21 Oktyabr 2019, Bazar ertəsi

Çempionluğunu qeyd etməyə hazırlaşan “Araz-Naxçıvan” futbol komandası sabah futbol üzrə Azərbaycan I divizionunun 26-cı turu çərçivəsində Qazaxın “Göyəzən” klubunu qəbul edəcək. Çempionatın son ərəfəsində qırmızı-ağlar doğma arenada keçiriləcək matçı da qalib başa vurub uğurlar seriyasını davam etdirmək niyyətindədir. Lakin “Göyəzən”ə qarşı oynanılacaq matça komandamız itki­lərlə çıxacaq. Belə ki, 4 oyunluq cəza alan Bəxtiyar Soltan­ovla yanaşı, müdafiəçimiz Ruslan Abıyev də oyunu buraxmalı olacaq. “Lokomotiv”lə görüşdə birbaşa qırmızı vərəqə alan müdafiəçimiz 1 oyunluq cəzalanıb. Müdafiədə boşluqlar bununla kifayətlənmir. Sol cinahda müdafiəçimiz Əlimirzə Daşzərini də sarı vərəqə limitinə görə oyunu azarkeş qismində izləyəcək. Yarımmüdafiə xəttində Akif Tağıyevin də yoxluğu baş məşqçi Əsgər Abdullayevi qayğılandırmaya bilməz.

Ardını oxu...

Moldovanın paytaxtı Kişinyovda keçirilən budo üzrə Avropa çempionatı başa çatıb. Qitə birinciliyinə yollanan millimizin tərkibində muxtar respublikamızın idmançısı Həsən Əliyev də çıxış edib. Çempionatın sonuncu günü həmyerlimiz 95 kiloqram çəkidə birincilik uğrunda mübarizə aparıb. Finalda Həsən Əliyevin rəqibi yarışa ev sahibliyi edən Moldova idmançısı olub. Həlledici görüşdə daha yaxşı döyüş nümayiş etdirən təmsilçimiz rəqibi üzərində tam üstünlüklə qələbə qazanıb. Avropa çempionu adını qazanan Həsən Əliyev fəxri kürsünün ən yüksək zirvəsinə qalxıb, himnimizin sədaları altında bayrağımızı ucaldıb.

Ceyhun MƏMMƏDOV

Ötən həftə Balakən Rayon Olimpiya-İdman Kompleksində məktəblilərin IX respublika oyunlarının pro­qramına daxil olan sərbəst güləş üzrə yarış keçirilib. Turnirdə Naxçıvan Muxtar Respublikasının da komandası iştirak edib. Güləşçilərimizdən 35 kiloqram çəkidə mübarizə aparan Sənan Zeynalov finala qədər yüksəlsə də, həlledici görüşdə gümüş medalla kifayətlənib. 53 kiloqram çəki dərəcəsində öz qüvvəsini sınayan Alı Məmmədov isə yarışda üçüncü yerə çıxaraq adını mükafatçılar sırasına yazdırıb. Digər idmançılarımızdan 70 kiloqram çəki dərəcəsində döşək üzərinə çıxan Seyran Hüseynli və 73 kiloqram çəki dərəcəsində yarışan Sərxan Əliyev də üçüncü yerlərlə kifayətlənərək bürünc medala sahib çıxıblar.

Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası Gənclər və İdman Nazirliyi ilə birgə Naxçıvan Atıcılıq Mərkəzində Vətənimizin suverenliyi və ərazi bütövlüyümüzün müdafiəsi zamanı əlil olmuş vətəndaşların iştirakı ilə idmanın peyntbol növü üzrə yarış keçirib.
Tədbirdə Paralimpiya Federasiyasının, Gənclər və İdman Nazirliyinin nümayəndələri çıxış edərək qeyd ediblər ki, məhdud fiziki imkanlı şəxslər üçün sağlam həyat tərzinin təmin edilməsi, onların muxtar respublikanın idman həyatına daha fəal inteqrasiyası, habelə məhdud fiziki imkanlı şəxslərin yeni idman növlərinə cəlbi daim diqqət mərkəzindədir.
Peyntbol üzrə yarışda hər biri 4 nəfərdən ibarət 5 komanda iştirak edib.
Yarışın qalibi hakimlər heyəti tərəfindən müəyyən edilib. Qalib gələn komandaya Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin diplomları və Paralimpiya Federasiyasının hədiyyələri verilib, digər yarış iştirakçılarına isə həvəsləndirici hədiyyələr təqdim olunub.

Ceyhun MƏMMƏDOV

Futbol üzrə Azərbaycan I divizionunun 25-ci turu çərçivəsində “Araz-Naxçıvan” futbol komandası azarkeşlərini yenə sevindirdi. Səfərdə “Lokomotiv”in qonağı olan qırmızı-ağlar 3 xalı 3 qolla əldə etdilər. Biləcəridə keçirilən oyundakı qələbədən sonra əldə edilən xallar komandamızı çempionluğa bir addım da yaxınlaşdırdı.

Bakıya yollanarkən “Araz-Naxçıvan” komandasının baş məşqçisi Əsgər Abdullayev 3 xalın vacibliyindən xəbərdar idi və mövsümün son turlarında itiriləcək hər hansı bir xalın nə qədər böyük əhəmiyyəti olduğunu yaxşı bilirdi. Odur ki, yetirmələrinə mütləq şəkildə qələbə qazanmağı tapşıran baş məşqçi heyətə də, necə deyərlər, əl gəzdirməli olmuşdu. Paytaxtda keçiriləcək oyunun ilk 18-liyinə Bəxtiyar Soltanov, Əziz Hüseynov, Elvin Ağamalov və Eşqin Quliyev daxil edilməzkən, Ruslan Zamanov oyunu kənardan izləməli oldu. B.Soltanovun cəzalı olması onun oyunda iştirakına imkan verməmişdi.

Ardını oxu...

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR