14 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Dalğın baxışları ilə gözlərini şəhid oğlunun məzarına zilləmiş ağsaçlı bir ananı bir qədər kənardan seyr edirəm. Ana başını qaldırıb ətrafa baxır. Onunla çoxdankı tanış kimi başımla salamlaşıram. O da salamıma elə o tərzdə cavab verir. Gözlərinin dərinliklərində bir nisgil, intizar görürəm. Bir anda bu mənzərəni qürurla baxan gözlər əvəz edir. Ana belə oğul böyütdüyünü sanki indi xatırlayır. Yəqin ki, onu doğma torpaq uğrunda ölüm-dirim müharibəsinə göndərdiyi gün yadına düşür. 

Baxışlarımız toqquşur. Bu baxışlar qəhrəman oğlu ilə şərəf duyan ananın baxışlarıdır. Gecələri başının üstündə laylay dediyi, doğma torpağı sevməyi öyrətdiyi, vətənə layiq gənc kimi böyütdüyü oğlunun həyat yolu gözü onündən keçir, – deyə düşünürəm. Onu yaşadığı hisslərdən ayırmamaq üçün bir kənara çəkilirəm. Ana tək deyil. Yanındakı qadın şəhid bacısıdır.
...Şəhidlər xiyabanından bir yerdə çıxırıq. Zemfira müəllimə Şəhidlər xiyabanının çıxışında geri dönərək bir qədər dayanır. Oğlunun və onunla birlikdə uyuyan şəhidlərin ziyarətindən sonra ona təskinlik vermək istəsəm də, buna gücüm çatmır. Zemfira müəllimə qəddini dikəldir, söhbətə başlayır:

– Dünyanın müxtəlif ölkələrində baş verən, böyük fəlakətlərə səbəb olan müharibələr hələ heç kimə xeyir gətirməyib. Ancaq bizim ölkənin qatıldığı müharibə doğma torpaqlarımız uğrunda xalqımızın apardığı haqq mübarizəsidir. Bütövlüyümüzü, müstəqilliyimizi, dövlətçiliyimizi qoruyanlar bu mübarizəyə atılıblar. Ümumilikdə, müharibələrə gəldikdə düşünürəm ki, bütün bunlar ağır itkilərlə nəticələnsə də, sülhsevər bəşəriyyət tərəfindən qətiyyətlə pislənilsə də, sağlam təfəkkür hələ qalib gələ bilməyib. Hələ ötən əsrin ortalarında Səməd Vurğun yazırdı: Qalib gələcəkmi cahanda kamal? Elə digər şair və yazıçılarımız da dəfələrlə bu mövzuya müraciət ediblər. Kütləvi insan qırğınına səbəb olan müharibələrin qarşısının alınması üçün dünyanın dahiləri əllərindən gələni etsələr də, qırğınlar yenə davam edir. Müharibələrin ağrılarını isə daha çox analar, bacılar çəkirlər.
* * *
O, 1958-ci ildə anadan olmuşdu. Onda ailələri Bakı şəhərində yaşayırdı. Bir qədər sonra Naxçıvana qayıdıblar. İbrahim Naxçıvanda boya-başa çatıb. O, hələ orta məktəbdə oxuduğu illərdə bir sıra şəxsi keyfiyyətləri ilə həmyaşıdlarından seçilib. Həyatının sonrakı dövrlərində bu keyfiyyətlər İbrahimi tanıyanlara sevdirən amillər olub. Orta məktəbi yüksək qiymətlərlə bitirib. Müstəqil həyata əmək cəbhəsində qədəm qoyub. İbrahim iki il sovet ordusu sıralarında hərbi xidmətini başa vurub. Rusiya Federasiyasının Moskva şəhərində yaşayan gənc həmyerlimiz Bakı Dövlət Universitetinin Tarix fakültəsində qiyabi yolla təhsilini davam etdirməyə başlayıb.
Moskvada Azərbaycanda baş verən hadisələri izləyən gələcək Milli Qəhrəman doğma Vətənə qayıtmağı qərara alıb. Bu qayıdışla onun cəbhə həyatı başlayıb. Bir sıra döyüş bölgələrində – Ağdərədə, Zəngilanda, Füzulidə erməni faşistlərinə qarşı döyüşlərdə könüllü vuruşan eloğullarımıza nümunə olub. Ancaq könüllü batalyonların ləğvi İbrahimin arzularına müvəqqəti olaraq sədd çəkir. Məsələ onda idi ki, İbrahim Məmmədovun Rusiya Federasiyasının vətəndaşı olması onun Azərbaycan Ordusu sıralarına qəbul edilməsinə maneə yaradır. Qəlbi doğma torpaqlarımızın azad edilməsi istəyi ilə döyünən İbrahim çıxış yolunu ulu öndərimiz Heydər Əliyevə müraciət etməkdə görür.
Haşiyə: Bir neçə gün İbrahim özündə olmayıb. Küçəyə çıxır, evə qayıdır, ailə üzvlərinin suallarına könülsüz cavab verirmiş. Yemək rejimi də pozulubmuş. Buna 1993-cü il noyabr ayının 8-də son qoyulub. Ulu öndərimiz Heydər Əliyev İbrahimin Azərbaycan Ordusu sıralarına qəbul edilməsinə razılıq verir. O gün İbrahim leytenant rütbəsində Azərbaycan Ordusu sıralarına qəbul edilir.
* * *
Bir ay sonra İbrahim Məmmədov bölük komandiri təyin olunur. Neftçalada yerləşən hərbi hissə 1994-cü ilin fevralında Goranboya göndərilir. Kəlbəcər ərazisində gedən döyüşlərdə iştirak edir. İbrahimin rəhbərliyi ilə bu döyüşlərdə igid eloğullarımız böyük qəhrəmanlıqlar göstərir, torpaqlarımızın müdafiəsində canlarından belə, keçməyə hazır olduqlarını nümayiş etdirirlər. Həmin döyüşdə İbrahim düşmənin bir ədəd zirehli texnikasını, sonra isə 40 nəfər düşmən əsgərini mühasirəyə alaraq məhv edir. Bundan daha da azğınlaşan düşmən hücumlarını bir qədər də genişləndirir. Lakin qəhrəman eloğullarımız bu hücumların qarşısını yerindəcə alır, düşmən böyük itki ilə geri çəkilir. İbrahim Məmməd­ovun əsl komandirlik bacarığı bu döyüşlərdə üzə çıxır. Əsgərlərimiz onun simasında bütün qanı və canı ilə doğma torpağa bağlı hərbçi görürlər. O, düşmən qarşısında mərdliklə dayanan, ölümün gözünə dik baxan əsgərlərimizin mənəvi-psixoloji durumunu düzgün dəyərləndirməyi diqqətdə saxlayır, hər bir əsgərin yaxın sirdaşına çevrilir.
İbrahim Məmmədovun döyüş yolunda yaddaqalan hadisələr çoxdur. Bu hadisələrin hər birində vətən torpağının düşmənlərdən azad olunması üçün şücaət və qəhrəmanlıq var. Bugünkü gənclik üçün örnək olan həmin hadisələrdən biri 1994-cü il fevral ayının 16-da Kəlbəcər rayonunun strateji əhəmiyyətli Yanşaq kəndi ərazisindəki döyüşlərdə onun və yoldaşlarının göstərdikləri qəhrə­manlıqdır. İbrahim Məmmədov həmin gün düşmənin iki tankını məhv etdikdən sonra üçüncü tankla üz-üzə gəlir, həmin tankı da məhv edir, qeyri-bərabər döyüşdə şəhidlik zirvəsinə ucalmaqla öz yoldaşlarını ölümdən qurtarır.
Xalqımızın bu igid oğlunun rəhbərliyi ilə ordumuzun kiçik bir qüvvəsinin belə qəhrəmanlığı bir neçə gün respublikamızda çap olunan qəzetlərin səhifələrində işıqlandırılır, televiziya kanallarında göstərilir. Qəzet yazıları və televiziya verilişləri vasitəsilə belə övlad böyüdən valideynlərə minnətdarlıq hissləri ifadə olunur.
Bir neçə ay sonra qəzetlərdə İbrahim İsmayıl oğlu Məmmədova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı dərc edilir. 20 iyun 1994-cü il tarixli bu fərmanla xalqımızın ümummilli lideri Heydər Əliyev neçə ay əvvəl Azərbaycan Ordusu sıralarına qəbul edilmək üçün ondan kömək istəyən bir qəhrəman Azərbaycan övladını ölkənin ən böyük mükafatına layiq bilir.

* * *

Zemfira xanım deyir ki, İbrahim 6 bacının 1 qardaşı olsa da, onu ərköyün böyütməmişdik. Ancaq rəhmətlik atası İsmayıl müəllim oğlumuzun sərbəst böyüməsini istəyirdi, onun müstəqil qərarlar qəbul etməsinə hörmətlə yanaşırdı. İbrahimin belə qərarlar qəbul etməsi ətrafımızda, qohum-qonşu arasında birmənalı qarşılanmırdı. Məsələn, çoxları deyirdi ki, ziyalılar ailəsinin bir oğlan övladı olan İbrahim orta məktəbi yaxşı qiymətlərlə bitirsə də, nə üçün ali məktəbi yox, zavodda fəhlə işləməyi üstün bildi? Mən bir ana, bir müəllim kimi oğlumun hərəkətlərini təbii qəbul etmişəm. Və bu gün o həyatda olmasa da, peşman deyiləm. Bütün analara sözüm odur ki, böyütdüyümüz övladların qəlbində Vətənə sevgi, yurda məhəbbət, el-obaya hörmət hissləri yarada bilsinlər. İbrahim belə oğul idi. Bir neçə gün əvvəl Moskvada yaşayan qızı İradə gəlmişdi. Deyir ki, nənə, mən İbrahim Məmmədov kimi bir insanın övladı olmağımla qürur duyuram. Moskvadakı qonşularıma, dostlarıma deyirəm ki, mənim atam ərazi bütövlüyümüz uğrunda şəhid olub. Bu, hər kəsə nəsib olan ömür deyil.

* * *

Yazını başa çatdıranda 5 yaşlı nəvəm yazı masama yaxınlaşıb İbrahimin şəklini əlinə götürdü. – Baba, bu kimdir ki?
– Qəhrəmandır.
– Qəhrəman necə olur ki?
– Böyüyəndə bilərsən, – deyə cavab verirəm və fikirləşirəm ki, kaş bugünkü övladlarımız böyüyəndə başqa sahələrdə qəhrəman olsunlar.

 Muxtar Məmmədov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3272107
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1728
4121
9876
56753
3272107

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter