02 Aprel 2020, Cümə axşamı

Dünən Naxçıvan şəhərindəki İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbinin mini-futbol meydançasında “Zərərli vərdişlərə “yox” deyək, həmişə sağlam olaq” devizi altında 2003-2004-cü il təvəllüdlü idmançılar arasında mini-futbol üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov turnirin keçirilmə məqsədi və qaydaları haqqında danışaraq bildirib ki, bu cür yarışların keçirilməsində məqsəd gələcəyimiz olan uşaqları zərərli vərdişlərdən uzaqlaşdırmaq və onların asudə vaxtlarını səmərəli keçirmələrinə şərait yaratmaqdan ibarətdir.
8 komanda və 80 futbolçunun iştirak etdiyi turnirin qalibi adını “Rabitəçi II” komandası qazanıb. “Nəqşicahan” komandası ikinci, “Rabitə­çi I” komandası isə üçüncü olub.
Sonda yer tutan komandaların üzvlərinə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları verilib.

 Ceyhun MƏMMƏDOV

Futbol üzrə Topaz Premyer-Liqasının 5-ci turu çərçivəsində “Araz-Naxçıvan” futbol komandası bu gün doğma arenada “İnter” futbol komandasını qəbul edəcək. Artıq qırmızı-ağlar oyunun hazırlıqlarına yekun vurub və oyunun başlama vaxtını gözləyir. Komandamızın heyətində zədəli futbolçuların olması komandanın baş məşqçisi Əsgər Abdulla­yevi qayğılandırır. Belə ki, Hüseyn Axundovun oyunundan bir aydan çoxdur, yararlana bilməyən baş məşqçi bu görüşdə aparıcı futbolçu Tərlan Xəlilovun da xidmətindən məhrum olub. T.Xəlilov ötən gün keçirilən məşq zamanı zədələnib və onun 2 həftəyə yaxın yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Artıq rəqib “İnter” futbol komandası Naxçıvana gəlib və oyunun keçiriləcəyi stadionda son məşqini keçirib.
Oyunu idarə edəcək hakimlərə gəlincə, baş hakim kimi meydana Elvin Əsgərov çıxacaq. Ona Knyaz Əmiraslanov və Yaşar Abbasov köməklik edəcək. 4-cü hakim funksiyasını isə Teymur Fərhadov yerinə yetirəcək.
Qeyd edək ki, “Araz-Naxçıvan”-“İnter” oyunu bu gün saat 1730-da Naxçıvan Muxtar Respublika Stadionunda oynanılacaq.

Ceyhun MƏMMƏDOV

Dünən Naxçıvan şəhərindəki İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə yeniyetmələr (2003-2005-ci il təvəllüdlü) arasında sərbəst güləş üzrə şəhər birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası ilə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin təşkil etdiyi birincilikdə 10 çəki dərəcəsində 70-dən çox idmançı çıxış edib. Yarışın açılışında çıxış edən Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov muxtar respublikada idmana və idmançılara göstərilən dövlət qayğısından danışıb.
Sonra federasiyanın sədr müavini Yaşar Səfərov çıxış edərək yarışın qaydaları haqqında iştirakçılara məlumat verib, onlara uğurlar arzulayıb.
Yarışın yekun nəticələrinə əsasən, Nicat Ocaqquliyev (23 kiloqram), Kamal Qasımzadə (26 kiloqram), Məhəmməd Salmanov (29 kiloqram), Mətləb Sarıyev (32 kiloqram), Mənsur Qafarlı (35 kiloqram), Heydər Heydərov (38 kiloqram), Raul Həmdiyev (42 kiloqram), Nurağa Əhmədov (47 kiloqram), Seyfəddin Cəfərov (50 kiloqram) və Qoşqar Süleymanov (+52 kiloqram) qalib adını qazanıblar.
Sonda bütün çəki dərəcələrində I, II və III yerləri tutmuş idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları verilib.

Ceyhun MƏMMƏDOV

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə yeniyetmələr arasında kikboksinq üzrə Naxçıvan şəhər birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyinin tədbirlər planına daxil olan və Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyası ilə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışın açılışında çıxış edən Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov yarışın keçirilmə məqsədi haqda məlumat verib. Daha sonra Şərq Döyüşü Sənəti Federasiyasının sədr müavini Cavanşir Salayev çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıb.
Yarışda 8 çəki dərəcəsində 60-a yaxın idmançı birincilik uğrunda mübarizə aparıb. Yarışın nəticələrinə görə, İsmayıl Yaqubov (30 kiloqram), Anar Tarverdiyev (36 kiloqram), Fərman Rzayev (39 kiloqram), Əbülfəz Rəcəbli (45 kiloqram), Bəbir Cəfərov (48 kiloqram), Araz Hüseynzadə (51 kiloqram), Əhməd Cəfərov (54 kiloqram) və Mətin Zalov (+67 kiloqram) bütün rəqiblərini üstələyərək yarışın qalibi olublar.
Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutmuş idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.

Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Səhiyyə Nazirliyinin tədbirlər planına uyğun olaraq, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Gigiyena və Epidemiologiya Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan şəhərində yerləşən idman obyektlərində dezinfeksiya işləri aparılıb.
Mərkəzin baş həkimi Oruc Əliyev bizimlə söhbətdə bildirdi ki, bu proses mütəmadi olaraq həyata keçirilir. Hər ay idman obyektləri, zalları dezinfeksiya olunur. Bu işlər tək Naxçıvan şəhərində yox, muxtar respublikanın bütün rayonlarında aparılır.
Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov bildirdi ki, nazirlik idmançıların sağlamlığı üçün hər ay bu işləri görür.
Dünən dezinfeksiya işləri Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində və İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində aparılıb. Gələn həftə dərmanlama işləri Şərur Olimpiya-İdman Kompleksində və digər idman məktəblərində davam etdiriləcək.

Ceyhun MƏMMƏDOV

 

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR