02 Aprel 2020, Cümə axşamı

Dünən İlham Əliyev adına Olimpiya-İdman Kompleksində 18 Oktyabr – Müstəqillik Gününə həsr olunmuş karate-do üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin tədbirlər planına əsasən, Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası ilə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin təşkil etdiyi yarışda 50-yə yaxın idmançı mübarizə aparıb. Birinciliyin açılışında çıxış edən Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov muxtar respublikada idmana və idmançılara göstərilən dövlət qayğısından danışıb. Sonra Karate-do Federasiyasının sədr müavini Nəriman Quliyev çıxış edərək yarış iştirakçılarına yarışın qaydaları haqqında məlumat verib, onlara uğurlar arzulayıb.
5 yaş qrupunda keçirilən birincilikdə müvafiq olaraq Fəxrəddin Dünyamalıyev (8-9 yaş), Rza Kərimov (10-11 yaş), Xəlil Əliyev (12-13 yaş), Nizami Binyətli (14-15 yaş) və Mirpaşa Kərimov (16-17 yaş) bütün rəqiblərini məğlub edərək qalib adını qazanıblar.
Sonda hər yaş qrupunda I,II,III yerləri tutan idmançılara təşkilatçıların diplom və qiymətli hədiyyələri təqdim olunub.

Ceyhun MƏMMƏDOV

Sədərək rayonunda “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülük üzrə məktəblilər arasında rayon birinciliyi keçirilib. Sədərək Rayon Gənclər və İdman İdarəsi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək Rayon Bölməsinin birgə təşkil etdiyi birincilikdə 20 məktəbli 4 komandanın heyətində mübarizə aparıb. Gərgin idman şəraitində keçən turnirin qalibi adını Sədərək kənd 1 nömrəli tam orta məktəbi qazanıb. Birincilikdə 2 nömrəli tam orta məktəb ikinci, Heydərabad qəsəbəsi tam orta məktəbi isə üçüncü olub.
Sonda qaliblərə təşkilatçılar tərəfindən diplomlar təqdim olunub.

 Ceyhun MƏMMƏDOV

Oktyabrın 17-də Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə 18 Oktyabr –Müstəqillik Gününə həsr olunmuş “Əlincədən İlandağa” devizi ilə yürüş keçirilib. Heydər Əliyev adına Hərbi Lisey, “Qapıçıq”, “Salvartı”, “Dərələyəz”, “Əlincə”, “İlandağ”, “Şahbuz”, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Dövlət Texniki Kollecinin komandalarının mübarizə apardığı yürüşdə 120-dən çox idmançı iştirak edib.
Tədbirin açılışında çıxış edən Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov tədbirin mahiyyətindən danışıb. Sonra Hava və Ekstremal İdman Növləri Federasiyasının sədr müavini Azər Məmmədov çıxış edərək bildirib ki, bu cür yarışları keçirməkdə məqsəd gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, həmçinin onlara vətənpərvərlik hissini aşılamaqdır.
8 kilometr məsafədə zirvəyə yürüşdə hamıdan güclü olduğunu sübut edən Heydər Əliyev adına Hərbi Liseyin kursantı Qəşəm Cəfərov qalib adını qazanıb. Elə digər iki pillənin sahibləri də kursantlar olublar: Məmməd İsmayılov ikinci, Əkbər Rəhimov isə üçüncü olub. Komanda yarışında da ilk pilləni Hərbi Liseyin komandası tutub. Digər iki pillədə isə Naxçıvan Dövlət Universiteti və Naxçıvan Dövlət Texniki Kolleci qərarlaşıb.
Tədbirin sonunda Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Füzuli Hüseynli buradakı tarixi abidələr barədə idmançılara məlumat verib.
Sonda təşkilatçılar tərəfindən qaliblərə diplom və qiymətli hədiyyələr təqdim olunub.

Ceyhun MƏMMƏDOV

Oktyabrın 15-də futbol üzrə Azərbaycan kuboku oyunlarının püşkatma mərasimi keçirilib. AFFA-nın inzibati binasında keçirilən tədbirdə 1/16 və 1/8 final mərhələsinin cütləri bəlli olub. Azərbaycan kuboku uğrunda oyunların keçirilməsinə oktyabrın 22-də start veriləcək. Cari ildə “Araz-Naxçıvan” futbol komandası kubok oyunlarına ikinci mərhələdən, daha dəqiq desək, 1/8 final mərhələsindən başlayacaq. Bu mərhələdə muxtar respublika təmsilçisinin rəqibi “Xəzər-Lənkəran” komandası olacaq. Görüş dekabrın 3-də Lənkəranda oynanılacaq və bu mərhələnin oyunları bir görüşdən ibarət olacaq.
Bu mərhələni adlayacağı təqdirdə “Araz-Naxçıvan” 1/4 finalda “İnter”- “Şahdağ” oyununun qalibi ilə qarşılaşacaq.

 Ceyhun MƏMMƏDOV

Topaz Premyer-Liqasının 8-ci turunda “Araz-Naxçıvan” futbol komandası doğma arenada “AZAL” futbol komandasını qəbul edəcək.
Oktyabrın 18-də Naxçıvan Muxtar Respublika Stadionunda baş tutacaq görüş saat 1500-də başlayacaq. Komandamız bu gün oyunun keçiriləcəyi stadionda son məşqinə çıxacaq və oyunun başlama saatını gözləyəcək. Muxtar respublika təmsilçisinin heyətində zədəli futbolçular, demək olar ki, tam sağalıblar və yalnız bu matçı zədəsi olan Hüseyn Axundov, Azərbaycanın 19 yaşlılardan ibarət millisinə dəvət olunan Budaq Nəsirov buraxmalı olacaqlar.
Rəqibə gəlincə, “AZAL” komandası bu gün Naxçıvana gələcək. “Təyyarəçilər” görüşün keçiriləcəyi stadionda məşqə saat 1700-də çıxacaqlar.

Ceyhun MƏMMƏDOV

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR