16 Dekabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

(Oçerk)

…Yolumuz Şərur rayonunun Qarahəsənli kəndinədir. Burada torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş Milli Qəhrəman Kərim Kərimovun doğulub boya-başa çatdığı ocağı ziyarət edəcəyik.

Kərim Kərimov haqda az məlumatı olanlar üçün deyim ki, xalqımızın bu igid övladı 2 iyul 1971-ci ildə Şərur rayonunun Qarahəsənli kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra Rusiyanın Tümen vilayətinə gedib və Ali Hərbi Mühəndis-Komandirlər Məktəbinə qəbul edilib. Siyasi və hərbi hazırlıq əlaçısı olub. Qarabağda döyüşlər şiddətlənəndə onunla bir yerdə təhsil alan 15 nəfər azərbaycanlı kursantı ətrafına toplayıb deyib: “Bu gün Vətənimizin ağır günüdür. Ölkənin hərbi mütəxəssislərə böyük ehtiyacı var. Əgər biz günahsız insanların Qarabağda axıdılan qanına biganə qalsaq, onda Vətən bizi bağışlamaz”. Beləliklə, Tümen Ali Hərbi Mühəndis-Komandirlər Məktəbinin son kursunda təhsil alan tələbələr Azərbaycana qayıdıb təhsillərini Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində davam etdiriblər. Onlar Biləcəridə təlim keçdikdən sonra, 1992-ci il aprelin 15-də Goranboy rayonuna yola düşüblər. İlk gündən “Tümendən gələn zabit” kimi tanınan 21 yaşlı Kərim Kərimov istehkamçılar bölməsinə komandir təyin olunub. O, verilən bütün tapşırıqları vaxtında və yüksək dəqiqliklə yerinə yetirib. 1992-ci il mayın 1-də Tapqaraqoyunlu kəndi ətrafında minalanmış sahələrin zərərsizləşdirilməsı əməliyyatı başlanıb. Əməliyyat zamanı bir nəfər əsgərimiz yaralanıb. Döyüşçüyə birinci qrup qan lazım olanda ilk dəfə Kərim özü qan verib. Mayın 5-də Kərim bir neçə döyüş yoldaşı ilə birlikdə quldurlar yuvası Talış təpəsinə qalxıb. Onların döyüş hünəri sayəsində 40 nəfərə yaxın erməni qulduru məhv edilib.

Bölmə döyüşə-döyüşə yüksəkliyi ələ keçirib. Səhər saat 5 radələrində düşmən güclü hərbi texnikanın köməyilə onları mühasirəyə alıb. Şiddətli döyüş başlanıb. Kərim öz avtomatını yoldaşına verib, qumbaraatanla hücuma keçib. Düşmənin bir döyüş maşını vurulub. İkinci maşına atəş açılanda artıq Kərim yaralanmışdı. O, əsir düşmə­mək üçün odlu siqnal fişəngini sinəsinə sıxıb. Erməni quldurları Kərimin və onun bir neçə döyüş yoldaşının nəşini götürüb aradan çıxıblar. İyunun 12-də kəndlərin erməni silahlı quldur dəstələrindən təmizlənməsi əməliyyatı başlanıb. Milli Ordumuza əsir düşmüş iki erməni döyüşçüsünün verdiyi məlumatla Kərimin fermanın yanında basdırılmış, daha doğrusu, üstü şifer qırıntılarıyla örtülmüş nəşi tapılır. Onunla birlikdə daha üç nəfərin nəşi orada olur. Kərimin nəşi Gəncə aeroportuna gətirilib Naxçıvana yola salınır. 1992-ci il mayın 5-də Goranboy döyüşlərində qəhrəmancasına şəhid olmuş Kərim Kərimov iyunun 17-də doğma kəndi Qarahəsənlidə torpağa tapşırılır. 11 sentyabr 1992-ci il tarixli fərmanla Kərimov Kərim Məhəmməd oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülür. Qarahəsənli kəndində onun büstü qoyulur. Goranboy və Şərur rayonlarında adı əbədiləşdirilir, məktəb, küçə və körpü qəhrəmanın adı ilə tanınır.
Milli Qəhrəmanımızın ata ocağında bizi igidimizin anası Xədicə Kərimova qarşılayır, “xoş gəldiniz”, – deyir. Ömrünün 69-cu ilini yaşayan, ancaq yerişindən, duruşundan “Mən hələ qocalmamışam!”, – deyən Məhəmməd kişi də tezliklə gəlib çıxır. Onu da deyim ki, milli qəhrəman atası o qanlı-qadalı illəri, baş verən hadisələri dəqiqliklə xatırlayır, oğlunun nəşini gətirməyə gedərkən qarşılaşdığı insanların ad və soyadlarını, onlarla olan söhbətləri sətir-sətir dilə gətirir. Övladını itirmiş bir ataya oğlu ilə bağlı sual vermək üstü qaysaqlanmış yaraları yenidən qoparmaq kimidir. Ancaq nə etmək olar? Ata verilən sualları dəyanətlə cavablandırır, hər kiçik detalı belə yada salmağı unutmur:
– Oğlumun şəhid olması xəbərini kəndimizin sakinləri, qohum-əqrəbalar məndən qabaq eşitmişdilər. Ancaq heç kim ürək edib mənə bir şey söyləyə bilməmişdi. Xəbəri eşitdiyim zaman onlardan incimişdim, ancaq üstündən illər keçdikdən sonra onları bunun üçün qınamamağa başlamışam. Axı necə deyərdilər? Oğlumun xarakterinə yaxşı bələd idim və Tümendən bir qrup zabitin Azərbaycana döndüyünü eşidəndə qəti olaraq bilirdim ki, onların içində Kərim də var. Sonra eşitdim ki, bu zabitlərin hamısı Qarabağda döyüşür. Sonra cəbhə xəttindən tez-tez teleqramlar gəlməyə başladı. Kərim yazırdı ki, hər şey qaydasındadır. Ancaq müharibədir də. Heç vaxt ürəyim rahat olmurdu, səksəkədə idim. Deyirlər, döyüş meydanında güllə özü axtarıb səni tapır.
Bu andaca Məhəmməd kişinin söhbətində kiçik bir fasilə yarandı, otağa sükut çökdü. Bilirəm ki, şəhid atası o illərə qayıdıb, onu bu düşüncələrdən ayırmaq olmaz.
…Milli Qəhrəmanımızın anası Xədicə Kərimova həyat yoldaşının söhbətini səssiz-səmirsiz, lal bir sükutla dinləyir, arabir qanrılıb divardakı şəkildə sərv qamətli oğluna baxır. Qürur hissi keçirdiyi üzündən oxunur. İgid anasının mətanəti, dözümü məni heyrətləndirir. Araya çökən sükutdan istifadə edib yavaşca ona yaxınlaşıram: Necəsən, igid anası? – deyib onu düşüncələrindən ayırıram.
– Yaxşıyam, oğlum, yaxşıyam. Necə olum? Kərim öz şəhid adı ilə məni başqalarından fərqləndirib. Artıq 23 ildir ki, mən adi bir kənd sakini yox, Milli Qəhrəmanı, canını Vətən yolunda qurban vermiş bir oğulu dünyaya gətirən qadınam. Bilirəm ki, insanlar da mənə elə o gözlə baxırlar. Ona görə də heç bir zaman özümü insanlar içində kədərli, qəmli, oğul acısı çəkən kimi göstərə bilmərəm. Ona görə göstərə bilmərəm ki, mənən sarsılmış bir qadından başqalarına nümunə ola bilməz. Bəzən toylarda qol götürüb süzən cavanları görüb düşünmüşəm ki, Kərim də kaş burda olardı, onun da toyunu görərdim. Sonra öz-özümə demişəm ki, yox, Xədicə, sənin oğlun olması lazım olan yerdə olub, əgər o və onun kimilər orda olmasaydılar, daha çox ana öz övladı üçün ağlayacaqdı.
Milli Qəhrəmanın ata ocağından ayrılan zaman Azərbaycan Vətən müharibəsi veteranı Elsevər Rüstəmovdan bizi Milli Qəhrəmanımızın məzarına qədər müşayiət etməsini xahiş edirəm. Qarahəsənli qəbiristanlığının daş hasarını keçib bir neçə addım getdikdən sonra üzərində qəhrəmanımızın və kənddən olan daha bir şəhidimizin – Muxtar Məmmədovun şəkilləri olan başdaşıları ilə qarşılaşıram. Kərim yenə lal-dinməz baxışları ilə ziyarətçilərini seyr edir. Baxışlarında sanki bir nigarançılıq, bir narahatlıq var. Bu hələ də düşmən işğalı altında olan Qarabağın, hər gün düşmən gülləsilə diksinən Tapqaraqoyunlunun, orada qoyub gəldiyi insanların gələcək taleyinin nigarançılığıdır. Öz-özümə “Nigaran qalma, qəhrəman”, – deyirəm, Qarabağın azad olunmasına çox az qalıb, mənfur düşmən öz qanında boğulacaq, sənin və sənin kimi yüzlərlə şə­hidimizin qanı yerdə qalmayacaq. Əgər siz olmasaydınız, yurd da olmazdı, Vətən də. Hər bir igidimizin tökülən bir damla qanının yerdə qalmaması üçün qələbə naminə canından keçmiş ərənlərimizin, ölməzlik, əbədiyyət qazanmış şəhidlərimizin ruhuna and içməliyik. Elə bu gündən and içməliyik.
Bizi kənd məktəbinin önündən Kərimin büstü yola salır... Ehtiramla baş əyib, pıçıltıyla “Yenə görüşənə qədər, qəhrəman!” – deyirəm.
Qarahəsənli kəndindən bir az aralıda, ətrafı axarlı-baxarlı əkin sahələri ilə çevrələnmiş bir körpü var. Bu körpü Kərim Kərimovun adını daşıyır. Kərim və onun kimi minlərlə şəhidimiz də Azərbaycan üçün polad körpüdür, həm də sınmayan, əyilməyən, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü qədər ağır bir yükü dünənimizdən bu günümüzə ötürən qəhrəmanlıq körpüsü. Bu günümüzdən gələcəyimizə atılan polad körpülərimizin dayağı isə güclü dövlət, yenilməz ordu, sağlam əqidə, Vətənə və dövlətə sədaqətdir.

 Səbuhi HÜSEYNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3411798
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1591
3748
31628
70965
3411798

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter