14 İyul 2020, Çərşənbə axşamı

Mart ayının 4-dən 6-dək sərbəst güləş üzrə yeniyetmələr arasında “Olimpiyaçılar aramızda” devizi altında açıq respublika turniri keçirilmişdir. Turnirdə qələbə uğrunda səylə mübarizə aparan bir idmançımız muxtar respublikamıza medalla qayıtmışdır. Belə ki, yarışda 58 kiloqram çəkidə mübarizə aparan Əmrah Məmmədov ilk görüşlərini öz üstünlüyü ilə başa çatdırmışdır. Buna baxmayaraq, gərgin və maraqlı keçən növbəti döyüşdə təmsilçimiz məğlub olaraq üçüncü yerlə kifayətlənməli olmuşdur. İdmançımız diplom və medalla təltif olunmuşdur.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi, məhəbbət və məsuliyyət hissinin, hər an öz Vətəninin, xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşdırılmasıdır. Azərbaycan Respublikası ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu bir vaxtda gənclərə ilkin hərbi bilik, bacarıq və vərdişlərin aşılanmasının onların hərbi-vətənpərvərlik tərbiyəsinə böyük təsiri var. Məktəblilərin ənənəvi olaraq “Cəsurlar”, “Şahin”, “Sərhəd” hərbi-idman və turizm oyunları keçirilir. Müharibə şəraitində yaşayan ölkə­mizdə məktəblərdə hərbi hazırlıq dərslərinin yüksək səviyyədə keçilməsi məqsədilə müasir əyani vəsaitlərlə təmin edilmiş hərbi kabinələrin yaradılmasına və tədrisin ixtisaslı kadrlar tərəfindən aparılmasına xüsusi diqqət yetirilir. Eyni zamanda orta məktəb şagirdlərinin hərbi hissələrə aparılması, onların hərbçilərlə görüşünün təşkil edilməsi gənclərdə vətənpərvərlik hissini daha da yüksəldir, onları Vətəni qorumağa hazır olmaq ruhunda tərbiyə edir.
Bu günlərdə Naxçıvan şəhər, Şərur və Şahbuz rayon ümumtəhsil məktəblərinin 7-8-ci sinif şagirdləri arasında “Cəsurlar” hərbi-idman və turizm oyununun keçirilməsində də məqsəd yeniyetmələrlə aparılan hərbi-vətənpərvərlik tərbiyəsi işinin daha da gücləndirilməsini, orta məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazır­lığını və turizm hərəkatının inkişaf etdirilməsini təmin etməkdən ibarət idi. Naxçıvan şəhər, Şərur və Şahbuz rayonlarının Gənclər və İdman idarələri, Təhsil, Mədəniyyət və Turizm şöbələri və Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər, Şərur və Şahbuz rayonlarındakı idarə və şöbələrinin birgə təşkil etdikləri yarışlarda iştirak edən şagirdlər sıra hazırlığı, zəhərli zonanın dəf olunması, yaralının döyüş zonasından çıxarılması, turist çadırının qurulması və digər mərhələlər üzrə öz qüvvələrini sınayıblar. Yarışlarda ən yaxşı nəticəni göstərən Naxçıvan şəhərindəki 2 nömrəli tam orta məktəbin, Şahbuz şəhər tam orta məktəbinin və Şərur rayon İbadulla kənd tam orta məktəbinin komandaları muxtar respublika zona mərhələsində iştirak etmək hüququnu əldə ediblər.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Mart ayının 6-dan 11-dək paytaxt Bakı şəhərində boks üzrə “İpək Yolu” Beynəlxalq Turniri keçirilmişdir. 12 ölkədən 150-yə yaxın boksçunun qatıldığı yarışda muxtar respublikamızın idmançıları da iştirak etmişlər. Turnirdə 75 kiloqram çəkidə rinqə çıxan Eldar Quliyevin döyüşləri finala qədər uğurlu olmuşdur. Lakin o, həlledici döyüşdə qələbəni əldən verərək ikinci yerə layiq görülmüşdür. Boksçumuza diplom, medal və qiymətli hədiyyələr təqdim edilmişdir.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Culfa rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə “Məktəbli kuboku” uğrunda mini-futbol üzrə birincilik keçirilib. İki yarımqrupda keçirilən yarışda 16 komanda gücünü sınayıb. Komandaların olimpiya sistemi ilə yarışdığı birincilikdə Culfa rayon Ərəzin kənd tam orta məktəbinin komandası ən yüksək nəticəni göstərib. Culfa şəhərindəki 1 və 3 nömrəli tam orta məktəblərin komandaları ikinci və üçüncü yerləri tutublar.
Yer tutan komandalara Culfa Rayon Gənclər və İdman İdarəsi ilə Təhsil Şöbəsinin diplomları təqdim olunub.

Naxçıvan Muxtar Respublikası  
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar Naxçıvan şəhər ümumtəhsil məktəblərinin qızlardan ibarət voleybol komandaları arasında birincilik keçirilib. Yarışda olimpiya sistemi ilə 15 komanda mübarizə aparıb. Birincilikdə qalib adını qazanan komanda Naxçıvan şəhərindəki 6 nömrəli tam orta məktəbin komandası olub.
Yarışda ikinci və üçüncü yerləri isə 15 və 13 nömrəli tam orta məktəblərin komandaları bölüşüblər. Fəxri yerləri tutan komandalara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin diplomları verilib.

Naxçıvan Muxtar Respublikası 
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR