Şərur Rayon İcra Hakimiyyətində Azərbaycan xalqının ümummilli lideri Heydər  Əliyevin anım günü ilə bağlı tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Nüsrət Həsənovun  “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur”, Axaməd kənd tam orta məktəbinin müəllimi Kəmalə Hüseynovanın     “Heydər Əliyev və Azərbaycan təhsili”, Şərur Rayon Mədəniyyət və Turizm Şöbəsinin əməkdaşı Nurbəniz Niftəliyevanın “Mədəniyyətimizin himayədarı” mövzularında məruzələri dinlənilib. Qeyd olunub ki, ulu öndər Heydər Əliyev hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaradıb. Bütün mənalı həyatını öz xalqına həsr etmiş ulu öndərimizin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Xalqımız hələ neçə-neçə illər bu böyük məktəbdən faydalanacaqdır.

            Bildirilib ki, ötən əsrin 70-ci illərindən başlayaraq tərəqqi yoluna çıxan Azərbaycan Respublikasının bütün bölgələrində quruculuq tədbirləri geniş vüsət alıb, emal və istehsal müəssisələri fəaliyyətə başlayıb. Çoxlarına xəyal kimi görünən böyükmiqyaslı layihələr reallaşdırılıb. Bunu muxtar respublikamızın hər bir rayonunda görmək olar.

Bu cəhətdən regionun ən böyük bölgələrindən biri olan Şərur rayonu da istisna deyil. Ulu öndərin ölkəmizə bir qərinədən artıq rəhbərliyi dövründə Şərur yüz illərə bərabər inkişaf yolu keçib. Bu gün də ümummilli liderimizin yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, Şərur inkişafın yeni mərhələsinə qədəm qoyub.

            Tədbirdə məktəblilər dahi rəhbərimizə həsr olunmuş şeirləri bədii qiraət ediblər.

*    *    *

            Babək rayonu görkəmli dövlət xadimi     Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq, 1978-ci ildə yaradılmışdır. Ötən dövr ərzində rayon inkişafın yeni mərhələsinə qədəm qoymuş, müasir Azərbaycan rayonuna çevrilmişdir. Yaşı bir qərinəni ötən Babək rayonunda qısa zaman kəsiyində həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri rayonun simasını əsaslı surətdə dəyişdirmiş, insanların həyat səviyyəsi yüksəlmiş, əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində xeyli iş görülmüşdür. Rayonun sakinləri ulu öndərin arzularının həyata keçməsi üçün səy və bacarıqlarını əsirgəmirlər.

            Dünən rayonda Heydər Əliyev şəxsiyyətinə ehtiramın bir daha şahidi olduq. Ulu öndərin anım günü münasibətilə görkəmli dövlət xadiminin rayon mərkəzindəki abidəsi önünə gələn babəklilərin dahi şəxsiyyətə sevgi və məhəbbətini hiss etmək çətin deyildi. Rayon mərkəzindən və bölgənin kənd yaşayış məntəqələrindən abidə önünə axın-axın üz tutan insanlar ulu öndərimizə bir daha öz ehtiramlarını bildirdilər.

*    *    *

            Muxtar respublikanın gözəl guşələrindən biri olan Ordubad rayonunda ulu öndərin yadigarları saymaqla qurtaran deyil. Rayonun iqtisadiyyatının inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması üçün emal və istehsal müəssisələrinin istifadəyə verilməsi ümummilli liderin Azərbaycana rəhbərliyinin hər iki dövründə diqqətdə saxlanılmışdır. Buna görə də mənsub olduğu xalqı ürəkdən sevən, onun layiq olduğu səviyyədə yaşaması üçün məqsədyönlü tədbirlər həyata keçirən, insanların problemlərinə həssaslıqla yanaşan dahi şəxsiyyət Heydər Əliyev ordubadlıların da qəlbində əbədi yaşayır. Dəfələrlə bu rayonda olan, insanlarla görüşən, onların qayğıları ilə maraqlanan ümummilli lider bu gün rayon sakinləri tərəfindən böyük minnətdarlıqla, sevgi və məhəbbətlə xatırlanır.

            Ulu öndərin anım günündə ordubadlılar xalqımızın böyük oğlunun rayon mərkəzindəki abidəsi önünə gələrək ona öz ehtiramlarını ifadə etmişlər.

*    *    *

            Günü-gündən siması dəyişən, müasirliyə qovuşan Culfa rayonuna da Heydər Əliyev quruculuq siyasətindən xeyli pay düşmüş, bölgədə yeni-yeni inzibati binalar, sosial obyektlər tikilib istifadəyə verilmişdir. Qədirbilən culfalılar yaşadıqları yurd yerinin füsunkar bir məkana çevrilməsinə görə ulu öndər Heydər Əliyevi daim minnətdarlıqla xatırlayırlar.

            Dünən Culfa rayonunda da dahi rəhbərimizin  xatirəsi ehtiramla yad olunmuşdur. Rayon sakinləri ulu öndərin Culfa şəhərində əzəmətlə ucalan abidəsi önünə gəlmiş, xalqımızın böyük oğluna öz sevgi və ehtiramlarını bildirmişlər. 

*    *    *

            Xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Kəngərli rayonunda da hörmət və ehtiramla anılmışdır. Ümummilli liderimiz Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq keçirilən mərasimdə rayon sakinləri ulu öndərin əziz xatirəsini elliklə yad etməklə dahi şəxsiyyətə olan hörmət və ehtiramlarını bir daha nümayiş etdirmişlər. Həmin gün xalqımızın böyük oğlunun rayon mərkəzində ucaldılmış abidəsi minlərlə insanın axın etdiyi məkana çevrilmişdi.

*    *    *

            Şahbuz rayonu da ümummilli lider Heydər Əliyevin siyasətinin uğurla davam etdirilməsi nəticəsində sürətli inkişaf yoluna qədəm qoymuş bölgələrimizdən biridir. Şahbuz qəsəbəsinə şəhər statusu verilmiş, rayonun ən ucqar dağ və sərhəd kəndlərində genişmiqyaslı quruculuq tədbirləri həyata keçirilmişdir. Şahbuzlular ulu öndərin bu rayon üçün gördüyü işləri unutmur, dahi rəhbərin xatirəsini daim ehtiramla yad edirlər.

            Rayon sakinləri görkəmli dövlət xadimi Heydər Əliyevin anım günündə Şahbuz Rayon İcra Hakimiyyəti binasının qarşısına gələrək ulu öndərin burada ucaldılmış büstünü ziyarət etmişlər.

*    *    *

            Düşmənlə üzbəüz mövqedə dayanan Sədərək rayonu 1990-1993-cü illərin ağır dönəmində məhz ulu öndərimizin rəhbərliyi altında qorunmuş və böyük bir inkişaf yolu keçmişdir. Bir vaxtlar qəlpə yağmuruna tutulan Sədərəyin hər qarış torpağı indi gül-çiçəyə bürünmüşdür. Bu qədim yurd yerini qeyrət qalası adlandıran ulu öndər Heydər Əliyevin əziz xatirəsi sədərəklilər tərəfindən daim ehtiramla anılır.

            Ümummilli lider Heydər Əliyevin Sədərək Rayon İcra Hakimiyyəti binasının qarşısında ucaldılan büstü dünən ulu öndərin anım günü münasibətilə ziyarətgaha çevrilmişdi. Büstü ziyarətə gələn sədərəklilər ölkəmizin tarixində və taleyində mühüm rolu olan və hələ sağlığında xalqın qəlbində özünə əbədi abidə ucaldan bu dahi şəxsiyyətin əziz xatirəsinə öz ehtiramlarını ifadə etmişlər.

 “Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi

            Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində         “Heydər Əliyev lektoriyası”nın 12-ci məşğələsi keçirilib. Tədbir iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. “Heydər Əliyev: xalqın lideri, xalqın yolu” mövzusuna həsr olunmuş lektoriyanı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov dahi rəhbərin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən, şərəfli və mənalı ömür yolundan danışıb. 

            “Heydər Əliyev lektoriyası”nın budəfəki qonağı AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Tariyel Talıbov olub. O, çıxışında bildirib ki, Azərbaycanın bugünkü uğurlarının təməlində Heydər Əliyev ideyaları və bu ideyalara sədaqət, siyasi sabitlik, ulu öndərin uğurlu neft strategiyasının məntiqi nəticəsi olan güclü iqtisadiyyat dayanır. Məhz bunun nəticəsidir ki, ölkəmiz çox ciddi uğurlara imza atmaqla regionun lider dövləti kimi dünyada söz və nüfuz sahibinə çevrilib.

             “Heydər Əliyev və milli-mənəvi dəyərlər kontekstində gömrük xidməti” mövzusunda məruzə ilə çıxış edən komitənin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş inspektoru, gömrük xidməti kapitanı Rahil Tahirli qeyd edib ki, mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və mənəvi dəyərlərinə sönməz məhəbbət duyğularıyla yanaşan ümummilli lider Heydər Əliyev milli-mənəvi dəyərlər sistemimizi Azərbaycançılıq adı altında milli ideologiya şəklində irəli sürməklə bunu təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın mühüm atributu kimi dəyərləndirib. Məruzədə Azərbaycançılıq ideologiyasının əsas məziyyətlərindən, 2012-ci ilin Naxçıvanda “Milli dəyərlər ili” elan olunmasından və il ərzində muxtar respublikada bu istiqamətdə görülən işlərdən, milli dəyərlərin qorunmasında gömrük orqanlarının rolundan bəhs olunub.

            Sonda tədbir iştirakçıları “Naxçıvanlı xatirələr” adlı filmə baxıblar.

Xəbərlər şöbəsi