14 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Nehrəm qədim tarixi olan yurd yerimizdir

Tez-tez yolum muxtar respublikanın kənd yaşayış məntəqələrinə düşür. Getdiyim hansı kənd olursa-olsun, ilk olaraq həmin yurd yerinin tarixi barədə düşünür, bu haqda məlumatlar əldə etməyə çalışıram. Bu işdə tədqiqatçı alimlərin, ziyalıların, ağsaqqalların söhbətlərinə ehtiyac duyur və onlardan bəhrələnirəm. Muxtar respublikamızın ən qədim yaşayış məskənlərindən biri olan Nehrəm kəndinin də tarixi barədə hələ kəndə getməmişdən az-çox məlumat əldə etmişdim. Bilirdim ki, yaşayış məntəqəsinin adı 1590-cı ildə Naxçıvan, 1728-ci ildə isə Qışlağat nahiyələrində qeydə alınıb. “Nehrəm” toponiminin etimologiyası ilə bağlı filologiya elmləri doktoru Adil Bağır­ovun fikirləri ilə də tanış idim. Alim özündən əvvəlki tədqiqatlara əsaslanaraq belə bir qənaəti təsdiq edir ki, Nuh peyğəmbər ilk dəfə Naxçıvan ərazisində (Gəmiqayada) quruya çıxdığı zaman onun adamlarının məskən saldığı kəndlərdən biri də Nehrəm olub. Və bu ad da Nuh peyğəmbərin adı ilə bağlıdır. Digər tədqiqatçılara görə, “Nehrəm” adı “nəhr” sözü ilə əlaqədardır. Kənd Naxçıvançayla Əlincəçayın kəsişdiyi ərazidə, Araz çayının suyu bol olan hissəsində yerləşdiyi üçün belə adlandırılıb. Nehrəm kəndinin tarixinin digər məqamları da yurd yerinin qədimliyindən soraq verir.

Kənddə bu gün də müqəddəs ziyarət yeri kimi tanınan İmamzadə binası XVIII əsrə aid memarlıq abidəsidir. Türbə, məscid, təkyə və sair yardımçı binalardan ibarət olan kompleksin ziyarət obyekti qəbirdir.

Andronikin dəstəsi Nehrəmdən biabırcasına qovulub

Nehrəmin tarixi haqqında danışarkən hələ ötən əsrin əvvəllərində Andronikin quldur dəstələrinə qarşı bu kəndin sakinlərinin böyük qəhrəmanlıq göstərdiklərini qeyd etməmək olmaz. Kəndin 82 yaşlı sakini Mehrəli Səfərov deyir ki, 1918-ci ilin yayında ermənilər “Taharın düzü” deyilən tərəfdən kəndə hücum ediblər. Kənddə o vaxt iki top olub. Heç kim kəndi tərk etmək haqqında düşünməyib. Nehrəmlilər doğma yurdu qəhrəmanlıqla müdafiə ediblər.
Yeri gəlmişkən qeyd edək ki, torpaq təəssüblü, zəhmətkeş və qoçaq nehrəmlilər babalarının qəhrəmanlıqlarını 1941-1945-ci illər müharibəsində bir daha nümayiş etdiriblər. Bu müharibədən 244 nehrəmli geri qayıtmayıb. 1988-ci ildə mənfur ermənilərin əsassız torpaq iddiaları ucbatından başlanan məlum hadisələr dövrü isə 10 nəfər nehrəmli ərazi bütövlüyümüz uğrunda şəhidlik zirvəsinə ucalıb. Kəndin mərkəzində 1941-1945-ci illər müharibəsində həlak olanların ruhuna ehtiram əlaməti olaraq abidə ucaldılıb, burada kəndin şəhid oğullarının büstü qoyulub.

Bu kənddə Mirzə Cəlil yaşayıb

Yenə də Nehrəmin tarixinə qayıdırıq. Kənddə 1885-ci ildə ilk dünyəvi məktəb açılıb. Böyük yazıçı və dramaturq Cəlil Məmmədquluzadə 1890-cı ildən 1897-ci ilə qədər Nehrəm məktəbində müəllim və nəzarətçi işləyib. O, Nehrəm məktəbinə gələrkən burada 26 şagird təhsil alırdı. Cəlil Məmmədquluzadə qısa müddətdə şagirdlərinin sayını 40 nəfərə çatdırıb. Mirzə Cəlilin xalqımız üçün ən böyük xidmətlərindən biri də odur ki, qızları təhsilə cəlb edə bilib. Böyük çətinliklər bahasına 1893-cü ildə 8 nəfər qıza, o cümlədən bacısı Səkinə Məmmədquliyevaya Nehrəm məktəbində ayrıca sinif yaradaraq dərs deyib. Ədəbiyyatımızın milli sərvətinə çevrilən əsərlərinin bəzilərini burada qələmə alıb. Mədəniyyət tariximizdən bizə məlumdur ki, Azərbaycanda ilk muzey yaradıcısı da Mirzə Cəlildir və bu muzeyi yazıçı Nehrəm məktəbində çalışarkən yaradıb. Bu barədə akademik İsa Həbibbəyli yazır: “Cəlil Məmmədquluzadə, bəlkə də, Azərbaycanda birinci dəfə olaraq 1896-cı ildə Nehrəm məktəbində tarix muzeyi yaratmış, bu muzeydə Azərbaycan tarixinin müxtəlif dövrlərinə dair materialların toplanmasına nail olmuşdur”. Azərbaycan ədəbiyyatının korifey sənətkarlarından olan Cəlil Məmmədquluzadənin Nehrəm kəndindəki Xatirə Muzeyi bu gün nehrəmlilərin qürur ünvanıdır. Dahi ədib ədəbiyyatımızın milli sərvətinə çevrilən, bütün dövrlər üçün aktual olan əsərlərinin bəzilərini burada qələmə alıb.

Ulu öndər Nehrəmdən millət vəkili seçilib

Nehrəmlilərin həyatında ən unudulmaz hadisələrdən biri ümummilli liderimiz Heydər Əliyevin bu yaşayış məntəqəsindən deputat seçilməsi olub. Qeyd edək ki, ulu öndər ölkəmizə rəhbərliyinin hər iki dövründə bu kəndə böyük qayğı göstərib. 1990-cı ildə Moskvadan Naxçıvana qayıdandan sonra Nehrəmlə əlaqələri daha da güclənib. Xalqımızın böyük oğlu dəfələrlə kənd adamları ilə görüşüb, onların problemləri ilə maraqlanıb, Naxçıvanın ağır dövründə bu yaşayış məntəqəsinin sakinlərinə tövsiyələrini verib. Bu kənddən Milli Məclisə deputat seçilən ümummilli liderimiz Heydər Əliyev Nehrəmdə mövcud çətinliklərin aradan qaldırılması üçün əlindən gələni əsirgəməyib. Nehrəmlilər ulu öndərlə olan görüşlərini, dahi rəhbərin bu kənd üçün etdiklərini minnətdarlıqla xatırlayırlar.

Müasir Azərbaycan kəndi və ya Nehrəmdə bir gündə 10 obyekt istifadəyə verilib

Son illər Babək rayonunda həyata keçirilən quruculuq tədbirlərindən Nehrəm kəndinə də xeyli pay düşüb. Ayrı-ayrı dövrlərdə kənddə bir sıra quruculuq tədbirləri həyata keçirilib. Ümummilli liderimizin tapşırığı ilə Nehrəm kəndinə çəkilmiş içməli su xətti yenidən qurulub, kənddə əlavə nasos stansiyaları quraşdırılıb. 2008-ci il oktyabr ayının 10-da isə bu yaşayış məntəqəsində istifadəyə verilən 10 obyekt nehrəmlilərə davamlı dövlət qayğısının ən böyük ifadəsinə çevrilib. Həmin gün Nehrəmdə kənd xəstəxanası, kənd mərkəzi, Şəhidlər Xatirə Kompleksi, iki məişət evi, Uşaq Musiqi Məktəbi, Cəlil Məmmədquluzadənin Xatirə Muzeyi, ticarət mərkəzi, Azərbaycan Vətən müharibəsi əlilləri üçün iki fərdi mənzil, kənd bazarı, kəndin giriş yolu da daxil olmaqla, 8 kilometr uzunluğunda kənddaxili yol istifadəyə verilib. Həmin tədbirlər hesabına Nehrəm kəndi bu gün müasir qəsəbəni xatırladır. Obyektlərin açılışında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “İnsanların öz vəzifə və hüquqlarını həyata keçirməsi üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılır. Dövlətimizin vəzifəsi olaraq, həyata keçirdiyi tədbirlər müqabilində biz də öz vəzifələrimizi yerinə yetirməliyik. Torpaqlardan səmərəli istifadə olunmalı, insanlar fəaliyyət göstərdiyi yerdə yaxşı çalışmalı, hər kəsin dövlətimizin, iqtisadiyyatımızın möhkəmlənməsində əməyi olmalıdır. Bunlar hamısı Nehrəm kəndində var. Hələ Sovetlər Birliyi dövründə kəndin zəhmət adamları, ziyalıları öz zəhmətləri, bilikləri ilə seçiliblər. Nehrəmdən Azərbaycanın inkişafında böyük xidmətləri olan insanlar yetişib və onlar Sovetlər Birliyinin ən yüksək mükafatlarına layiq görülüblər. Müstəqillik illərində də Azərbaycan dövlətinin möhkəmlənməsi və inkişafında nehrəmlilər öz əməklərini sərf ediblər. Onların da əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir”.
Yeri gəlmişkən onu da qeyd edək ki, 2012-ci il dekabr ayının 14-də kənddə daha bir yeni obyekt – 900 şagird yerlik məktəb binası istifadəyə verilib.

Kənd adamları dedilər ki…

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikasının əməkdar həkimi, kənd xəstəxanasının baş həkimi Hüseyn Niftəliyev:
– İnsan övladı daim qayğıya ehtiyac duyub. Qayğı olan yerdə hər bir çətinliyi aradan qaldırmaq, problemi həll etmək mümkündür. Kəndi qəsəbəyə oxşadan yeni tikililər bu qayğının ifadəsidir. Götürək kənd xəstəxanasının binasını. Səhiyyə ocağının ərazisi 2 min 400 kvadratmetr sahəni əhatə edir. İkimərtəbəli, 20 çarpayılıq xəstəxana 3 korpusdan ibarətdir. Bu sağlamlıq müəssisəsi təkcə Nehrəmin deyil, ətraf kəndlərin sakinlərinin də keşiyində dayanıb. Burada yaradılmış şöbələrdə müasir tibbi avadanlıqlardan istifadə olunur. Bu da xəstəxanaya müraciət edənlərə nümunəvi xidmət göstərməyə imkan verir.
Təqaüdçü müəllim Mehrəli Cəfərov:
– Bir vaxtlar Nehrəmdə fəaliyyət göstərən təşkilatların hərəsi kəndin ayrı-ayrı yerlərində uyğunlaşdırılmış binalarda yerləşdirilmişdi. Kənd mərkəzi istifadəyə verildikdən sonra kənddə fəaliyyət göstərən təşkilatların bir obyektdə fəaliyyəti təmin olunub. Burada kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, mədəniyyət evi yerləşir. Bütün bunlar əhalinin sosial şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlərdir.
Nehrəm kənd 1 nömrəli tam orta məktəbin müəllimi Kifayət Məmmədova:
– Nehrəm tarixən həm də ziyalılar yurdu kimi tanınıb. Kənd adamları qürur hissi keçirirlər ki, Azərbaycan xalqının korifey sənətkarı, yazıçı-dramaturq, ictimai xadim Cəlil Məmmədquluzadə Nehrəmdə ilk məktəbin yaradıcılarındandır. Bu gün həmin məktəbin yerində görkəmli yazıçının Xatirə Muzeyi fəaliyyət göstərir. Bu kənddə doğulan, ilk təhsilini burada alan, bu gün səsi respublikamızın hüdudlarını aşan 50-dən çox alimin vətəni kimi tanınan Nehrəmdə 3 məktəbdə uşaqlara elmlərin sirləri öyrədilir. Onların ikisi ən müasir tələblərə cavab verən səviyyədə inşa olunub. Elə çalışdığım 1 nömrəli tam orta məktəbin binasını götürək. Elektron lövhələr, internetə qoşulmuş kompyuterlər, zəngin kitabxana, fənn kabinələri yaradılmış məktəbdə təhsilin yüksək səviyyədə qurulması üçün hərtərəfli şərait var. Bu şəraitdən səmərəli istifadə olunur. Ötən il məktəbi bitirən 70 məzunun 47-si ali məktəblərə sənəd vermişdi. Onlardan 28-i tələbə adını qazanıb, 4 nəfər 500-dən yuxarı bal toplayıb. Bütün bunlar muxtar respublikada təhsilin inkişafına göstərilən qayğının ifadəsidir. Nehrəmdə fəaliyyət göstərən digər məktəblərin də uğurlarından kifayət qədər bəhs etmək olar.
Kənd ziyalısı, Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi, Cəlil Məmmədquluzadə Xatirə Muzeyinin direktoru Akif Hacıyev:
– Cəlil Məmmədquluzadə daim xalqın savadlanmasına çalışıb, dövrün qadağalarından qorxmayaraq bu yolda fəal mübariz olub. Bu gün əsərləri sevə-sevə oxunan, tamaşaya qoyulan Mirzə Cəlilin ömrünün bir hissəsi Nehrəm kəndində keçib. Yazıçının Xatirə Muzeyi üçün müasir tələblərə cavab verən yeni binanın inşa olunması Azərbaycan ədəbiyyatına və mədəniyyətinə böyük ehtiramın ifadəsidir. Muzeyin yerləşdiyi ərazidə isə istifadəyə verilən Uşaq Musiqi Məktəbi nehrəmli uşaqların musiqi təhsili almasına şərait yaradıb.
Uzun illər kənddəki ictimai təsərrüfata rəhbərlik edən kənd təsərrüfatı mütəxəssisi, hazırda Nehrəm Bələdiyyəsinin sədri işləyən Tofiq Abutalıbov kənd adamlarının fikirlərini ifadə edərək dedi:
– Bu kənddə doğulmuşam, burada boya-başa çatmışam. Demək istəyirəm ki, Nehrəmin dünəni də, bu günü də gözlərim qarşısındadır. Muxtar respublikada nehrəmliləri torpağa bağlı adamlar kimi tanıyırlar. Onu da nəzərinizə çatdırım ki, nehrəmlilər hələ sovet dönəmindən zəhmətkeş və torpağa bağlı insan olduqlarını sübut ediblər. Naxçıvan şəhərinin bir addımlığında yerləşsə də, qayğıya möhtac olan nehrəmlilər torpaqdan üz çevirməyiblər, gün-güzəranlarını bu qiymətli sərvət hesabına qurublar. Bu gün məhsuldar torpaqlarımızda daxili bazarın tələbatına uyğun məhsullar istehsal etmək üçün hər cür şərait yaradılıb. Torpaq mülkiyyətçilərimiz dövlət qayğısından bəhrələnərək hər il bol məhsul istehsalına nail olublar. Bolluq firavan həyat, xoş gün-güzəran deməkdir. Nehrəmlilərin süfrələrinin ruzili-bərəkətli olması onlara hər sahədə göstərilən qayğı ilə bağlıdır.

Bir qədər də kəndin iqtisadiyyatı barədə

Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Təvəkkül Ələkbərovun söhbəti:
– Bu böyük yaşayış məntəqəsində 14 min 581 nəfər yaşayır. Onların öhdəsində 2500 hektar pay, 417 hektar həyətyanı torpaq sahəsi var. Kənd sakinlərinin bu torpaqlardan səmərəli istifadəsi üçün hər cür şərait yaradılıb. Əlincə çayından 25 kilometr məsafədən, Naxçıvançaydan 17 kilometr məsafədən kəndə su çəkilib. Bundan başqa, torpaq mülkiyyətçiləri Nehrəm və Bənəniyar göllərindən, Heydər Əliyev Su Anbarının sol sahil kanalı vasitəsilə götürülən sudan istifadə edirlər. Araz çayından nasoslar vasitəsilə də kəndə su vurulur. Nehrəmdə texnika ilə təchizat da yüksək səviyyədədir. Demək olar ki, kəndin torpaq adamları əkinçiliyin bütün sahələri ilə məşğul olurlar. Bu sırada taxılçılığı, bostançılığı, tərəvəzçiliyi, kartofçuluğu, meyvəçiliyi xüsusi qeyd etmək lazımdır. Ötən il bu sahələrdə nehrəmlilər bol və keyfiyyətli məhsul yetişdirib, daxili bazarın tələbatının ödənilməsinə töhfələrini veriblər. Qazanılan uğurlar taxılçılıqda və bostan məhsulları istehsalında daha yüksək olub.
İcra nümayəndəsi bildirdi ki, Nehrəmdə sahibkarlığın inkişafı da diqqət mərkəzində saxlanılıb. Kənddə 5 gəc sexi, 2 lavaşbişirmə müəssisəsi, 1 daş sexi, 1 istixana fəaliyyət göstərir. 2008-ci ildə istifadəyə verilmiş 2 məişət evində kənd adamlarına müxtəlif sahələrdə xidmət göstərilir.

Ağsaqqallar razılıq etdilər

Adətim üzrə kəndin yaşlı adamları ilə görüşmək istədim. Ömürlərinin onuncu on illiyini yaşayan Hüseyn Tağıyev, Mütəllim Novruzov, Mustafa Həsənovla görüşdük. Bu sinədəftər insanlarla söhbətə ilk olaraq kənddə min illərdir, formalaşmış, bu gün də yaşadılan adətlərlə başladıq. Bildirdilər ki, nehrəmlilər qədim adət-ənənələrə indi də əməl edirlər. Daha dəqiq desək, bu gün də kənddə bu ənənələrə ehkam kimi baxılır. Nehrəmdə ağsaqqal sözü, ağsaqqal öyüdü yazılmamış qanundur. Nehrəmlilər süfrələrinin ruzi-bərəkətli olmasını həm bu amillərlə, həm də onlara göstərilən dövlət qayğısı ilə bağlayırlar. Arzu edirik ki, dövlətçiliyimizə sadiq, milli dəyərlərimizə ehtiramla yanaşan, sabaha cavabdehlik hissini yaşadan, qurub-yaradılanları qoruyub-saxlamağı bacaran insanların ruzi-bərəkəti həmişə bol olsun.

Muxtar MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3272121
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1742
4121
9890
56767
3272121

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter