21 Sentyabr 2020, Bazar ertəsi

Naxçıvan Şəhər Uşaq-gənclər idman məktəbinin mini-futbol meydançasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş 2002-2003-cü illər təvəllüdlü yeniyetmələr arasında mini-futbol üzrə Naxçıvan şəhər birinciliyi keçirilib. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 7 komandada 70 futbolçu iştirak edib.
Olimpiya sistemi üzrə keçirilən yarışın yekununa əsasən, “Atabəylər” komandası birinci yerə layiq görülüb. Onlar finalda “Araz” komandasından üstün olublar. “Xəzər” və “Gənc Heydərçilər” komandaları isə üçüncülüklə kifayətləniblər.
Qalib komandalara və fərqlənən idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları, fəxri fərmanları və hədiyyələr təqdim edilib.

Xəbərlər şöbəsi

30 aprel-3 may tarixləri arasında Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində Dünya Karate Federasiyasının 6-cı dünya çempionatı keçiriləcək. Sevindirici haldır ki, bu çempionatda Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının iki yetirməsi də iştirak edəcək. Belə ki, qonşu ölkədə bayrağımızı 9 yaşlı Rəşid Süleymanov və 8 yaşlı idmançımız Günay Süleymanova dalğalandırmağa çalışacaq. Bacı-qardaş olan karateçilərimiz artıq yarışın təşkil olunacağı ölkədədirlər.

Ceyhun Məmmədov

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin yetirmələrinin ölkə birinciliyində uğurlu çıxışları davam etməkdədir. Ötən günlərdə Bakı şəhərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman cəmiyyətləri arasında keçirilən boks üzrə açıq birinciliyə yekun vurulub. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin bir idmançısı qalib olmaqla bütün diqqətləri üzərinə cəlb edib. 69 kiloqram çəki dərəcəsində mübarizə aparan Əjdər Məmmədov bütün rəqiblərinə qalib gəlib və fəxri kürsünün ən yüksək zirvəsinə qalxıb.

Ceyhun Məmmədov

Babək rayon Nehrəm kənd 3 nömrəli tam orta məktəbdə Babək Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi, Uşaq-gənclər idman məktəbi və Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının Babək rayon bölməsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş rayon məktəbliləri arasında sərbəst güləş üzrə turnir keçirilib. Turnirdə 6 komandada 100-dən çox güləşçi mübarizə aparıb.
Babək Rayon Uşaq-gənclər idman məktəbinin direktoru Füzuli Salmanlı, Güləş Federasiyasının Babək rayon bölməsinin sədri Kamil Kazımov və rayon Gənclər və İdman İdarəsinin rəisi Nazim Salmanlı çıxış edərək Naxçıvan Muxtar Respublikasında idmana göstərilən diqqət və qayğıdan bəhs edib, idmançılara uğurlar arzulayıblar.
Yekun nəticəyə əsasən, “Nehrəm” komandası turnirin qalibi olub. İkinci yerə “Zeynəddin”, üçüncü yerə isə “Cəhri” komandaları layiq görülüblər.
Sonda qaliblərə təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim edilib.

Ceyhun Məmmədov

Dünən Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyi, rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Yüngül Atletika Federasiyasının Şahbuz rayon bölməsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş ümumtəhsil məktəblərinin qız şagirdləri arasında yüngül atletika üzrə rayon birinciliyi keçirilib.
Yarışın açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Muradov və Təhsil Şöbəsinin əməkdaşı Fikrət Cəfərov çıxış edərək ümummilli lider Heydər Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi qayğıdan bəhs ediblər. Bildirilib ki, ulu öndərin müəyyənləşdirdiyi idman siyasəti bu gün uğurla davam etdirilir. Bunun nəticəsidir ki, Azərbaycan idman ölkəsi kimi tanınır.
Yarışın reqlamentinə gəlincə, komanda və şəxsi hesablı birincilikdə 100, 200, 400, 800 metr məsafələrdə atletlər öz qüvvələrini sınayıblar. 19 məktəbdən 80 nəfərdən çox atletin iştirak etdiyi birinciliyin sonunda, müvafiq olaraq, Səməngül İsmayılova, Nərmin Rüstəmli, Sahilə Novruzova və Mədinə İbrahimova qət etdikləri məsafələrdə bütün rəqiblərinə qalib gəliblər. Komanda hesabında isə Aşağı Qışlaq kənd tam orta məktəbinin komandası birinci yerə layiq görülüb. Biçənək kənd tam orta məktəbinin komandası ikinci, Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin komandası isə üçüncü olub.
Qalib atletlər və komandalar təşkilatçıların diplom və hədiyyələri ilə mükafatlandırılıblar.

Ceyhun Məmmədov

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR