmovun o vaxtlar Moskvaya yazdığı məktub və ərizələrin surətini də Fatma xanım saxlayırdı. Hamısını oxumuşam. Həmin məktublardan, ərizələrdən məlum olur ki, M.Ə.Rüstəmov ona atılan qara ləkəni – böhtanı yox etmək üçün ömrünün axırınadək çalışıb. Sonralar Naxçıvana qayıtmağa icazə versələr də, ona tam bəraət verilməmişdi. Onu tanıyanlarla, birlikdə işlədiyi adamlarla vaxtı ilə söhbətlər edib xatirələr də toplamışam.
Onun yetirmələrindən biri, Azərbaycan SSR-in Əməkdar müəllimi Məmməd Bəktaşi onu xatırlayaraq deyirdi: “Mirzə Əbdüləzim (Naxçıvanda və Şəkidə ona ehtiramla “Mirzə” deyə müraciət edirdilər – müəllif) mənim müəllimim olub. Sonralar çiyin-çiyinə müəllim işləmişik. O, yüksək savadlı, dərin zəkalı, milli, qətiyyətli, tələbkar, vətənpərvər pedaqoq idi. Rus dilini bizə çox yaxşı öyrətmişdi. Ömrünün sonuna qədər Naxçıvan məktəblərində, pedaqoji məktəbdə (texnikumda) rus dilini tədris etdi. Mərd ziyalı idi, sözü üzə deyərdi. Bəzən çoxları buna görə ondan “incik” düşürdülər...”
Mirzə Əbdüləzim Rüstəmovun bəzi istintaq sənədlərindən məlum olur ki, onu 1918-1920-ci illərdəki fəaliyyətinə görə çox incidirmişlər. Bununla bərabər, onun ailəsinə, övladlarına olmazın əziyyətlərini verirmişlər.
Mirzə Əbdüləzim Rüstəmovun müəllim könlü bir an da olsun, xalqdan ayrılmayıb. O, dərin məhəbbətlə doğma Azərbaycana və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan torpağına, bu yurdun zümrüd meşələrinə, boz çöllərinə, zirvəsi qarlı dağlarına bağlı idi.
1953-cü ildə 66 yaşında Naxçıvanda bu fani dünyadan köç edən Əbdüləzim Rüstəmovun müəllimlik xidmətləri əvəzsizdir. Ona tam bəraət 1956-cı ildə verilsə də, 1969-cu ilədək onun haqqında yazmağa icazə vermirdilər. Çünki o, erməni daşnaklarının və onların havadarlarının arzularını gözlərində qoyanlardan, onlara qarşı mətanətlə döyüşənlərdən biri olub. Yəqin ki, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində saxlanılan istintaq materialları və Tiflisdəki keçmiş Zaqafqaziya Siyasi İdarəsinin sənədləri ilə ətraflı araşdırmalar apardıqdan sonra bu mövzuya yenidən qayıdacağıq. Mirzə Əbdüləzim Rüstəmovun varisləri bu gün də Naxçıvanda və Bakıda təhsil, mədəniyyət, eləcə də başqa sahələrdə çalışırlar. Bir məsələni də qeyd etmək istərdim. Mirzə Əbdüləzim Rüstəmovun oğlu Rüstəm müəllimin vəfatından sonra şəxsi arxivini mənə bağışlayıblar. Orada atasına aid maraqlı fotoşəkillər və sənədlər də vardır. Bunları da oxucularımıza təqdim edəcəyəm.
Öz ömrünü xalqın maariflənməsi yolunda şam kimi əritmiş və lazım gələndə qələmini silahla əvəz etmiş mətin insan, Naxçıvanın ilk maarif və ədliyyə komissarı Mirzə Əbdüləzim Rüstəmovun hər zaman Naxçıvan tarixində xatırlanmağa mənəvi haqqı vardır.

Musa QULİYEV
tarix üzrə fəlsəfə doktoru

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3272107
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1728
4121
9876
56753
3272107

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter