14 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Mənbələr tarixin yaddaşı, aid olduğu dövrün parlaq salnaməsidir. Bu salnamənin hər səhifəsində tarixi fakt və gerçəkliklər, ictimai-siyasi hadisələr öz əksini tapır. Odur ki, mənbələri arayıb-axtarmaq, üzə çıxarmaq, onları xarakterinə, forma və məzmununa, həcminə, əhatə dairəsinə görə qruplaşdırıb təhlil etmək dilçilik elminin qarşısında duran vacib məsələlərdən biridir. Ümumi onomastikamız üçün xarakterik olan belə mənbə və qaynaqlar Naxçıvan ərazisindəki onomastik vahidlərin də araşdırılıb üzə çıxarılmasında mühüm əhəmiyyət kəsb edir.

1924-1936-cı illərə aid mənbələr müxtəlifliyi ilə yanaşı, toponimləri əks etdirmək, onları qoruyub saxlamaq baxımından da diqqəti cəlb edir. Belə mənbələrdən biri Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivindəki sənədlərdir. Bu sənədlərdən aydın olur ki, 1920-ci ilin rus işğalı ilkin olaraq tarixi ərazimiz olan Zəngəzuru əlimizdən almış, Azərbaycanın tərkib hissəsi olan Naxçıvan doğma ərazidən ayrı düşmüş, milli adlarımız erməni millətçilərinin əlinə keçmişdir.

1924-cü ildə regionda 3 qəza, 12 dairə təşkil olunmuş, 1925-ci ildə qəzalar ləğv edilmiş, dairələrin sayı 8-ə endirilmişdir. Bütün bu məsələlər Naxçıvan ərazisindəki toponimlərin işlənmə arealına da öz mənfi təsirini göstərmiş, Sovet hakimiyyətinin ilk illərindən milli adlarımıza qarşı qeyri-obyektiv münasibət bəslənilmişdir. Belə ki, 1918-1920-ci illərlə müqayisədə 1925-ci ildə bəzi kənd adları dəyişdirilmiş və yeni qəzalar üzrə bölgü aparılmışdır. Həmin ildə aparılan rayonlaşma siyasəti nəticəsində Baş Noraşen rayonuna 53, Qıvraq rayonuna 19, Cəhri rayonuna 14, Tumbul rayonuna 30, Nərimanov rayonuna 30, Əbrəqunus rayonuna 29, Culfa rayonuna 4, Ordubad rayonuna 20, Parağa rayonuna 15, Aza rayonuna 11 yaşayış məntəqəsi daxil edilmişdir. Bu rayonlara daxil olan Əskikənd, Bulaqbaşı, Salahabad, Billəva, Vayxır, Parçı, Yalqızağac, Lizbirt, Sürəməlik, Naxışnərgiz, Nərimanabad, Qaraboya, Qızıl Qışlaq, Zərnətün, Xınzirək, Nurs Məzrəsi, Haçaparaq, Zoğala, Dizə, Dərgəməlik, Tillək, Der, Sumbatandizə, Düylündizə və digər kəndlərin bir qismi tədricən ləğv olunmuş, digərlərinin isə adları dəyişdirilmişdir.
Mənbələr sübut edir ki, 1927-ci ildə Naxçıvan MSSR-də 8 dairə (rayon), 227 yaşayış məntəqəsi olmuş, kəndlər dairələr üzrə aşağıdakı sayda bölünmüşdür: Baş Noraşen (55), Qıvraq (23), Nərimanov (35), Tumbul (35), Əbrəqunus (30), Culfa (13), Parağa (15), Ordubad (21). Həmin ildən sonra da Naxçıvan MSSR-in yaşayış məntəqələrinin sayında dəyişiklik edilmiş, Zaqafqaziya MİK-nın 1929-cu il 18 fevral tarixli qərarı ilə Şərur-Dərələyəz qəzası ləğv olunmuş, qəzanın Dərələyəz hissəsi bütünlüklə, həmçinin Naxçıvan MSSR-in 9 kəndi – Şərur dairəsinin Qurdqulaq, Xaçik, Horadiz, Şahbuz nahiyəsinin Oğbin, Sultanbəy, Ağxaç, Almalı, İtqıran, Ordubad dairəsinin Qarçivan kəndləri, habelə Kilit kəndinin əkin sahələri və otlaqları Ermənistana verilmişdir. Nəticədə, çox böyük ərazimiz erməni millətçilərinin əlinə keçmiş, həmin ərazilərdəki yüzlərlə milli adlarımız dəyişdirilmişdir.
Muxtariyyətin ilk illərində Azərbaycan elmi və mədəniyyəti tarixinə dair yazılmış əsərlərdə, təşkil olunan elmi cəmiyyətlərin sənədlərində tədqiqat üçün vacib sayılan yüzlərlə yer, şəxs, tayfa adları qeydə alınmışdır. Bu baxımdan 1926-1927-ci illərdə Naxçıvanın yer-yurd adları haqqında geniş məlumat verən mənbələr sırasına “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti”nin xətti ilə Naxçıvana gəlmiş V.V.Sısoyevin hesabat məruzələri diqqəti cəlb edir. Müəllif həmin hesabatda Atabəy məqbərəsi, Naxçıvan qalası, Xuda Divan qəbiristanlığı, Qarabağlar, Qarabağlar türbəsi, Dəli pir, Şahtaxtı, Culfa, Əbrəqunus, Nüsnüs, Yuxarı Əndəmic, Aşağı Əndəmic, Yuxarı Əylis, Aşağı Əylis, Düylün, Dəstə, Çənnəb, Üstüpü, Məzrə, Pəzməri, Kələki, Unus, Dırnıs, Vənənd, Dehsər, Xanağa, Xaraba Gilan, Aşağı Aza, Yuxarı Aza, Dizə və sair kimi coğrafi obyekt adları, kəndlərdəki tikililər, qala, pir, məqbərə, Nuh Peyğəmbərin Naxçıvan şəhərindəki məqbərəsi və sair haqqında maraqlı məlumat vermiş, ancaq özündən əvvəlki bəzi tədqiqatçıların təsirindən qurtara bilməmiş, faktların bir qisminə ermənipərəst mövqedən yanaşmışdır.
1925-1930-cu illərdə Naxçıvanın yer-yurd adlarının əks olunduğu mənbələrdən biri də “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti”nin 1925-ci ildə yaradılmış Naxçıvan şöbəsinin sənədləridir. Ədəbiyyatşünas alim Fərman Xəlilov tərəfindən kitab şəklində nəşr edilmiş həmin sənədlərdən aydın olur ki, cəmiyyətin xətti ilə ayrı-ayrı yerlərə elmi səfərlər təşkil edilmiş, bölgənin maddi-mədəniyyət abidələri, tarixi, el ədəbiyyatı və etnoqrafiyasına dair məlumat və materiallar toplanılmış, ərazinin tarixi və abidələri, şəhər və kəndlərinin coğrafi mövqeyi, etnik tərkibi, arxeoloji materialları haqqında məlumatlar toplanılıb müzakirə edilmişdir. Cəmiyyətin sənədlərində indiki Şərur və Kəngərli rayonları ərazisində: Hortikən, Duvəğğüz bərə, Heybət arxı, Gobut, Keçi bulağı, Ding arx, Kərpicli, Qazılı, Cilovxanlı (Yengicə kəndi), Oruş xanəni, Ocaq təpəsi (Zeyvə-Düdəngə kəndi), Xarabalar, Naxırca dədək (Xanlıqlar kəndi), Şəbih, Şəvi savağı, Sənur, Təpəli yer (Parçı kəndi), Qurd dərəsi, Devillək (Cinni yurdu), Kələnşahı, Deynular, Tatlar, Qasıxan, Kəngərli (Püsyan kəndi), Qarapirim, Sarı torpaq, Şərdatan, Qaraqannıx (Qıvraq qəsəbəsi), Dilbər, Axvay, Dərəsaz, Qorux (Yurdçu kəndi), Asnı, Bilici, Qəbə dağı, Damlama, Dibək, Susuz, Qaravul, Beşbarmaq, Şəmdin, Bəzəkli, Süzgünlər, Yolğun dərə, Sarıburun, Duzsaz, Dərəsaz, Xudabəxş dərəsi (Qarabağlar kəndi), Qaraoyş, Ar ağılı, Qoşa ağıl, Daş ağıl, Qırmızı daş, Qazan yaylağı (Çalxanqala kəndi), İydəli pir, Şah bağı, Ağ bulaq, Qala yeri, Şah arxı (Şahtaxtı kəndi) kimi dağ, yaylaq, yurd və kövşən adları qeydə alınmış, Ordubad şəhərinin “Kürdətalı” məhəlləsi, Qoç qəbiristanlığı, Çardağ qəbiristanlığı, “Sərşəhər” məhəlləsi, Anabad kəndi, Kilit kəndi, Kilit mağarası, Nüsnüs kəndi, Çeheltən piri, Danaqırt kəndi, Vənənd, Biləv və sair haqqında geniş məlumat verilmişdir.
Bununla bərabər, həmin sənədlərdə Atabəylər, Biləkli Cığatay, Cığallı, Hacılı, Kəngərli, Qaraqoyunlular, Nadirxanlı, Oğuz, Sadıxlı, Talıbxanlı, Türk və sair kimi tayfa, xalq, qəbilə adları, Alışar, Aza, Baş Noraşen, Böyükdüz, Camaldın, Cəhri, Culfa, Daşarx, Dəmirçi, Düdəngə, Ərəb Yengicə, Ərəfsə, Gilan, Xanlıqlar, Xıncov, Keçəl təpə, Keştaz, Qalacıq məhəlləsi, Qalacıq yeri, Qarabağlar, Qarahəsənli, Qıvraq, Milax, Nehrəm, Nəriman dairəsi, Nürgüt, Ordubad, Parçı, Püsyan, Şahtaxtı, Şərur, Təzəkənd, Təbriz, Tənənəm, Tirkeş, Ulya Noraşen, Yaycı, Yengicə, Yurdçu və digər bu kimi mahal, şəhər, qəsəbə, kənd, məhəllə adları öz əksini tapmışdır.
Bölgənin toponimik sistemi haqqında xarakterik məlumat verən mənbələr içərisində Naxçıvan Mərkəzi Statistika İdarəsi tərəfindən 1926-cı ilin yanvar ayında hazırlanmış “Bülleten” də mühüm yer tutur. “Bülleten”dən aydın olur ki, həmin il Baş Noraşen rayonu 54, Qıvraq rayonu 19, Cəhri rayonu 14, Tumbul rayonu 30, Nərimanov rayonu 30, Əbrəqunus rayonu 30, Culfa rayonu 4, Ordubad rayonu 20, Parağa rayonu 15, Aza rayonu 11 kəndi əhatə etmiş, muxtar respublikada cəmi 227 yaşayış məntəqəsi olmuşdur. Həmin yaşayış məntəqələrindən Əskikənd, Bulaqbaşı, Salahabad, Aralıq bəy, Aralıq xan, Saraclı-Daşarx, Örtülü Təzəkənd (Baş Noraşen rayonu), Billəva, Vayxır, Parçı, Yalqızağac (Qıvraq rayonu), Sust, Lizbirt (Cəhri rayonu), Sürəməlik, Naxışnərgiz, Nərimanabad (Tumbul rayonu), Paradaşt, Haçaparaq, Baş Anzır, Orta Anzır, Dib Anzır, Korəhmər, Zoğala (Əbrəqunus rayonu), Dərgəməlik, Tillək (Parağa rayonu), Der (Aza rayonu) və sair kimi kəndlərin adları tədricən passiv toponimik fonda keçmişdir.
1933-cü ildə respublikanın rayonlaşdırılmasının yekunlarına dair Azərbaycan Sosialist Şura Cümhuriyyəti Xalq Təsərrüfat Uçot İdarəsi tərəfindən hazırlanmış “ASŞC-Nax.SŞC-MDQO inzibati bölünüşü” adlı məlumat toplusu öz zənginliyi və dəqiqliyi ilə diqqəti cəlb edir. Topluda Azərbaycan, o cümlədən Naxçıvan ərazisinin yenidən rayonlaşdırılması, rayonlara daxil olan kəndlər, təsərrüfatların və əhalinin sayı, etnik tərkibi, kolxoz və sovxoz adları, kənd şuraları və oraya daxil olan kəndlərin adları sistemli şəkildə əksini tapmışdır. Burada Naxçıvan ərazisində mövcud olan 242 yaşayış məntəqəsi və 71 kolxoz adı qeydə alınmışdır ki, həmin coğrafi adların elmi-linqvistik baxımdan tədqiqi vacib məsələlərdən biridir.
Bir faktı da qeyd edək ki, 1930-cu illərdə xalqımıza, milli mənəviyyatımıza, maddi-mədəniyyət abidələrimizə, görkəmli şəxsiyyətlərimizə qarşı törədilən repressiya bir çox tarixi adlarımızın da unutdurulması, sıradan çıxarılması ilə nəticələnmişdir. Məsələn, Naxçıvan MİK-nın IV sessiyasının (IX çağırış, 23 mart 1936-cı il) iclas protokoluna əsaslanıb deyə bilərik ki, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Naxçıvan MSSR-də yaşayış-məntəqə adlarının dəqiqləşdirilməsi ilə əlaqədar 238 yaşayış-məntəqə adından 48-nin adının dəyişdirilməsi haqda qərar qəbul etmiş, beləliklə də, tarixi adların sıradan çıxarılması üçün “dövlət əhəmiyyətli tədbirlər görülmüşdür”. Bu qərar ancaq kağız üzərində qalmış, həyata vəsiqə ala bilməmiş, xalq tərəfindən qəbul olunmamışdır.

(Ardı var)

Adil BAĞIROV
AMEA Naxçıvan Bölməsinin şöbə müdiri, AMEA-nın müxbir üzvü

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3272117
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1738
4121
9886
56763
3272117

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter